AzTehsil.com
RU


H/N sənədlər / Direktor
30 oktyabr 2016
13 284


Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi



Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

 


                                                      I. Ümumi müddəalar
 
1. Azərbaycan Respublikası ümumtəhsil məktəbi təhsilin həyata keçirilməsində əsas mərhələdir; irqindən, milli və mədəni mənsubiyyətindən, dilindən, cinsindən, sosial-maddi vəziyyətindən, ictimai mənşəyindən, yaşayış yerindən, səhhətindən asılı olmayaraq Azərbaycan Respublikasında yaşayan bütün uşaq və yeniyetmələrin ümumi təhsil almasını təmin edir. Dövlət təhsil müəssisələrində vətəndaşlar pulsuz təhsil almaq hüququna malikdirlər.  

2. Ümumtəhsil məktəbinin əsas vəzifəsi fərdin təbii imkanlarını inkişaf etdirmək, ona elmin əsaslarını öyrətmək, fiziki, əqli, intellektual imkanlarını, meyl, maraq və idrak qabiliyyətlərini nəzərə alaraq onun şəxsiyyətini formalaşdırmaq, həyatda və cəmiyyətdə səmərəli fəaliyyətə hazırlanmasına, müstəqil, yaradıcı düşünən, ümumi mədəniyyətə malik milli mənəviyyatlı şəxsiyyətin yetişdirilməsinə xidmət etmək, şüurlu olaraq peşə seçməyə hazırlamaq, Azərbaycanın inkişafı naminə fədakarcasına çalışan vətəndaş tərbiyə etməkdən ibarətdir. 

3. Məktəb Azərbaycan Respublikasının "Təhsil Qanunu”nda nəzərdə tutulmuş prinsiplər əsasında fəaliyyət göstərir. Məktəbdə təhsil dünyəvi xarakter daşıyır, milli zəminə, Azərbaycan xalqının azadlıq və demokratiya ənənələrinə, ümumbəşəri dəyərlərə əsaslanmaqla şəxsiyyətin əqli, mənəvi, fiziki, estetik inkişafına, onun bacarıq, qabiliyyət və istedadının formalaşdırılmasına xidmət edir.

4. Məktəb şəxsiyyətin Konstitusiya və "Təhsil Qanunu”nda müəyyən edilmiş təhsil hüququnun həyata keçirilməsində, uşaqların yaş, cins və fərdi xüsusiyyətlərinə uyğun təlim-tərbiyə prosesinin təşkilində, onların sağlamlığının qorunmasında, tədris materiallarının keyfiyyətlə mənimsənilməsində, şagirdlərin qabiliyyətlərinin inkişaf etdirilməsində dövlət və xalq qarşısında məsuliyyət daşıyır.  

5. Dövlət təhsilin məzmununu müəyyənləşdirir, məktəbin inkişafına təminat verir, zəruri maddi-texniki ehtiyaclarını ödəyir, onu kadr, dərslik və tədris-metodik ədəbiyyatla təmin edir. 14 yaşınadək olan uşaqların icbari təhsil alması üçün yerli dövlət idarə orqanları hər bir məktəbə inzibati ərazi təhkim edir.

6. Məktəbdə təlim dili türk dilidir.
Cəmiyyətin tələbinə, vətəndaşların arzusuna müvafiq olaraq müəyyən təlim-tərbiyə müəssisəsi bazasında, dövlət standartları çərçivəsində, mütləq türk dili və ədəbiyyatı, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası tədris olunmaqla azsaylı xalqların dillərində, habelə xarici dillərdə də təlim aparıla bilər. Təlimin hansı dildə aparılması müəyyən edilərkən uşaqların və valideynlərin ( onları əvəz edən şəxslərin) arzuları ilə yanaşı yerli imkanlar, pedaqoji kadr və tədris-metodik təminat nəzərə alınmalıdır.  

7. Şagirdlərin maraq, qabiliyyət və istedadlarının inkişaf etdirilməsi üçün lazımi şərait və imkan yaratmaq məqsədilə müxtəlif tipli ümumtəhsil məktəbləri yaradıla bilər.  
8. Bütün tipdən olan məktəblərin açılması, tipinin dəyişdirilməsi və bağlanması, müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara uyğun olaraq həyata keçirilir. 

9. Məktəb bu nümunəvi Əsasnaməyə müvafiq olaraq, habelə yerli xüsusiyyət və imkanları, pedaqoji kollektivin, valideyn və şagirdlərin arzu və təkliflərini nəzərə almaqla özünün nizamnaməsini hazırlayır. Nizamnamə məktəb şurasında qəbul edildikdən, Təhsil Nazirliyi və onun yerli orqanlarında qeydiyyatdan keçdikdən sonra qüvvəyə minir.  

10. Hər bir məktəb dövlət tədris planları və proqramlarının yerinə yetirilməsinin təşkilində, həmçinin qanunvericiliyə zidd olmayan hüquqi məsələlərin həllində  müstəqildir.  
 
