"Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün müəllimlər zəngin folklorumuzdan və klassik ədəbiyyatımızdan müəyyən parçalar oxumaqla, eləcə də məzmununu uşaqlara söyləməklə onların dünyagörüşünü inkişaf etdirə bilərlər”.
Aztehsil.com xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında ədəbiyyatşünas-tənqidçi Əsəd Cahangir deyib. Onun fikrincə, uşaqlara vətənpərvərlik, humanistruhlu, o cümlədən, onların tərbiyəsinə, əxlaqına müsbət təsir göstərən əsərləri oxumaq lazımdır:
"Müəllimlər Nizami Gəncəvi, Məhəmməd Füzuli, Abbas Səhhət, Mirzə Ələkbər Sabir və digər şairlərin əsərlərini oxumaqla yanaşı, eləcə də, müasir Azərbaycan ədəbiyyatından da yararlana bilərlər. Uşaqlara faydalı ola biləcək, onların psixologiyasına, yaşına uyğun əsərləri də oxuya bilərlər. Vətənpərvərlik, humanist ruhlu, tərbiyə və əxlaqa müsbət təsir göstərən əsərlər çox diqqətlə seçilməlidir.
Uşaqlara "Kitabi-Dədə Qorqud” dastanından bir sıra boylar, "Koroğlu” dastanından müəyyən qollar oxumaq olar. Abbasqulu ağa Bakıxanovun "Təhzibül-əxlaq” əsərində əxlaqın saflaşdırılması yönündən çox gözəl məsləhətlər verilib. Müəllimlər həmin əsərdən parçalar oxumaqla, uşaqların mənəvi aləmini zənginləşdirə bilərlər.
Azərbaycan ədəbiyyatından bır sıra tərbiyəedici xalq nağılları ilə yanaşı, dünya ədəbiyyatından da bu məzmunda müəyyən nümunələri uşaqlara oxumaq lazımdır. Xüsusilə ,Viktor Hüqonun ”Səfillər” romanında uşaqların həyatı ilə bağlı parçaları oxumaq daha yaxşı olar”.
Tənqidçinin sözlərinə görə, zamanın sınağından çıxmış klassik əsərlərin mütaliəsi uşaqların psixologiyasına çox müsbət təsir göstərir:
"Orta əsrlərdə mədrəsələrdə əsasən Sədi Şirazinin "Gülüstan" əsəri oxunub. Əslində, bu, pis ənənə deyildi. Çünki əsər hikmətamiz fikirlərlə zəngindir. Uşaqların psixologiyasına zamanın sınağından çıxmış əsərlər müsbət təsir göstərir. Onlara Qabus ibn Vəşmgirin "Qabusnamə” əsərini də oxumaq çox faydalı olar.
Uşaqlara müəyyən fəlsəfi etikaya dair kitablar oxumaq vacibdir. Ziyəddin Göyüşovun "Fəzilət və Qəbahət” kitabı onların dünyagörüşünə olduqca müsbət təsir göstərə bilər.
Lev Tolstoyun uşaqlar üçün yazdığı əsərləri var ki, bu əsərlərdən də istifadə etmək olar.
Deyl Karneginin "Dostları necə qazanmalı və insanlara təsir etməli” kitabının məzmununu müəllimlər uşaqlara söyləməklə onların gələcək həyatlarına müsbət təsir göstərər”.
Ə.Cahangir açıqlamasında bildirib ki, 2000-ci illərdən sonra Azərbaycanda uşaq ədəbiyyatı nisbətən zəifləyib. Ona görə də bu illərə aid əsərlərin adını çəkməkdə çətinlik çəkir:
"Azərbaycanda 2000-ci illərdən sonra uşaq ədəbiyyatı nisbətən zəif inkişaf etdiyinə görə bu illərə aid əsərlərin adını çəkməkdə çətinlik yaranır. Vətənpərvlik ruhda, vətənə sevgi uğrunda tərbiyə nöqteyi nəzərindən uşaqlara Qarabağ mövzusunda yazılmış əsərləri oxumaq faydalıdır. Aqil Abbasın "Dolu” romanı, "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz” kitabı Qarabağ mövzusuna həsr olunub və bunların məzmununu uşaqlara söyləməklə onların vətənpərvərlik ruhuna tərbiyə olunmasına təsir etmək olar.
Jurnalist-yazıçı Nurəddin Babayevin xüsusilə gəncliyin tərbiyəsi istiqamətində olan "Qızlar, sözüm sizədir”, "Qızlar söz istəyir” kitablarını məktəbə hazırlıq qruplarında oxuyacaq uşaqlara oxumaq faydalıdır. Məktəbəhazırlıq qruplarında oxuyacaq uşaqlara təkcə mənəvi sağlamlıqdan deyil, eləcə də fiziki sağlamlıqdan bəhs olunan əsərlərdən də parçalar oxunmalıdır”.