AzTehsil.com


H/N sənədlər
12 yanvar 2017
8 706


Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu



Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

 Bu qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, həmin obyektləri istismar edən hüquqi və fiziki şəxslərin bu obyektlərdə baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağa yönələn fəaliyyətini tənzimləyir.


Bu qanunun müddəaları təşkilati-hüquqi və mülkiyyət formalarından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi və fiziki şəxslərə şamil edilir.

Maddə 1. Əsas anlayışlar

Bu qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Obyektlərin texniki təhlükəsizliyi (bundan sonra — texniki təhlükəsizlik) vətəndaşların və cəmiyyətin vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəzalardan müdafiəsinin vəziyyəti;

Texniki nəzarət — istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən texniki-normativ sənədlərin və təhlükə potensiallı obyektlərdə fəaliyyət üçün verilmiş xüsusi razılığın tələblərinə əməl olunmasına nəzarət;

Qəza — təhlükə potensiallı obyektlərdə istifadə olunan tikililərin və ya texniki qurğuların uçulması, nəzarət edilə bilməyən partlayış və ya təhlükəli maddələrin ətraf mühitə yayılması;

Hadisə — təhlükə potensiallı obyektlərdə tətbiq olunan texniki qurğuların dayanması, yaxud nasazlığı, texnoloji rejim prosesindən kənara çıxma, eləcə də istehsal obyektində işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərin tələblərinin pozulması;

Təhlükəsizlik texnikası — avtomatik nəzarət və tənzimləyici cihazlar, qoruyucu qurğular, müşahidə, xəbərvermə, rabitə vasitələri və təhlükəsizliyi təmin edən digər texniki tədbirlər kompleksi;

Uyğunluq sertifikatı — avadanlığın, maşın və mexanizmlərin, dövlət standartına və yaxud digər texniki normativ sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə.

Maddə 2. Təhlükə potensiallı obyektlər

1. Əhali və ətraf mühit üçün təhlükə yaradan (Əlavə 1-də göstərilən) partlayış-yanğın, radioaktiv və ionlaşdırıcı şüa mənbələrinin, zəhərləyici maddələrin əldə olunması, hazırlanması, emalı, daşınması, istifadə edilməsi və ləğvi ilə məşğul olan istehsal, təchizat, nəqliyyat və sosial təyinatlı obyektlər təhlükə potensiallı obyektlər hesab edilir.

2. Təhlükə potensiallı obyektlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

3. Təhlükə potensiallı obyektlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada dövlət reyestrində qeydiyyatdan keçirilir.

4. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə təhlükə potensiallı obyektlərin fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş qaydada tam və ya qismən dayandırıla bilər.

Maddə 3. Texniki təhlükəsizlik tələbləri

1. Texniki təhlükəsizlik tələbləri bu qanunla, Azərbaycan Respublikasının digər normativ-hüquqi aktları ilə, habelə texniki-normativ sənədlərlə müəyyənləşdirilən, mövcud qaydada qəbul olunan və texniki təhlükəsizliyi təmin edən şərtlərdən,qadağalardan, məhdudiy-yətlərdən və yerinə yetirilməsi məcburi olan digər tələblərdən ibarətdir.

2. Texniki təhlükəsizlik tələbləri dövlət standartlarına, əməyin mühafizəsi qaydalarına, habelə ekoloji və yanğın təhlükəsizliyi, ətraf mühitin mühafizəsi, sənaye və tikinti, sanitar-epidemioloji, əhalinin və ərazinin fövqəladə hallardan müdafiəsi normalarına uyğun olmalıdır.

Maddə 4. Texniki təhlükəsizlik haqqında qanunvericilik

1. Texniki təhlükəsizlik haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu qanundan və digər normativ hüquqi aktlardan ibarətdir.

2. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə texniki təhlükəsizlik münasibətlərinin tənzimlənməsi barədə müəyyən olunmuş qaydalar bu qanunda nəzərdə tutulmuş qaydalardan fərqlənərsə, beynəlxalq müqavilələrin qaydaları tətbiq edilir.

