AzTehsil.com


Xəbərlər
12 may 2016
4 345


Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı



Azərbaycanın Levitanı - Şəmistan ƏlizamanlıAzərbaycanın Levitanı
Bu dəfə suallarımızı bir zamanlar hər axşam televiziya ekranlarından verəcəyi xəbərləri həyəcanla gözlədiyimiz, mahnılarını hətta indi də kiçikdən böyüyə çoxlarının əzbər bildiyi, son illər ekranlara nadir hallarda çıxmasına baxmayaraq, hələ də unudulmayan, tanınan şəxs cavablandırdı. Azərbaycan Milli Ordusunun hərbi hissələrində onun "Əsgər marşı”, "And içirik”, "Çağırır Vətən”, "Qalx, Azərbaycan”, "İgid əsgər” və onlarla bu kimi mahnıları tez-tez səslənir. O, müstəqil Azərbaycanın ilk vətənpərvərlik mahnılarını ifa edən, ölkəmizin ağır günlərində cəbhədən xəbərlər verən "Cənab leytenant”dır. Həmsöhbətim "Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlıdır.

- Siz səsinizlə, sözünüzlə qısa zamanda xalqın sevgisini, güvənini qazanmağı bacardınız. Amma nədənsə sonradan efirlərdən uzaq düşdünüz...
- 1992-ci ildə mən Azərbaycan Dövlət Tele-radio Şirkətində diktor işləyirdim. Elə həmin dövrdə Müdafiə Nazirliyi hərbi diktor axtarırdı və seçimdə mənim üzərimdə dayandılar. 1992-ci il iyulun 7-dən hərbi diktor kimi ekranlarda görünməyə başladım. Bu fəaliyyətimlə əlimdən və qəlbimdən gələn hər şeyi etdim. Atəşkəs dövründə artıq hərbi diktora ehtiyac olmayanda isə efirdən uzaqlaşdım. Sonra sərbəst yaradıcılıqla məşğul olmaq üçün ordudan ehtiyata tərxis olundum. İndi ehtiyatda olan zabitəm.
Efirlərdə diktor deyil, qonaq kimi az-az görünməyimin əsas səbəbi isə odur ki, dəvət olunduğum bir çox verilişlərə getmirəm. Onların əksəriyyəti nə xarakterimə, nə də yaradıcılığıma uyğun deyil. Mən sırf vətənpərvərliyə həsr olunmuş, ciddi verilişlərə qatıla bilərəm, bu isə bugünkü teleefirin zəif nöqtəsidir.

