AzTehsil.com


Ziyalılar
13 may 2016
4 615


Ağababa İbrahimov - Detektivsayağı hekayə



Ağababa İbrahimov -   Detektivsayağı hekayəAğababa İbrahimov

Detektivsayağı hekayə

Yol gedirdik. Xəzərin sahili ilə. Hava günəşli, küləksiz. Tələsmirdik. Maşındakıların hamısı münasib olduqlarına görə söhbətimiz sərbəst idi. Başımıza gələnlərdən, gördüklərimizdən, eşitdiklərimizdən danışırdıq. Maşın sürəsən, yol polisindən danışmayasan , mümkün deyil. Həmsöhbətim mənə müraciətlə: 
- Ağabba, Azərbaycanda durum ziddiyyətli olan vaxtlar idi. Uşaqlıq dostum məni yeyib-içməyə çağırmışdı. Dostlarımdan biri o zaman da elə indi də tanınmış şəxslərdəndi. 
- Elə danışdın ki, sanki, onunla daha dostluq eləmirsən.
- Təxmini elədir. O zamankı hadisələri xatırladım. Hə nədən söhbət edirdim?
Mən gülə-gülə, yeyib-içməyinizdən,-dedim.
- Hə...Dostlarımdan biri məni şənbə günü dəniz kənarına, Mərdəkana qonaq çağırmışdı. Mən də tək getməyim deyə başqa bir dostumu dəvət etdim ki, birlikdə gedək. Məclisimiz çox yaxşı keçdi. Yaxşıca da vurmuşduq. Mənimlə gələn bir az keflənmişdi deyə, maşını mən sürürdüm. Bakıya çathaçatda bizi yol polisləri saxladılar. Üç nəfər idi, hava bir az qaralmışdı. Polislərdən biri mənə yaxınlaşdı və mənimlə danışanda içkili olduğumuzu hiss etdi. Mənə müraciətlə "İçkilisiniz deyəsən" dedi. Mən qonaqlıqdan gəldiyimizi, bir az spirtli içki qəbul etdiyimizi söylədim, bir az da üzrxahlıq etdim. Bu dəmdə mənimlə gəlmiş dostum ayılan kimi oldu. Nə baş verdiyini anlayan kimi polislərin üzərinə səsini qaldırdı. 
- Rədd olun burdan ə, mən "Haqqın səsi" jurnalının baş redaktoruyam ! Nə cürətlə mənim maşınımı saxlamısınız?
Onun davranışı, səsinin tonu və təhqirinə cavab olaraq polis zabiti təmkinlə:
- Danışığınıza fikir verin, dedi.
Mübahisə qızışdı. 
- Dedim ki,rədd olun burdan!
- Vətəndaş özünüzü yaxşı aparın, biz vəzifəmizi icra edirik.
- Sizin naziriniz mənim dostumdur, görün sabah sizin başınıza nə oyun açacağam.
- Nə istəyirsiniz edərsiniz, xahiş edirəm, imkan verin işimizi görək.
Hə, nə başınızı ağrıdım, polislər bizə protokol yazdılar, xeyli vaxtımız da getdi. İnsafən onlar özlərini çox təmkinli apardılar. Günah bizdə olsa da polislərdən biri maşını sürüb bizi evlərimizə düşürtdü. Maşını da bizim evin yanında park elədi. Mən ona təşəkkürümü bildirdim, bir daha üzrxahlıq etdim. Həm kefim yaxşı idi , həm də evə gec gəldiyim üçün günortayadək yatmışdım. Telefon zənginə ayıldım. Könülsüz-könülsüz dəstəyi qaldırdım. O idi.
- Alo. Salam. Yatmışdın?
- Salam. Hə. 
- Yanıma gələ bilərsən?
- Yenə yemək-içməkdir?
-Yox, otur maşına təcili gəl bura, biləcəksən.
Mən yəqin nəsə vacib bir məsələ olduğunu düşünə-düşünə və yuxulu halda redaksiyaya getdim. Onun kabinetinə yaxınlaşanda bir neçə polis işçisinin də qapıda gözlədiklərini gördüm. Amma əhəmiyyət vermədim. Otağa girəndə diqqətimi onun başının üstündəki portret cəlb etdi. O zamankı nazirin portreti idi. 
-Onda kimin kimdən xoşu gəlirdisə, onun portretini də asırdı.
- Hə, elədir, amma o həmin şəkli son vaxtlaradək başının üstündən asırdı. Nə başıızı ağrıdım, məni nə yaxşı çağırdığını soruşdum. O isə kreslosuna yayxana-yayxana:
- Dəhlizdəki polisləri görmədin?
- Gördüm, deyəsdən sizin qəbulunuza gəliblər.
-Nə gəliblər e, nazirlərinə şikayət etdim, o da hamısını bura göndərib. İndi çağıarcağam, bax gör , onların başına nə oyun açacağam.
Mənim cavabımı gözləmədən, düyməni basıb polisləri içəri çağırtdırdı. Polislər içəri keçdilər. O isə səsinin tonunu qaldırıb, mənə baxa-baxa:
- Dedim ki, sizin başınıza oyun açacağam?
- Bağışlayın.
Bircə an düşündüm, işə bax, günahsız günahkardan üzr istəyir. Üzümü baş redaktora tutub, hadisə idi, keçib getdi, qoy getsinlər dedim. Mənim mövqeyim onun xoşuna gəlmədi. 
- Nə danışırsan, dünən onlar məni eşitmədilər. Mən onları işdən qovalatdıracağam. İndi isə çıxın bayırda gözləyin.
Polislər kabinetdən çıxdılar.
- Fikrin nədir, onları işdən çıxartdıracaqsan?
-Yox, amma onları on gün bura gətirdib-apartdıracağam ki, başqalarına da dərs olsun.
Dərsə bax ha. Günahkar olasan, utanmaz-utanmaz qarşısındakını şərləyəsən, vicdan əzabı da çəkməyəsən. Mən vacib işimin olduğunu bəhanə edib, ondan ayrıldım. Bu hadisədən sonra onunla əlaqələrimi seyrəltdim. Demək olar ki, görüşmürük. Onunla mənimki tutmazdı. Onu yaxşı tanımamışdım.
-Bəs polislər necə oldu?
- Dediyi kimi edibmiş, onları bir neçə dəfə yanına çağırtdırıb, saatlarla ayaq üstə saxlayıb, hətta jurnalına kömək adıyla onlardan pul da alıbmış. Bu hadisə uzun müddət mənə vicdan əzabı verdi.

İnform.az




Загрузка...