GREEN START ACADEMY növbəti layihəsi– “ƏZMİN MÖCÜZƏSİ”nin təqdimatını etdi-FOTO
Green Start Academy-nin təşkilatçılığı RM Nəşriyyatının təşkilatı dəstəyi ilə 1 iyun tarixində “Əzmin möcüzəsi” layihəsinin təqdimatı keçirildi. Təqdimat günündə sağlamlıq imkanları məhdud olan uşaqlar və ailələri, bu uşaqlarla işləyən mütəxəssislər, təşkilat rəhbərləri və digər qonaqlar iştirak edirdi.
Tədbir Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadənin nitqi ilə başladı. Aysel xanım 5 illik fəaliyyəti olan Green Start Academy haqqında tədbir iştirakçılarına məlumat verərək, təqdim etdikləri yeni layihənin cəmiyyət üçün faydalı olacağını bildirdi. Həmçinin təşkilat rəhbəri qeyd etdi ki, təqdimatın 1 iyun – Uşaqların Beynəlxalq Günündə keçirilməsinin məqsədi də sağlam uşaqlarla sağlamlıq imkanları məhdud olan uşaqların həmrəliyini nümayiş etdirməkdir.
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarsinin nümayəndəsi Elşad Səfixanov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Əmirxan Səfərov çıxış edərək uşaqları bayram münasibətilə təbrik etdi və yeni layihə ilə bağlı arzu-diləklərini dilə gətirdilər.
Sonra “Əzmin möcüzəsi” layihəsinin dəstəkçisi – RM Nəşriyyatının təsisçilərindən Əli Əlibəyli layihənin ərsəyə gəlməsi haqda fikirlərini bölüşdü. Sonra layihənin rəhbəri Nigar Əlibəyli layihə haqqında ətraflı məlumat verdi. Nigar xanım bildirdi ki, layihə çərçivəsində həyata keçiriləcək xidmətlərə sağlamlıq imkanları məhdud uşaqların problemləri üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən seminarlar, validenlər üçün müxtəlif psixoloji mövzularda təlimlər, mövcud müasir müalicə metodları və mərkəzlər (yerli və xarici), vəsaitlər və ləvazimatlar, ev şəraitində uşaqla məşğul olunacaq məşğələlər haqqında məlumatlar, müxtəlif qurum, təşkilatlarla iş üzrə dəstək, diaqnostika və konsultasiyalar, treninqlər və praktik məşğələlər daxildir.
Tədbirin bədii hissəsi musiqisi Lalə Şirinə, sözləri Leyla Vahidqızına məxsus olan və musiqi məktəbinin tələbəsi Fidan Atakişiyevanın ifa etdiyi “Əzmin möcüzəsi” mahnısı ilə başladı. Ardından isə sağlamlıq imkanları məhdud olan uşaqların rəngarəng çıxışları tədbir iştirakçılarının heyranlığına səbəb oldu. Belə ki, inkluziv uşaqların xorundan ibarət xüsusi qayğıya ehtiyacı olan uşaqların Himni, selebral iflic xəstəliyindən əziyyət çəkən Əlihüseyn Tağızadə, Fatimə Quluzadə, autizm sindromlu İlham Qasımov, Ayxan Quluzadə, daun sindromlu Cavid Həsənzadə, Banu İsgəndərli, asperger sindromlu Heseyn Hacılının ifası böyük maraqla qarşılandı.
Bundan başqa, psixoloq Elmir Əkbər, “Ümid var” İnklüziv qrupunun rəhbəri Nazilə Məhərrəmova, həkim-reablitoloq Afaq Məmmədli, xüsusi pedaqoq Zivər Xanlarova, psixoloq Sevinc Abdullayeva və digər mütəxəssislərin çıxışı və layihəyə dəstək vermələri təşkilatçılar və digər iştirakçılar tərəfindən təqdir olundu.
“Əzmin möcüzəsi” layihəsinin təqdimat görüşü tortun kəsilməsi, çıxış edən uşaqların Təşəkkünamə və hədiyyələrlə təltif olunması ilə sona çatdı.