Ağababa İbrahimov Su həsrəti (hekayə)
Xəyalım hərdən məni keçmiş illərə aparır. O zamanlar vaxt edən kimi kəndimizə gedər,qohumlarımı ziyarət edərdim.
Boş vaxtlarımda isə ailəmin gündəlik işlərinə kömək edərdim. Bir sözlə yorulmadan gücüm çatan işlərdən görərdim. Gənclik dövrlərimdən mənə yadigar qalan hadisələri, başıma gələnləri hərdən xatırlayıram. Bir hadisəni heç unuda bilmirəm.
1983-cü ilin yay fəslinin qora bişirən ayı idi. Kəndə gedib doğmalarımın yanında 5-10 gün qalmaq, bulaqlarımızın büllur kimi təmiz sularından içmək, dadlı, ləzzətli Naxçıvan mətbəxinə xas milli xörəklərimizdən dadmaq arzusu ilə rayona getmişdim. Kənddə öyrəndim ki, ailəmiz Şahbuz rayonunun "Ayı dərəsi” adlanan yaylağına gediblər. Ayı dərəsi yaylağı Naxçıvan şəhərindən şərqdə yerləşir. Ata babamın yurdu olub. Sovet hökuməti əlimizdən alsa da yayda ora getməyimizə əngəl yaratmırdı. Ayı dərəsi yaylağının ərazisi üç zirvənin qoynunda yerləşir. Naxçıvan şəhərindən iki dağ zirvəsi haça şəklində göründüyü üçün şəhər camaatı onu "Haça dağ” adlandırır, lakin kəndimizdən üç dağ zirvəsi göründüyü üçün kənd camaatı onu "Üç haça”, bəzən "Üçhaça dağı” adlandırır. Bizim bu səfalı yaylağımız Üçhaça dağının sol tərəfində, Nurs kəndindən şərqə doğru, kənddən bir qədər hündür ərazidə yerləşir. Yaylaq yerləşən ərazidə çoxlu bulaqlar vardır.
Cəmşid əmimlə Naxçıvan şəhərinə, oradan Şahbuz qəsəbəsinə, qəsəbədən də Kolanı kəndinədək bir neçə nəqliyyat vasitəsi dəyişəsi olduq. Günün elə vaxtı idi ki, Kolanıdan bizim yaylağımıza yaxın ərazidə yerləşən Gecəzur kəndinə bir maşın da olsun getmirdi. Cəmşid əmim həm gözəl insan, həm də kəndin feldşeri olduğu üçün hamı ona hörmət edirdi.
Əmim papağının dimdiyini bir az gözünün üstünə tərəf endirmiş halda həm mənalı, həm də mehriban təbəssümlə bığaltı gülümsəyərək "qardaşoğlu, bəlkə, piyada gedək?” - deyə mənə müraciət etdi. Gənc olsam da üzüyuxarı uzanıb gedən dolanbac yolları, bir-birinə dayaq olan hündür dağları bir anlığa gözaltı süzdüm. Xeyli məsafə vardı,təxminən iyirmi-iyirmibeş km olardı. Uzun müddət idi ki, dağlara qalxmırdım, üstəlik də yolun yoxuş olması gözümə durmuşdu. Əmimin yaşının əllini adladığını bəhanə etmək istədim. Həm də uşaqlıqdan ilandan qorxanam. Getdiyimiz istiqamətdə isə yolun çox hissəsi ayaq dəyməyən yerlər idi, otlar da dizdən yuxarı. Dağlar özünün təkrarolunmaz gözəlliyi, sirli sehri ilə məni özünə çəkirdi. Ona görə tərəddüdümə və qorxuma üstün gəlib şəstlə gedək dedim.
Hava çox isti idi. Saat 12 olardı. Yavaş-yavaş yaylağa tərəf addımladıq. Batabat yolundan sağa dönüb birinci təpəni "fəth” etməyə başladıq. Qalxdıqca təbiətin gözəlliyi bizi ovsunlayırdı. Otun hündürlüyü yarım metrə çatırdı. Bir müddət heç birimiz dinmədik. Gül-çiçək ətri varlığımıza necə hakim kəsilmişdisə bir də baxıb gördük ki, artıq yaylağa çatmaqdayıq.Tövşüməyindən, əlindəki çomağı kürək tərəfdən qollarına keçirərək özünə dayaq verməyindən əmimin yorulduğu açıq-aşkar hiss olunurdu. Yaylağa yaxınlaşdıqca keyfi durulan əmim soruşdu: "Qardaşoğlu, Ayı dərəsi yaylağında olmusanmı?" Məndən "yox” cavabı alan əmim əli ilə bizdən sağ tərəfdəki dərəni göstərib dedi: "Bax, Ayı dərəsi buradır, yaylaq isə dərənin başında böyük bir ərazidir”.
Dərənin başlanğıcından 200-300 metr hündürlükdə bizim dədə-baba yaylaq yerlərimizdir. Dərədən axan çay gur sulu olmasa da, gurultusundan qulaq tutulurdu. Sonralar öyrəndim ki, unudulmaz şairimiz Məmməd Araz bu dərəyə şeir yazıbmış.
