Təhsil sisteminin keyfiyyəti onun TOP menecerlərinin peşəkarlığına müvafiqdir-İLHAM ƏHMƏDOV
QS Reytinq agentliyi ölkələrin təhsil reytinqini dərc edib. Bu siyahıda TOP 50 ölkə əks edilib. Siyahıda 5 postsovet ölkəsi də var.
15 postsovet respublikaları vaxtı ilə eyni informasiya təhsil məkanında olduqları üçün 30 il əvvəl start vəziyyətləri də təxminən eyni idi.
İndi biz bu reytinqdə 150+ mövqedə olarıq yəqin ki. Təhsilin inkişafında nə fərq yarandısa, son 30 ildə, xüsusən də son 20 ildə oldu.
Bu reytinqdə 50+ sırada olan ölkələrin təhsil nazirlərinin içində görəsən 2-ci bir təhsil naziri də varmı ki, özünün və rəhbərlik etdiyi nazirliyin illərcə səmərəsiz fəaliyyətini ört basdır etmək üçün cəmiyyəti, müəllimləri, valideynləri, bir sözlə hamını günahkar saysın?
Pis məktəb, pis müəllim, pis şagird yoxdur, pis təhsil sistemi var.
Təhsil sistemini mükəmməl qurmaq, səmərəli idarə etmək, ölkəni yüksək keyfiyyətli insan resursları ilə təmin etmək isə bu sahənin TOP menecerlərinin başlıca vəzifəsidir.
Təhsil sistemi düz qurulsa, reytinqlərdə yaxşı mövqelər də yaranacaq.
Bu sistemin başında oturanlar əgər 30 ildən sonra da öz səhvlərini görmürlərsə, sistemə düzgün diaqnoz qoymaq və real işlər görmək əvəzinə ətrafda hamını günahkar hesab edirlərsə, onda bunlar vəziyyəti necə dəyişəcəklər ?
Hanı sizin strategiya?
Hanı sizin yol xəritəniz?
Ordunu qalib və ya məğlub edən ordunun əsgəri deyil, orduya rəhbərlik edənlərdir. Bu haqda Napoleonun da maraqlı fikri var.
Biz ordunun başında dayanan komandanın həlledici amil olduğunu 2020-ci ildə 2-ci Qarabağ müharibəsindəki Zəfərimizdə bir daha gördük.
Hər bir ölkənin təhsil sisteminin keyfiyyəti, onun səmərəsi də eyni ilə onun TOP menecerlərinin peşəkarlığı, fəaliyyətinin səmərəliyi və fədakarlığı ilə təyin edilir.
Bu reytinqdəki TOP 50 ölkələrdə olduğu kimi.
Çünki, onlar təhsilin millətin gələcəyi olduğunu daha yaxşı dərk edirlər.