Maddə 5. Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsi Texniki təhlükəsizlik sahəsində dövlət tənzimlənməsini qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Maddə 6. Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılığın verilməsi Texniki təhlükəsizlik sahəsində fəaliyyət növlərinə xüsusi razılıq verilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyən edilir.

Maddə 7. Təhlükə potensiallı obyektdə istifadə olunan texniki qurğular və avadanlıqlar

1. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğular, maşın və mexanizmlər texniki təhlükəsizlik tələblərinə uyğunluğu baxımından Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır. 

Təhlükə potensiallı obyektlərdə istifadə olunan və sertifikatlaşdırılmış texniki qurğuların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunur.

2. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan texniki qurğuların sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

3. Sertifikatın verilmə qaydaları qanunvericiliyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

4. Təhlükə potensiallı obyektlərdə avadanlıq və texniki qurğulardan istehsalın və istifadənin ümumi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir.

5. Təhlükə potensiallı obyektlərdə istehsal və istifadə olunan avadanlıq və texniki qurğular istismar prosesində müəyyən edilmiş qaydada texniki təhlükəsizlik ekspertizasından keçirilir.

Maddə 8. Təhlükə potensiallı obyektlərin layihələşdirilməsinə, tikintisinə və istismara qəbul edilməsinə texniki təhlükəsizlik tələbləri

1. Təhlükə potensiallı obyektin tikintisinə, genişləndirilməsinə, yenidən qurulmasına, texniki cəhətdən yeniləşdirilməsinə, konservasiyasına və ləğv edilməsinə başlanması barədə qərarın qəbul edilməsinin məcburi şərtlərindən biri layihə sənədləri barədə texniki təhlükəsizlik üzrə müsbət ekspertiza rəyinin olmasıdır.

2. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərindən kənara çıxma hallarına yol verilmir. Layihə sənədlərinə edilən dəyişikliklər müvafiq icra hakimiy-yəti orqanı ilə razılaşdırılır.

3. Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğv edilməsi prosesində layihə sənədlərini işləyib hazırlayan təşkilatlar qanunvericiliklə müəyyən edilmiş qaydada müəlliflik nəzarətini həyata keçirirlər.

4. Təhlükə potensiallı obyektlərin istismara qəbulu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada aparılır.
Təhlükə potensiallı obyektlərin istismara qəbulu zamanı obyektin layihə sənədlərinə uyğunluğu, hüquqi və fiziki şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzaların lokallaşdırılmasına və nəticələrinin ləğv edilməsinə hazırlıqlarının vəziyyəti yoxlanılır.

Maddə 9. Təhlükə potensiallı obyektin istismarına dair texniki təhlükəsizlik tələbləri 
 
Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər;
 
Bu qanunun, digər qanunların və normativ hüquqi aktların, eləcə də texniki normativ sənədlərin tələblərinə əməl etməlidir;

Təhlükə potensiallı obyektlərdə işçi heyətlərini komplektləşdirərkən onların texniki təhlükəsizlik və ixtisaslaşma tələblərinə, habelə qanunla  müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunu və tibbi cəhətdən yararlığını təmin etməlidir;

Təhlükə potensiallı obyektdə normativ hüquqi aktlara və işlərin aparılması qaydalarını müəyyənləşdirən normativ texniki sənədlərə malik olmalıdır;

Binaların texniki təhlükəsizlik ekspertizasından keçirilməsini təmin etmək, eləcə də təhlükə potensiallı obyektdə istifadə olunan tikili, avadanlıq və texniki qurğuların diaqnostikasını, sınağını və ümumi yoxlanmasını keçirməlidir;

Təhlükə potensiallı obyektlərin mühafizəsini təşkil etməli və təhlükəli maddələrin saxlanmasına dair texniki təhlükəsizlik tələblərinə riayət etməlidir;

Texniki təhlükəsizlik bəyannaməsi hazırlamaq, təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə bağlamalıdır;

Təhlükə potensiallı obyektin istismarına dair xüsusi razılığa malik olmalıdır;

Partlayıcı və pirotexnik materialların, radioaktiv maddələrin, partladıcı materialların və ionlaşdırıcı şüa mənbələrinin uçotunun aparılmasını, onların texniki normativ sənədlərin tələblərinə uyğun qaydada saxlanmasını, işlədilməsini və təhlükəsiz istifadə olunmasını təmin etməlidir;

Müvafiq icra hakimiyyəti orqanlarının təlimat, sərəncam və göstərişlərinə əməl etməlidir.

