Psixoloqu məktəb direktorunun ərinə döydürən səbəb- “Aralarında münaqişə yaranıb”
İmişli rayonunda orta məktəbdə psixoloqun döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Aztəhsil.com xəbər verir ki, Boşçalılar kənd orta məktəbinin direktoru Səadət Mustafayeva aznews.az-a açıqlamasında belə bir hadisənin baş vermədiyini deyib:
"Yalandır, düşmən söhbətidir. Orada nə döyülən olub, nə də təhqir olunan. Mənim həyat yoldaşım məktəb işçisi deyil. Şəhla Abbasova hardasa 17-ildən artıqdır ki, məktəbdə işləyir. Özü də mənim qohumumdur”.
Psixoloqun qardaşı Əlimusa Abbasov isə Səadət Mustafayevanın həyat yoldaşı ilə Şəhla Abbasova arasında münaqişə düşdüyünü qeyd edib:
"Hadisə məktəbdə deyil, kənarda baş verib. Onların bir neçə gün bundan öncə aralarındakı anlaşılmazlıq nəticəsində münaqişə yaranıb. Şəhla döyülməyib. Yüngül bir söhbət, yəni məktəbə aidiyyatı olmayan məsələ üstündə baş verib”.
Qeyd edək ki, mətbuatda İmişli rayonunda orta məktəb psixoloqunun döyülməsi barədə xəbər yer alıb. Məlumata görə, rayonun Boşçalılar kənd orta məktəbinin psixoloqu Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb.