Bakı məktəbində valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunur - İDDİA
Masazırda yerləşən 4 nömrəli orta məktəbdə valideynlərdən sinif otaqlarını təmizləmək tələb olunduğu iddia olunur.
Aztəhsil.com xəbər verir ki, a24.az-ın redaksiyasına valideynlər tərəfindən şikayət daxil olub.
Şikayət edən valideynlər bildirir ki, məktəbin direktoru hər həftə 2-3 valideynin müəllimlərlə birgə sinif otaqlarını təmizləməsini tələb edir.
İddiaların həqiqətə uyğun olub olmamasını dəqiqləşdirmək üçün sözügedən təhsil müəssisəsi ilə əlaqə saxladıq. Məktəbin direktor müavini Gülər xanım deyilənlərin yalan olduğunu söylədi.
"Deyilənlər tamamilə absurddur. Mən birinci dəfədir belə bir şey eşidirəm. Bu, çox gülünc iddiadır. Belə bir şey yoxdur və heç vaxt olmayıb. İndiki dövrdə hansı valideyni buna məcbur etmək olar ki?! Hansı valideyn bunu edər?! Məktəbdə kifayət qədər xadimə var. Onlar hər gün məktəbin təmizlik işləri ilə məşğul olur. Gəlib baxa da bilərsiniz”, – deyə direktor müavini iddianın əsassız olduğunu bildirdi.