                                  Ümumtəhsil məktəbinin strukturu və fəaliyyətinin əsasları
 
11.  "Təhsil qanunu”na uyğun olaraq ümumtəhsil üç pillədən ibarətdir:  
ibtidai (I-IV siniflər);  
əsas (V-VIII siniflər); 
orta (IX-XI siniflər);  

12.  I sinfə cari ilin 1 senyabrınadək 6 yaşı tamam olan uşaqlar qəbul edilirlər.

13.  Birinci (ibtidai) pillədə uşaq şəxsiyyətinin təşəkkülü, onun bacarıq və qabiliyyətinin aşkara çıxarılması və məqsədyönlü inkişafı təmin olunur, təbiət, cəmiyyət, insan və onun əməyi haqqında ibtidai təsəvvürlərin təməli qoyulur, şagirdlər oxumağı, yazmağı, hesablamağı öyrənir, nəzəri təfəkkür, nitq mədəniyyəti, şəxsi gigiyena və sağlam həyat tərzi ünsürlərinə yiyələnirlər.  
 
14.  İkinci (əsas) pillədə şagird şəxsiyyətinin inkişafı, onun mənlik və əxlaqi şüurunun, hüquqi düşüncəsinin, milli-mənəvi keyfiyyətlərinin, maraq və meylinin, qabiliyyət və istedadının, özünün sosial müqəddəratını təyin etmək bacarığının, elmlərin əsaslarının öyrədilməsi və dünyagörüşünün formalaşdırılması təmin edilir, təhsili davam etdirmək, ictimai həyata fəal surətdə daxil olmaq üçün zəruri olan ümumtəhsil hazırlığının əsası qoyulur. 

15.  İkinci pillədə dövlət təhsil standartları gözlənilməklə təlimin diferensiallaşdırılmasına, birinci və ikinci pillədə hazırlıq səviyyəsi uyğun olan şagirdlərdən ibarət siniflərin (korreksiya siniflərinin) təşkil edilməsinə yol verilir.  
16.  Əsas təhsil məcburidir, II pilləni başa vurmuş şagirdlər müsabiqə yolu ilə III pilləyə qəbul edilə bilərlər. Müsabiqə qaydası məktəb nizamnaməsi ilə müəyyən edilir. 

17.  14 yaşı bitmiş şagirdlər məktəb nizamnaməsinə əsasən məktəbdən çıxarıla bilər. Yetim və valideyn himayəsindən məhrum olmuş uşaqlar qəyyumluq və himayə orqanlarının razılığı olmadan məktəbdən çıxarıla bilməzlər. 

18.  Üçüncü (orta) pillədə təlimin diferensiasiyası əsasında şagirdlərin ümumtəhsil hazırlığının başa çatdırılması təmin edilir. Təhsilin üçüncü pilləsində maddi baza, pedaqoji kadr potensialı, şagirdlərin meyl, maraq  və qabiliyyəti nəzərə alınaraq təmayüllü siniflər açılır.  

19.  Proqram materiallarını mənimsəməkdə çətinlik çəkən şagirdlərə kömək məqsədi ilə müxtəlif formada pedaqoji xidmət göstərilir. Əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün müxtəlif təhsil formaları müəyyən edilir. Həmin uşaqlar tibbi-pedaqoji komissiyanın rəyi əsasında müvafiq məktəblərə göndərilirlər. Uzunmüddətli xəstə uşaqlar üçün isə evdə təhsil təşkil edilir. 
Ehtiyac olan yerlərdə məktəbyanı internatlar, habelə günüuzadılmış qruplar yaradılır. Günüuzadılmış qruplarda şagirdlərin sayı müəyyən olunmuş normadan az olduqda valideynlərin xahişi ilə özünümaliyyələşdirən– təsərrüfat hesablı günüuzadılmış qruplar da təşkil edilə bilər. 
Təlim ana  dilində olmayan məktəblərdə azsaylı xalqların uşaqları üçün məktəbə hazırlıq sinifləri açıla bilər.  

20.  Ümumtəhsil məktəblərinin bazasında müvafiq Əsasnaməyə uyğun olaraq əsas təhsili başa çatdıranlar üçün orta təhsil verən axşam sinifləri və ya qiyabi qruplar açılır.  

21.  Əsas və orta təhsil üzrə ekstern yolu ilə imtahanlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatına müvafiq aparılır. 

22.  Əsas və orta təhsil üzrə ekstern yolu ilə və ya axşam siniflərində (qiyabi qruplarda) imtahan verən fəhlə və qulluqçular əmək qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlardan istifadə etmək hüququna malikdirlər.  

23.  Təhsilin II və III pillələri buraxılış imtahanları ilə başa çatdırılır. Buraxılış imtahanları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatı əsasında aparılır. 

24.  Şagirdlər imtahanlardan tibbi komissiyanın rəyinə əsasən azad edilirlər. İmtahanlardan azad olunmaq hüququ verən xəstəliklərin siyahısını Respubilika Təhsil Nazirliyi və Respublika Səhiyyə Nazirliyi müəyyən edir.

25.  II pilləni müvəffəqiyyətlə başa vuran şagirdlərə əsas məktəbi bitirmək barədə şəhadətnamə, xüsusi müvəffəqiyyətə nail olanlara isə fərqlənmə şəhadətnaməsi verilir.
III pillə məktəbin məzunlarına orta təhsil haqqında müəyyən olunmuş formada attestat verilir. Xüsusi müvəffəqiyyətə nail olanlar isə fərqlənmə attestatı alırlar.
Şagirdlərə şəhadətnamə və attestatların, fərqlənmə şəhadətnaməsi və fərqlənmə attestatlarının verilməsi qaydalarını Azərbaycan Respublikası Təhsil Nazirliyi müəyyən edir.
 
