"Hələ də təhsil almağı müəyyən sənədə yiyələnməkdə görürük…" -EKSPERT
Saxta diplomlar və diplomçularla bağlı vəziyyət sabitləşsə də, bu ətrafda gedən qızğın söz-söhbətlər səngisə də təhsil almağı müəyyən sənədə yiyələnməkdə görmək xəyallarımız bir çoxlarımızın hələ də əqidəsindən tam silinib getməyib. Artıq heç kəsə sirr deyil ki, hər bir dövlətdə vətəndaş cəmiyyətinin demokratik inkişaf yoluna qədəm qoymasında təhsil əhəmiyyətlı rol oynamaqla yanaşı, həm də dövlətin təməl daşı və millətin gələcəyi kimi də xarakterizə edilir, cəmiyyətin keçəcəyi inkişaf yolu əsasən bu sahəyə münasibətin səvıyyəsindən asılı olur. Kimin hansı münasibət bəsləməsindən asılı olmayaraq, bir təkzibolunmaz fikirlə razılaşmalıyıq ki, cəmiyyətdə mövcud olan problemlərin əksəriyyətinin kökü məhz təhsildən qaynaqlanır.
"Zamanın yeganə meyarı yaddaşdır”, ”Yaddaş xatirələr xəzınəsidir”, "Yaddaşımız puç olmuş arzularımızı bizə xatırladır”- deyib müdriklər. Bu mənada hər dövrün öz ənənəsi, öz xatirəsi, yaddaşı var. Məktəb illərimizin, təhsillə bağlı fəaliyyətimizin səmimi, qayğısız, bəzən də qayğılı, acılı-şirinli keçən illərinə dair bəzi xatirələrimi bölüşərkən xüsusi olaraq vurğulamaq istərdim ki, nə yazıq, müəyyən bir müddət kəsiyində uzun illərdən bəri oturuşmuş təhsil sisteminin ən yaxşı ənənələrini unutduq, yenilikçilik həvəsilə ciddi səylər və böyük zəhmət hesabına əldə etdiklərimizə biganəlik göstərdik və nəzərə almadıq ki, keçmiş ənənələrimizə bağlılıq, onları yaşatmaq gələcəyimizi qurmaqda ən təsirli stimul və sınanmış örnəkdir, çünki bu ənənələr zamanın sınaqlarından çıxaraq insan psixologiyasında silinməz iz buraxıb.
Əvvəllər bilik əldə etmək üçün kitab, qəzet, jurnallar var idi. İndi yüksək sürətli internet, çoxsaylı sosial şəbəkələr var. Əvvəllər insani münasibətlər canlı ünsiyyət vasitəsi ilə həll olunardı. İndi virtual, vizual, verbal vasitələr reallığa çevrilib. Skype telefon zəngini sıxışdırır, danışıq SMS-lə, münasibətlər Facebokla, xatirələr, vinetkalar instoqramla, sevgi, məhəbbət "Odnoklassnik”lə, imtahan kompyuterlə, kağız dərsliklər elektron daşıyıcılar, planşetlərlə əvəzlənıb. Bir sözlə getdikcə elmi-texnıki tərəqqinin əsirinə çevrililməkdə davam edirik. Sanki, Albert Eynşteynin
"Qorxuram bir gün texnologiya insanlararası ünsiyyətin önünə keçəcək və axmaq bir nəsil meydana gəlməyə başlayacaq” erasının başlanğıcındayıq. Nə demək olar, zəmanə dəyişıb. Bununla belə zamanın cilovu da insan övladının əlindədir. Elə Eynşteyndən söz düşmüşkən, elə onun özünün bir etirafını da xatırlatmaq yerinə düşərdi:
"Mən atomu insanlığa xidmət etmək üçün kəşf etdim, onlar bomba edib bir-birilərini yox etdilər." Hər halda bunun özü də bir xatirədir, özü də ibrətamiz bir xatirə.
Təhsil tələskənliyi, radikallığı, inqilabi sıçrayışları qəbul etmir. Təhsil bir sistemdir və bu sistem oturuşmalıdır. Təhsil elm və təcrübənın vəhdətinə, pedaqogika, psixologiya, fiziologiya və metodologiyanın, onilliklərdən, yüzilliklərdən bəri bəhrələnmış qaynaqlarına, toplannmış potensialına əsaslanır, təkamül yolu ilə inkışafı tərciyə edir, milli-mənəvi və ümumbəşəri dəyərlərə, nəzəri biliklərə və praktik vərdişlərə yiyələnən vətəndaş və şəxsiyyət yetişdirmək vəzifəsi daşıyır.Bir vaxtlar bütün bu prinsiplər gözlənilərdi.