- Məgər hərbi-vətənpərvərlik proqramları ölkədə ancaq müharibə gedəndə hazırlanmalıdır?
- Əlbəttə ki, buna bütün dövrlərdə ehtiyac var. Amma bu gün bizim televiziya kanallarının əksəriyyəti professional səviyyədə, sırf vətənpərvərlik işinin təbliğinə həsr olunmuş proqramların hazırlanmasında maraqlı deyil. İndi bizim telekanalları aşağı səviyyəli şou proqramlar və bayağı teleseriallar zəbt edib.
Türkiyə televiziya kanallarından birində "Mehmetcik” verilişi var. O qədər gözəl hazırlayırlar ki, mən onun efirə gedəcəyi vaxtı gözləyirəm. Sovet dövründə hər bazar günü "Sovet İttifaqına xidmət edirəm” verilişi olurdu. Yeniyetmə vaxtlarımda dostlarım da, mən də ona böyük maraqla baxırdıq, hətta onu izlədikcə vaxtından əvvəl əsgər getmək istəyirdik. Çox arzu edərdim ki, bizim efirlərdə də yüksək səviyyəli hərbi-vətənpərvərlik verilişləri olsun. Təəssüf ki, yoxdur.
- Düşünürsünüz ki, təbliğatla vətənpərvər olmaq mümkündür?
- Vətənpərvərlik bizim xalqın qanında, gen yaddaşında var. Aprel ayının əvvəllərində ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində ölkədə yaşanan ab-hava, xalqın birliyi, əqidəsindən, cinsindən, yaşından asılı olmayaraq, hər kəsin Vətən sevgisini ifadə etməsi bunu bir daha sübut etdi. Həmin günlərdə mən özüm bir qrup ziyalı ilə cəbhə bölgəsində idim. Ümumiyyətlə, qələbənin təmin olunmasında xalqın əhval-ruhiyyəsi önəmli faktordur. O günlərdə əsgərlərin də, sıravi vətəndaşların da əhvalı çox yüksək idi. Əsgərlər döyüşə gülə-gülə gedirdilər.
Təbliğat isə xalqın ruhunun oyanması, sevgi hissinin alovlanması, əsgərə, orduya, qələbəyə inamın gücləndirilməsi üçün lazımdır.
Mən vətənpərvərlik ruhunda yaradıcılıq fəaliyyətimi heç vaxt dayandırmamışam. Bu gün də vətənpərvərliyin təbliği ilə məşğuluq, müxtəlif rayonlarda şagirdlərin, tələbələrin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərə qatılırıq, hərbi mövzuda konsert proqramları ilə çıxış edirik. Vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edən bu tədbirlərin çox gözəl ssenarisi var və bizim çıxışlarımızı salon hər zaman ayaq üstə alqışlayır.
- 1990-cı illərdə gedən döyüşləri də görmüsünüz, son bir neçə gündə baş verənlərin də şahidi oldunuz. O dövrlə indiki arasında nə fərq hiss etdiniz?
- Həmin dövrdə də, bu gün də vətənpərvərlik ruhu çox yüksəkdir. Sadəcə olaraq, o vaxt ordu könüllülərdən ibarət idi, onlara mülki insanlar rəhbərlik edirdi, Müdafiə Nazirliyi yeni yaranırdı. Belə hallar, eyni zamanda, siyasi oyunlar, özbaşınalıq və təcrübəsizlik faktları bizi işğalla üz-üzə qoydu. Bu gün isə güclü, bir mərkəzdən idarə edilən, hərbi nizamnaməyə uyğun qurulmuş, müasir silahlarla təchiz edilmiş ordumuz var.
Qeyd edim ki, mən əsgərlərimizin yanında nə vaxt olsam, ancaq qürur hissi keçirirəm. Qələbəni təmin edən iki amil var: Vətənə sevgi və düşmənə nifrət. Bizdə hər iki hiss çox güclüdür.
Son dövrlər Azərbaycan ordusunda həyata keçirilən islahatlar da təqdirəlayiqdir. İndi ordumuzda elə bir əsgər tapa bilməzsiniz ki, döyüşə getmək istəməsin. Hazırda ordumuz hər bir əməliyyatı həyata keçirməyə, işğal altında qalan torpaqlarımızı azad etməyə qadirdir. Bir neçə gündə baş verənlər bunu bir daha sübut etdi – Azərbaycan ordusu cəbhə bölgəsində strateji yüksəklikləri işğaldan azad etdi. Bu yolda canını qurban verən hər bir şəhid bizim üçün böyük itkidir. Onlar artıq tək öz valideynlərinə məxsus deyil. Vətən yolunda şəhid olanlar hər birimizin övladı, əzizidir.
