AzTehsil.com


Xəbərlər
05 may 2017
4 226


"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"



"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

 

Təhsil təkcə təlimdən ibarət deyil… Bu prosesə tərbiyə işi də daxildir, təhsil alanların asudə vaxtının təşkili də.
 
O qədər də uzaq olmayan bir vaxtlar məktəb təhsili dedikdə, ilk ağlımıza gələn "təlim-tərbiyə prosesinin təşkili” məfhumu olardı. Yəni, təlimi tərbiyə işi olmadan təsəvvür etmək mümkün deyildi. Artıq əsrin 4/1 ilinə bərabər bir müddət keçib  ki, təhsil barədə düşünəndə adətən bir çoxumuz ancaq müəyən az- para bilik əldə edib, nə yolla olsa belə  hansısa bir ali təhsil müəssisəsinə daxil olub, təki diplom olsun düşüncəsi ilə yaşayırıq. Bunun üçün hansı yollara əl atmırıq. Daim peşəkar repetitor,  sərfəli hazırlıq kursları axtarışındayıq. Boğazından kəsən, kredit götürən, borca düşən bu yolun yolçuları da nə qədər istəyirsən. Repetitor, müxtəlif kurslar da ki, göz dəyməsin, elan və reklamları ilə göz qamaşdırır. İş o yerə çatıb ki,  pedaqoji  leksikonumuza müəllimə alternativ –" bunker pepetitoru”, "marker” kimi yeni peşə sahibləri daxil olub.
 
"Təəssüf ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq.”  Ötüb keçən  əsrlər eramızdan əvvəl yaşamış Roma filosofu Senekanın bu məşhur kəlamına da  təsirsiz ötüşməyib. Artıq, biz heç məktəb üçün də oxumuruq, məktəb mühitini nəzərə çarpacaq dərəcədə deformasiyaya uğratmışıq. Bu azmış kimi hələ məktəbdənkənar müəssisələrdəki qrupları da  yarıbayarı ixtisar edərək minimuma endirmişik. Bir sözlə məktəbin bütün digər funksiyalarını bir kənara qoyub, lazımi keçid balı toplamaq uğrunda müəllimli- şagirdli   "ölüm-dirim savaşına” qoşulmuşuq. Diplom üçün oxuyanlarımızın da bir çoxu bəlkə də çarəsizlikdən, şair demiş "Baxıram Leninin kitablarına, dəstədən geridə qalmamaq üçün” prinsipindən bu yarışa qoşulub. Şübhəsiz ki, hər bir valideynin də övladının diplomlu olmasında fərqli maraqları var.
 
Halbuki, qədim dövrün ilk filosoflarından sayılan Sokratın tələbəsi, Aristotelin müəllimi olan Platon hesab edirdi ki, yaxşı vətəndaş yetişdrə birmək üçün savaddan çox uşaqların əxlaqi baxımdan yetişməsinin qayğısına qalmaq lazımdır. Platona görə tərbiyənin qayəsi insanlarda olan qabiliyyətləri inkişaf etdirməkdir. Tərbiyəvi işin mahiyyəti və əhəmiyyəti, təlim-tərbiyənin vəhdəti barədə antik filosoflardan postmodernistlərə qədər kimlər nələr deməyib, nələr yazmayıb ...Bu da çağdaş türk-islam dünyasının mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuş Əhməd bəy Ağaoğludan bir iqtibas:"Tərbiyə üsulunda hansı mühit bir idealı ən çox həqiqətə çevirməyə nail olmuşsa, həmin mühit də ən yüksək inkişafa catmışdır.”
 
Əlbəttə, məqsədim heç də  klassiklərin və ya müasirlərin əxlaq və bütövlükdə tərbiyə haqqında fikirləri ilə bağlı kiməsə mühazirə oxumaq deyil. Bununla belə istəsək də, istəməsək də razılaşmaq zorundayıq ki, müasir dövrümüzdə tərbiyə məsələləri öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, itirməyə  meyllidir. Başqa sözlə ifadə etsək, təlimə "ifrat dərəcədə” aludəçiliyimiz tərbiyə məsələlərini arxa plana keçirib. Hətta, məktəbəqədər tərbiyə müəssisəsi adlandırdığımız uşaq bağçalarında belə təhsil tərbiyəni üstələyir, məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir. Zəmanəmizdə tərbiyə işı bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib.   
 