                                                     Təlim-tərbiyə prosesinin təşkili 
26.  Təlim-tərbiyə prosesinin təşkili şagirdlərin dövlət standartları səviyyəsində təhsil almasını təmin edən tədris planları və proqramlarının, təlim-tərbiyənin vasitə, forma və metodlarının pedaqoji asasları üzərində qurulur və bütün tərbiyə işləri qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri əsasında şagirdlərin qabiliyyəti, meyl və bacarıqları nəzərə alınmaqla aparılır.
Ayrı-ayrı siniflərin (buraxılış sinifləri istisna olmaqla) müəyyən olunmuş müddətdən əvvəl başa çatdırılmasına yol verilir. Belə hallarda şagirdlərin bilik, bacarıq və vərdişləri səviyyəsinin dövlət proqramları tələblərinə uyğun olub-olmamasını yerli təhsil idarəetmə orqanlarının xüsusi komissiyası müəyyənləşdirir.

27.  Siniflərdə şagirdlərin sıxlıgı və bir sıra fənlərdən siniflərin iki qrupa bölünməsi Respublika qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Kənd yerlərində zəruri hallarda ibtidai və əsas təhsil pillələrində məktəb və ya ayrıca siniflər yaradılarkən şagirdlərin sayı nəzərə alınmır. Bu cür məktəblər və ya siniflər Təhsil Nazirliyi ilə razılaşdırılmaqla yerli dövlət idarəetmə orqanlarının qərarları ilə açılır.

28.  Müstəsna hallarda yerli büdcə vəsaiti, habelə büdcədənkənar vəsait hesabına azkomplektli siniflərin saxlanılmasına icazə verilir.

29.  Bütün tipdən olan ümumtəhsil məktəblərinə şagirdlərin kütləvi qəbulu yeni dərs ili ərəfəsində aparılır və məktəb direktorunun əmri ilə rəsmiləşdirilir.

30.  Azərbaycan Respublikasında yaşayan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ümumi əsaslarla məktəbə qəbul olunur və mövcud hüquqlardan istifadə edirlər.

31.  Dərs məşğələləri bütün məktəblərdə bir qayda olaraq, sentyabrın 1-də başlayır və mayın 25-də başa çatır.

32.  Dərs ili müddətində aşağıdakı tətillər müəyyən edilir: payız tətili 6 gün (1-6 noyabr), qış tətili 12 gün (30 dekabr-10 yanvar), yaz tətili 12 gün (20-31 mart). Bundan başqa, birinci sinif şagirdləri üçün 3-cü rübün ortasında əlavə 6 gün (12-17 fevral) tətil verilir.
Yerli şəraitdən asılı olaraq rayon (şəhər) təhsil şöbələrinin razılığı əsasında  ümumi miqdarı saxlanılmaqla tətil günlərinin başlanması və qurtarması vaxtının müəyyən edilməsində dəyişiklik edilə bilər.

33.  Dərs məşğələləri direktorun təsdiq etdiyi cədvəllə müəyyənləşdirilir.
Dərs məşğələləri 45 dəqiqə, məşğələlərarası fasilə isə şagirdlərin fəal istirahəti, isti yeməyi və məktəbin imkanları nəzərə alınmaqla müəyyən edilir.

34.  Ümumtəhsil məktəblərində şagirdlərin biliyi Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş təlimata uyğun qiymətləndirilir.

35.  Qiymətləndirmə rüblər və ya yarım illər üzrə aparılır. Şagird, onun valideyni (valideyni əvəz edən şəxs) illik qiymətlərlə razılaşmadıqda məktəb direktoru müstəsna hal kimi şagirdin biliyini yoxlamaq üçün komissiya yarada bilər.

36.  Sinifdən-sinfə keçirmə və buraxılış imtahanları Azərbaycan Respublikası Təhsil Nazirliyinin təlimatları əsasında həyata keçirilir. Sinifdən-sinfə keçirmə imtahanlarının zəruriliyi pedaqoji şura tərəfindən müəyyən edilir.

37.  Tədris proqramını yerinə yetirə bilməyən I pillə məktəb şagirdləri iki il dalbadal təkrar sinifdə qaldıqda onlar pedaqoji şuranın qərarı ilə tibbi-pedaqoji komissiyadan keçirilir və nəticəsindən asılı olaraq, müvazinətləndirici siniflərə və yardımçı təlim-tərbiyə müəssisələrinə göndərilirlər.

38.  Məktəbdə tərbiyə işi şagirdlərin yaş, cins və fərdi xüsusiyyətləri nəzərə alınmaqla sistemli və mütəşəkkil şəkildə aparılır. Məktəblilərin tərbiyəsi   pedaqoji və şagird kollektivinin, şagird özünüidarə təşkilatlarının, valideynlərin (onları əvəz edən şəxslərin), ictimaiyyətin birgə fəaliyyəti şəraitində həyata keçirilir. Ailə tipləri (natamam, uğursuz, çoxuşaqlı, azuşaqlı və s.) zəruri hallarda nəzərə alınır.
Məktəbdə şagirdlərin maraq dairəsi üzrə birliklər yaradıla bilər. Məktəb onlara hər vasitə ilə yardım göstərir, bu birliklərin müstəqilliyi və səmərəli işləməsi üçün lazımi şərait yaradır.
Uşaq, yeniyetmə və gənclərin ictimai təşkilatları mövcud qanunvericiliyə və məktəbin nizamnaməsinə uyğun yaradılır və fəaliyyət gəstərir.

39.  Məktəbin daxili norma və qaydalarını pozan şagirdlər barəsində məktəb nizamnaməsində nəzərdə tutulmuş təsir vasitələri tətbiq edilir.