Azərbaycanın Levitanı - Şəmistan Əlizamanlı
- Birinci Qarabağ müharibəsi dövründə siz ön cəbhədən gələn məlumatları xalqa çatdıran şəxs, inanılan sima idiniz. İndi torpaqlarımızı hərb yolu ilə azad etmək qərarı verilsə, yenə eyni mövqedə olmaq istərsinizmi?
- Əgər ehtiyac olsa, böyük məmnuniyyətlə. Bu mənim üçün böyük şərəf olar. Ordumuzun irəliləməsində, qələbənin təmin olunmasında əlimdən nə gəlirsə, etməyə hazıram.
- Müsahibələrinizdən birində qeyd edirsiniz ki, sizin çağırışınızdan sonra minlərlə adam müharibəyə gedib...
- Bəli, o dövrdə çağırışıma hay verən minlərlə soydaşlarımız könüllü müharibəyə getdi. Onların bəziləri şəhid oldu, bəziləri yaralandı... Bu səsin arxasında minlərlə şəhid, yaralı və Qarabağ qazisi var. 
Həmin dövrdə əlimizdən gələn hər şeyi etdik, amma torpaqlarımız işğal edildi, minlərlə qiymətli oğullarımız şəhid oldu. Əslində, nəticə belə olmamalıydı. Biz elə o vaxt da düşməndən daha güclü idik...
- Şəmistan bəy, ədalətin qalib gələcəyinə inanırsınız?
- Haqq nazilər, üzülməz. Bizim dayağımız Allahdır, ordumuzdur, millətimizdir. Bu gün dünyanın Qarabağ münaqişəsinə münasibəti də dəyişib. Bir vaxtlar neytral mövqedə olan və ya Ermənistanı dəstəkləyən dövlətlər artıq Azərbaycanı haqlı tərəf kimi tanıyır. Prezident İlham Əliyevin qətiyyəti və cəsarəti, xalqımızın birliyi sayəsində ədalət qalib gələcək. O günün uzaq olmadığına inanıram.
- Bəs, xalqın inamını qazanmaq üçün nə etmək lazımdır? Siz bu inamı, sevgini necə qazanmışdınız?
- Səmimi olmaq, xalqı sevmək, üzərinə götürdüyün vəzifəni layiqincə, vicdanla yerinə yetirmək. Mən çalışırdım ki, xalqı aldatmayım. Bir itki xəbəri verəndə onun ağrısını özüm daha çox yaşayırdım. Əgər söhbət millətin taleyindən gedirsə, başqa necə davranmaq olar?! Düzdür, müharibənin öz qanunları var. Bəzən nəyə görəsə sən əsl həqiqəti gizlədirsən. Bunu da kiminsə deyil, xalqın mənafeyi uğruna etdiyini biləndə vicdanın rahat olur.
Bir də gərək heç kim unutmasın ki, xalqın gözü tərəzidir. İnsanlara sevgi ilə yanaşmalısan ki, sevgi ilə qarşılanasan. Düşünürəm ki, həyatda ən gözəl hiss xalqına, Vətəninə təmənnasız sevgidir.
- Əslində hansı peşənin sahibi olmaq istəyirdiniz – hərbçi, diktor, aktyor, yoxsa müğənni?
- Gəmi kapitanı. Dənizə, gəmiyə sevgim var idi. Həm də dənizçi paltarını çox sevirdim. Orta məktəbi 15 yaşımda bitirdim, amma 17 yaşım olmadığına görə məni dənizçilik məktəbinə qəbul etmədilər. Bu mənə çox pis təsir etdi, hətta ağladım. Sadəcə, vaxt keçməsi üçün 2 il Bakıda texniki peşə məktəbində elektrik-qaz qaynaqçısı ixtisası üzrə oxudum ki, sonra dənizçilik məktəbinə daxil olum. Ancaq o illərdə teatr dərnəklərinə maraq göstərdim, incəsənət məni özünə çəkdi.
Sonra Moskvada hərbi xidmətdə oldum, onu başa vurduqdan sonra Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Teatrının direktoru, yazıçı-dramaturq Hidayət Orucov məni aktyor kimi işə qəbul etdi. İki il orada çalışdıqdan sonra isə H.Orucovun göndərişi ilə indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyorluğu fakültəsinə qəbul oldum.