Məktəbin məqsəd və məramı oxutmaq, məktəblinin vəzifəsi isə yalnız oxumaq idi. Kiçiklərin özlərinə fəxri baba, böyüklərin dahi rəhbər hesab etdikləri proletariatın banısinin ”Oxumaq, oxumaq, yenə də oxumaq!" və "Bizdə müəllim bu vaxta qədər heç bir burjua cəmiyyətində durmamış olduğu, durmadığı və dura bilməyəcəyi bir səviyyəyə qaldırilmalıdır" kimi atributa çevrilmış kəlamları bütün təhsil müəssisələrinin foyelərini və dəhlizlərini bəzəyərdi. Bəlkə də o dövrün şagirdlərinin oxumaq fanatizmı, müəllimlərinin yüksək nüfuz sahibinə çevrilməsi, elə bu gerçəkliyə səsləyən şüarlardan qaynaqlanırdı?
Sözün bütün mənalarında oxumaq, nəyisə öyrənməyə can atmaq yeganə amalımız idi. Sinfin yarıdan çoxu "əlaçı” və "zərbəçi” olardı. Nisbətən zəif oxuyanlar zərbəçı olmaq, zərbəçilər isə əlaçı olmaq uğrunda bir-biriləri ilə yarışa qoşulardı. Hamı, nəsə bir "vəzifə” daşıyardı. Kimi sinifkom, kimi təmizkom, kimi sinif, kimi məktəb divar qəzetinin redaktoru, kimisi də "redkollegiyanın” üzvü olardı. İndikilərə nə qədər sadə və primitiv görünsə belə bütün bunlar hər birimizdə kollektivçilik, yaradıcılıq vərdişləri, tapşırılan işə görə cavabdehlık, məsuliyyət hissləri formalaşdırardı.
Kitabsız məktəb həyatımızı, məişət güzaranımızı təsəvvür edə bilməzdik. Böyük tənəffüs zamanı məktəb bufetindən nəsə almaq üçün evdən verilən beş-on qəpiyə qənaət edib, onu kitaba verərdik. Hər bir evdə "Etajerka” adlanan kitab rəfindən ibarət kiçik şəxsı kitabxanamız olardı. Məktəb kitabxanasındakı bütün kitabları oxuduğumuzdan mərkəzı kitabxanalara üzv yazılardıq. 5-ci sinfə qədər Canni Rodarinin, Andersonun, Qrim qardaşlarının nağıl və hekayələrini, 5-8-ci siniflərdə Daniel Defonun, Conatan Sviftin, Mayn Ridin roman və povestlərini, 9-10-cu siniflərdə isə artıq Cek Londonu, Konan Doylu, Teodor Drayzeri və onların əsərlərini tanımış olardıq.
Aşağı siniflərdən "Göyərçin”, "Azərbaycan pioneri”, yuxarı siniflərdə isə "Azərbaycan gəncləri”, "Elm və həyat” kimi qəzet və jurnallara abunə yazılardıq. Məktəbdən gələn kimi səbirsizliklə həmin nəşrləri gətirməli olan poçtalyonu gözləyərdik. Qəzet və jurnalları oxuduqdan sonra oradakı ən maraqlı və lazım bildiyimiz rəqəm və faktları kəsib saxlayardıq. Nədənsə, birdən sistemə acıq edib, hərfi mənasına belə varmadan "pioner” sözündən incik düşdük, minlərlə məktəblinin asudə vaxtlarının şən və maraqlı təşkilinə xidmət edən "Pioner düşərgəsi” adlanan, rayonlarımızın füsunkar guşələrində yerləşən yay-istirahət məkanlarını balalarımızın üzünə bağladıq.
Əsas bilik mənbəyimiz dərsliklər olardı. Ensiklopediya sözünün mənasını düz-əməlli başa düşməsək də dərsliyə mötəbər mənbə kimi baxardıq. İki nəfər arasında hər hansı bir faktla bağlı mübahisə yarananda, ona ilk növbədə dərsliyi açıb baxmaq məsləhət görülərdi. Dərsliklər tərtib edilərkən faktiki materialın seçilməsi ilə yanaşı həm də onun tərbiyəvi aspektlərinə xüsusi diqqət yetirilərdi. Dərsliklərdə olan emosional mətnlər xalqın mətnliyinə, dözümlülüyünə, ümidliliyinə, mütəşəkkilliyinə inamlılığına ən başlıcası isə vətənpərvərliyinə heç kəsi biganə qoya bilməzdi.
