Müəllimlərdən rüşvət istəyən direktorla bağlı rəsmi AÇIQLAMA
Bir neçə gün bundan qabaq müəllimlərdən rüşvət istəyən məktəb direktorunun səs yazısı yayılıb.
Sözügedən səs yazısı Cəlilabad rayonu, Alar kənd 2 saylı orta məktəbinin Pedaqoji Şurasının iclasında yazılıb. Səs yazısından aydın olur ki, bir nəfər müəllimlərdən pul yığılmasını tələb edir.
Məlumata görə, müəllimlərdən pul tələb edən şəxs Alar kənd 2 saylı orta məktəbin direktoru Lətif Seyfullayevdir. O, hər müəllimdən 50 manat tələb edir. Sonra rüşvət vermək istəməyən Azad Dadaşov adlı müəllimi isə təhqir edir. Daha sonra bütün müəllimləri "kişiliyiniz çatmır?”,-deyə təhqir edərək iş yoldaşlarından Azad müəllimin "torbasını tikməyi” tələb edir.
Məktəb müəllimlərinin verdiyi məlumata görə, Lətif Seyfullayev əvvəllər pedaqoji sahədə çalışmayıb. 2014-cü ildə müəllimlərin işə qəbulu imtahanında iştirak etmədən müəllim təyin edilib. Qısa müddət sonra direktor müavini olan Lətif Seyfullayev sonradan məktəbə direktor təyin edilib. Bundan əvvəl də direktorun adı bir neçə dəfə bu kimi qalmaqalllarda hallandırılıb.
Qeyd edək ki, mətbuatda yayılan məlumatlara görə, L. Seyfullayev 2017-ci ildə ümumtəhsil məktəblərinə direktorların işə qəbulu ilə bağlı imtahanda iştirak edib, birinci mərhələdə kəsilib. Digər tərəfdən, L.Seyfullayevlə məktəb direktoru kimi bağlanmış müqavilə 2017-ci ilin iyun ayında başa çatıb. Lakin o, hazırda məktəbə rəhbərliyi qeyri-qanuni şəkildə davam etdirir.
Aztəhsil.com xəbər verir ki, məsələ ilə bağlı Cəlilabad Rayon Təhsil Şöbəsindən (RTŞ) modern.az-ın sorğusuna cavab verilib. Məlumatların əsassız olduğu söylənilib.
"Alar kənd 2 nömrəli tam orta məktəbinin direktoru səlahiyyətlərini icra edən Seyfullayev Lətif Məzahim oğlunun rüşvət istəməsi barədə səs yazısı ilə əlaqədar bildirik ki, o, Cəlilabad RTŞ-ya dəvət olunub. Özünün verdiyi məlumata görə haqqında qeyd olunan məlumatlar böhtan və iftiralardan başqa bir şey deyil. Seyfullayev Lətif Məzahim oğlu qeyd edib ki, işlədiyi məktəbin müəllim və texniki işçilərindən hər hansı məqsədlə pul tələb etməyib”.