Sumqayıt şəhər 9 saylı tam orta məktəbdə direktor özbaşınalığı davam edir -"Burada mənəm... "
Sumqayıt təhsil müəssisələrində qanunsuz əməllərin tüğyan etməsi səngimək bilmir. Dəfələrlə mətbuatda sözügedən məsələ ilə bağlı problemlər işıqlandırılsa da görünən odur ki, heç bir nəticə yoxdur.
Aztəhsil.com-un redaksiyasına daxil olan məlumata görə, bu dəfə Təhsil Şöbəsinin 9 nömrəli tam orta məktəbə direktor əvəzi təyin etdiyi Həqiqət Abdullayeva tez bir zamanda Sumqayıt təhsil müəssisəsində rüşvət burulğanı yaradıb.
Təhsil nazirliyi tərəfindən təsdiqlənməyən və təhsil şöbəsi tərəfindən həvalə olunan postun sahibi korrupsiya əməllərini davam etdirməkdədir.
İddialara görə, direktor əvəzi Həqiqət Abdullayeva 9 nömrəli orta məktəbdə daşı daş üstündə qoymur, şagirdləri qazanc mənbəyi, məktəbi isə qazanc yeri kimi görür.
Onu da qeyd edək ki, redaksiyamıza daxil olan məlumata görə, summativlərin qiymətləndirilməsinə də yaxşıca "əl gəzdirib".
Hər-halda aztəhsil.com-a daxil olan məlumatlardan belə məlum olur.
Yaranan mənzərə qarşısında məktəbin pedaqoji kollektivi və şagirdlər də haqlı olaraq direktordan gileylənməkdədirlər.
Maraqlısı isə odur ki, məktəbdə tüğyan edən özbaşınalıq pedaqoji kollektiv və şagirdlərə "qanuni” olaraq qələmə verilir.
Digər bir məsələ isə, sözügedən direktor tərəfindən tədris ilinin bu çağında dərs cədvəlinin dəyişdirilməsi ilə bağlıdır. Bu isə nə pedaqoji kollektiv, nə də şagirdlər tərəfindən birmənalı qarşılanmır.
Bir sözlə, məktəbdəki mövcud problemlər saymaqla bitmək bilmir - Məktəbə yeni pərdələrin alınması, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, xəstə müəllimlərin dərsini tədris etməsi və s.
Sözügedən məsələnin dəfələrlə mətbuatda işıqlandırılmasından da iddiaların həqiqətə uyğun olub-olmadığını anlamaq heç də çətin deyil.
Xanım direktor adıçəkilən məktəbdə qurduğu qazanc "biznesi" ilə açıq-aşkar söyləyir ki, burada mənəm, Bağdadda da kor xəlifə.
Xatırladaq ki, məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Aztəhsil.com