Səbəb nədir? Ən başlıca səbəblərdən biri heç şübhəsiz ki, tərbiyə, təhsil, təlim və şəxsiyyətin vəhdətini özündə ehtiva edən pedaqoji prosesin təlim, tərbiyə və tədrisin forma və metodlarını öyrənən pedaqogika elmindən ayrı düşməsidir. Kim bilməsə də, pedaqoji prosesin bilavasitə iştirakçıları olan hər bir təhsil işçisi bilməmiş deyil ki, daha doğrusu bilməyə borcludur ki, məhz  pedaqoji prosesin tamlığı şəxsiyyətin ahəngdar inkişafının mühüm amilidir. Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, hər üçü bir məqsədə-şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim təhsilverici, tərbiyəedici və inkişaf etdirici üç əsas funksiyanı yerinə yetirir ki,bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir. Yəni, təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir, ümumi məqsəd baxımından pedaqoji prosesin hər bir sahəsi bu və ya digər funksiyanın yerinə yetirilməsində dominant rol oynayır. 
 
Pedaqoji proseslə bağlı bəzi mühüm məqamları xatırlatmaqda  məqsədim ondan ibarətdir ki, pedaqogikanın nəzərdən keçirilən anlayışları bir-biri ilə qarşılıqli vəhdətdə olub, bir-birini tamamlayır. Onlar birlikdə vahid və bütöv pedaqoji prosesi təşkil edir, şəxsiyyətin hərtərəfli və ahəngdar inkişafını tənzimləyir. Çünki, təhsil insanın bilik, bacarıq və vərdişlər sisteminə yiyələnməsi, bu zəmində onun dünyagörüşünün formalaşması, tərbiyə və inkişafı prosesi, habelə onun nəticəsidir. Geniş  (sosial) mənada tərbiyə sosial təcrübənin, yəni yaşlı nəslin əldə etdiyi bilik və bacarıqların, ideya və baxışların gənc nəslə ötürülməsi kimi başa düşülürsə, dar (pedaqoji) mənada tərbiyə tərbiyəçilərin, eləcə də təlim və təhsilin mütəşəkkil və məqsədyönlü təsiri ilə şəxsiyyətin formalaşması və inkişafı prosesi kimi anlaşılır.   
 
Baxmayaraq ki, "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə,  ümumi təhsilin konsepsiyası olan "Milli Kurrikulum”da, habelə təhsilə dair bir çox müvafiq normativ sənədlərdə ümumtəhsil məktəbində təhsilin milli zəminə, mütərəqqi pedaqoji ənənələrə, eləcə də dünya təcrübəsinə əsaslanmaqla fərdin harmonik inkişafına xidmət etməsinə, ümumtəhsil məktəbində təhsil prosesinin öyrədici, tərbiyəedici və inkişafetdirici xarakter daşımasına müəyyən yer ayrılıb, bununla belə məktəblərdə təlim-tərbiyə işləri planlaşdırılarkən, ayrı-ayrı fənlərin tərbiyəvi aspektlərinə, məktəbdənkənar və sinifdənxaric tədbirlərin, meyl və maraq üzrə dərnək və məşğələlərin, elmi cəmiyyətlərin, klub və studiyaların təşkilinə, onların milli-mənəvi dəyərlər zəmnində formalaşmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə, habelə uşaq və yeniyetmələrlə iş prosesində mütərəqqi pedaqoji yanaşmaları əks etdirən formaların tətbiqinə qane edici diqqət yetirilmir.   
 
Halbuki, bir o qədər də uzaq olmayan keçmışimizdə bizdə belə bir təcrübə olub və bunun müsbət nəticələrinin də bilavasitə şahidi olmuşuq. Heç də təsadüfi deyil ki, Sovet dönəmində davranışla  əlaqədar olan, ailə və cəmiyyət üçün faydalı hesab edilən əxlaqi keyfiyyətlərin gənc nəsildə məqsədyönlü, planlı və mütəşəkkil formalaşdırılması ilkin tərbiyənin qayəsini təşkil edirdi. Yuxarı siniflərə qalxdıqca tərbiyənin digər tərkib hissələri mənəvi tərbiyə, ideya-siyasi tərbiyə, vətənpərvərlik tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsi, beynəlmiləlçilik tərbiyəsi, fiziki tərbiyə, əmək tərbiyəsi,  estetik tərbiyə, huquq tərbiyəsi, iqtisadi tərbiyə, ekoloji tərbiyə, əqli tərbiyə belə mərhələlər üzrə formalaşdırılaraq inkişaf etdirilirdi.   Hər bir məktəbdə "Əxlaq kodeksi” və "Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar "əxlaq” sözü "davranış” ıfadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair möhürlü xasiyyətnamə də (xarakteristika) verilirdi. İctimai-humanitar fənlər üzrə dərsliklərə tərbiyəvı aspektli mətnlər salınardı. 
 
