“Məktəbli forması” yenidən gündəmdə
Dərs ili yaxınlaşır, problem isə həll olunmayıb
Nədənsə yeni dərs ilinə hazırlıq həmişə valideynlər üçün problem yaradır. Məktəbli geyimi, dərs kitabları, iş dəftərləri və s. ilə bağlı narahatlıq hər il təkrarlanır. Bu il də eyni söz-söhbətlər eşidilməyə başlayıb. Məktəbli forması ilə bağlı narahatlıq isə daha ciddidir. İllərdən bəri gündəmdə olan bu məsələ niyə bitmir? Nazirlər Kabinetinin qərarı ilə 2011-ci ildən etibarən ölkədə vahid məktəbli formasından istifadə olunur. Bu, məktəblərdə sosial bərabərliyin təmin olunmasını təmin edir, şagirdlərin bir-birindən maddi vəziyyətə görə fərqlənməsinin qarşısını alır. Təəssüf ki, son 2 ildə məktəbli formalarının yeni dizaynda təqdim edilməsi valideynlərdə narahatlıq yaradıb.
Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərarına əsasən, orta məktəblər üçün geyim formaları təsdiq edilib. Məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. 2022–2023 tədris ilində məktəb hansı rəngi seçibsə, 3 il müddətində həmin rəngdən istifadə etməlidir. Aradan 1 il keçib. Bəs reallıq necədir?
Artıq Bakı Tikiş Evinin (BTE) hazırladığı məktəbli geyimlərinin qiyməti də müəyyənləşib, 18 məkanda satışa çıxarılıb. Ölkədə 4 min 432 məktəb var. Dərs ilinin açılmasına az müddət qalıb. Tədris ocaqlarında iş hələ başlamayıb. Müəllimlər avqustun sonunadək məzuniyyətdədirlər. Bəs valideynlər hansı məktəbdə hansı rəngdə geyimin tələb olunacağını necə öyrənsinlər? Axı BTE-nin tikəcəyi bu formalar üçün, ən azı, 6 ay qabaq sifariş verilməlidir. Bilinməlidir ki, şagirdlər hansı formadan, hansı rəndən nə qədər geyinəcəklər.
“Bakı Tikiş Evi” Açıq Səhmdar Cəmiyyətinin satış şöbəsinin müdiri Etibar Əzimov bildirir ki, onlara belə sifariş daxil olmayıb. Bu asan məsələ deyil. Ölkədə 1 milyon 600 min şagird var. Bu qədər geyim forması sentyabr ayının əvvəlinə qədər hazır olmalıdır. Bunun üçün ya pedaqoji şuralar keçirilməli, ya da Təhsil Nazirliyi Nazirlər Kabinetinin qərarına uyğun olaraq əmr verməlidir ki, hansı təhsil müəssisəsində necə geyimlər olmalıdır və s.
Təəssüf ki, bununla bağlı da müvafiq razılaşma olmayıb. Valideynlər bilmirlər ki, övladları bu il hansı formadan istifadə edəcək. Böyük ehtimal ki, bu, müəllimlər avqustun sonu məzuniyyətdən qayıtdıqdan sonra valideynlərə elan olunacaq. Bu vaxtdan sonra isə onların forma alması və ya tikdirməsi, təbii ki, çətin olacaq.
Bugünlərdə bəzi məktəb rəhbərlərinin tapşırığı ilə sinif rəhbərləri valideynlərə “votsap qrupu” ilə “sifarişlərini” veriblər. Hətta geyimlərin hansı ünvandan alınacağı da bildirilib.
Qeyd edək ki, BTE-nin tikdiyi yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətəklər isə 25 manatdır. Valideynlər narazılıq edirlər ki, 15 manata təklif edilən köynəklərin keyfiyyəti aşağıdır. Ona görə də bahalı köynək almağa məcbur olurlar. Əgər bir evdən məktəbə 2, yaxud 3 uşaq gedəcəksə, 300–500 AZN maaş alan ailələrdə buna necə imkan çatacaq? Hələ ayaqqabı, çanta, iş dəftərləri, digər ləvazimatlara da vəsait lazımdır.
