AzTehsil.com


Xəbərlər / Valideyn
25 iyul 2022
1 711


Yeni məktəbli forması qane edirmi?- Ekspertlər və valideyinlərin rəyi




Bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi” haqqında qərar imzalayıb.

Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri təsdiq edilib.

Artıq növbəti tədris ilindən etibarən yeni məktəbli formalarının tətbiqinə başlanılacaq.

Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir. Qızlar üçün yay forması – üçdüyməli qısaqol köynək və ətək. Oğlanlar üçün yay forması – üçdüyməli qısaqol köynək və şalvar. Qızlar üçün qış forması – üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket. Oğlanlar üçün qış forması – üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, təhsilalanların sağlamlığına mənfi təsir göstərməməsi üçün geyim formaları təbii və keyfiyyətli parçalardan tikilməlidir.

Şagirdlər üçün hazırlanan geyim formalarının etiketində istifadə edilən parçanın tərkibi barədə və “məktəbli forması” sözləri yazılmalıdır. Geyim formasının üzərində məktəbin emblemi də əks oluna bilər. Buna icazə var: “Qeyd edim ki, təhsilalanlar geyim forması ilə valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən təmin edilirlər”.

Şöbə müdirinin dediyinə görə, məktəbin geyim formalarını sifariş vermək səlahiyyəti yoxdur. Məktəblər yalnız qərar verir ki, orada təhsil alan şagirdlər hansı rəng çalarlarında olan məktəbli forması geyinəcək. Valideynlər müvafiq yerlərdən həmin geyim formalarını əldə edirlər: “Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, təsdiq edilmiş geyim formaları 2022-2023-cü tədris ilindən tətbiq ediləcək. Lakin hazırda istifadədə olan geyim formalarının 2022-2023-cü tədris ilinin sonunadək tətbiq edilməsinə icazə verilir. Yeni geyim formaları tam tətbiq olunduqdan sonra şagirdlərin ümumi təhsil müəssisəsinə fərqli geyimdə gəlməsinə yol verilməyəcək. Məktəblər bir tədris ili ərzində tədricən yeni geyim formalarına keçəcəklər”.

Məktəblərdə yeni geyim formalarının 2022-2023-cü tədris ilindən tətbiq edilməsi nəzərdə tutulsa da, valideynlərin çoxu yeni dərs ilində övladlarının məktəbə hansı formada gedəcəyi barədə məlumatsızdır.

Mövzu ilə bağlı Bakupost.az -a danışan valideyn Nurlanə Nəbiyevanın sözlərinə görə, növbəti tədris ilindən yeni məktəbli formasının tətbiq olunacağından xəbərdardır. Ancaq övladının təhsil aldığı məktəbdə uşaqların hansı forma geyinəcəyi barədə məlumatsızdır:

“Deyirlər ki, avqustun sonunda bizə bu barədə məlumat veriləcək. Hazırda məktəb bağlıdır və müəllimlər məzuniyyətdədir. Fikrimcə, valideynləri forma barədə avqustun sonunda məlumatlandırmaq doğru deyil. Bunu üçün valideynlərə ən azı 2 ay vaxt verilməlidir. Mənim üç övladım məktəblidir. Mən üç uşağın geyimini, məktəb ləvazimatlarını bu müddətə necə alıb hazır edəcəm? Buna həm vaxt, həm də maddi imkanım çatmayacaq. Vaxtında biz valideynlərə məktəbli forması barədə məlumat verəydilər ki, biz də imkanlaşdırıb alaydıq”.

Valideyn Heyran Əliyeva bildirib ki, məktəbli formasını üç ildən bir dəyişdirmək yüz minlərlə valideynini çətin vəziyyətdə qoymaq deməkdir: “İnsanların çoxunun maddi vəziyyəti yaxşı deyil. Bahalıq, işsizlik, bir tərəfdən də məktəbli formasının dəyişməsi insanların onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdıracaq. Yeni məktəbli forması tətbiq etməkdənsə məktəblərdə tədrisin keyfiyyətini yüksəltsinlər”.