Maddə 10. Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri

Təhlükə potensiallı obyektdə işləyənlərin vəzifələri aşağıdakılardır:
Təhlükə potensiallı obyektlərdə işlərin aparılması, habelə qəza və hadisə şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərin tələblərinə əməl etmək;

İldə bir dəfədən az olmamaq şərti ilə tibbi müayinədən və attestasiyadan keçmək;

Təhlükə potensiallı obyektdə baş verən qəza və hadisə zamanı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada işi dayandırmaq, qəza və ya hadisə barədə dərhal rəhbərliyə, yaxud digər vəzifəli şəxsə məlumat vermək.

Maddə 11. Hüquqi və fiziki şəxslərin qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə yönəlmiş fəaliyyətinə tələblər

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslər obyektlərdə baş verə biləcək qəzaların qarşısını almaq və baş vermiş qəzaların nəticələrini aradan qaldırmaq məqsədilə:

Sistemli tədbirlər hazırlayır və həyata keçirir;

İşçi həyətinin qəza və hadisələrə hazırlığını vaxtaşırı təkmilləşdirir, onları attestasiyadan keçirir;
 
Baş verə biləcək qəzaları qabaqcadan müəyyənləşdirmək və qarşısını almaq məqsədi ilə sistemli nəzarət təşkil edir;

Qəza və hadisə baş verdikdə istismarı dərhal dayandırır;

Peşəkar qəza-xilasetmə xidmətləri, yaxud peşəkar qəza-xilasetmə hissələri ilə müqavilələr bağlayır;

Qəzaların lokallaşdırılması və nəticələrinin ləğv edilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq maliyyə vəsaitinin və madditexniki vasitələrin ehtiyatını yaradır; 

Bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından, habelə qəza şəraitində fəaliyyət qaydalarını müəyyənləşdirən texniki-normativ sənədlərdən irəli gələn digər vəzifələri yerinə yetirir.

Maddə 12. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına daxili nəzarət

1. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər texniki təhlükəsizlik tələblərinə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğun təşkil etməli və həyata keçirməlidir.

2. Texniki təhlükəsizlik tələblərinə riayət olunmasına istehsal nəzarətinin təşkili və onun həyata keçirilməsi səlahiyyəti verilmiş işçilər barəsində məlumat müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir.

Maddə 13. Qəza səbəblərinin texniki təhqiqatı

1. Təhlükə potensiallı obyektdə baş vermiş hər bir qəza faktı üzrə müvafiq icra hakimiyyəti orqanının təşkil etdiyi xüsusi komissiya tərəfindən texniki təhqiqat aparılır.

2. Xüsusi komissiya təhlükə potensiallı obyektin yerləşdiyi yerli özünüidarəetmə orqanlarının, obyektin istismarını həyata keçirən hüquqi və fiziki şəxslərin, habelə layihə, elmi-tədqiqat institutlarının, tikinti-quraşdırma, ekspertiza, texniki təhlükəsizlik, sığorta və sair təşkilatların nümayəndələrini təhqiqat işinə cəlb edə bilər.

3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər qəza səbəblərinin texniki təhqiqatı üzrə komissiyaya öz səlahiyyətlərini həyata keçirmək üçün müvafiq məlumat və sənədləri təqdim etməlidir.

4. Qəza səbəblərinin texniki təhqiqatının nəticələri barədə akt tərtib edilir. Həmin aktda qazanın səbəbləri və şəraiti, dəyən ziyanın həcmi, texniki təhlükəsizlik tələblərinin pozulması halları, həmçinin qəza nəticələrinin lokallaşdırılması və ləğv edilməsi üzrə görülmüş tədbirlər göstərilir.

