Xəbərlər
26 aprel 2017
3 289


"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

 

Azərbaycan Dövlət Aqrar Universitetin (ADAU) dosenti, iqtisad üzrə fəlsəfə doktoru Raibə Cəfərovanın müsahibəsini təqdim edirik. 
Qeyd edək ki, müsahibimiz, həmçinin, 70-dən çox elmi əsərin, 10-dan yuxarı proqramın, 4 metodiki göstərişin, 2014-cü ildə nəşr olunmuş "Təbiətdən istifadənin iqtisadiyyatı” adlı dərsliyin müəllifidir. 10 elmi əsəri isə hazırda çap mərhələsindədir. 
 
- Raibə xanım, ilk öncə xahiş edirik ki, oxucularımıza özünüz haqqında qısa da olsa məlumat verərdiniz. Raibə Cəfərova kimdir, necə oldu ki, bu sahəni seçdi?
 
- Mən Raibə Məmmədbağır qızı Cəfərova ziyalı ailəsində dünyaya gəlmişəm. Atam müharibə və əmək veteranı, podpolkovnik Cəfərov Məmmədbağır 50 ildən çox pedaqoji sahədə müxtəlif vəzifələrdə çalışıb. Gözümü açandan dəftər-kitab içində böyümüşəm. Ağlım kəsəndən oxuyub-yazmağa, axtarış aparmağa həvəsli olmuşam. Təkcə mən yox, ailəmizdə hər kəs elmə maraqlı olub, dörd qardaşımın dördü də ali təhsil alıb. Ona görə də mən də mütləq ali təhsil almalıydım, arzum həkim olmaq idi. Ancaq o zaman başqa şəhərdə ali təhsil almağım həm mənə, həm də valideynlərimə çətin gəldi. Çünki sərbəstliyə alışmamışdım, ona görə də valideynlərimin məsləhəti ilə həkim olmaq arzumdan vaz keçməli oldum. 
 
Atam o zaman iqtisadçıların rəhbər vəzifədə olmasından, müəssisənin daha yaxşı idarə olunmasında iqtisadçıların böyük rolundan danışırdı. Və bu həvəs də mənim iqtisadiyyat sahəsini sevməyimə səbəb oldu, gələcəkdə bu sahədə tədqiqiat aparmaq istəməyimi qarşıma məqsəd kimi qoydu. Məqsədimi reallaşdırmaq üçün orta məktəbi fərqlənmə ilə bitirib o zamankı Kənd Təsərrüfatı İnstitutuna (indiki ADAU) daxil oldum. Beləliklə orta məktəbdə olduğu kimi ali məktəbi də fərqlənmə diplomu ilə bitirib iqtisadiyyat sahəsinə qədəm qoydum.
 
Bu səviyyəyə yüksəlməyimdə isə atam qədər həyat yoldaşımın da böyük rolu olub. O, 2011-ci ildə dünyasını dəyişəndən sonra mən Raibə Ramizli olmuşam. Həyat yoldaşım həm məni müdafiə etməyə həvəsləndirib, həm də mənə bu yolda dəstək olub. Ömrüm boyu hər ikisinə borcluyam və hər ikisinin ruhu qarşısında baş əyirəm. 
 

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

 

- Seçdiyiniz bu sahə sizə indiyə kimi hansı uğurları qazandırıb?
 
- Mən hələ ali məktəbdə oxuya-oxuya elmi dərnəklərdə çıxışlar etməyə, uğurlar qazanmağa başladım və beləcə özümdə elmi tədqiqata qarşı xüsusi marağın olduğunu hiss etdim. O zaman ali məktəbi bitirəndən sonra təyinatla 3 il işləmək lazım idi və məni təyinatla Xanlar rayonuna göndərdilər. Orada iqtisadçı və baş iqtisadçı vəzifələrində işlədim. Ancaq həmin 3 il ərzində işləməklə yanaşı texnikumlarda və bitirdiyim ali məktəbdə müəllim kimi dərs deməyə başladım. Müxtəlif təhsil ocaqlarında müəllim, baş müəllim kimi çalışdıqdan sonra nəhayət ən böyük arzuma çatdım, bitiridiyim universitetdə dosent vəzifəsində fəaliyyətə başladım. İndi iqtisadiyyat üzrə fəlsəfə doktoruyam, iki universitetdə dərs deyirəm. Artıq 30 ildir ki, pedaqoji sahədə tələbələrlə, gənclərlə çalışıram. Gənclərlə işləmək ruhum gənc qalmasında mənə çox kömək edib. 
 
