Uşaq evində zorakılıq iddiası ilə bağlı DİN-dən açıqlama
Azərbaycanda yerləşən uşaq evlərinin birindən şikayət var.
Bu barədə sosial şəbəkədə görüntülər yayılıb.
Belə ki, uşaqlardan biri orada şiddət gördüyünü bildirib:
“Bizi çubuq, taxta ilə döyür, başımıza, belimizə vururlar. Bizi o qədər döyürlər ki, özümü asmaq istəmişəm”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə paylaşılan həmin görüntülər 2017-ci ildə qeydə alınıb:
“Həmin iddialarla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılıb və fakt təsdiqini tapmayıb”.
Qeyd edək ki, görüntülərin Şəki Qarışıq Tipli Uşaq Evində çəkildiyi bildirilirdi.