- Bəs necə oldu ki, aktyor yox, diktor oldunuz?
- Ali məktəbi qurtarandan sonra məşhur diktorumuz Aydın Qaradağlının səsinə olan heyranlığım və sevgim məndə diktor olmaq həvəsi yaratdı və bu sənəti seçdim. 1986-cı ildə Azərbaycan Dövlət Radiosunda keçirilən müsabiqədə birinci yeri tutdum və təcrübəçi-diktor kimi işə qəbul olundum. Üç aydan sonra Moskvaya ixtisasartırma kursuna göndərildim və oradan fəxri diplomla qayıtdım. Altı il Azərbaycan Dövlət Radiosunda, sonra Azərbaycan Televiziyasında diktor işlədim. Bir neçə ay sonra isə Müdafiə Nazirliyinin hərbi diktoru oldum. Maraqlıdır ki, Moskvada ixtisasartırma kursunda oxuyanda sənət müəllimim Vadim Panfilova onun ən yaxın dostu olmuş Yuri Levitan haqqında çoxlu suallar verirdim. Həmin dövrdə artıq həyatda olmayan Levitan barəsində ən xırda detallara qədər hər şeyi bilmək istəyirdim. Levitan hərbi diktor kimi İkinci Dünya müharibəsi dövründə yaddaşlarda silinməz iz qoymuşdu. Və tale elə gətirdi ki, mən də hərbi diktor oldum. Eyni zamanda, Müdafiə Nazirliyinin Sənədli Filmlər Kino-Telestudiyasının rəis müavini kimi məsul vəzifədə çalışdım, qaynar döyüş bölgələrindən süjetlər hazırladıq.
- Bəs oxumağa nə zaman başladınız?
- İncəsənətə gəlişim təsadüfi olmasa da, oxumağa başlamağım tamamilə təsadüfən baş verdi. Bu bacarığımı 1980-ci illərin sonunda bəstəkar Nazim Qəmərlinski aşkar edib. Amma nə vaxtsa oxuyacağımı ağlıma belə gətirmirdim.
1993-cü ildə isə Ağdərənin Çıldıran kəndi uğrunda gedən döyüş zamanı mühasirəyə düşüb, kiçik zədə almışdım. Xəstəxanada müalicə olunurdum. Yaxın dostum Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevlə eyni palatada qalırdıq. Bir gün xəstəxananın həkimi, bəstəkar Şahin Musaoğlu bizə baş çəkməyə gələndə mahnı yazdığını dedi və mən elə oradaca onu zümzümə etdim. Bu, "İgid əsgər, möhkəm dayan” mahnısı idi və Yusif onu çox bəyəndi. Mən də zarafatla dedim ki, xoşuna gəlirsə, onu sənə həsr edərəm. Bir neçə ay sonra Yusif rəhmətə getdi və bu mahnını onun haqqında çəkilən veriliş üçün oxudum.
Əslində, bu sahədə özümə güvənmirdim. Amma mahnı tez bir zamanda xalq arasında yayıldı və çox sevildi. Yusif Mirzəyevin sayəsində hərbi vətənpərvərlik ruhunda mahnılar ifa etməyə başladım. Azərbaycan müstəqillik qazanmışdı, amma hərbi marşlarımız yox idi. Vətənpərvər ruhlu mahnılarımızın, marşlarımızın olması ilə bağlı məqsədimizə nail olduq. Belə mahnıların yazılmasını bu gün də davam etdirirəm. Mən ancaq ruhuma, düşüncələrimə uyğun musiqiləri oxuyuram, onlarınsa sayı çox deyil.
- Övladlarınızdan atasının yolu ilə gedən var?
- Yox, nə oğlum, nə qızım mənim yolumu davam etdirməyib. Onların seçimlərinə hörmətlə yanaşmışam. Amma ikisi də ataları qədər vətənsevərdir. Oğlumun həm xarakteri, həm zahiri görünüşü, hətta səsi eynən mənə bənzəyir. Düşüncələrimiz də üst-üstə düşür. Mənim üçün önəmli olan budur.
- Ən çox sevdiyiniz, tez-tez işlətdiyiniz ifadə?
- "İgid əsgər, möhkəm dayan!”
 Ən böyük arzunuz?
- Vətənimi, torpaqlarımızı azad, millətimi xoşbəxt görmək.

Ü.FƏRZƏLİYEVA
tibbqazeti.az



Загрузка...