- Raibə xanım, iqtisadçı qadın olmaq nə deməkdir? Bu sahəni seçən qadınlar istər şəxsi həyatlarında, istərsə də cəmiyyətdə hansı üstünlüklərə sahib olurlar? 
 
- Düzdür, hər bir evin idarəedicisi kişi olmalıdır, ancaq bu iqtisadçı peşəsinə sahib olmaq evdəki idarəetmə üsulunu daha yaxşı bilməkdir. Bizim ailəmiz bir çox müəllim ailələri kimi qənaətçiliyə üstünlük verən bir ailə idi. Qənaət yəqin ki, düzgün yaşamağın əsasıdır. Bəzi insanlar qənaət etməyə bir simiclik kimi baxırlar, ancaq mənə elə gəlir ki, bolluq, varlıq içində yaşamağın əsası qənaətdir. Ancaq tək qənaətlə də işlər həll olunmur. Hər bir ailə düzgün idarə olunsa, gələcəyimiz olan hər bir övlada düzgün tərbiyə verilsə, hər bir cəmiyyət irəli gedə bilər. İqtisadçı qadın tək qənaəti yox, ailədə düzgün tərbiyə, düzgün idarəetmə kimi vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarmalıdır.   
 
- Bilirik ki, iqtisadçılar pul işlərində daha təcrübəli olurlar, gəlir-çıxarı düzgün tənzimləyə bilirlər. Onu da bilirik ki, qadınlar kişilərə nisbətən daha çox bədxərc olurlar. Bu sizdə necə tənzimlənib, bir iqtisadçı kimi daha çox qənaət edirsiz, yoxsa xərcləməyi sevirsiniz?
 

- Düzdür, qadınların daha çox bədxərc olduğunu deyirlər, ancaq mən deyərdim ki, bu əksər hallarda belə olmur. Qadınlar daha çox qənaətə, daha çox optimal xərcləmə üsuluna üstünlük verirlər, istehlak səbətini daha çox nizamlamaqda, tənzimləməkdə böyü rol oynayırlar. Düzdür, hər bir ailənin öz ehtyacları var, ancaq bu ehtiyac meyarlarını düzgün idarə etmək ən çox qadından asılıdır. Mən qənaət etməyə də, yeri gələndə xərcləməyə də üstünlük verirəm. Ancaq həmişə xərcləməmişdən öncə nəyi almaq, necə almaq, hansı daha keyfiyyətlidir, hansı daha ucuzdur və aldığım şey doğurdan da bizə lazımdırmı kimi amillərə xüsusi diqqət yetirirəm. Hər kəsə məsləhət görürəm ki, lazım olanı alsınlar, aldığımızın nə vaxtsa bizə lazım olacağını gözləmək düzgün deyil. Marketinqin dövrü belədir ki, istehlak  üçün istehsal etmək lazımdır. Hansı məhsul sənə lazımdırsa, hansı məhsulun bazarı varsa, onu istehsal etmək lazımdır. O cümlədən də mən ailəmdə bu saat üçün ehtiyac olanı almağa üstünlük verirəm. Bunların hamısı qənaətlə xərcləməyin, büdcəni düzgün tənzimləməyin yollarıdır.   
 

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

 

- Raiba xanım, bir tələbəniz olaraq deyim ki, siz çox sevilən müəllimlərdən birisiniz. Sevimli müəllimə olmağı necə bacarmısınız? Gənc müəllimlərə bu barədə hansı tövsiyyələriniz olar?
 