H. Əliyeva da deyir ki, övladlarının təhsil aldığı məktəbdə hansı formanın tətbiq olunacağı barədə məlumatsızdır və onlara da bu barədətədris ilinin başlanmasına az qalmış məlumat veriləcəyini bildiirblər: “Əgər yeni forma almağa vaxtım və maddi imkanım çatsa alacam. Yox, əgər çatmasa, övladlarımı məktəbə ötən ilki forma ilə göndərəcəm”.

Mövzuya münasibət bildirən təhsil eksperti Elşən Qafarov Bakupost.az -a deyib ki, Nazirlər Kabinetinin müvafiq qərarı mütərəqqi xarakter daşıyır. Lakin bizim bir çox hüquqi normativ sənədlərimiz kimi yarımçıqdır:

“Mütərəqqiliyi odur ki, məktəblərdə sosial bərabərliyi gözləmək üçün hamı vahid forma geyinməlidir. Yarımçıq olan isə Nazirlər Kabinetinin 4 növdə eskiz təyin etməsi və qərarda baş örtüyünün nəzərdə tutulmamasıdır. Qərarı qəbul edənlər yaxşı bilirlər ki, bu nə dərəcədə həssas mövzudur. Qərarda ya “məktəbli geyim formalarında baş örtüyü nəzərdə tutulmur” və yaxud “baş örtüyü qızlar üçün yalnız ağ örpək ola bilər” kimi yazılmalıdı idi. Yarımçıqlıq müəyyən əlavə suallar doğurur. Geyim forması ilə yanaşı uşaqların saçının uzanluğu, əlavə kosmetika, dırnaqların boyanması və s. bütün bunlar göstərilməli idi”.



Elşən Qafarovun sözlərinə görə, qərarda digər çatışmayan cəhət isə odur ki, orada 4 formadan hansısa birininin seçilməsinə məktəbin Pedaqoji Şurasının qərar verəcəyi qeyd edilib: “Ölkədə 4432 məktəb var. Axı BTE-nin tikəcəyi bu formalar ən azı 6 ay qabaq sifariş verilməlidir. Bilinməlidir ki, hansı formadan nə qədər şagird geyinəcək. Bu rəqəmlər isə yoxdur. BTE isə bildirir ki, bizə hələ sifariş daxil olmayıb. Bu sıradan bir məsələ deyil. Ölkədə 1 milyon 600 min şagird var. Bu qədər şagirdin geyim forması sentyabr ayının əvvəlinə qədər hazır olmalıdır. Bunun üçün ya Pedaqoji Şuralar keçirilməli, ya da Təhsil Nazirliyi Nazirlər Kabinetinin 17 mart tarixli qərarına uyğun olaraq əmr verməlidir ki, filan təhsil mərhələsində filan geyimlər olmalıdır və s. Ancaq bununla bağlı heç bir müvafiq qərar qəbul olunmayıb. Valideynlər bilmirlər ki, övladları sentyabrda hansı rəngdə, hansı formada məktəbli geyimi geyinəcək. Böyük ehtimal ki, bu, müəllimlər avqustun sonu məzuniyyətdən qayıtdıqdan sonra valideynlərə elan olunacaq. Bu vaxtdan sonra isə valideynlərin forma alması və ya tikdirməsi bir az çətin olacaq”.

Ekspert bildirib ki, formaların üzərinə vurulacaq nişanələr məktəblərdə pul yığımına şərait yaradacaq: “Məktəblərin hər birinin nişanəsi olmaldır və formaya bu nişanəni məktəb özü vurmalıdır. Bu da təbii ki, havayı başa gəlməyəcək. Hər şagirdin emblemi valideynin hesabına olacaq və məktəblərdə pul yığımı başlayacaq. Bu da əlavə problemlər yaradacaq”.

