Müqaviləsiz məktəb direktoru- Nazirlik isə susur
Cəlilabad rayonunun Alar kənd 2 saylı orta məktəbində Lətif Seyfullayev adlı şəxsin məktəbə qeyri-qanuni rəhbərlik etməsi ilə bağlı bir müddət öncə mətbuatda məlumat yayılmışdı.
Aztəhsil.com "Ölkə.az"-a istinadən xəbər verir ki, məktəb direktoru L.Seyfullayev məclislərin birində haqqında yayılan məlumatlar barədə danışarkən Təhsil Nazirliyində çalışan bir şəxsin onu müdafiə etdiyini, buna görə də arxayın olduğunu deyib.
Maraqlıdır ki, iki həftədir müxtəlif saytlarda Alar kənd 2 saylı orta məktəbdə L.Seyfullayevin məktəbə qeyri-qanuni rəhbərlik etməsi barədə yazılar, həmçinin ekspertlərin münasibətləri yer alsa da, indiyədək rəsmi qurumlar, o cümlədən Təhsil Nazirliyi, Cəlilabad rayon Təhsil Şöbəsi və Cəlilabad rayon İcra Hakimiyyəti məsələyə rəsmi münasibət bildirməyib.
Təhsil Nazirliyinin mətbuat xidmətinə ünvanladığımız sorğuya da cavab gəlməyib.
Xatırladaq ki, sakinlərin verdiyi məlumata görə, L.Seyfullayev 4 il əvvəl Alar kənd 2 saylı orta məktəbə direktor müavini təyin olunub. Həmin vaxta qədər isə o, heç vaxt bu və ya digər məktəbdə müəllim işləməyib: "Lətif Seyfullayevin adı 2 saylı məktəbdə Fars dili müəllimi kimi getsə də, şagirdlər onun üzünü heç vaxt görməmişdi”.
Sonradan L.Seyfullayev müqavilə ilə məktəbə direktorluq edib. Bu il isə o, ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, lakin birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə bu ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.