- Sevilən müəllim olmağımı sizin kimi tələbələrimdən çox eşidirəm. Tələbələrim tərəfindən sevildiyimi də çox hiss edirəm, bayram günlərində mənə onlardan gələn zənglərin ardı-arası kəsilmir. Bu zənglər də mənə o qədər xoş gəlir ki, izah edilməsi mümkünsüzdür. Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır. Tələbələrə  məni sevdirən onlara qarşı olan səmimiyyətimdir. Bəzən mənə deyirlər ki, sən tələbələrlə çox səmimisən. Hər zaman dərsdən sonra, yolda, dəhlizlərdə rastlaşanda tələbələrimin hallarını xəbər alıram, rəngləri bir qədər solğun olanda səbəbini soruşuram, üzləri gülməyəndə ailələrində hər hansı bir qayğılarının olub-olmaması ilə maraqlanıram, vaxtaşırı əlaqə saxlayıram. Dəfələrlə mənə deyiblər ki, müəllimə, siz soruşanda atan əmliyat olmuşdu, indi necədir, anan xəstə idi, indi necədir, elə bilirik ki, ailəmizə bir şəfa bəxş edirsiniz. Dərs prosesində də səmimi oluram, tələbələrin bütün suallarını cavablandırmağa, qaranlıq qalan məqamları dəfələrlə izah etməyə çalışıram. Dərslə bağlı bütün istəklərini layiqincə yerinə yetirməyə səy göstərirəm. 
 
Gənc müəllimlərə də hər zaman tövsiyyə edirəm ki, səmimi olsunlar, inzibatçılıq bir şey deyil, uşaqlarla kobud danışmaq heç bir müəllimə yaraşmır. Tələbələr də sabahın mütəxəssisidir, müəllimidir, iqtisadçısıdır, meneceridir. Kobud danışmaq, suallarını qulaqardına vurmaq, hal-əhvalları ilə maraqlanmamaq tələbələri əzir. Tələbə ilə müəllim arasında səd yarananda sonradan o səddi qırmaq çox çətin olur. Neçə il əvvəl dərs dediyim tələbələr müəssisələrdə, məclislərdə, ictimai yerlərdə mənlə qarşılaşanda çox sevinirlər, səmimi görüşürlər, ötən günləri xatırlayırlar və bu da mənə çox gözəl əhval bəxş edir.   
 
- Raiba xanım, hər zaman geyim-keçiminizlə, xarici görkəminizin səliqə-səhmanı ilə həm göz oxşamısınız, həm də çoxlarına nümunə olmusunuz. Bir sözlə, həm də yüksək geyim mədəniyyətinə malik xanımsınız. İndiki tələbələrinizin geyim-keçimi necə, sizi qane edirmi? Beş ballıq qiymətləndirmə aparsaq geyim mədəniyyətlərinə neçə bal verərsiniz?
 
- Hələ tələbəlik illərindən özümə xas geyim tərzim olub. Sadə, ciddi və idman üslublarının vəhdətindən formalaşmış bir geyim üslubuna üstünlük vermişəm. İfrat modaya varmaq nə müəllimə yaraşır, nə tələbəyə. Bundan əvvəl çalışdığım Texnologiya Universitetində hər dəfə dəhlizdə dekanımızla üzləşəndə mənə deyirdi ki, deputat müəllimə dərsə girir. 
 
Geyim mədəniyyətinə xüsusi önəm verirəm və bunu tələbələrimdə də görmək istəyirəm. Partaların arasında gəzərkən açıq geyinmiş tələbə qızlarımızın geyimlərinə sakitcə əl gəzdirərəm, dağınıq saçlarını qaydasına salaram. Bir neçə dəfədən sonra özləri mənə minnətdarlıq edirlər ki, nə yaxşı ki, siz zamanında səhvimizi böyütmədən bizi düzgün istiqamətləndirdiniz. Hər şeydə mədəniyyət, mədəni olmaq lazımdır. İndiki tələbələr çox həssasdırlar, xüusilə qızlar qadın müəllimlərindən çox şey gözləyirlər. Onlardan geyim mədəniyyəti, danışıq mədəniyyəti, davranış qaydalarını öyrənmək istəyirlər. Mən bütün tələbələrimə deyirəm ki, hər bir tələbənin geyim, davranış, danışıq mədəniyyəti olmalıdır. Onlar da zamanla bu tövsiyyələrimə əməl edirlər, anlayırlar ki, başqa cür uğur qazana bilməyəcəklər. 
 
