Sən ki, qadın hüquqlarının müdafiəçisi deyilsən, nəyinə lazım…
Mənə deyən yoxdur ki, sən ki, qadın hüquqlarının müdafiəçisi deyilsən, nəyinə lazım…
Bu gün gec də olsa internet televiziya vasitəsi ilə Youtube kanalında “8 Martın qadınlar üçün hansı əhəmiyyəti var?” | Sabaha saxlamayaq | mövzusunda bir verilişə baxdım. Adətən bu kimi şou xarakterli verilişlərə nə getmirəm, nə də baxmıram, çinki həddən artıq əsəbləşirəm. 8 Mart Beynəlxalq Qadınlar Günü ölkəmizdə necə qeyd olunur? – müzakirə mövzusu idi. Adəti üzrə olduğu kimi, bu dəfə də əsas hədəf məktəb, müəllim idi. Öz-özümə bu dəfə nə çəkib- çevirirlər, nəyi “saf-çürük” edirlər deyib, verilişə axıra qədər baxmalı oldum. “Uzaq sahillərdə” filmindəki partizan dəstəsinin komandiri Luicinin sözü olmasın ”Yenə də həmin dalğa, həmin koordinat.”
Bəlkə də tən yarısı reklamlarə həsr olunan bu verilişin əsas qayəsi isə ondan ibarət oldu ki, “8 mart təbrikləşmə günüdür, yoxsa qadın problemlərinə işıq salma günü?” Suala keçməzdən əvəl aparıcıların öz həmkar qadınlarını, studiyada iştirak edən xanım qadınları, auditoriyadakı bütün xanımları təbrik etmələri ilə başlamaları, Füzulinin "Salam verdim, rüşvət deyil deyə almadılar..." gileyini yadıma saldı. Halbuku, indi XV əsr yox, XXI əsrdir - hədiyyəsiz quru təbrikdən kimə nə fayda düşüncəsi əsrdir. Nə isə... “Az getdi, üz getdi, dərə-təpə düz getdi, deyəsən, nağılımız çox uzun oldu, yoruldunuz, hələlik bəsdir.”
Əl qərəz verilişin gedişatı ərzində nəticə olaraq əsasən belə bir qənaətə gəlindi ki, bu sovetdən qalma ənənədir və dayandırılmalıdır. Başqa sözlə, növbəti dəfə də geniş ictimaiyyətdə belə bir rəy formalaşdırılmaq cəhdi reallaşdırıldı ki, cəmiyyətdə hədiyyə vermək, bu məqsədlə pul yığmaq kimi hallara digər yerlərdə deyil, yalnız məktəblərdə, digər peşə sahibləri tərəfindən deyil, yalnız müəllimlər tərəfindən yol verilir. Sual verən olmadı ki, kimlərinsə anasını, bacısını, qızını, həyat yoldaşını, digər sevdiklərini təbrik etmək üçün müxtəlif çeşidli hədiyyə alması hər kəs tərəfindən qəbul olunur, öz sağlamlığı hesabına övladlarımızın təlim-tərbiyəsi yolunda xərcləyən müəllimə adi bir gül dəstəsi vermək kimlərsə tərəfindən belə qısqanclıqla qarşılanır?
Heç olmas, ildə bir dəfə də olsa belə, bayram günü qadın müəllimə müəllim kimi yox, qadın kimi baxsaq, təlim-tərbiyə işimizin keyfiyyəti aşağı düşəcək? Yoxsa ki, məktəblərdə çalışan müəllimlərin hamısı sovetdən qalma müəllimlərdir, bunların içərisində yeni təfəkkürə, müasir düşüncəyə malik olanlar yoxdur? Bəlkə də, həmin gün diqqətə və qayğıya, onu sevən və qiymətləndirən şagird və valdeynlərinin ona sayğı və ehtiram göstərməsinə ehtiyacı olan elə sovetdən sonrakı qadın müəllimdir. Niyə bir günlük də olsa, onları bu sevincdən və məmnunluq hissindən məhrum etməliyik?
“Qadın zərif şüşə kimidir. Onun möhkəmliyini yoxlamağa çalışmayın, hər an sına bilər.”Elə olmasın ki, bir gün bir vaxtlar məktəbə, müəllimə göstərdiyimiz isti münasibətin, bir daha həsrətini çəkməli olmayaq. Yox, əgər kimlərəsə müzakirə mövzusu lazımdırsa, digər sahələrdə, digər peşə sahibləri tərəfindən nə hoqqalardan çıxdıqları barədə yüzlərlə mövzu deyim, birlikdə müzakirə edək.
Bir də ki, mənə deyən yoxdur ki, sən ki, qadın hüquqlarının müdafiəçisi deyilsən, nəyinə lazım…
Bəli, mən belə bir statusa malk deyilən, ancaq, sözü gedən halda qadın müəllimlərin bu şəkildə aşağılanmasınının da tərəfdarlarından ola bilmərəm...
Növbəti ildə bu məsələyə bir daha qayıtmamaq ümidi ilə...
Nadir İsrafilov