Xəbərlər
27 yanvar 2017

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

 

”Təlim və tərbiyənin vəhdətinə dair bəzi mülahizələr” adlı son yazılarımdan birinə maraqlı olduğu qədər, eyni zamanda  düşündürücü bir şərh yazmışdılar: "Çox yaxşı məqalədir! Fikrimcə müəllif bir şeyi xatırlatmağı unudub ki, tərbiyə sosial element kimi cəmiyyətin digər üstqurum və bazis elementləri ilə şərttlənir, mövcud əxlaqi keyfiyyətlər və sosial, iqtisadi, hüquqi və s.münasibətlərlə tərbiyəyə təsir etmək imkanı çox zəifdir." 

 
Təəsüf ki, təlim və tərbiyə haqqında indiyə qədər yazılmış kitabların çoxuna ya ideologiyaların təsiri olub, ya da hansısa bizə məlum olan və olmayan səbəblərdən bu sahədə bir çox ədəbiyyatlar nəşr olunmayıb. Təhsil və tərbiyənin paradiqmaları haqqında yazılan elmi işlərdə və keçirilən dərslərdə məhdud sayda mütəfəkkirlərin əsərlərinə və fikirlərinə istinad olunur. Bu səbəbdən insanın bütün dövrlərdə formalaşmasına hərtərəfli yardımçı olan təhsil, tərbiyə və elm haqqında yazılmış bir çox mühüm əsərlər pedaqoqlar, alimlər, tələbələr və geniş oxucu kütləsinin maraq dairəsindən kənarda qalıb. 
 
Müxtəlif dövrlərdə, ayrı-ayrı zaman kəsiyində bəşəriyyətə hakim kəsilən materialist, idealist, pozivitist, determinist cərəyanlar dövrümüzə qədər əks qütblərin qarşıdurmasını səciyyələndirib, nəzəri spekulyativliyi gücləndirib. Yəni təhsilimiz də zaman-zaman mübahsəli fikirlərdən, ziddiyətli yanaşmalardan heç də xali olmayıb.Daxmasının zirzəmisində üç kisə buğda gizlədən atasından çekistlərə donos ötürən Pavlik Morozov 70 il ərzində  sovet məktəblisinin qəhrəmanlıq, vətənə sədaqətlilik simvoluna çevrilib.Bu illər ərzində materiyanın və ya şüurun birinci olması, tarixdə şəxsiyyətin və ya kütlənin həlledici rol oynaması, iqtisadiyyatın yoxsa siyasətin birinci olması  kimi dilemmalar üzərində baş sındırmışıq, Darvinin və Kantın nəzəriyyələrinə fərqli mövqelər sərgiləmişik. Çıxış yolunu dərsliklərimizdə Böyük Oktyabr Sosialist inqilabını Oktyabr çevrilişi ilə əvəzləmək kimi formal dəyişikliklərdə görmüşük.
 
Artıq plüralizm şəraitində mübahisə etmək üçün, hər hansı bir fikir irəli sürmək və ya hansısa polemikaya qoşulmaqdan ötrü materialist və ya idealist olmaq, hansısa cərəyanın və ya sistemin tərəfdarı, yaxud əleyhdarı mövqeyindən çıxış etmək öz əvvəlki təsir qüvvəsini itirib. Bu  mənada müasir dövrümüzdə təlim-tərbiyə məsələləri də öz əvvəlki mahiyyətini, dəyərini və aktuallığını hələ tam itirməsə də, hər halda deformasiyaya meyllidir. 
Məktəblərdə təlim-tərbiyə işinin təşkilinə dair nə qədər təlimat, metodiki tövsiyə, əsasnamə və digər istiqamətləndirici normativ sənəd olsa belə bu prosesin səmərəli təşkili məhz müəllimin şəxsiyyətindən, peşəkarlığından, klassik pedaqoji irsə  və müasir tendensiyalara nə dərəcədə yiyələnməsindən daha çox asılıdır. Müəllimlərimizin məhz milli və dünya klassik fəlsəfəsinin və maarifçiliyinin görkəmli nümayəndələrinin bilik xəzinəsinin nümunələri ilə silahlanması onlar üçün təhsil sahəsindəki vəzifələrini yerinə yetirməkdə, təlim-tərbiyə prosesinin təşkilində ən yaxın yardımcı rolunu oynaya bilər. 
 
Tanınmış alimimiz Dr. professor Səlahəddin Xəlilovun təbirincə desək təhsil insanlara əsrlər boyu əldə etdiyi təcrübə və biliklərə bir neçə il ərzində yiyələnmək imkanı verir. Yaşadığı zamanın tələbləri səviyyəsində durmağa, hər dəfə sıfırdan başlamaq deyil, özündən əvvəlki nəsillərin işini davam etdirməyə insan yalnız təhsil sayəsində müyəssər olur.Bəşəriyyətin ümumi bilik xəzinəsi bütün xalqlar və millətlər üçün açıqdır.
 
Təhsil sahəsində ən görkəmli nəzəriyyəçilərdən olan Hovard Qardner yazırdı ki, təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir. Dərin anlam bizim məqsədimiz olmalıdır. Biz şagirdlərə müəyyən anlaşıqlı kontekstdə nəyin həqiqi, yaxud yalan, gözəl, yaxud zövqsüz, yaxşılıq, yaxud yamanlıq olduğunu dərk etməyə kömək göstərməliyik. Bu mövzular fərdə dünyanı öyrənməyə və onu daha yaxşı başa düşməyə can atmağa stimul verəcəkdir. 
 