Təhsil eksperti Nadir İsrafilov isə deyir ki, sovet dönəmindən bu yana artıq neçə onillikdir ki, hər yeni tədris ili ərəfəsində valideynlər məktəb bazarlığına başlayarkən, məktəbli forması ilə bağlı müəyyən problemlərlə üzləşirlər. Məktəbli formalarında hansı dəyişikliklərin ediləcəyi gündəmin başlıca mövzularından birinə çevrilmiş olur:



“Yəqin, çoxları xatırlamamış deyil ki, müstəqilliyimizin ilk illərində vahid məktəbli formasına keçidlə bağli Təhsil Nazirliyi tərəfindən müvafiq əmr imzalanmışdı. Ancaq, nədənsə əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, əvəzində özfəaliyyətlər başladı. Bəzi elit hesab edilən məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları idi, özləri üçün xaricdən xüsusi, digər məktəblərdən seçilən forma sifariş etməyə başladılar. Bəziləri “şotlandka” deyilən parçadan forma tikdirdi, bəzisi başqa rənglər, elementlər seçdi, fərqlənməyə çalışdılar. Əgər əmr vardısa, lazım idi ki, bütün məktəblər eyni formada olsun. Amma olmadı. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən parça sifariş etdilər, gizli sexlər Çindən gətirilmiş ucuz parçalardan məktəbli forması tikməyə başladı, mənşəyi bəlli olmayan saxta formalar dövriyyəyə buraxıldı. Halbuki, vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsi idi. Nəhayət, 1993-1997-ci illərdə məktəbli geyiminə aydınlıq gətirmək məqsədilə yeni əmr verildi. Bu, o anlama gəlirdi ki, oğlanlar məktəbə açıq rəngli köynəklərdə, tünd əngli şalvarlarda, qızlar isə açıq rəngli kofta və tünd rəngli ətəklərdə gəlməlidirlər. Sonrakı dövrdə də vahid məktəbli formasına keçidlə bağli müxtəlif təkliflər səsləndirildi, hətta bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini də dilə gətirənlər olmuşdu. Məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan “Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini tapmışdı.

2020-ci ilin fevralında Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr də keçirilmişdi. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib-hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edilmişdi. Təhsil Nazirliyi isə 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə çıxarmışdı. Layihəyə görə, qızlar üçün yay geyim formasının qısaqol köynək və ətəkdən, qış geyim formasının isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulurdu. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaqdı. Bu layihə pandemiya ilə əlaqədar təxirə salındı”.

N. İsrafilovun sözlərinə görə, şagirdlərin ümumiyyətlə, standart formaya ehtiyacı olub-olmaması ilə bağlı bir sıra fərqli fikirlər var və onları dəstəkləyən dəlillər heç də bütün ölkələrdə bir mənalı deyil: “Dünyanın ayrı-ayrı ölkələrinin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda məktəblilərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun artmasında əhəmiyyətli rol oynayır. Məktəbli forması çoxları tərəfindən məktəbin əsas atributlarından biri, mənsubiyyətin ifadəsi, məktəb qarşısında məsuliyyət və cavabdehlik, nizam-intizama dəvət kimi qəbul edilir. Bir sıra ölkələrin dövlət məktəblərinin əksəriyyətində eyni forma mütləqdir, özəl məktəblərdə isə fərqlidir”.

N. İsrafilov deyir ki, qanunvericiliyə əsasən, məktəbli formaları Azərbaycanda qüvvədə olan dövlətlərarası “Məktəb yaşlı oğlan və qızlar üçün üst geyimləri” standartı əsasında müəssisələr tərəfindən hazırlanır və dövlət qeydiyyatına alınmış texniki şərtlərin tələbləri əsasında istehsal edilir: “Başqa sözlə, məktəb hərənin bir cür fərqlənmək istədiyi məkan deyil, maddi vəziyyəti ilə öyünmək, seçilmək və” kim nə istəyir ” kimi geyinmək yeri də deyil. Yaxşısı və başlıcası odur ki, təki onların tədrisdən, təlim-tərbiyə prosesindən yayınmasına səbəb olmasın. Üstəlik şagirdlər məktəbli formasında daha müasir və dəbli görünürlər.