40.  Müəyyən olunmuş hallar istisna edilməklə şagirdlərin təhsil prosesi ilə bilavasitə bağlı olmayan işlərə və tədbirlərə cəlb edilməsi qadağandır.

41.  Ev tapşırıqları psixo-fizioloji və pedaqoji tələblər, həmçinin şagirdin fərdi xüsusiyyətləri və vaxtı nəzərə alınmaqla verilir.
 
                                             Ümumtəhsil məktəbinin idarə olunması
 
42.  Məktəb dövlət və ictimai özünüidarə prinsipləri əsasında idarə edilir, onun fəaliyyəti "Təhsil Qanunu”, müvafiq qanunvericilik aktları, əsasnamələr və nizamnamə ilə tənzim olunur.

43.  Məktəbin ictimai özünüidarəsinin ali orqanı məktəbin ümumi yığıncağıdır (konfransdır). 
Konfransa məktəbin müəllim və digər işçilərinin, valideynlərin        iclaslarında hər iki kateqoriyadan bərabər sayda nümayəndələr seçilir və onlar bərabər həlledici  səs hüququna malikdirlər. İctimaiyyətin nümayəndələri və III  pillənin fəal şagirdləri də  konfransa dəvət edilə bilərlər.
Konfrans:
-   birbaşa gizli səsvermə, adi səs çoxluğu ilə məktəb şurasını, onun sədrini və məktəb direktorunu1 seçir. Hər bir konfrans üzvü şuranın sədri seçilə bilər;
1.Direktorların seçkisinə dair müddəa 1994-cü ilin sentaybrın 1-dən qüvvəyə minir.
-   təlim-tərbiyə, metodika, maliyyə-təsərrüfat, kadr fəaliyyətinin müxtəlif məsələlərinin həllinə yönəlmiş səmərəli təkliflər verir;
-   məktəbin maddi-texniki bazasını möhkəmləndirmək və inkişaf etirmək üçün əlavə maliyyə vəsaitinin ayrılması üçün əlaqədar təşkilatlar qarşısında məsələ qaldırır; 
- zəruri hallarda məktəb işinin müxtəlif istiqamətləri üzrə müvəqqəti və ya daimi komissiyalar, qərargahlar yaradır, onların səlahiyyətinin və işinin məzmununu müəyyən edir;
-   məktəb direktorunun və şura sədrinin hesabatlarını dinləyir.
Konfrans ildə bir dəfədən az olmayaraq keçirilir.

44.  Konfranslar arasında ali ictimai özünüidarə orqanı məktəb şurasıdır. Məktəb şurası Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

45.  Təlim-tərbiyə prosesini inkişaf etdirmək və təkmilləşdirmək, müəllimlərin və tərbiyəçilərin peşə ustalığını, yaradıcılıq meylini yüksəltmək məqsədi ilə məktəbdə pedaqoji şura yaradılır və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.

46.  Təlim-tərbiyə prosesinin idarə edilməsini və məktəbin gündəlik fəaliyyətini direktor  həyata keçirir.
Məktəb direktoru:
- təlim-tərbiyə prosesinin təşkilini planlaşdırır, onun həyata keçirilməsinə nəzarət edir, məktəbin işinin keyfiyyəti və səmərəsi üçün məsuliyyət daşıyır, dövlət və ictimai orqanlarda onun mənafeyini təmsil edir;
- müavinləri, pedaqoji, inzibati-yardımçı və xidmətçi heyətini işə qəbul edir və işdən çıxarır, müavinlər arasında funksional vəzifələri müəyyənləşdirir;
- sinifdənxaric və məktəbdənkənar işin təşkili üçün lazımi şərait yaradır;
- tədris müəssisəsi üçün ayrılan büdcədən və məktəb fondundan səmərəli istifadə olunmasını təşkil edir;
- daha yüksək nəticə əldə edən və yaradıcılıqla işləyən müəllimləri maddi və mənəvi cəhətdən həvəsləndirir;
- məktəbin pedaqoji işçilərinin yaradıcılıq və axtarışlarının inkişaf etdirilməsi, təlim-tərbiyənin qabaqcıl forma və metodlarının tətbiq edilməsi, pedaqoji eksperimentlərin aparılması üçün şərait yaradır;
- normativ sənədlərlə müəyyən olunmuş qaydada lazımi inventar, avadanlıq alır, bina və qurğuların cari və əsaslı təmiri işlərini təşkil edir;
- məktəb şurasının və pedaqoji şuranın təklif və tövsiyələrini nəzərə almaqla məktəbin qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsi üçün zəruri tədbirləri müəyyən edir və onların icrasını təşkil edir;
- məktəbin və kollektiv üzvlərinin fəaliyyəti ilə bağlı hər hansı bir məsələ üzrə qüvvədə olan qanunvericiliyin müddəaları pozulduqda müvafiq orqanlara müraciət edir;
- ayrı-ayrı müəllimlərin, sinif rəhbərlərinin, tərbiyəçilərin, direktor müavinlərinin hesabatlarını dinləyir, onların işini təkmilləşdirməyə dair təkliflər verir;
- pedaqoji kollektivlə birlikdə məktəb komponentlərini müəyyənləşdirir və onların həyata keçirilməsini təmin edir;
- müəllimlərə ixtisas kateqoriyaları verilməsi haqqında təhsil idarəetmə orqanları nəzdində ixtisas komissiyasına təkliflər verir; pedaqoji işçiləri ixtisasartırma kurslarına, staj keçməyə ( o cümlədən xaricdə) tövsiyə edir; məktəbin pedaqoji və digər işçilərini müxtəlif həvəsləndirmə növlərinə, eləcə də məktəbin vəsaitindən maddi həvəsləndirməyə təqdim edir;
- bu nümunəvi Əsasnamədə məktəbin nizamnaməsində göstərilən məqsədlər və fəaliyyət predmetinin həyata keçirilməsi üçün fiziki və hüquqi şəxslərlə münasibətdə məktəbi təmsil edir və onun adından müqavilələr bağlayır, məktəbin normal fəaliyyətinin təmin edilməsi üçün zəruri əmr və sərəncamlar verir və Azərbaycan Respublikası qanunvericiliyi ilə qadağan olunmayan digər hərəkətləri həyata keçirir.