Siyasi mütəfəkkir kimi daha çox ad qazanan Maykl Oukşotun fikrincə, məktəb şagirdlərin ilk dəfə ciddi və mütəşəkkil şəkildə intellektual, bədii, mənəvi və emosional irslə tanış olduqları məkandır. Məktəbin məqsədi konkret bacarıq, yaxud maddi üstünlük deyil; məktəb həmçinin gizli siyasi, yaxud sosial məqsədlərin əldə olunmasına da can atmır: məktəbin xarakteristikası üçün bu terminlərdən istifadə olunması onun təbiətinin təhrif olunması deməkdir. Con Gudledə görə isə məktəb tədrisinin məqsədi nə özünə, nə də onu əhatə edən insanlara ziyan vurmaq iqtidarında olmayan düşünən fərdlərin inkişafı ilə bağlıdır. 
 
"Ağlım mənə deyil, dünyaya aiddir” kimi bir fikrin müəllifi Artur Şopenhauer hesab edirdi ki, hər şeydən əvvəl uşaqların heç bir aydın anlayışla bağlı olmayan sözlər işlətməsinin qarşısını almaq lazımdır. Lakin təsəvvürlərin anlayışlardan sonra yox, əvvəl gəlmələri son dərəcə böyük əhəmiyyət kəsb edir; əks təqdirdə bu, uşaq dünyaya gələrkən ayaqlarının qabaqda olmasına, yaxud qafiyənin misranin əvvəlində gəlməsinə bənzəyir. 
 
Martin Haydeqqer sual qoyurdu: "Öyrənmək nə deməkdir? Adam bu an öz fəaliyyət tərzini ona yönəlmişə uyğunlaşdıranda öyrənir. Öyrətmək öyrənməkdən çətindir, çünki, tədrisin məqsədi öyrənmək imkanı yaratmaqdır." Haydeqqerə görə pedaqoq şagirdlərə öyrənməyə imkan yaratmalıdır, tədrisi onlara zorla qəbul etdirməməlidir. Belə bir yanaşmanın tədris prosesini fəallıqdan məhrum etdiyini düşünmək səhv şərh olardı. 
 

Təhsilin əsas vəzifəsi anlamın mükəmməlləşməsinə kömək etməkdir-Nadir Israfilov

 

Bu baxımdan Xuan Orteqanın fikirləri də xüsusi diqqət çəkir: "Pedaqogika həyatın gücləndirilməsi üsullarını ixtira etməli, təhsil isə onlardan yalnız istifadə etməlidir. Uşaqları yalnız öz meyllərinə uyğun olaraq, yəni təbii proseslərə təqlid edərək inkişaf etməyə imkan vermək olmaz; tərbiyə prosesi şüurlu və refleksiv səviyyə daşımalı, məqsədə nail olmalı, uşaqların dərin və həyati potensialını maksimum üzə çıxarmaq üçün texniki yardıma yönəlməlidir. " 

 
Bu da Azərbaycanın və Türkiyənin, bütünlükdə isə çağdaş türk-islam dünyasının mədəniyyət və ictimai fikir tarixinə çoxcəhətli və ensiklopedik şəxsiyyət kimi daxil olmuş Əhməd bəy Ağaoğludan bir iqtibas:"Tərbiyə üsulunda hansı mühit bir idealı ən çox həqiqətə çevirməyə nail olmuşsa, həmin mühit də ən yüksək inkişafa catmışdır. Tərbiyədən bəhs edərkən bu məfhumu ən geniş mənada anlamaq lazımdır. İnsan ruhunun üzərində təsiri olan bütün amillər nəzərə alınmalıdır. Ailə, məktəb, ədəbiyyat, sənət, fikri və hissi cərəyanlar-bütün bunların hamısı tərbiyəyə daxildir. 
 
Nobel mükafatçısı Əhməd Zevayl isə öz fikirlərini belə ifadə edib: "İlk növbədə dəyişməyə ehtiyacı olan üçlük bunlardır: təhsil, bürokratiya, qanun. Əgər məhz bu üç cəhət islahatlar obyekti kimi dəqiq müəyyən olunsa, xalq yeni işıqlı gələcəyin quruculuğunu tam dəstəkləyəcək "
 
Heç cür yekunlaşdırmaq istəmədiyim bu yazını hələlik İmmanuil Kantın pedaqogika haqqında yazısından əlavə şərhə ehtiyacı olmayan bir fikri ilə bitirmək istərdim: "Əgər günlərin bir günü bizim tərbiyəmizlə yüksək varlıq məşğul olsa, onda həqiqətən insanın nəyə qadir olduğu məlum olar. "
 
Çalışaram növbəti yazılarımda da dünyanın və Azərbaycanın digər tanınmış mütəfəkkirləri-Con Dyui, Lüdviq Vitgenşteyn, Yurqen Habermass, Hüseyn Cavid, Əli bəy Hüseynzadə, Mehdi Mehdizadə kimi bir çox digər filosof və maarifçilərin seçmə fikirlərini oxucularımla bölüşüm. Düşünmürəm ki, xüsusilə təhsil ictimaiyyətinin bu kimi dahilərin fikirlərinə böyük ehtiyacı olmasın.
 
İqtibaslar "Yeni təhsil, tərbiyə,və elm antologiyası" kitabından götürülüb. Tərtib edən: fəlsəfə doktoru Etibar Əliyev, elmi redaktor: pedaqogika üzrə fəlsəfə doktoru Rəsul Əliyev.Bakı. Azərbaycan-2015. 
 
aztehsil.com
Nadir İsrafilov(təhsil eksperti)





Загрузка...
loading...