Mənə elə gəlir ki, tələbələrimlə ünsiyyət qurmağı bacarmışam və bu ünsiyyət, sevgi məni qane edir. Düzdür, tək-tük hallarda ərköyün tələbələr də olur, ancaq 1-2 dərsdən sonra onlar da digər tələbələrin cərgəsinə qoşulurlar. Bir müəllim kimi tələbələrin bugünkü durumu da geyimləri də məni qane edir. Geyim-keçimlərində də sadə və ciddi üslubda geyinmələrini, açıq-saçıqlıqdan uzaq durmalarını, tələbəyə oxşamalarını tövsiyyə edirəm. Beş ballıq qiymətləndirmə sistemi olsaydı, tələbələrimin geyim tərzinə "4+” qiymət verərdim. Xüsusilə oğlanlar çox səliqəli və ciddi geyinirlər. 
 

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

 

- Bir qədər də dərs dediyiniz ADAU-dan danışmağınızı xahiş edirik. ADAU-nun özəllikləri nədir? Tədris sistemindəki yeniliklərdən, fakültənizin qazandığı uğurlardan bir qədər bəhs etməyinizi arzu edərdik.
 
- Bilirsiniz ki, ADAU lap əvvəldən kənd təsərrüfatı mütəxəssisləri hazırlamaq sahəsində yeganə ali məktəb olub. İndi də respublikamızda bu özəlliyi ilə yeganə universitetdir. Universitetdəki ab-hava, rektorun tələbələrlə dostluğu, müəllimlərlə tələbələrin ünsiyyəti, universitetin maddi-texniki bazasının güclü olması, peşəkar müəllimlərinin olması ADAU-nun başlıca özəlliklərindədir. ADAU-nun müəllimləri hər zaman yaxşı mənada seçilib. Universitetin tələbələri də digər ali təhsil müssisələrində təhsil alan tələbələrdən həm əxlaqları, həm dərsə maraqları ilə seçilirlər. Burada digər universitetlərdən fərqli olaraq elmi tədqiqat işi önəmli olub, ona görə də alimlərimizin sayı çoxdur, getdikcə də artmaqdadır. Rektorumuz hörmətli İbrahim Cəfərovun zəhməti nəticəsində universitetdə günü-gündən hər şey yaxşılığa doğru gedir. Universitetin tədris korpusları yenilənir, müasir tələblərə cavab verən auditoriyalar qurulur, maddi texniki bazamız yaxşılaşır. Bütün auditoriyalarda müasir sistemlə mühazirə oxumaq üçün lazımi şərait yaradılıb, kompüterləşdirilib, zəngin elektron kitabxanamız mövcuddur. Universitetin müasir tipli yataqxanası istifadəyə verilib, özüm gedib yataqxanada olmuşam, oradakı şərait, ab-hava məndə müsbət ovqat yaradıb. Tələbələrimiz yataqxanada deyil, sanki beşulduzlu oteldə qalırlar. İkinci yataqxanamızda aparılan təmir-tikinti işləri də başa çatmaq üzrədir. Bütün bunlar ADAU-nu digər ali təhsil müəssisələrindən fərqləndirən özəlliklərdir. 
 
ADAU-nun iqtisadiyyat fakültəsi də böyük uğurlara imza atıb. Ən böyük uğurlarımız odur ki, ildən-ilə iqtisadiyyat üzrə fəlsəfə doktorlarımızın sayı artır. Həmin fəlsəfə doktorlarının apardıqları elmi tədqiqqatlar onların tədris prosesinə də öz müsbət təsirini göstərir. Fakültəmizdə elmə qarşı maraq çoxdur, hər zaman tədqiqatlar aparılır.
 
- İqtisadçı xanımla müsahib olasan və iqtisadiyyatdan danışmayasan məncə, günah olar. O üzdən soruşmaq istərdim ki, hazırkı iqtisadi böhrandan dünya, xüsusilə də Azərbaycan necə xilas olacaq? Nə kimi işlər görülməlidir, hansı antiböhran tədbirləri həyata keçirilməlidir?
 
-  Dünya dövlətlərinin hər birinin iqtisadi xüsusiyyətinə uyğun tədbirlər görülməlidir. Məsələn, neftdən asılı olan ölkələrdə real sektorun inkişafı tədbirlərinə üstünlük verilməlidir və s. Azərbaycana gəlincə, ilk növbədə valyuta gətirən sahələr dəstəklənməli, konkret olaraq hansı məhsulların idxalı daha çox ölkədən valyuta çıxarılmasına səbəb olursa, o sahələrin yerli istehsalla əvəzlənməsi stimullaşdırılmalıdır. Bu tədbir manatın möhkəmləndirilməsi, ölkənin tələbatının yerli istehsal hesabına təmin edilməsi, qiymətlərin stabilləşdirilməsi kimi müsbət nəticələrə səbəb ola bilər.
 