47.  Direktor seçkisi Təhsil Qanununa uyğun həyata keçirilir. Təhsil müəssisəsinin başçısı 5 il müddətinə (iki müddətdən artıq olmayaraq) seçilir. Özünü doğrultmayan məktəb direktoru vaxtından əvvəl konfrans tərəfindən geri çağırıla bilər.

 48.  Məktəbin digər rəhbər, pedaqoji və texniki işçilərinin hüquq və vəzifələri mövcud qanunvericilik aktlarına əsaslanaraq, məktəb nizamnaməsi ilə müəyyən olunur.

49.  Azərbaycan Respublikası Nazirlər Kabineti, Azərbaycan Respublikası Təhsil Nazirliyi, habelə yerli təhsil orqanları məktəbin idarə edilməsində dövlət prinsiplərini həyata keçirən başlıca subyektlərdir. Dövlət orqanlarının məktəbin idarə olunmasına dair səlahiyyətləri qüvvədə olan qanunvericiliklə müəyyən olunur.

50.  Məktəbdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş Əsasnaməyə müvafiq olaraq, dövlət-psixoloji xidməti məktəbin psixoloqu həyata keçirir və o, öz statusuna görə pedaqoji işçilərə bərabər tutulur.

51.  Məktəbdə tibbi xidmət təşkil olunur. Tibb xidmətini Səhiyyə Nazirliyinin idarə və sahə tibb müəssisələri göstərirlər. Tibbi xidmətin göstərilməsini yerli dövlət orqanları təmin edirlər.

52.  Məktəbdə iaşə xidmətinin təşkilinə Ticarət Nazirliyi və tabeliyində ticarət və ictimai iaşə müəssisəsi olan başqa nazirliklər, idarə və təşkilatlar, onların yerlərdə olan nümayəndələri cavabdehdir. İaşə xidmətini yerli dövlət orqanları təmin edirlər. Tədris müəssisələri əlavə olaraq özləri də iaşə xidməti göstərə bilərlər. Yeməyin keyfiyyətinə nəzarəti səhiyyə orqanları həyata keçirir.

53.  Təhsil prosesi üçün sağlam və təhlükəsiz şərait yaradılır. Milli idman növləri dirçəldilir, idman-sağlamlıq və hərbi hazırlıq komplekslərinin şəbəkəsi genişləndirilir.
 
Təlim-tərbiyə prosesinin iştirakçıları, onların hüquq və vəzifələri, sosial müdafiəsi
 
54.  Təlim-tərbiyə prosesinin iştirakçılarına şagirdlər, pedaqoji işçilər, valideynlər (onları əvəz edən şəxslər), təlim –tərbiyə prosesində iştirak edən müəssisə, idarə, fond, assosiasiya, cəmiyyət və birliklərin nümayəndələri daxildir.

55.  Şagirdlərin hüquqları aşağıdakılardır: məktəbin bütün imkanlarından istifadə etmək; təhsilini davam etdirmək; təhsilin idarə olunması və təkmilləşdirilməsində, məktəb birliklərində iştirak etmək; təhlükəsiz və zərərsiz təlim şəraiti ilə təmin olunmaq; müəssisənin səhiyyə və sağlamlıq xidmətindən istifadə etmək; istismar, fiziki və psixi zorakılığın bütün növlərindən, hüquqa zidd və insan ləyaqətini alçaldan hərəkətlərdən müdafiə olunmaq.

56.  Şagirdlərin vəzifələrinə daxildir: biliyini daim artırmaq və dərinləşdirmək, ümumi mədəni səviyyəsini, fiziki və psixi keyfiyyətlərini yüksəltmək, təhsil qanunvericiliyinə, məktəbin nizamnaməsinə və daxili qaydalarına, əxlaqi və etika normalarına əməl etmək.

57.  Mülkiyyət formasından asılı olmayaraq, təsərrüfat hesabı ilə fəailiyyət göstərən müəssisə və təşkilatlar, o cümlədən, xarici müəssisə və təşkilatlar, eləcə də ayrı-ayrı vətəndaşlar, o cümlədən xarici vətəndaşlar öz vəsaitləri hesabına şagirdlərə əlavə olaraq sosial-maddi köməklik göstərə bilərlər.