Söhbətimizin şirin yerində əmim yerdən bir yarpaq qırıb mənə uzatdı və "Qardaşoğlu, quzuqulağıdır, dadına bax, şəhərdə beləsini tapa bilməzsən"- dedi. Dağı qalxa-qalxa yarpağı çeynəməyimlə yerə tüpürməyim bir oldu. Əmim niyə tüpürduyumu soruşdu, bu yarpağın quzuqulağı olmadığını dedim. Əmimə dedim ki, on beş il bundan əvvəl kəndimizdə yediyim quzuqulağının dadı hələ də dilimdədir. Sözüm onu tutdu. Dağı xeyli qalxmışdıq. Yorğunluğumuza baxmayaraq əmim aşağı düşüb yarpaq qırdığı yerdən bir yarpaq da qırıb özü çeynədi və o da tüpürdü, mənə baxıb, gülərək: "Hə, qardaşoğlu, daha sözüm yoxdur, sən deyən imiş"- dedi.
Yenidən dağı qalxmağa başladıq. Əmim əyilib tikanlı kolun dibindən yarpaq qırıb mənə uzatdı və zəndlə mənə baxaraq dedi: "Bax gör, bu necə quzuqulağıdır, yoxsa yox?" Yarpağın dadına baxıb: "Hə bu quzuqulağıdır, həmənki daddır." -dedim. O, özü də quzuqulağının dadına baxaraq, daha heç nə demədi. Sakitcə üzüyuxarı dağı dırmanmağa başladıq.
Yolumuz "Quşdan" bulağının üstündən keçirdi. Quşdan çox qeyrətli, mərd bir kişi imiş. Keçili kəndindən olsa da təkbaşına qaçaqlıq edirmiş. Çar dövründə də, bolşeviklərin vaxtında da qaçaq olub. Əmimin dediyinə görə onu bu bulağın başında öldürüblər. Qədirbilən camaatımız onun adını əbədiləşdirərək bu bulağı "Quşdan bulağı" adlandırıblar. Quşdan bulağından su içib yolumuza davam etdik.
Yaylağa çatanda artıq gün əyilmişdi. Xeyli vaxt idi ki, kəndə gəlmirdim deyə, gəlişim yaylaqda toy-bayrama çevrilmişdi. Hamıdan çox ailəm sevinirdi. Çünki nə vaxt gələcəyimi heç kimə deməmişdim. Yaylaq camaatı bizim Kolanı kəndindən yaylağadək piyada gəlməyimizə heç inana bilmirdi.
Yaylağa çatan kimi ilk xəbər aldığım İsmayıl dayım oldu. Anam dedi ki, "Oğul, dayının ürəyi xəstə olduğu üçün bura yaylağa çıxa bilmir. Kükü kəndində dincəlir, bir-iki günə kəndə qayıdacaq. Neçə vaxtdır Ağbulağın suyundan istəyir. Əlimiz çatan bulaqlardan su göndəririk, içib deyir ki, Ağbulağın suyu deyil. Məəttəl qalası işdir. On ildən çoxdur bu sulardan içmir, anlamıram, onları necə fərqləndirə bilir? Ağbulaq da elə yerdədir ki, biz ora qalxa bilmirik.” Anam sözünü bitirib, əlini Üçhaçanın şərq tərəfdəki zirvəsinə tərəf uzadaraq Ağbulağın yerini mənə göstərdi.
Dayım İsmayıl kişi kəndin ağsaqqalı, ağır təbiətli, orta boylu, əli çəlikli, az-az hallarda gülən köhnə kişilərdən idi. İlin on iki ayı başında qumral quzu dərisindən papağı olardı. Gün əyiləndə armud ağacının kölgəsində palazın üstündə mütəkkəyə dirsəklənib armudu stəkanda çay içməyi xoşlayardı. İkinci dünya müharibəsi əliliydi. Yaşı səksəni haqlamışdı. Qohum da, yad da ona "Dədə” deyərdi, yalnız məndən savayı. Mən ona "dayı” deyirdim. İncimirdi. Hərdən yarı zarafat, yarı gerçək mübahisəmiz də olardı. Nədənsə özünü narazı kimi göstərsə də, gözlərinin dərinliklərindən gələn qığılcımlardan mənimlə fəxr etdiyini duyar, daxilən qürur hiss keçirərdim.
Yorğun olduğum üçün yaylaq yeri ilə ertəsi gündən tanış olmağa başladım. Ailəmizdən yalnız mən bu yerlərdə olmamışdım. Burada hərənin öz düşərgə yeri var. Ana nənəm Qərbi Azərbaycanın Sisyan rayonundandır. Sonradan Şahbuz rayonunun Keçili kəndinə köçüblər. Ona görə hər il yaylağa gələndə gedib Salvartı yaylağını-öz dədə-baba yurdlarını ziyarət edirdilər. Bizim yaylaq yerimizdən Salvartıya səhər tezdən at-ulaqla bir günə gedib gəlmək olurdu. Heyf ki, o yerlərə getmək, Salvartı pirini ziyarət etmək mənə qismət olmadı. Bu lənətə gəlmiş erməniləri torpaqlarımızdan qovandan sonra gedərəm inşallah.
