Azərbaycanda yeni tədris ilinin başlamasına bir aydan da az vaxt qalır. Adətən, avqust ayının ortalarında valideynlər məktəb bazarlığına başlayırlar.
Koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq olunan karantin rejimində yumşalmalar müşahidə olunur və iri ticarət mərkəzləri istisna olmaqla, digər alış-veriş mağazaları fəaliyyətdədir. Koronavirus pandemiyası davam etdiyindən yeni tədris ilinin hansı formatda başlayacağı hələlik məlum deyil. Əslində, bu il ölkə məktəblərində həm də vahid məktəbli forması tətbiq olunmalı idi.
Buna görə də məktəbli formalarında müəyyən dəyişikliklərin ediləcəyi gözlənilirdi. Bu ilin fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr də keçirilmişdi. Məktəbli formalarının hazırlanması üzrə təkliflər paketinin işlənib-hazırlanması, optimal variantın müəyyənləşdirilərək Şuraya təqdim olunması təklif edilmişdi. Təhsil Nazirliyi isə 2020-2021-ci tədris ili üzrə şagirdlərin geyim formalarının təsvirlərini müəyyən edən layihə irəli sürərək, layihəni ictimai müzakirəyə çıxarmışdı. Layihəyə görə, qızlar üçün yay geyim formasının qısaqol köynək və ətəkdən, qış geyim formasının isə uzunqol köynək, ətək və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olması nəzərdə tutulurdu. Oğlanlar üçün yay fəslində tətbiq edilən geyim forması qısaqol köynək və şalvardan, qış geyim forması isə uzunqol köynək, şalvar və önü zəncirbəndlə bağlanan cibli jaketdən ibarət olacaqdı. Bu layihənin aqibəti hələlik məlum deyil. Təbii ki, belə bir şəraitdə valideynlərin əksəriyyəti məktəb bazarlığı etməkdə tərəddüd edir.
Mövzu ilə bağ fikir bildirən Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin rəisi Etibar Əzimov deyir ki, 2020-2021-ci il tədris ili üçün məktəbli formalarının tikilməsinə hələ başlanılmayıb:
"Hələlik məktəbli formaları tikmirik, anbardakılar satılmayıb. Hazırda kifayət qədər material və ləvazimatımız var. Lazım olan kimi tikəcəyik. Ötən ildən məktəbli formalarımız qalıb. Yeni məktəbli formalarının tikilişi üçün də kifayət qədər parçamız var. Əslində, məktəblərin açılıb-açılmayacağı bilinmir. Bununla bağlı rəsmi qərar da yoxdur. Bu il nə qədər məktəbli formasının hazırlanacağı da məlum deyil. Ona görə ki, hazırda bizim bütün mağazalarımızda məktəbli formaları var. Bəzi mağazalarımız açılıb, bəzi mağazalarımız isə malların tərkibində olduğu üçün gözləyir. Hazırda fabrikin tərkibində olan 5 mağaza işləyir. Bəzi valideynlər isə formaları almağa başlayıblar”.
Satış şöbəsinin rəisi məktəbli formalarının modelində və qiymətində heç bir dəyişikliyin gözlənilmədiyini deyib: "Nə məktəbli formalarının modelində, nə də onların qiymətində heç bir dəyişikliyin olacağı gözlənilmir. Düzdür, bu il məktəbli formalarında müəyyən dəyişiklik gözlənilirdi. Biz də bununla bağlı müəyyən nümunələr hazırlamışıq. Təhsil Nazirliyi hələ ki, həmin nümunələri bizdən istəməyib. Bizdə alıcılara 2017-ci ildən eyni qiymət təklif olunur. Hazırda da məktəbli formaları köhnə qiymətlərlə satılır. 40 manat aşağı siniflərin, 46 manat isə yuxarı siniflərin kostyumlarıdır. Köynəklər isə 8 manatdır”.
Məsələyə münasibət bildirən Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov da etiraf edib ki, bu il məktəbli formalarında dəyişiklik mümkün olmayacaq:
"Əslində, bu il ölkə məktəblərində vahid məktəbli forması tətbiq olunmalı idi. Bununla bağlı öncəki təhsil naziri Ceyhun Bayramovun əmri var idi. Buna görə də məktəbli formalarında müəyyən dəyişikliklərin ediləcəyi gözlənilirdi. Bu ilin fevralın 10-da Təhsil Nazirliyi yanında İctimai Şurada ümumi təhsil müəssisələrində vahid məktəbli formasının tətbiqinə dair ilk müzakirələr də keçirilmişdi. Biz həmin müzakirələrdə məktəbli forması tikməkdə maraqlı olan bütün tərəfləri dinləmişdik. Həmin müzakirələrdə müxtəlif fikirlər irəli sürülmüşdü. Biz də təklif etmişdik ki, bu məsələdə maraqlı olan tərəflər 1 ay müddətində məktəbli formalarının hazırlanması üzrə təkliflər paketini Şuraya təqdim etsinlər. Heç bir maraqlı tərəfdən təkliflər paketi daxil olmadı. Martın ortalarında isə ölkədə koronavirus pandemiyası başladı və bütün işlər yarımçıq qaldı”.