58.  Məktəbdə şagirdlərə maddi yardım göstərilməsi məqsədi ilə icbari təhsil fondu yaradılır. Fond I-VIII siniflərin saxlanılması üçün nəzərdə tutulmuş inzibati xərclərin bir faizindən çox olmayaraq ayrılmış vəsait, həmçinin müəssisə, təşkilat, cəmiyyət və ayrı-ayrı vətəndaşların vəsaiti hesabına təşkil edilir. Şagirdlər güzəştli qiymətlər əsasında öz vəsaitləri hesabına ildə bir dəst məktəbli forması ilə təmin olunurlar. Az təminatlı ailələrin  uşaqlarına dərsliklər pulsuz verilir.  Kənd yerlərində məktəbdən 3 kilometrdən artıq məsafədə yaşayan şagirdlər məktəbə nəqliyyatla pulsuz daşınırlar. Bu və ya digər formada istehsal prosesi zamanı şagirdlər gördükləri işin müqabilində əmək haqqı alırlar.

59.  Pedaqoji fəaliyyətlə yüksək mənəvi keyfiyyətləri, müvafiq təhsili olan, sağlamlığına görə pedaqoji işə yarayan şəxslər məşğul ola bilərlər. Məhkəmənin qərarına əsasən, yaxud hökumət tərəfindən təsdiq olunmuş siyahıda göstərilən tibbi səbəblərə görə pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər.
Məktəbin pedaqoji kadrlarla komplektləşdirilməsi, onların attestasiyadan keçirilməsi, həvəsləndirilməsi və ya cəzalandırılması müəyyən qanunvericilik aktları və məktəbin nizamnaməsi ilə müəyyənləşdirilir.

60.  Pedaqoji işçilər aşağıdakı hüquqlara malikdirlər: peşə şərəfini və ləyaqətini müdafiə etmək; təhsilin idarə olunmasında iştirak etmək; rəhbər vəzifələrə seçmək və seçilmək; ixtisasını artırmaq və qanunvericilik yolu ilə müəyyən edilmiş imtiyaz və güzəştlərdən istifadə etmək.
61.  Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla pedaqoji işçiləri işdən ayırmaq qadağandır.

62.  Pedaqoji işçilərin vəzifələrinə daxildir: dövlətin təhsil siyasətini, rəhbər, təhsil orqanlarının qərar və göstərişlərini yerinə yetirmək; şagirdlərin proqramın tələbləri səviyyəsində bilik almalarını təmin etmək; şagirdlərə əməyi və şəxsi nümunəsi ilə milli zəminə və ümumbəşəri sərvətlərə, mənəvi dəyərlərə hörmət və məhəbbət aşılamaq; şagirdin şəxsiyyətinə hörmət bəsləmək; uşaqları və gəncləri zərərli vərdişlərdən çəkindirmək; peşə-ixtisas səviyyəsini, pedaqoji ustalığını, ümumi mədəniyyətini yüksəltmək; pedaqoji və psixoloji ədəbiyyatı müntəzəm olaraq öyrənmək, onun nəticəsindən istifadə etmək; əlavə məşğələlər və sinifdənkənar tədbirlər keçirmək.

63.  Pedaqoji işçilərin sosial müdafiəsi və imtiyazları Azərbaycan Respublikasının "Təhsil Qanunu” və digər dövlət sənədləri ilə müəyyənləşdirilir.

64.  Məktəbin pedaqoji işçiləri Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada altı saatlıq iş günü, qısaldılmış iş həftəsi və uzadılmış pullu məzuniyyət hüququna malikdirlər.
 
65.  Müəllimlərin həftəlik tarif stavkası 12 saat müəyyən edilir.1 Bir həftəlik dərs yükü bir qayda olaraq 1,5 stavkadan çox ola bilməz.

66.  Sinif rəhbərləri I və II pillədə bilavasitə, III pillədə isə şagirdlərin arzusu nəzərə alınaraq, məktəb direktoru tərəfindən təyin edilir.
Sinif rəhbərlərinin hüquq və vəzifələrinə daxildir: şagird kollektivini təşkil etmək, məktəbli şəxsiyyətinin formalaşdırılması üçün məqsədyönlü iş aparmaq, ətraf mühitə, bütövlükdə Azərbaycan təbiətinə, dövlət bayrağına, gerbinə, himninə və s. atributlara, Azərbaycan xalqının tarixinə, milli-mədəni dəyərlərinə dərin hörmət tərbiyə etmək, şagirdləri xalqlar, etnik, milli və dini qruplar arasında qarşılıqlı anlaşma, sülh və razılığa əsaslanan şüurlu həyata hazırlamaq, valideynlərlə möhkəm əlaqə yaratmaq, şagirdlərin təlim-tərbiyə işində  onların köməyindən istifadə etmək, onlara pedaqoji psixoloji məsləhətlər vermək, şagirdlərə verilən ev tapşırıqlarını tənzim etmək.

67.Valideynlərin (onları əvəz edənlərin) hüquqları aşağıdakılardır: uşaqlar üçün məktəb, həmçinin müəllim və tərbiyəçi seçmək, məktəbin ictimai özünüidarə orqanlarına seçkilərdə iştirak etmək (seçmək və seçilmək), uşaqların tərbiyəsi və təhsili ilə bağlı olaraq müxtəlif orqanlara müraciət etmək, dövlət və məhkəmə orqanlarında uşaqların qanuni hüquqlarını müdafiə etmək. 
Şagirdlərin elmlərin əsaslarına yiyələnməsində, onlarda yüksək əxlaqi keyfiyyətlər tərbiyə edilməsində məktəb və ailəyə kömək etmək məqsədilə ümumtəhsil məktəblərində valideyn birlikləri (komitələri) yaradılır. 
112 saatlıq tarif stavkasına 1995-ci il sentyabrın 1-dən keçilir. 1993-cü ilin sentaybrından həmin müddətədək tarif stafkası 14 saat müəyyən edilir.

