Növbəti monitorinqlər III sinifləri əhatə edəcək
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin III siniflərində monitorinq keçiriləcək.
BŞTİ-nin Təhsilin keyfiyyətinə nəzarət sektoru və Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı ilə monitorinq 17 may 2023-cü il tarixində təşkil olunacaq.
Monitorinq Azərbaycan və rus bölmələrində tədris dili, riyaziyyat və İngilis dili fənləri üzrə aparılacaq.
Təhsilalanlara tədris dili üzrə 15, riyaziyyat fənni üzrə 15, xarici dil üzrə isə 10 sual olmaqla, ümumilikdə 40 sual təqdim olunacaq. Sualların cavablandırılması üçün 90 dəqiqə vaxt veriləcək.
Qeyd edək ki, monitorinqin keçirilməsində əsas məqsəd təhsilalanlarda müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək, ibtidai təhsil səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlər görmək, şagirdlərin gələcək inkişafına və müəllimlərin peşəkarlığının təkmilləşməsinə dəstək olmaqdan ibarətdir.