AzTehsil.com


Müəllim
22 dekabr 2016
33 269


Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?



Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

 


                                 Məqsəd Şəxsiyyət yetişdirməkdir.

Təhsilin başlıca məqsədi şəxsiyyət yetişdirməkdir. Azərbaycan Respublikasının Təhsil Qanununda deyilir:"Azərbaycan Respublikasında təhsilin əsas məqsədi  Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqın milli ənənələrinə, demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və Azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir”(4.0.1) 

                                                Şəxsiyyət nədir?

Şəxsiyyət anlayışı mürəkkəb anlayışdır. Şəxsiyyət insanın siması, onun identifikatorudur. Şəxsiyyət fərdin davamlı fiziki və psixi xarakteristikasının məcmusudur. Şəxsiyyət gerçəkliyi dərk edib ,onu dəyişdirməyə qadir olan insandır.Şəxsiyyət biososial varlıqdır. Şəxsiyyətin ən xarakterik cəhətindən biri də onun fərdiyyətidir. Bura onun şəxsi xüsusiyyətləri, individual bacarıq və vərdişləri, fəaliyyət mexanizimləri daxildir. İnsan şəxsiyyəti etibarı ilə təkrarolunmazdır.
 
Şəxsiyyət - onu əhatə edən mühitdə fərdin sosialaşması, ətrafla ünsiyyəti və qarşılıqlı əlaqəsi nəticəsində yaranır. Şəxsiyyətin formalaşması üçün motivasiya mühim şərtdir. Düzgün seçilmiş motivlər şəxsiyyəti məqsədəuyğun fəaliyyətə təhrik edir. Ən əsası bu motivlər onun maraqlarını əks etdirməlidir. Maraqlar onun daxili təlabatlarının təzahürləridir. Şəxsiyyətə düzgün təsir etmək üçün maraqların lazımı qaydada ödənməsi zəruridir. Maraqların təmin edilməsi şəxsiyyətin bilik və bacarığındakı çatışmamazlıqların aradan qaldırılmasına və onun bir bütöv kimi formalaşmasına kömək edir. 

                                             Şəxsiyyəti kim yetişdirir?

Şəxsiyyət  mühitdə yetişir. Fərdin şəxsiyyətə çevrildiyi dövrün ən mühim qismi onun orta təhsil aldığı zamana təsadüf edir. Bu təhsil hal-hazırda 11 ili əhatə edir.Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında nəzərdə tutulan vacib amillərdən biri də orta təhsil müddətinin 12 ilə çatdırılmasıdır. Bunun mühim psixoloji və sosioloji əsasları var. Bu dövr insanın şəxsiyyət kimi formalaşması, onun özünü tanıması, arzularını, istəklərini və ideallarını kəşf etməsi, gələcəyə dair planlar qurması, hansı sənət sahibi olacağını müəyyən etməsi, həyata və əmək fəaliyyətinə hazırlanması dövrüdür.Bu zamanın yaxşı dəyərləndirilməsi, boşa hədər edilməməsi lazımdır.
 
Görkəmli pedaqoq Makarenko  öz pedaqoji ideyalarının əsasında insan amilini saxlayırdı və deyirdi: ”İnsan davranışlarının əsas səbəbini anlayıb, onun içindəki yaxşını üzə çıxarmaq üçün ona zaman vermək lazımdır.” Bəli , orta məktəb təhsili  fərdə şəxsiyyət kimi formalaşmaq üçün verilmiş ən münasib zamandır. Bu zaman nə qədər uzun olarsa və nə qədər faydalı şəkildə istifadə olunarsa bir o qədər müsbət nəticələr verər. Mürəkkəb sosial mühit olan məktəbdə bu prosesi istiqamətləndirəcək şəxs müəllimdir. Deməli məktəbdə  fərdi  şəxsiyyət kimi yetişdirən, məhz müəllimdir.

                                    Şəxsiyyət necə yetişir?

Uşinski deyirdi: "Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə bilər və onu inkişaf etdirə bilər.Yalnız xarakterlə xarakter yaratmaq olar.” Bu fikirlər müzakirə edilməyəcək qədər həqiqəti əks etdirən düşüncələrdir. Buradan çıxan birbaşa nəticə odur ki, şagirdi ancaq hərtərəfli bir müəllim yetişdirib , şəxsiyyətə çevirə bilər. Uşinskiyə görə, insanı bütün münasibətlərdə tərbiyə etmək, şəxsiyyət kimi yetişdirmək üçün, onu bütün münasibətlərdə öyrənmək lazımdır. Bəli,  şagirdin öyrənilməsi- onun fərdi bacarıqlarının, arzu və istəklərinin,potensialının, təfəkkürünün inkişaf səviyyəsinin , xəyal dünyasının genişlik dərəcəsinin  müəyyən edilməsidir.
 
Təlim və tərbiyə prosesi vəhdətli şəkildə təşkil edilərək inkişaf etdirici mühitin yaradılmasına xidmət etməlidir.Təlimdə formalizmə, şagirdlərin müstəqilliyinin və marağının boğulmasına, həyat üçün zəruri olmayan, az əhəmiyyətli biliklərin verilməsinə yol vermək arzuolunmazdır. Bütün bunların əsasında isə dəqiq və məqsədəuyğun şəkildə müəyyən edilmiş təhsil kurikulumları , tədris proqramları və bunlardan səmərəli şəkildə  istifadə etməyi  və  təlim –tərbiyə prosesini düzgün məcraya yönəltməyi bacaran müəllim amili dayanır.

                                       Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır?

Şəxsiyyəti yetişdirəcək müəllim özü bir şəxsiyyət olmalıdır. Müəlllim nəzəri, elmi və praktiki biliklərə sahib olmaqla yanaşı, yüksək etikaya, estetikaya, nümunəvi davranış qaydalarına, geniş dünyagörüşünə, səlist mühakimə yürütmək qabiliyyətinə, aydın və əlaqəli nitqə, analitiklik xüsusiyyətinə, şəfqət, mərhəmət duyğusuna, ədalətli mövqeyə, obyektiv yanaşmaya malik olmalıdır.Pedaqoqluqla yanaşı gözəl psixoloq olmalıdır. Hər bir şagirdinə fərdi yanaşmağı, onu kəşf etməyi, onun etimadını qazanmağı, içindəki yaxşını üzə çixartmağı bacarmalıdır.
 
Müəllim qarşısındakı şagirdi özü istədiyi istiqamətdə deyil, şagirdin özünün  istədiyi istiqamətdə dəyişməyə çalışmalıdır. Onun içindəki "MƏN” i bogaraq, şagirdi xaraktersiz , müti bir insana çevirməyi deyil, o”MƏN” i inkişaf etdirərək, möhkəm insan xarakteri yaratmağı hədəfləməlidir. Müəllim şagirdin  inamını, sevgisini  qazanmalıdır.Ona inandığını və bunun üçün real səbəbləri olduğunu  ona başa salmalıdır. Ona dost olmalıdır.

Unutmaq lazım deyil ki, pis şagird yoxdur, sadəcə pis yanaşma var. Şagird müəllim üçün öz prinsiplərini və eqosunu sinaqdan çıxarmaq üçün obyekt deyil. Müəllim şagird üçün ona özünü tapmağa kömək edəcək və əlindən yapişib işıqlı gələcəyə aparacaq şəxsdir.

Bakı şəhəri,Sabunçu rayonu 309 saylı tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Mehriban Məmmədova.




Загрузка...