5. Qəzanın səbəbləri üzrə texniki təhqiqat xərcləri qəza baş vermiş obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən maliyyələşdirilir.

Maddə 14. Texniki təhlükəsizlik ekspertizası

1. Texniki təhlükəsizlik ekspertizası aşağıdakılara şamil olunur:

Təhlükə potensiallı obyektin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşməsi, konservasiyası və ləğvinə dair layihə sənədlərinə;

Təhlükə potensiallı obyektdə istifadə olunan avadanlıq və texniki qurğulara;

Təhlükə potensiallı obyektdəki bina və tikililərə;

Texniki təhlükəsizlik bəyannaməsi və təhlükə potensiallı obyektin istismarı ilə bağlı olan digər sənədlərə.

 
2. Texniki təhlükəsizlik ekspertizası obyekti istismar edən hüquqi və ya fiziki şəxsin hesabına bu ekspertizanı aparmağa xüsusi razılığı olan təşkilat tərəfindən həyata keçirilir.

3. Texniki təhlükəsizlik ekspertizasını həyata keçirən təşkilat ekspertizanın nəticəsi barədə rəy verir.

4. Müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş rəy həmin orqan tərəfindən müəyyən edilmiş qaydada nəzərdən keçirilir və təsdiq edilir.
5. Texniki təhlükəsizlik ekspertizası, digər ekspertizaların həyata keçirilməsi ilə eyni vaxtda həyata keçirilə bilər.

6. Texniki təhlükəsizlik ekspertizasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 15. Texniki təhlükəsizlik bəyannaməsi

1. Texniki təhlükəsizlik bəyannaməsində:

Qəza və onunla bağlı təhlükənin hərtərəfli qiymətləndirilməsi;

Qəzanın baş verməməsi üçün görülən tədbirlərin kifayətləndirici olub-olmaması barədə təhlil;

Hüquqi şəxslərin təhlükə potensiallı obyektlərin istismarına, habelə qəzanın lokallaşdırılması və nəticələrinin ləğv edilməsinə hazırlığının təmin edilməsi;

Qəzanın nəticələrini və dəymiş ziyanın miqyasını azaltmağa yönəldilmiş tədbirlərin işlənib hazırlanması öz əksini tapır.

Texniki təhlükəsizlik bəyannaməsində göstərilən məlumatların siyahısı və onların tərtib olunma qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır.
 
2. Təhlükə potensiallı obyektlərə bu Qanuna Əlavə 2-də göstərilən miqdarda maddələr və ionlaşdırıcı şüa mənbələrinin alınması, istifadə olunması, emalı, saxlanması, nəqli, ləğvi üzrə hər biri ayrıca olmaqla texniki təhlükəsizlik bəyannaməsinin işlənib hazırlanması məcburidir.

3. Təhlükə potensiallı obyekti istismar edən hüquqi və fiziki şəxslər müvafiq icra hakimiyyəti orqanına texniki təhlükəsizliyin vəziyyəti barədə bəyannamə təqdim etməlidirlər.

4. Texniki təhlükəsizlik bəyannaməsi təhlükə potensiallı obyektlərin tikintisi, genişləndirilməsi, yenidən qurulması, texniki cəhətdən yeniləşdirilməsi, konservasiyası və ləğvinə dair layihə sənədləri əsasında hazırlanır və obyekti istismar edən hüquqi və ya fiziki şəxs tərəfindən təsdiq olunur.

Təhlükə potensiallı obyekti istismar edən hüquqi və ya fiziki şəxs bəyannamədə göstərilən məlumatların tam və dəqiq olmasına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.

5. Hüquqi və ya fiziki şəxs təhlükə potensiallı obyektin istismarı ilə bağlı xüsusi razılıq almaq üçün müraciət etdikdə, yaxud bəyannamədə göstərilən məlumatlar və ya texniki təhlükəsizliyə dair tələblər dəyişdikdə texniki təhlükəsizlik bəyannaməsi dəqiqləşdirilir və ya yenidən işlənib hazırlanır.