Əgər diqqət ölkə üzrə vahid formanın tətbiq edilməsinə yönəlibsə, hər məktəbin müstəqil seçimi müxtəliflik yaradar ki, bu da artıq ayrılıqda götürülən məktəbin forması hesab edilə bilər. Əgər təhsildə bütün ölkə üzrə vahid dövlət standartları tətbiq olunursa, belə bir standartlar nəyə görə məktəbli formasına da şamil edilməməlidir? Digər tərəfdən il ərzində bir məktəbdən digərinə xeyli sayda şagird yerdəyişmələri edilirsə, onda bir forma digəri ilə əvəz edilməlidir?”

Ekspert bildirib ki, Milli Məclis vahid məktəbli geyimi ilə bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər. Hər ali məktəbin, özəl lisey və gimnaziyaların loqosu olduğu kimi, ayrı-ayrı məktəblərin də fərqlənmə nişanlarını həmin formalarda əks etdirmək olar. Buna görə də təklif olunan və məqsədəuyğun hesab edilən 4-5 eskiz içərisindən işçi qrupu və ya müvafiq komissiya tərəfindən birini seçib, ümumi müsakirəyə vermək və son olaraq təsdiq edib, bütün ölkə üzrə tətbiqi barədə yekun qərar qəbul etmək olar. Rəng seçimində isə arzu olunardı ki, bayrağımızın rəng koloritlərindən və milli ornamentlərimizdən birinə istinad edilsin. Məktəbli formasında hər bölgənin iqlim və digər xüsusiyyətlərinin nəzərə alınması barədə təkliflər absurddur. Məktəbli formasının bir tikiş müəssisəsinə həvalə edilməsi barədə yayılan məlumatların da əsası yoxdur. Çünki, 1 milyon 600 min şagirdin formasının bir müəssisə tərəfindən ərsəyə gətiriliməsi praktiki cəhətdən mümkün olan şey deyil. Heç şübhəsiz ki, maraqlı olan istehsalçı şirkətlər bu işə cəlb olunacaq”.

Yeni dərs ilində vahid məktəbli formalarının tətbiq olunub-olunmayacağına gəlincə isə, ekspert bunun zamana bağlı olan məsələ olduğunu vurğulayıb: “İşçi qrupu var, eskizlər var, bu barədə rəsmi vəd də var. Qalır, bircə vədə əməl etmək və illərdən bəri uzanan çoxgedişli proseslərə birdəfəlik son qoymaq. Ümid edək ki, bu dəfə vahid məktəbli forması həqiqətən də adında ehtiva olunan “vahid” sözünə uyğun tətbiq ediləcək, kimlərinsə gəlir mənbəyinə çevrilməyəcək, valideynlərin, büdcələrinə, şagirdlərin də rahatlığına və zövqünə uyğun olacaq”.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, məktəbli formalarını tez-tez dəyişdirmək istər şagird, istərsə də, valideynlər üçün problem yaradır:



“Nazirlər Kabineti tərəfindən sonuncu verilmiş qərara əsaslansaq, orada 3 ildən bir formaların dəyişilməsi nəzərdə tutulur. Eyni zamanda qız şagirdlərin şalvar geyinməsi də nəzərdə tutulub. Xarici ölkələrlə müqayisə aparsaq, orada da formalar ya hər il, ya da 3-5 ildən bir dəyişir. Düşünürəm ki, hər il formanı dəyişilməkdənsə, 3 ildən bir dəyişilməsi daha məqsədəuyğundur. Artıq bu yöndə yekun qərar verilməlidir. Vahid məktəbli forması müəyyənləşdirilməli, ondan kənara çıxılmamalıdır. Burda valideynlərin ümumi durumu da nəzərə alınmalıdır. Hər il eyni formanı almaq, dəyişmək və yaxud tikdirmək, sözsüz ki, həm şagirdi həm valideyni çıxılmaz vəziyyətə salır. Maddi sıxıntı yaradır. Hər il geyim dəyişdikcə valideyn məcbur olub yeni forma alır. Qiymətlər də 80 manat, bəzən ondan da yuxarı olur. Amma bu standart olsa, valideyn qabaqcadan tədbirini görər. Yəni övladının hər il müəyyən qədər boy artımını nəzərə alar. Ümumiyyətlə, düşünürəm ki, şagirdlərə geyim məsələsində bir qədər sərbəstlik verilməlidir. Uşaq məktəbə özünü rahat hiss etdiyi geyimdə gəlməlidir. Məktəbli forması elə olmalıdır ki, şagir onun içində özünü rahat hiss etsin. Geyimlərin hazırlanmasında şagirdin özünü rahat hiss etməsi nəzərə alınmalıdır”.