Şura sədrinin müavini vurğulayır ki, vahid məktəbli formasının tətbiqi bu sahədə bir sıra problemləri aradan qaldıra bilər: "Məlumdur ki, vahid məktəbli forması sovet dönəmində də olub, müstəqillik əldə etdiyimiz dövrdə də. Belə bir məktəbli formasının bütün məktəblərdə tətbiq oluna biləcəyi barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsində müzakirə olunan "Ümumi təhsil haqqında” qanun layihəsində də öz əksini tapmışdı. Millət vəkili İsa Həbibbəyli, hətta bəzi kateqoriyadan olan şagirdlərə məktəbli formalarının dövlət hesabına verilə biləcəyini də dilə gətirmişdi. Xatırlatmaq yerinə düşər ki, Lidiya Rəsulovanın təhsil naziri (1993-1997-ci illər) olduğu dövrdə məktəbli geyiminə aydınlıq gətirmək məqsədilə üstü açıqrəngli, altı tünd formanı əks etdirən əmr verilmişdi. Bu, o anlama gəlirdi ki, oğlanlar məktəbə açıqrəngli köynəklərdə, tündrəngli şalvarlarda, qızlar isə açıqrəngli kofta və tündrəngli yubkalarda gəlməlidirlər. "Sonrakı dövrdə də vahid məktəbli formasına keçidlə bağli əmr imzalandı. Əmrin məzmun və mahiyyəti qaldı bir kənarda, başladılar özfəaliyyətə. Bəzi elit məktəblər, hansı ki, şagirdlərinin əksəriyyəti imkanlı ailələrin övladları idi, özləri üçün xüsusi, yəni digər məktəblərdən seçilən forma tikdirməyə başladılar. Hərə bir rəng, bir element seçdi. Bakı Tikiş Evinin geyimlərini bəyənməyənlər Türkiyədən parça sifariş etdilər, gizli sexlər məktəbli forması tikməyə başladılar, beləliklə, mənşəyi bəlli olmayan saxta formalar dövriyyəyə yol acdı. Vahid məktəbli formasının mahiyyəti uşaqlar arasında sosial bərabərliyin təmin edilməsidir. Əgər şagird görürsə ki, hansısa məktəbin şagirdi geyimi ilə ondan üstündür, hansısa şagirdin geyimi onun geyimindən bahalıdır, burada sosial ədalətdən danışmaq olmaz. Belə hallar uşaqlara mənfi təsir göstərir və əskiklik kompleksi yaradır. Buna görə də məsələyə yenidən baxılması zəruriliyi ortaya çıxdı ki, bu da nəinki lazımdır, hətta vacibdir. İndi isə elə bir vəziyyət yaranıb ki, yeni dərs ilində nəinki vahid formaya keçiddən, hətta məktəblərin ənənəvi formada fəaliyyət göstərib-göstərməyəcəyindən danışmaq tezdir. Bununla bağlı yekun qərar yəqin ki, avqustun sonunda məlum olacaq”.
Məsələyə münasibət bildirən təhsil eksperti Asif Cahangirov isə açıqlamasında deyib ki, hazırda şərait çox mürəkkəb olduğundan valideynlərə hansısa tövsiyyə vermək çətindir:
"İndi bütün dünya bu mürəkkəb prosesin içindədir. Hansısa ölkə məktəbləri açmaq barədə qərar verir, hansısa ölkə bu məsələdə tərəddüd edir. Azərbaycanda da vəziyyət oxşardır və yeni tədris ilinin hansı formatda başlayacağı hələlik məlum deyil. Belə bir şəraitdə isə valideynlərə hansısa məsləhət vermək qeyri-mümkündür”.
Yeni dərs ilində vahid məktəbli formalarının tətbiq olunub-olunmayacağına gəlincə, ekspert bu məsələnin əleyhinə olduğunu bildirib. Onun sözlərinə görə, vahid məktəbli forması tətbiq etməklə sosial ədalət prinsipini qorumaq mümkünsüzdür: "Bu addımı atmaq istəyirlər ki, təhsilalanlar arasında sosial ədalət prinsipi qorunsun. Mən bu məsələnin həmişə əleyhinə olmuşam. Sosial ədalət imkanlı ya da kasıb uşaq məktəbdən çıxanda onsuz da özünü göstərəcək. Belə ki, varlı ailənin uşağı məktəbdən evə şəxsi sürücüylə, kasıb ailənin uşağı isə ya piyada, ya avtobus ya da metroyla gedəcək. Deməli, sosial ədalət prinsipini məktəbdə qorumağa çalışsaq da, məktəbdən kənarda bunu qoruya bilməyəcəyik. Ona görə də hesab edirəm ki, vahid məktəbli formalarının tətbiqinin heç bir əhəmiyyəti olmayacaq”. hafta.az