6. Texniki təhlükəsizlik bəyannaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarına təqdim edilir.

7. Texniki təhlükəsizlik bəyannaməsi qanunvericiliyə uyğun olaraq texniki təhlükəsizlik ekspertizasından keçməlidir.

Maddə 16. Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin məsuliyyətinin icbari sığortası Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərin həmin obyektlərdə baş verə biləcək qəza nəticəsində digər şəxslərin həyatına, sağlamlığına, yaxud əmlakına və ətraf mühitə dəyən zərərə görə məsuliyyəti icbari qaydada sığortalanır. Sığortanın qaydası və şərtləri qanunla müəyyən edilir.

Maddə 17. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti

1. Təhlükə potensiallı obyektlərə dövlət nəzarəti həmin obyektlərin istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunu yoxlamaq məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil olunur və həyata keçirilir.

2. Dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər:

Təhlükə potensiallı obyektlərə sərbəst daxil olmaq;

Təhlükə potensiallı obyektlərin istismarı ilə bağlı sənədlərlə tanış olmaq;

Təhlükə potensiallı obyektləri istismar edən hüquqi və fiziki şəxslərə müvafiq fəaliyyət növünün həyata keçirilməsi üçün verilmiş xüsusi razılıq şərtlərinin yerinə yetirilməsini yoxlamaq;

Təhlükə potensiallı obyektlərdə baş verən qəzaların texniki təhqiqatının aparılmasının düzgünlüyünü, habelə bu təhqiqatlar nəticəsində görülmüş tədbirlərin kifayətləndirici olub-olmamasını araşdırmaq;

Yoxlama nəticəsində aşkar olunmuş pozuntuları aradan qaldırmaq üçün hüquqi və fiziki şəxslərə yazılı sərəncam vermək;

Texniki təhlükəsizlik sahəsində, o cümlədən obyektdə bina və tikintilərin, təhlükə potensiallı obyektdə tətbiq olunan texniki qurğuların texniki təhlükəsizlik ekspertizasının həyata keçirilməsinin zərurəti barədə öz səlahiyyətləri çərçivəsində göstərişlər vermək;

Texniki təhlükəsizlik tələblərinin pozulmasında təqsirkar olan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada inzibati məsuliyyətə cəlb etmək, həmin şəxslərin cinayət məsuliyyətə cəlb edilmələri üçün toplanmış materialları hüquq-mühafizə orqanlarına göndərmək;

Təhlükə potensiallı obyektlərin mütəxəssislərinin və vəzifəli şəxslərinin ixtisaslarının təkmilləşdirilməsini tələb etmək;

Hüquqi və fiziki şəxsə verilmiş xüsusi razılıq fəaliyyətinin məhdudlaşdırılması, yaxud dayandırılması, habelə texniki təhlükəsizlik tələbləri kobud şəkildə pozulduqda xüsusi razılığın fəaliyyətinə xitam verilməsi barədə qanunvericiliklə müəyyən edilmiş qaydada tədbirlər görmək;

Başqa şəxslərin həyatına, sağlamlığına, əmlakına dəyən zərərin .ödənilməsi barədə məhkəmədə iddia ilə çıxış etmək;

Bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından irəli gələn səlahiyyətləri yerinə yetirmək.

Maddə 18. Texniki təhlükəsizlik sahəsində mübahisələrin həlli qaydası

Texniki təhlükəsizlik sahəsində mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll olunur.

Maddə 19. Texniki təhlükəsizlik sahəsində qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV

Bakı şəhəri, 2 noyabr 1999-cu il № 733-IQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (08 fevral 2000-ci il, № 29) («VneshExpertService» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2000-ci il, № 2, maddə 81) («VneshExpertService» LLC).

4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 429-IIIQDnömrəli; 2 oktyabr 2008-ci il tarixli, 695-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklərlə («VneshExpertService» LLC).