68.  Valideynlərin (onları əvəz edənlərin) vəzifələrinə daxildir: uşaqların fiziki və psixoloji sağlamlıqlarının, istedad və qabiliyyətlərinin inkişafı qayğısına qalmaq, onların ləyaqətinə hörmət etmək, valideynə, Vətənə, doğma dilinə, xalqına, onun tarixinə, ümumbəşəri dəyərlərə hörmət və məhəbbət hissi yaratmaq, əməksevərlik, xeyirxahlıq və mərhəmət hissi aşılamaq, uşaqların məktəbdə tərbiyə və təhsil almalarına qayğı göstərmək və ya ailədə dövlət standartları səviyyəsində təhsil almalarını təmin etmək, xalqın ənənələrinə, qanunlarına, insan hüquqlarına hörmət hissi tərbiyə etmək.
Dövlət valideynlərə (onları əvəz edənlərə) öz vəzifələrini yerinə yetirməklə kömək göstərir, onların hüquqlarını müdafiə edir. Bununla yanaşı, məktəb öz övladının icbari təhsili qayğısına qalmayan valideynlər haqqında dövlət orqanları qarşısında məsələ qaldırır. 
 
               Ümumtəhsil məktəbinin maliyyə-təsərrüfat fəaliyyəti, hüquqları, maddi-texniki bazası
 
69.  Məktəbin maliyyə vəsaiti normativ əsasında müəyyən edilən büdcə və büdcədənkənar təsisatlardan yaranır. Dövlət və cəmiyyət təlim-tərbiyə prosesinin səmərəliliyini artırmaq üçün təhsilin maliyyələşdirilməsini təmin edir. Məktəbin maliyyələşdirilməsi bir şagirdə çəkilən faktiki xərclərin ardıcıl artması prinsipinə əsaslanaraq, dövlət normativləri əsasında həyata keçirilir.

70.  Tədris prosesinin təşkilində sinif-dərs sistemi əvəzinə qanun dairəsində başqa formalar tətbiq edildikdə, məşğələlər üçün əmək haqqı məktəbin ümumi əmək haqqı fondunun hesabına ödənilir. Hökumətin müvafiq qərarları əsasında məktəbdə yeni tədris fənləri, xüsusi kurslar tətbiq edildikdə, təcrübi və eksperimental iş aparıldıqda, habelə qanunla nəzərdə tutulan digər hallarda yerli büdcə hesabına əlavə maliyyələşdirmə aparılır.

71.  Məktəb əlavə təhsil vermək və digər xidmətlər göstərmək hesabına maliyyə, o cümlədən valyuta vəsaiti toplamaq hüququna malikdir və müxtəlif mənbələrdən gələn vəsait təhsil müəssisəsinin dövlət və yerli büdcədən maliyyələşdirilməsinin normativlərini və mütləq ölçülərini azaltmır.

72.  Məktəbin fondu aşağıdakı əsas mənbələrdən yaranır:
-   məktəb üçün yerli büdcədən ayrılmış vəsait;
-   nazirliklərin, baş idarələrin, baza müəssisələrinin və başqa müəssisələrin,      dövlət idarələrinin, ictimai təşkilatların, birliklərin, kooperativlərin və s. məqsədli vəsait qoyuluşları;
-   valideynlərin, digər vətəndaşların, xeyriyyə cəmiyyətlərinin, kooperativlərin, təsisçilərin könüllü olaraq verdikləri vəsait;
-   məktəbin təsərrüfatından, şagirdlərin əmək haqqı istisna olmaqla, şagird istesalat briqadası, məktəb sahəsi və s. alınan gəlirlər.

73.  Məktəb tədrisə zərər yetirməmək şərti ilə pullu xidmət göstərməklə gəlir əldə etmək hüququna malikdir. Məktəbə verilmiş əmlak (bina, otaq, qurğu, avadanlıq və s.) icarəyə verilə bilməz.

74.  Təhsil üçün ayrılmış büdcə vəsaiti ilə məktəbin müxtəlif mənbələrdən topladıqları gəlirlər toxunulmazdır.

75.  Məktəb Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada operativ, mühasibat və statistik hesabat aparır. Məktəbin vəzifəli şəxsləri hesabatlarda əks olunan məlumatların etibarlılığına görə məsuliyyət daşıyırlar. Tədris müəssisələri üçün nəzərdə tutulmuş statistik məlumat formalarından əlavə hesabat tələb edilməsinə yol verilmir.

76.  Məktəbin ştat cədvəli, işçilərin əmək haqqı stavkası və vəzifə maaşları mövcud qaydalara uyğun olaraq direktor tərəfindən müəyyən edilir.

77.  Məktəb Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq hüquqi şəxs hesab edilir. Məktəbin hüquqi statusu qeyd edilən qanunvericiliklə, bu Əsanamə və məktəbin nizamnaməsi ilə müəyyən edilir. Məktəb qeydə alınan andan hüquqi şəxsə mənsub olan hüquqları əldə edir.
    Məktəbə verilmiş əmlak onun tərəfindən operativ idarə olunur, məktəbin məqsədlərinə və fəaliyyətinin predmetinə, habelə əmlakın təyinatına uyğun olaraq, ondan istifadə və onun barəsində sərəncamlar vermək hüququ həyata keçirilir.