Ekspert bildirib ki, hazırda ölkədə övladına məktəb forması dəstini almağa gücü çatmayan ailələr var: “Bu gün ölkədə qazancı az, maddi vəziyyəti aşağı olan yüzlərlə ailə var. Belə ailələr üçün yeni məktəbli forması almaq çətin olacaq: “Məlumur ki, vahid məktəbli formalarının qiyməti 70-80 manata qədər qalxır. Bu hal da təbii olaraq valideynləri narahat edir. Məktəblinin geyimi tək forma ilə bitmir axı. Ayaqqabı, çanta və digər ləvazimatlar da var. Fikrimcə, bütün bunları nəzərə alıb dövlət müəssisələrində sərbəst geyimə üstünlük verilməsi daha məqsədəuyğundur”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, məktəbli formaları ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı var və təhsil müəssisələrindəki pedaqoji şuranın qərarı ilə məktəbli formaları üçün üç rəng seçimi edilə bilər:

“Bu mövzuda başqa təzyiqlər ola bilməz. Valideynlər məktəbin qərarına hörmət edərək, rəng seçiminə uyğun olaraq öz övladlarını geyimlə təmin etməlidirlər. Bu, bizim şagirdlərin gələcək sağlam inkişafına müsbət təsir edən amildir. Hesab edirəm ki, sentyabr ayından heç bir təzyiq olmadan, əksinə, sevinərək bu istiqamətdə yaxşı mənzərəni görərək fəaliyyətə başlayacağıq”.




Загрузка...
Həmçinin oxuyun:
AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Naxçıvanda şagirdlərin geyim formalarının yeni təsvirləri təsdiqlənib - FOTO

Naxçıvanda şagirdlərin geyim formalarının yeni təsvirləri təsdiqlənib - FOTO

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Təhsil müəssisələrinin tikintisinə dair vahid normalar -1.Məktəbəqədər təhsil müəssisələri

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Nadir İsrafilov: "Bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq."

Digər ölkələrdə məktəblilər necə geyinir?

Digər ölkələrdə məktəblilər necə geyinir?

Təhsil müəssisələrinin akkreditasiyası   Qaydaları

Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Məktəbli forması nümunələri ilə bağlı ictimai rəy öyrənilir

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir

Azərbaycanda vahid məktəbli geyimi dəyişdirilir

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası

Təhsil ictimaiyyətindən ETİRAZ

Təhsil ictimaiyyətindən ETİRAZ

Məktəbli formaları - rahat və uyğun

Məktəbli formaları - rahat və uyğun

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

“Vahid məktəbli forması” ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Məktəbdaxili qiymətləndirmə sistemi -Bizdə və Xaricdə......( I hissə)

Bölgələrdə məktəbli forması problemi

Bölgələrdə məktəbli forması problemi

Paytaxt təhsili 2021-ci təqvim ilində

Paytaxt təhsili 2021-ci təqvim ilində

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır"  Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

"Təhsildə yeni keyfiyyət mərhələsi başlayır" Azərbaycan Respublikasının Təhsil Naziri Mikayıl Cabbarovun “Azərbaycan” qəzetinə müsahibəsi

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Məktəblər nə zaman bağlanacaq – Nazirin yeniliyi şagirdlərə nə verəcək?

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Kişi və Qadın müəllimlərin geyim tərzi necə olmalıdır ? ( təlimat)

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

Valideynləri təhsil prosesinə cəlb etmək üçün intensiv işlər görülür

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ,  KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

SİNİF VALİDEYİN İCLASLARI-ONLARIN TƏŞKİLİ, KEÇİRİLMƏSİ VƏ SƏNƏDLƏŞDİRİLMƏSİ

Şagirdləri qiymətləndirməyin 3 yolu

Şagirdləri qiymətləndirməyin 3 yolu