Əlavə 1

Təhlükə potensiallı istehsal obyektləri

Təhlükə potensiallı istehsal obyektləri kateqoriyasına aiddir:

1. Alınan, istifadə edilən, emal olunan, düzəldilən, saxlanılan, nəql olunan, məhv edilən aşağıda göstərilən təhlükəli maddələr:

1.1. Tez alovlanan maddələr — normal təzyiqdə və hava ilə qarışdıqda tez alovlanma qabiliyyəti alan və normal təzyiqdə qaynama temperaturu 200C və ya aşağı olan qazlar;

1.2. Oksidləşən maddələr — yanmaya kömək edən, tez alovlanma yaradan və (və ya) oksidləşmə-bərpaedici ekzotermik reaksiya nəticəsində, digər maddələrin tez alovlanmasına səbəb olan maddələr;

1.3. Tez alışan maddələr — öz-özünə, eləcə də alışdırma mənbəyindən alışan və sonra müstəqil yanan mayelər, qazlar, tozlar;

1.4. Partlayıcı maddələr — xarici təsir nəticəsində istilik ayrılması və qazların əmələ gəlməsi ilə sürətlə öz-özünə genişlənən kimyəvi çevrilməyə malik olan maddələr;

1.5. Zəhərləyici maddələr — canlı orqanizmlərə təsiri nəticəsində onların məhvinə gətirib çıxaran və aşağıdakı xarakteristikaya malik olan maddələr:

Orqanizmə (mədəyə) düşərkən hər kiloqrama 15 milliqramdan, hər kiloqrama 200 milliqramadək (daxil olmaqla) orta ölüm dozası olan;

Dəriyə düşərkən hər kiloqrama 50 milliqramdan hər kiloqrama 400 milliqramda qədər (daxil olmaqla) orta ölüm dozası olan;

Havada hər litrə 0,5 milliqramdan hər litrə 2 milliqramadək orta ölüm konsentrasiyası olan;

1.6. Yüksək zəhərləyici maddələr — canlı orqanizmlərə təsir edərkən onların məhvinə gətirən və aşağıdakı xüsusiyyətləri olan maddələr:

Orqanizm (mədə) daxilində qəbul olunarkən hər kiloqrama orta ölüm dozası 15 milliqramdan çox olmayan;

Dəriyə təsir edərkən hər kiloqrama orta ölüm dozası 50 milliqramdan çox olmayan;

Havada hər litrə orta ölüm konsentrasiyası 0,5 milliqramdan çox olmayan;

1.7. Ətraf mühit üçün təhlükəli maddələr — su mühitində aşağıdakı kəskin zəhərləyici göstəriciləri ilə xarakterizə olunan maddələr:

96 saat ərzində balığa inqalyasiya təsiri edərkən hər litrdə orta ölüm dozası 10 milliqramdan çox olmayan;

48 saat ərzində şirin su mikroorqanizmlərə təsiri zamanı hər litrə orta ölüm dozası 10 milliqramdan çox olmayan;

 72 saat ərzində yosunlara təsir edərkən hər litrə orta ingibirasiya konsentrasiyası 10 milliqramdan çox olmayan;

2. Təzyiq altında 0,07 meqapaskaldan artıq və ya suyun qaynama temperaturu 1150C rejimdə işləyən avadanlıqlar;

3. Stasionar şəkildə quraşdırılmış və səyyar yükqaldıran mexanizmlər eskalator, kanat yolları, funikulyorlar və liftlər;

4. Qara və əlvan metalların əridilməsi və bunun nəticəsində ərintilərin alınması;

5. Dağ-mədən işləri, faydalı qazıntıların zənginləşdirilməsi və yeraltı şəraitdə işlərin aparılması;

6. Neftqazçıxarma sənayesi (magistral neft-qaz boru kəmərlərini daxil etməklə) və geoloji kəşfiyyat işləri;

7. Təhlükəli yüklərin hava, dəniz, dəmir yolları və avtonəqliyyat vasitələri ilə daşınması;

8. Elevatorlu-unüyütmə, qarışıq yem və mineral gübrə sənayesi;

9. Neft-kimya, neft emalı və qaz təchizatı sahələri.

Əlavə 2

Təhlükə potensiallı istehsal obyektində texniki təhlükəsizlik bəyannaməsinin məcburi işlənib hazırlanmasına əsas verən
təhlükəli maddələrin son həddi

Cədvəl 1
 

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

 

Cədvəl 2
 

Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu

 

Qeyd 1. Cədvəl 1-də göstərilməyən təhlükəli maddələr üçün cədvəl 2 tətbiq edilir.