- Raiba xanım, bir jurnalist olaraq iqtisadi mövzuda danışmağa iqtisadçı xanım demək olar ki, tapa bilmirəm. Elə düşünmürsünüzmü ki, bu sahədə peşəkar iqtisadçı qadınlarımız yox dərəcəsindədir? Çünki mənim tandıqlarım da ancaq müəllimlik fəaliyyəti ilə məşğuldular. Yoxsa mən yanlış düşünürəm?
 
- Düzdür, iqtisadçı qadın müəllim var, amma sırf iqtisadiyyatla məşğul olan  qadınlarımız azdır. Ancaq son zamanlar bu sahədə irəliləyiş var. Yuxarıda dediyim kimi, bizdə iqtisad üzrə yeni fəlsəfə doktorları var ki, həm də tədrislə məşğuldurlar. Universitetimizin nəzdində akademik Ziyad Səmədzadənin sədrliyi ilə 6 il disertasiya şurası fəaliyyət göstərdi. Mən də həmin elmi şuranın üzvü idim. Bu şuranın universitetimizdə olmasının şəxsən bizim fakültənin əməkdaşlarına çox xeyri oldu. 10-a yaxın insan həmin elmi şurada elmi tədqiqat işini başa çatdırdı və disertasiya müdafiə etdi. Həmin insanların arasında xeyli sayda qadınlar var. Hörmətli prorektorumuz Aida xanım da həmin qadınlardan biridir. 
 

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

 

- Son olaraq, oxucularımıza, xüsusən də iqtisadiyyatda olan və bu sahəylə maraqlananlara nələri demək istərdiniz? 
 
- Sonda demək istərdim ki, həyat çətinliklərlə doludur, indiki zamanda, torpaqlarımızın 20 faizi işğal olunmuş bir dövrdə, qiyməti olmayan yerüstü və yeraltı sərvətlərimizin işğal altında olduğu bir zamanda xüsusilə iqtisadiyyatı yaxşı idarə etmək lazımdır. Düzdür, bir zamanlar deyirdilər ki, ölkəmiz neft ölkəsidir. Ancaq son illərdə bir daha sübut olundu ki, bizdə bütün sahələr inkişaf etməlidir. Kənd təsərrüfatı da olmadan heç bir sahə inkişaf edə bilməz. Necə ki, bütün bəşəriyyəti kənd təsərrüfatı ərzaqla təmin edir, o cümlədən bütün sahələrin xammal bazası kənd təsərrüfatındadır. Biz daim inkişafdayıq, iqtisadiyyatın inkişafı üçün, ərzaq təminatını ödəmək üçün, davamlı inkişafımız üçün, əhalimizin sağlam qidayla təmin olunması üçün, bütün iqtisadi sahələrin inkişafını təmin etmək üçün mütləq kənd təsərrüfatını inkişaf etdirməliyik. Kənd təsərrüfatını da inkişaf etdirmək biz müəllimlərdən, alimlərdən və dərs dediyimiz tələbələrdən asılıdır. Kənd təsərrüfatı mütəxəssisi nə qədər güclü, bilikli olsa, bu sahə bir o qədər də yaxşı inkişaf edər, gəlirimiz çox olar. Gəliri çox olan ölkə də həmişə qüdrətlidir. Həmişə çalışmalıyıq ki, dövlətimizin qüdrətini, bayrağımızı yüksəldək, əhalimizin qayğısına qalaq. 
 
Arzu edirəm ki, yaxın gələcəkdə işğalda olan torpaqlarımız azad olunsun, yetişdirdiyimiz tələbələr həmin rayonlarda çalışsınlar və həmin torpaqlarımızı əvvəlki qaydasına qaytarsınlar. Dövlətimiz hər zaman qüdrətli olsun. 
 
- Raibə xanım, zaman ayırıb həmsöhbətimiz olduğunuz üçün təşəkkür edirəm.
- Mən də sizə təşəkkür edirəm. 
 

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

 

moderator.az
Məqalə Göndər








Загрузка...