ADU-da “Köçkünlərin həsrəti” adlı film nümayiş olunub
Oktyabrın 25-də Azərbaycan Dillər Universitetində (ADU) universitetin Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə görkəmli rejissor Ziya Şıxlinskinin çəkdiyi, almanların Qafqaza köçürülməsinin 200 illiyinə həsr olunmuş "Köçkünlərin həsrəti” adlı film nümayiş olunub.
ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla qonaqları və iştirakçıları salamlayaraq tədbirin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında imzaladığı Sərəncama əsasən keçirildiyini deyib. Rektor qeyd edib ki, Azərbaycan ictimaiyyəti Prezident İlham Əliyevin müvafiq sərəncamını çox böyük bir mənəvi razılıq hissi ilə qiymətləndirir:
"Bu gün biz almanların əslində Azərbaycana köçürülməsini, o tarixin müxtəlif mərhələlərini izlədikcə, öyrəndikcə, alman xalqının həyatında baş verən bu səhifəni mənimsədikcə, eyni zamanda özümüzü də daha yaxşı tanımaq imkanına malik oluruq”.
"Azərbaycan bütün millətlərə qarşı hər zaman qəlbi açıq olub”- deyən rektor bunu Azərbaycanın multikulturalizm və tolerantlığının göstəricisi kimi xarakterizə edib və bunun almanlarla münasibətdə də gözə çarpdığını diqqətə çatdırıb. K.Abdullanın sözlərinə görə, bu gün universitet camiələrinin bir-birinə yaxınlaşması hiss olunur, Azərbaycan və alman iqtisadiyyatlarında yaxınlaşma cəhdi nəzərə çarpır.
"Köçkünlərin həsrəti” filmindən bəhs edən K.Abdulla ekran əsərində bir çox gözəl məqamlara toxunulduğunu qeyd edərək onun çox təsirli və son dərəcə kədərli bir film olduğunu söyləyib:
"Bu filmdə bu gün almanların Azərbaycana köçürülməsinin 200 illiyini yadında saxlayan, xatirəsinə həkk edən alman xalqı da, bunu öz xatirəsində qoruyan Azərbaycan xalqı da bu gün bir-birinə doğru addım atmış kimidir. Alman əsirlərinin məhrumiyyət dolu həyatı Bakıdakı binaların tikintisində keçib, buna alman xalqının əzab-əziyyətli repressiya illərindən keçib sağ qalmış nümayəndələrinin xatirəsi də canlı sübutdur. Biz alman xalqı ilə bilavasitə əlaqəmizin 200 illiyini qeyd etdiyimiz zaman elmi əlaqələrimiz yadımıza duşür və biz onların inkişaf etdirilməsinin həyəcanı ilə yaşayırıq. Biz alman alimləri ilə bir yerdə "Kitabi-Dədə Qorqud” dastanlarını "Nibelunq nəğmələri” ilə müqayisə edirik”.
Almaniyanın Azərbaycandakı səfirinin daimi nümayəndəsi Fereza Şönfeld 200 il bundan əvvəl Azərbaycana gələn almanların azərbaycanlılar tərəfindən böyük rəğbətlə qarşılandığını və Azərbaycan xalqının onlara qarşı böyük rəğbəti sayəsində almanların burada uzun müddət yaşadığını qeyd edib. O, Azərbaycan-Almaniya əlaqələrinin bu gün də yüksək səviyyədə olduğunu sözlərinə əlavə edib və alman dilinin yüksək səviyyədə tədrisinə görə həm ölkə, həm də universitet rəhbərliyinə təşəkkür edib.
Filmin rejissoru, Əməkdar incəsənət xadimi Ziya Şıxlinski film haqqında ümumi məlumat verib və onun mövzusunun seçilməsi barədə xatirələrini iştirakçılarla bölüşüb.
Tədbirdə Xarici dillər kafedrasının dosenti Lətifə Qurbanova "Kiçik qızın almanlar haqqında təəssüratları”, Alman dilinin fonetikası və qrammatikası kafedrasının dosenti Samirə Adışova "Almanların Azərbaycanda izləri”, Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının dosenti Ulduz Aslanova isə "Müasir dövrdə Azərbaycan-alman əlaqələri (1992-2017)” adlı məruzə ilə çıxış ediblər.