Qeyd 2. Əgər təhlükə potensiallı obyektlər arasında məsafə 500 metrdən azdırsa, təhlükəli maddənin cəmi miqdarı nəzərə alınır.

Qeyd 3. Əgər eyni kateqoriyadan olan təhlükəli maddələrin bir neçə növü istifadə olunursa, onda onların hüdud miqdarı cəmi aşağıdakı kimi təyin olunur:

burada,
m(i) — tətbiq olunan maddənin miqdarı;

M(i) — 1-dən n-ə qədər bütün i üçün olan maddənin hədd miqdarıdır.
 
"Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq, "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:

"Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 2, maddə 81; 2005, № 4, maddə 278; 2007, № 10, maddə 938; 2008, № 11, maddə 957) aşağıdakı dəyişikliklər edilsin:

1. 9-cu maddənin yeddinci bəndində "təhlükə potensiallı obyektlərin istismarı zamanı dəymiş zərərə görə məsuliyyətin məcburi sığortalanması barədə müqavilə” sözləri "bu Qanunun 16-cı maddəsində nəzərdə tutulmuş hallarda icbari sığorta müqavilələri” sözləri ilə əvəz edilsin;

2. 16-cı maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə 16. Təhlükə potensiallı obyektlərin istismarı sahəsində sığorta
Təhlükə potensiallı obyekt olan daşınmaz əmlakın sığortası, habelə bu cür daşınmaz əmlakın istismarı nəticəsində üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyə biləcək zərərlə bağlı daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin sığortası "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada həyata keçirilir.”;

3. 19-cu maddədə "qanunvericiliyinə uyğun olaraq” sözləri "Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 aprel 2014-cü il.




Загрузка...
Həmçinin oxuyun:
Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Texniki Təhlükəsizlik Haqqında Azərbaycan Respublikasının Qanunu

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan ,Əmək şəraitinin təmin edilməsi

Məktəb laborantının əmək funksiyası

Məktəb laborantının əmək funksiyası

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Azərbaycan Respublikasının əmək qanunvericiliyində işlədilən əsas məfhumların anlayışları

Əməyin mühafizəsi haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Əməyin mühafizəsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

Məktəbdə əməyin mühafizəsi üzrə işin təşkilinə dair normativ sənədlərin SİYAHISI və ƏMRin forması

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

İşçi üçün əmək şəraitinin təmin olunması dedikdə nə nəzərdə tutulur?

Əmək Məcəlləsindən çıxarış  IV bölmə   İş vaxtı

Əmək Məcəlləsindən çıxarış IV bölmə İş vaxtı

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Məktəbdə Dərnək Rəhbərinin  Əmək funksiyası

Məktəbdə Dərnək Rəhbərinin Əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Məktəbdə dərnək rəhbərinin əmək funksiyası

Bigə fəaliyyətlə bağlı müqavilə -NÜMUNƏ

Bigə fəaliyyətlə bağlı müqavilə -NÜMUNƏ

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Texniki – Humanitar liseydə “Talassemiya ilə Mübarizə” adlı tədbir keçirilmişdir

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

Gender bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının Qanunu

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

İşəgötürənin əsas hüquqları , əsas vəzifələri və məsuliyyəti

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

TƏSƏRRÜFAT İŞLƏRİ ÜZRƏ DİREKTOR MÜAVİNİ

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında  Azərbaycan Respublikasının Qanunu

Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Məhkəmədə hüquqi yardıma ehtiyacı olan aztəminatlı şəxslər dövlət hesabına vəkil tuta bilərmi?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-II hissə (Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Məktəb direktorları oxuyun !!! TƏDRİS – PEDAQOJİ SƏNƏDLƏR-IV hissə(Əməyin mühafizəsi üzrə işin təşkili)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)