Cəlilabadda növbəti özbaşınalıq - Direktor əvəzi müəllim Təhsil Nazirliyinə zəng etdiyi üçün dərs saatlarını əlindən aldı - SƏS YAZISI
Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbinin Həmkarlar Təşkilatında katib işləyən biologiya müəllimi Əlizamin Əliyev məktəbin direktor əvəzi Seymur Cəfərovdan şikayət edib.
A24.Az xəbər verir ki, biologiya müəllimi Əlizamin Əliyev Diaqnostik Qiymətləndirmədən 57 bal toplayıb və onun dərs saatı həftəlik olaraq 24 saat təyin edilib. Müəllim sosial şəbəkədə səs yazısı dərc edəndən sonra direktor əvəzi qeyri-qanuni olaraq müəllimin həftəlik dərs saatını 24-dən 17 saata endirib.
Əlizamin Əliyev A24.Az-a açıqlamasında bildirdi ki, Seymur Cəfərovun yarıtmaz fəaliyyəti haqqında şikayətlər çox olub. "Diaqnostik Qiymətləndirmənin nəticələrinə görə dərs bölgüsünün xüsusi düstur əsasında hesablanmasına dair şayiələr yayılmışdır. Guya diaqnostik bala görə dərs saatı bölgüsü xüsusi düstur əsasında aparılacaq. Dərs saatı bölünəcək fənn müəllimlərinin diaqnostik balına və vurulacaq hər ixtisas müəllimin öz diaqnostik balına. Mən də həmkarlarım üçün dəqiqləşdirdim. Təhsil Nazirliyinin qaynar xəttinə zəng vurdum və ordan bildirdilər ki, bu haqda rəsmi qayda yoxdur.
Səs yazısını müəllimlərlə bölüşdüm. Sosial şəbəkədə paylaşdım. Bunu yayımlamaqda heç bir qəsdi qərəzliyim yoxdur. Sadəcə olaraq həmkarlarımın bilgilənməsi üçün yayımlamışdım. Bu səs yazısı yayımlanana qədər direktor əvəzi Seymur Cəfərov mənə 24 saat dərs vermişdir. Sonra isə heç bir səbəb demədən 17 saata endirdi. İndiyədək mənim direktorla heç bir problemim olmayıb. Səs yazısından sonra mənə qarşı qərəzli mövqe tutdu. Dərs saatımı 24-dən 17-yə endirdi”.
Biologiya müəllimi bildirir ki, direktor əvəzi işləyən Seymur Cəfərovun düzgün nitq qabiliyyəti yoxdur. "Cəlilabad rayon Təhsil şöbəsinə də xəbər vermişəm. Onlar da mənə yetərli cavab vermədilər. Nəticəsiz qaldı. A24.Az vasitəsilə səsimi müvafiq orqanlara çatdırılmasına umid edirəm.
Seymur Cəfərovun direktor olmağına gəldikdə isə hələ ki məktəbdə direktor əvəzi vəzifəsində işləyir. Direktorların imtahanında 1-ci mərhələ bitib. İkinci mərhələ hələ keçirilməyib. Bu şəxs hələ direktor deyil. Müvəqqəti olaraq ona direktor səlahiyyəti tapşırılıb. Amma Seymur Cəfərov rəsmi sənədlərdə özünü direktor kimi təqdim edir”.
A24.Az olaraq məsələ ilə əlaqədar Cəlilabad rayon Göytəpə şəhər 1 saylı tam orta məktəbin direktor əvəzi Seymur Cəfərovla əlaqə saxladıq. Direktor əvəzi sualımızı eşitdikdən sonra dəstəyi yerə qoydu.
Xatırladaq ki, Seymur Cəfərovla bağlı dəfələrlə mətbuatda şikayət məktubu dərc edilib.
Vüsalə Əlövsətqızı, A24.Az