Xəbərlər / Ziyalılar
31 yanvar 2021
1 238


Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

 

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatının başçısı Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 137 il ötür.

Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub. Atası oğlunu məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci "Rus-müsəlman” məktəbinə qoyub, buranı bitirdikdən sonra M.Ə.Rəsulzadə öz təhsilini Bakı Texniki Məktəbində rus dilində davam etdirib.

Milli istiqlal hərəkatımızın təməl daşını qoyan Məhəmməd Əmin Rəsulzadənin inqilabi fəaliyyətinin ilk illəri də məhz bu dövrə təsadüf edir. 1902-ci ildə 17 yaşında olan M.Ə.Rəsulzadə "Müsəlman gənclik təşkilatı”nı yaradıb. Bu, XX əsrdə Azərbaycanda rus müstəmləkə üsul-idarəsinə qarşı gizli mübarizə aparan ilk siyasi təşkilat idi.

1904-cü ilin axırlarında "Müsəlman demokratik "Müsavat" cəmiyyəti”nin əsasında Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Bakı komitəsinin nəzdində "Müsəlman sosial-demokrat "Hümmət” təşkilatı” yaradılıb. Siyasi sahədə fəaliyyət göstərən bu təşkilatın yaradıcılarından biri M.Ə.Rəsulzadə idi. O, həm də bu təşkilatın eyniadlı qəzetinin naşirlərindən biri olub. 

1908-ci ilin axırında M.Ə.Rəsulzadə çar üsul-idarəsi tərəfindən onun həbs olunması təhlükəsi ilə əlaqədar olaraq Bakını tərk edərək İrana yola düşür. Cənubi Azərbaycanın şəhər və kəndlərini gəzir, öz doğma xalqının acınacaqlı vəziyyətini yaxından müşahidə edir. Bu müşahidələr sonralar M.Ə.Rəsulzadənin ədəbi yaradıcılığında təsir göstərir. O, Avropa təhsili görmüş bir qrup İran ziyalısı ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran Demokrat Partiyasının əsasını qoyur. 

Çar hökuməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək onun əsas rəhbərlərindən biri olan M.Ə.Rəsulzadənin ölkədən çıxarılmasını İranın şah hökumətindən tələb edir. M.Ə.Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün 1911-ci ilin may ayında İstanbula gedir. O, Türkiyə paytaxtında həmyerliləri Əli Bəy Hüseynzadə və Əhməd Bəy Ağayevlə görüşür, Yusif Bəy Akçuralı, Ziya Göyalp və başqa görkəmli alimlərlə yaxın münasibətlər qurur.

M.Ə.Rəsulzadə "Gənc türklər” təşkilatına rəğbət bəsləmiş, "Türk ocağı” cəmiyyətində çalışmış və onun əsas orqanı olan, 1911-ci ilin noyabr ayından nəşrə başlayan "Türk yurdu” jurnalının fəal yazarlarından biri olub.

Türkiyədə Rəsulzadə hələ İstanbulda onun göstərişi ilə 1911-ci ilin oktyabrında keçmiş hümmətçilər Tağı Nağıyev və Abbasqulu Kazımzadə tərəfindən əsası qoyulan "Müsəlman demokratik Müsavat partiyasına” daxil olmuş və tezliklə onun rəhbərinə çevrilib.

1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar ümumi əfv elan olunur və M.Ə.Rəsulzadə vətənə qayıda bilir. 

1917-ci ilin payızında M.Ə.Rəsulzadə Rusiya parlamentinə Azərbaycan və Türküstandan millət vəkili seçilib.

1918-ci il mayın 26-da Zaqafqaziya seymi daxili fraksiyaların çəkişmələri nəticəsində ləğv olunub. Həmin ayın 27-də seymin müsəlman fraksiyasına daxil olan müxtəlif partiyaların üzvlərindən ibarət olan Azərbaycan Milli Şurası yaradılıb. Səs çoxluğu ilə M.Ə.Rəsulzadə Milli Şuranın sədri seçilib.

1918-ci il mayın 28-də Milli Şura Azərbaycan istiqlaliyyətini elan etdi. Fətəli Xan Xoyskinin başçılığı ilə Azərbaycan Demokratik Respublikası hökuməti təşkil olundu. Beləliklə, Azərbaycan xalqı nəinki türk xalqları arasında, həmçinin bütün Şərqdə ilk dəfə olaraq respublika qurdu.

Lakin Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkdi. 1920-ci ilin 28 aprel tarixində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalından sonra M.Ə.Rəsulzadə vətəni tərk etmək məcburiyyəti ilə üzləşib. Uzun illər xaricdə Azərbaycanın azadlığı uğrunda mübarizə aparmış M.Ə.Rəsulzadə 1955-ci il martın 6-da Ankarada şəkərli diabet xəstəliyindən vəfat edib.

1993-cü ilin 29 dekabrında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycanın görkəmli ictimai-siyasi xadimi M.Ə.Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında” fərman imzalayıb.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin 22 noyabrında "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.
 

Məqalə Göndər








Загрузка...