Bir neçə gün idi yaylaqdaydım. Artıq hər yeri tanıyırdım. Hətta bulaqların da adlarını öyrənmişdim – Qırxbulaq, Ağbulaq, Ceyran bulağı, Heyran bulağı, Dörd qardaş. Bir bulaq da var ki, avqust ayının birinci yarısında ay təzələnən gün saat on ikidə suyu quruyur. Belə deyirlər ki, həmən vaxt quyruq suda donur. Bəziləri isə deyir ki, quyruq doğur (yəni Ay təzələnir).
Bulağı mənə Cəmşid əmim tanıtdı.
Əmim məni günorta həmən bulağın başına aparmışdı. Bulağın suyundan içdik. Əmim söhbət edə-edə diqqətimi yayındırırmış ki, saat on iki olsun.
Düz saat on ikidə bulağı göstərib: "Bay, qardaşoğlu, bulağın suyu hanı?”- dedi. Mən bulaq yerinə baxanda orada həqiqətən su olmadığını gördüm. Lap möcüzə idi. Başımı qaldıranda onun yenə qımışdığını gördüm. Əmim dedi ki, hər il bu vədə, düz saat on ikidə bu bulaq quruyur. Bir gün atam, Cəmşid əmim, Nemət əmim və mən çəmənlikdə oturub çay içə-içə dağı arana, aranı dağa aparıb gətirirdik. Anam çay süzə-süzə üzünü atama tutub: "Bayram, hava yaxşıdır, Ağabbaya de uşaqları da götürsün, qalxsın Ağbulaqdan su gətirsin. Axşam kəndə gedən olacaq, dayısına göndərək."- dedi.
Mən atamın cavabını gözləmədən gülümsəyərək zarafatla: "Bəlkə mən heç bura gəlməyəydim. Bir də ki, o biri bacısının uşaqları neçə müddətdir burdadırlar, onlar niyə gətirmirlər?" - dedim. Sözlərimin anamın xətrinə dəydiyini qaşlarını düyünləməsindən hiss edib dedim:"Yaxşı, sabah gedib gətirərəm”.
Ağbulaq yaylaq yerimizdən cənub-şərq tərəfdə zəvvar yolunun üstündə yerləşir. Gur sulu bulaqdır. Yaylaq yerimizdən hardasa 150-200 metr hündürlükdədir. Yaxın görünsə də ora çıxmaq elə də asan deyil, adam tez təngnəfəs olur.
Yaylaqdakı uşaqları başıma yığıb bulağa doğru hərəkətə başladıq. Təcrübəsizlikdən dikinə qalxdığımız üçün yolda üç dəfə dincəlməli olduq. Bulağa çatanda kimsədə hey qalmamışdı.
Zəvvar yolu bulağın lap üstündən keçir, yəni bulaq elə yolun aşağı tərəfindən qaynayıb axır. Ondan hündürdə, zirvəyə yaxın azca suyu olan bir bulaq var, lakin onun suyu Ağbulağın suyunun dadını vermir. Yola baxıb, içimdən gələn sevinclə: "Bu da zəvvar yolu”,- dedim...
Uşaq vaxtlarımda anam hər il həcc ziyarəti ərəfəsində Məkkədən, zəvvar bələdçilərinin kənd-kənd gəzərək insanları həccə səsləmələrindən, insanların ora necə və harada toplaşıb getmələrindən həvəslə danışardı. Yola baxa-baxa babalarımızın müdrikliyinə bir daha valeh oldum. Dağların döşləri ilə şimaldan cənuba doğru uzanan yol çox rahatdır.
Ağbulaq gursuludur. Bulaqdan Nurs kəndinə arx çəkilib, suyunun yarısı Nurs kəndinə axır. Bu da gözəl mühəndis işidir. Dincələndən sonra bulaq suyundan doyunca içdik. Bulaq deyildiyi kimi idi, həqiqətən də çox yüngül suyu var, içdikcə içirsən. Bir sözlə bura qalxmağımıza dəyirdi. Gətirdiyimiz qabları doldurub geri qayıtdıq. Axşam suyu kəndə - dayıma böyük qardaşım Etibarla göndərdik.
Etibar danışırdı ki, sərinkeşdən bir stəkan su süzüb içən kimi dayımın üzünə nur ələnib: "Oxay, ürəyim necə sərinlədi. Bax, bu Ağbulağın suyudur! Neçə illər idi ki, bu suyun həsrətindəydim. Elə bilirdim öləcəyəm, bu sudan bir də içə bilməyəcəyəm”. Dayım anasını səsləyib: "Ana, gəl sən də iç, Ağbulağın suyudur”- deyib.
Ertəsi gün dayımın razılığını mənə çatdırdılar. Həmin vaxtdan illər ötüb, dayım da, atam da əmilərim də haqq dünyasındadırlar. Ruhları şad olsun. Hələ də anlaya bilmirəm ki, dayım Ağbulağın suyunu o biri bulaqların suyundan necə fərqləndirə bilirmiş.
Bakı, 1999.
İnform.az