Heydər Əliyev Fondunun Cəlilabadda inşa etdiyi yeni məktəb binası istifadəyə verilib
Heydər Əliyev Fondunun Cəlilabad rayonunun Sərhədabad kəndində inşa etdiyi yeni məktəb binası istifadəyə verilib.
“Report”un Muğan bürosunun məlumatına görə, açılış mərasimində Heydər Əliyev Fondunun, Elm və Təhsil Nazirliyinin, Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmiləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bildirilib ki, 1976-cı ildə inşa olunmuş məktəb köhnəldiyindən fond Sərhədabad kəndi üçün yeni məktəb binasının inşasını həyata keçirib. 360 şagird yerlik üçmərtəbəli yeni təhsil ocağı dörd korpusdan ibarətdir.
Bu təhsil müəssisəsi də fond tərəfindən zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib, təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirilib, məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.