Məktəblərdə stimullaşdırma prinsipinə və peşəyönümü işinə xüsusi önəm verilərdi. Bilik səviyyəmiz, seçdiyimiz ixtisasa marağ və düşüncələrimiz nəzərə alınmaqla ali məktəbə sənəd verib-verməməyimizi qabaqcadan qərarlaşdırardıq. Özünə güvəni olmayanlar o zamanlar geniş şəbəkəyə malik texniki-peşə məktəblərinə üz tutub, müvafiq peşələrə yiyələnərdilər. Bir neçə ali məktəb, bir neçə itisas seçib, hüquqşünas olmaq istəyənin tarixçi, tarixçi olmaq istəyənin kitabxanaçı, həkim olmaq istəyənin əzcazçı və ya bioloq olmaq ehtimalı və narahatçılığı yox idi. Məktəb seçmək, övladını yaxşı müəllimin sinfinə qoymaq valideynlərimizin ağlına belə gəlməzdi. Çünkı bütün məktəblər eyni səviyyədə, bütün müəllimlər eyni hazırlıqda idilər.
Ali məktəbi bitirdikdən sonra ixtisasımıza uğun işlə təmin olunmaq, "indiki dildə” desək özümüzə karyera qurmaq qayğılarından azad idik. Əmək fəaliyyətinə başlamaq üçün haralarasa CV göndərmək, ümidsizliyə qapılıb, intizarla cavab gözləmək, bəxtimiz üzümüzə gülən təqdirdə belə hansısa əlavə kurslara cəlb olunmaq, çoxpilləli və formal xarakterli imtahan, müsabiqə, müsahibə prosedurları ilə qayğılanmazdıq. Çünki, orta məktəbdəki təməl biliklərimiz və ali məktəbdə yiyələndiyimiz əlavə bilik bacarıq və vərdişlər ixtisaslı bir mütəxəssis kimi fəaliyyət göstərməyimizə əsas verirdi. Bir başa təyinat alıb, iş-gücümüzlə məşğul olardıq. Təyinat müddəti bitdikdən sonra, vəziyyətə uyğun iş yerini seçməkdə sərbəst idik.
Biz bir çox halda təhsilə verilən müasir tələbləri müasir təhsilə verilən tələblər kimi başa düşüb, qiymətləndirmişık. Halbuki, təhsilin tələbləri bütün dövrlər üçün eynı səciyyə daşıyıb-təhsil alanları lazımı bilik, bacarıq və vərdişlərlə silahlandırmaqdan ibarət olub.Təhsildə müasirlik heç də o anlama gəlmir ki, təhsil sahəsində uzun illərdən bəri qazanılmış mütərəqqi ənənələrdən imtina edilsin, qazanılan nə varsa, aid olduğu sistemlə birgə dəfn edilsin.
Bəli, biz belə oxuduq, belə təhsil aldıq, belə boya-başa çatdıq, bilik səviyyəmizə, bacarıq və qabiliyyətimizə uyğun həyatda müəyyən mövqeyə və nüfuza sahibləndik. Nə oxuduqsa, kitabdan, dərslikdən, qazet və jurnallardan oxuduq, nə öyrəndiksə məktəb və ailə tərbiyəsidən öyrəndik. Bizi məktəb və ailə mühiti yetişdirdi. O zamanlar kompüterin nə olduğunu belə bilmirdik. Televiziyalarımız isə ucuz və bayağı şoulara deyil, mənəvi dəyərlərə köklənmişdi
Kim bilir, bəlkə də, nə vaxtsa, kimlərsə, kiminsə, hansısa xatirələrindən nəsə əxz edib, hansısa bir nətıcə çıxardı. Necə deyərlər, keçmiş xatirələrimiz yeni ümidlərimizdir. Əgər, bütün dövrlərə dair adət və ənələrimizə hörmətlə yanaşırıqsa, təhsil sahəsində qazandıqlarımızı "Sovet” və ya "Cümhuriyyət” dövrlərinə bölüb, bu ənənələrə biganə yanaşmaq ən yaxşı halda unutqanlıqdan başqa bir şey deyildir. Təhsil sahəsində "İslahat Proqramı”nında nəzərdə tutulan məqsəd - "Təhsil sahəsində uzun illərdən bəri toplanmış potensialı saxlamaq və inkişaf etdirmək yolu ilə təhsilin forma və məzmunca yeniləşməsinə nail olmaq” - əsas və başlıca vəzifəmiz olmalıdır…