78.  Məktəbin maddi-texniki bazasına daxildir: binalar, torpaq sahələri, maşın və avadanlıqlar, müxtəlif qurğular, laboratoriyalar, emalatxanalar, tədris təsərrüfatı, başqa maddi –texniki təchizat vasitələri.
Dövlət məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi və genişləndirilməsini üstün inkişaf etdirilən fəaliyyət sahəsi hesab edir.
Nazirliklər, müəssisə, idarə və təşkilatlar məktəblərə müxtəlif cür maşın və avadanlıq, nəqliyyat vasitələri və s. vermək,  torpaq sahələri ayırmaq hüququna malikdir.

79.   Ümumtəhsil məktəbinin sənədləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən hazırlanır.
Məktəbin tədris-pedaqoji sənədləri aşağıdakılardır: şagirdin şəxsi işi, sinif jurnalı, maraq üzrə kurs məşğələlərinin jurnalı, günüuzadılmış qrupun jurnalı, əsas təhsil haqqında şəhadətnamə blanklarının uçotu və verilməsi kitabı, orta təhsil haqqında attestat blanklarının uçotu və verilməsi kitabı, məktəbin pedaqoji  işçilərinin  şəxsi heyətinin uçotu kitabı, məktəbin pedaqoji  şurasının protokolu kitabı, məktəb şurasının protokolu kitabı, məktəb üzrə əmr kitabı, buraxılan və əvəz edilən dərslərin  uçotu kitabı.

80.   Məktəbin maliyyə-təsərrüfat sənədlərinə aiddir: məktəbin texniki pasportu, əsas vəsaitlərin inventar siyahısı, materialların anbar uçotu kitabı, müəssisənin ehtiyacı üçün materialların verilməsi cədvəli, istismarda olan ucuz qiymətli və tez işlənən əşyaların hərəkətinin operativ (miqdarca) uçotu cədvəli, məktəbin kitabxana fondunun inventar kitabı.
Göstərilən sənədlərin aparılmasına və düzgünlüyünə, habelə əmlakın bütövlüyünə və mühafizəsinə, onun təyinatına uyğun istifadə olunmasına cavabdeh olan şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada məktəb direktorunun əmri ilə təyin olunurlar.
Pedaqoji işçilər, şagirdlər və onların valideynləri qanunvericiliyə uyğun olaraq binaların, qurğuların, tədris avadanlıqlarının, inventarların, tədris müəssisəsinə aid olan digər əmlakın korlanmasına görə məsuliyyət daşıyırlar.
 
                                       Beynəlxalq əlaqələr
 
82.  Məktəb qüvvədə olan qanunvericiliyə və Azərbaycan Respublikasının bağladığı beynəlxalq müqavilələrə uyğun olaraq beynəlxalq fəaliyyəti həyata keçirmək hüququna malikdir.

83.  Məktəb xarici ölkələrin qabaqcıl iş təcrübəsinin öyrənilməsi, müəllimlərin ixtisasının artırılması sahəsində əməkdaşlıq üçün beynəlxalq əlaqələrdən istifadə edir; Azərbaycan Respublikası Təhsil Nazirliyinin norma və tapşırıqları əsasında hökumətlərarası saziş və razılaşmalara müvafiq olaraq ixtisasartırma, təhsil almaq, təcrübə mübadiləsi və müxtəlif tədbirlərdə iştirak etmək üçün müəllim və şagirdlərin mərkəzləşmiş qaydada xarici ölkələrə göndərilməsini sənədləşdirir;  tədris-metodik material və ədəbiyyatların mübadiləsi haqqında xarici ölkələrin tədris müəssisələri ilə  saziş bağlayır və həyata keçirir; müvafiq şərait və zərurət olduqda, Azərbaycan Respublikası Təhsil Nazirliyinin razılığı və göstərişi ilə xarici ölkə müəllimlərini və şagirdlərini qəbul edir və həmin ölkələrə müəllim və şagird göndərir.



Загрузка...
Həmçinin oxuyun:
Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin idarə olunması - Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsindən

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

OXUYUN !!! Məktəbdə işləyən bütün işçilərin əsas vəzifələri

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

ÜMUMTƏHSİL MƏKTƏBİ DİREKTORUNUN əmək funksiyası

Məktəb rəhbərlərinin əsas vəzifələri

Məktəb rəhbərlərinin əsas vəzifələri

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin  və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

Məktəbdə işləyən Pedaqoji , tədris-köməkçi heyətin və Təsərrüfat işçilərinin hüquq və vəzifələri ;

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Məktəblərdə İŞ VAXTI və ondan istifadə edilməsinə aid 9 QAYDA

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Pedaqoji şura - bir kollektivdə işləyən peşəkarların şurasıdır.

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbləri üçün müəssisədaxili nümunəvi intizam qaydaları

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Ümumtəhsil məktəbində tədris işləri üzrə direktor müavini

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

Hazırlıq siniflərinin ödənişi ləğv olunur ?

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Məktəbdə təlim-tərbiyə işləri üzrə direkror müavinin əmək funksiyası

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu QAYDALARI

Müəssisə və təşkilatların idarə edilməsi

Müəssisə və təşkilatların idarə edilməsi

2016-2017-ci ilin TƏDRİS PLANIna  dair qeydlər

2016-2017-ci ilin TƏDRİS PLANIna dair qeydlər

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası

RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN NƏZDİNDƏKİ METODİKİ KABİNET işçilərinin əmək funksiyası