Narazılıq yalnız BTE-nin təqdim etdiyi geyimlərin keyfiyyətindəndirmi? Valideynlərlə söhbət zamanı öyrəndik ki, bu narazılıqda sinif rəhbərlərinin də rolu az deyil. Bakıdakı Səbayel rayonundakı məktəblərin birində 7-ci sinif şagirdlərinin valideynləri də çaş-baş qalıblar. Həmkarımız Z.Osmanova bildirir ki, qızım üçün ötən il biri 25 manatdan 2 qısaqol və 2 uzunqol köynək aldım. Ətək, jaket və şalvarla birlikdə 200 manatdan çox xərcim oldu. Düşünürdüm ki, həmin geyimlərdən bu il də istifadə edəcəyik.
Telefonunu açıb sinif rəhbərinin mesajlarını göstərir: “Ətək və şalvar dəyişməsə də “Polo” ağ köynək alınmalıdır”. Valideynin “Axı demişdiniz ki, gələn il də bu köynəklər istifadə olunacaq?” etiraz mesajına müəllim belə cavab verib: “Aldığınızı qızınız geyinəcək. Pedoqoji Şura belə qərar verib.” Z.Osmanva valideynlərin əksəriyyətinin bu təklifə narazılıq etdiyini bildirir: “Hər il bu formanı dəyişmək nəyə lazımdır? Üstəlik, bu köynəkləri kiməsə, başqa məktəbdə təhsil alan aztəminatlı ailənin uşağına da vermək olmur. Çünki hər köynəyin yaxasına məktəbin nömrəsi toxunub”.
Valideyn L.Hüseynova isə 3 övladının məktəbli olduğunu deyir: “Evə qazanc gətirən bir nəfərdir. BTE köynəyi 15, şalvar və ətəyi 25, jaketi isə 30 manata təklif edir. Hər üçünün məktəbli forması ailə büdcəmizi aşır. 3 şagirdi məktəbə yola salmağa bir ayın qazancı da bəs etmir. Hələ dəyişəkli qısaqol və uzunqol köynək alsaq, gör nə qədər edir? Ona görə də biz valideynlər bu qayda ilə razılaşmışıq. “Sədərək” Ticarət Mərkəzində daha keyfiyyətli və ucuz geyim tapmaq mümkündür”.
Digər valideyn N.Muxtarova da məktəbli formalarının “Sədərək” Ticarət Mərkəzində daha uyğun qiymətə və keyfiyyətli olduğunu deyir. BTE -nin tənzif kimi 15 manata verdiyi köynək “Sədərək”də 8–10 manata, ətək və şalvar, ölçüsünə görə, 10–15 manata, jaket isə yaşa görə 12–18 manata satılır. Həmkarımız Səbuhi Məmmədov şəhərin müxtəlif yerlərində keyfiyyət və qiymətcə fərqli məktəbli formalarının satıldığını deyir: “Metro Park” ticarət mərkəzində yerləşən “Papito” uşaq mağazasından bazarlıq etdim. Mavi rəngdə iki köynək (biri uzunqol, digəri qısaqol) və boz rəngdə şalvar aldım. 3 geyimə 72 manat ödədim. Mağaza satıcılarından öyrəndim ki, məhsullar Çindən gətirilib və keyfiyyətinə görə də yaxşıdır.
Məktəb rəhbərlərinin də bu barədə fikirlərini öyrəndik. Abşeron rayonundakı Masazır kənd 5 nömrəli tam orta məktəbin direktoru Səlim Məmmədovun məsələyə münasibəti belə oldu:
– Şagirdlərin məktəbə vahid formada gəlməsi nizam- intizam cəhətdən çox yaxşıdır. Məktəbli forması təhsil müəssisəsinin əsas atributlarından biri, mənsubiyyətin ifadəsi, məktəb qarşısında məsuliyyət və cavabdehlik kimi qəbul edilir. Amma hər il yeni model forma tələb olunması düzgün deyil. Ümid edirəm ki, bu məsələyə ciddi yanaşılar. Vacib məsələ şagirdlərin təhsilidir, geyimi yox. Hər il məktəbli forması dəyişilməməlidir, aztəminatlı ailələri də düşünmək lazımdır. Elə ailələr var ki, uşaqlar aldıqları geyimləri səliqəli saxlayaraq bir neçə il ya özü, ya özündən kiçik bacı-qardaşı geyinə bilir.
Valideynlərin bu narazılığı aidiyyəti qurumlar tərəfindən nəzərə alınmalıdır. Keyfiyyət və forma baxımından elə geyimlər seçilməlidir ki, onların tez-tez dəyişilməsinə ehtiyac olmasın. Məktəbimiz yenidir. Fəaliyyətə başladığı 2017-ci ildən burada, hətta, müəllimlər də vahid geyim formasından istifadə edirlər. Şagirdlərimiz sentyabrda məktəbə ötənilki geyim formasında gələcəklər, heç nəyi dəyişməmişik.
Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, məktəbli formaları hamı üçün əlçatan olmalıdır. Ümumtəhsil məktəblərində şagirdlər üçün vahid formada məktəbli geyiminin tətbiqi uzun illərdən bəri təhsil sistemində mütərəqqi ənənələrdən biri olub. Bu vacib bir məqamdır. Ona görə ki, bu, şagirdlərin dərs prosesində özünü rahat hiss etməsi üçün vacibdir. Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunəsi kimi həmişə bəyənilib. Hesab edirəm ki, Elm və Təhsil Nazirliyi aztəminatlı ailələrin məktəbli formaları ilə təminatını həyata keçirməlidir. Çünki Azərbaycan kifayət qədər güclü, imkanlı dövlətdir. Sovet dövründə də belə bir təcrübə olub.
Digər təhsil eksperti Nadir İsrafilov isə bildirdi:
– Şagirdlər üçün standart formaya ehtiyacın olub-olmaması ilə bağlı fərqli fikirlər var və onları dəstəkləyən dəlillər heç də bütün ölkələrdə birmənalı deyil. Dünyanın ayrı-ayrı ölkələrinin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda, ictimai həyatda məktəblilərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə, məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində eyni forma mütləqdir, özəl məktəblərdə isə fərqlidir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın açıqlaması:
– Məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var. Valideynlər təhsil müəssisələrindəki pedaqoji şuranın qərarına hörmət edərək, rəng seçiminə uyğun olaraq, öz övladlarını geyimlə təmin etməlidirlər. Bu, şagirdlərin gələcək sağlam inkişafına müsbət təsir edən amildir. Sentyabr ayından heç bir məcburiyyət olmadan, bu istiqamətdə normal mənzərə görəcəyimizə əminəm.
Nəhayət, redaksiyamızın məsələyə münasibətini konkretləşdirək. Birincisi, Mehriban Vəliyevanın fikirləri ilə razıyıq. Amma bu gün BTE ayrı-ayrı məktəblərin pedaqoji şuralarının qərarı ilə seçilən qədər geyim hazırlayıbmı? Ümumiyyətlə, rəng fərqləri BTE tərəfindən necə tənzimlənib? Hələ məktəblərin seçimi yoxdursa, və ya bugünlərdə müəyyənləşibsə, formalar da satışdadırsa, onda necə olacaq? Bəs, əksər məktəblər eyni rəngi seçsə necə? Niyə Nazirlər Kabinetinin “2022–2023 tədris ilində məktəb hansı rəngi seçibsə, 3 il müddətində həmin rəngdən istifadə etməlidir”– tövsiyəsinə əməl edilmir? Belə olsa, məktəb rəhbərləri həmin müddətdən sonra uşaqların nə geyinəcəyini öncədən razılaşdırar, BTE-nə ona uyğun sifariş verərdi. İndi isə qərardakı tələb başqa, nazirlik, təhsil idarəsi və məktəbin tələbi başqadır. Valideynlər çaş-baş qalıb. Yeni forma alsınlarmı, almasınlarmı? Almağa maddi imkan aşağıdır, məktəbin tələbinə də əməl etməlidir.
İkinci məqam odur ki, məktəb hərənin bir cür fərqlənmək istədiyi məkan deyil. Maddi vəziyyəti ilə öyünmək, seçilmək yeri də deyil. Başlıcası odur ki, təki şagirdlərin tədrisdən, təlim-tərbiyə prosesindən yayınmasına başqa səbəb olmasın. Üstəlik, şagirdlər məktəbli formasında daha müasir və dəbli görünürlər. Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, fikrimizcə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər.
Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir tələb nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən, il ərzində yaşayış yeri və digər səbəbdən bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidirmi?
Düşünürük ki, şagirdlərə məktəbli formaları da dərsliklər kimi pulsuz verilə bilər. Yaşlı nəsil yaxşı xatırlayar ki, ötən əsrin 60–70–80-ci illərində orta məktəblərdə imkansız ailələrin uşaqlarına siyahı üzrə pulsuz geyim verirdilər. Təhsil Nazirliyi aztəminatlı ailələri məktəbli formaları ilə təmin edə bilər. Bununla da məktəbli geyimi ilə bağlı problemin, heç olmasa, biri həllini tapmış olar. xalqqazeti.az