Tərbiyə işində şəxsi nümunə başlıca şərt hesab edilirdi. Tərbiyə olunan ona tərbiyə verəndən çox şey əxz edirdi. Pedaqoji ixtisas verən ali və orta ixtisas məktəblərində müəllim hazırlığında pedaqogika tarixi və nəzəriyyəsinə, psixologiya və yaş fiziologiyasının əsaslarına xüsusi yer ayrılırdı.. Əgər desək ki, son zamanlar pedaqogika və psixologiya pedaqoji prosesdən ayrı düşüb, əsla yanılmarıq.   Baxmayaraq ki, 90-cı illərdə Təhsil Nazirliyi tərəfindən elmi-pedaqoji və psixoloji əsaslı, müasir məzmunlu "Tərbiyə konsepsiyası” hazırlamaq ideyası ortalığa atılmış və hətta bunun layihəsi belə hazırlanmışdı, sonralar nədənsə, naməlum səbəblərdən bu istiqamətdə aparılan işlər dayandırıldı. Halbuki, müəyyən biliklərə yiyələnərək, müstəqil həyata qədəm qoymuş gəncdə vətən təəsübkeşliyi, xalqına məhəbbət, vətəndaşlıq ləyaqəti olmayacaqsa, bu gənc nə qədər peşəkar ixtisas sahibi olsa belə onun vətəninə, xalqına lazımı xeyri dəyə biləcəyı bir o qədər də inamlı təsir bağışlamayacaq. Çünki təhsilin keyfiyyəti təkcə hansısa bilik məcmusuna yiyələnməklə ölçülməyib, cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini göstərən, şəxsiyyətin vətəndaşlıq, peşə və məişət səriştəliliyinin cəmiyyətin tələblərinə uyğunluğunu nümayiş etdirən sosial kateqoriya kimi xarakteriza olunur. 
 
Yəqin heç kəsə sirr açmış olmaram, əgər desəm ki, hazırda "uşaq birliyinin rəhbəri” adlandırdığımız təşkilatçının tərbiyə sahəsindəki işı bir zamanlar "pioner baş dəstə rəhbəri”nin fəaliyyəti ilə müqayısəedilməz dərəcədə fərqlidir. Məktəblə az-çox əlaqəsi olanlar bilməmiş deyillər ki, indiki birlik rəhbərlərinin bir çoxu uşaqların tərbiyəsi işini deyil, daha çox məktəb direktorunun katibəsi funksiyasını yerinə yetirirlər.Məktəb psixoloqu ştatı əksər məktəblərdə formal xarakter daşıyır.Tərbiyə işlərinə nəzarət etməli olan direktor müavinlərinə tədis işlərinə baxan müavinlə müqayisədə ikinci dərəcəli münasibət bəslənilir və s.   Gəldiyim nəticə ondan ibarətdir ki, pedaqoji prosesdə təlim və tərbiyə vəhdət təşkil etməyəcəksə, təhsilin dövlət qarçısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, müstəqil və yaradıcı düşünən, hərtərəfli və ahəngdar inkişaf etmış, geniş dünyagörüşünə malik vətəndaş və şəxsiyyət yetişdirmək kimi əsas məqsədini həyata keçirməkdə problemlərlə üzləşməyimiz də bir o qədər qaçılmaz olacaq. Xüsusilə son zamanlar məktəblərimizdə müəllimlər və şagirdlər arasında və bütövlükdə cəmiyyətimizdə baş verən, sadalamağa ehtiyac olmayan bir çox arzuolunmaz neqativ təzahürlər belə bir qənaətə gəlməyə əsas verir.
 
Heç cür yekunlaşdırmaq istəmədiyim bu yazını  İmmanuil Kantın tərbiyə haqqında yazısından əlavə şərhə ehtiyacı olmayan bir fikri ilə bitirmək istərdim: "Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu məlum olar."
 
Nadir İsrafilov, təhsil eksperti
moderator.az



Загрузка...