"Ucqarlardakı məktəblərdə dəhşətli səhnələr yaşanır, bəzən, bir sinifdə cəmi iki şagird olur”
AzEdu.az-ın "Təhsil resepti” rubrikasının budəfəki həmsöhbəti şagird, müəllim, tələbə-bütün təhsil kontingenti ilə bağlı təkliflər verən tanınmış detektiv yazıçı, riyaziyyatçı Elxan Elatlıdır.
30 ilin müəllimi olan yazıçı, bir vaxtlar məktəb direktoru kimi çalışdığına görə, məktəbdaxili təhsil islahatları ilə bağlı önəmli təkliflər irəli sürüb. O qeyd edib ki, Azərbaycandakı təhsil islahatları ya səhv yöndə olub, ya da bunun üçün tələsiblər:
"Bu haqda danışanda M.Ə.Sabirin sözü yadıma düşür: "Çırmanırıq keçməyə çay gəlməmiş”. Yəni, həmişə yanlış olaraq bir neçə addım qabaq üçün dəyişikliklər etməyə çalışmışıq.
Məncə, təhsil sistemində böyük islahatlara ehtiyac var. Elmi-nəzəri mövzuları bir qədər sadələşdirmək lazımdır. Məsələn, son onillikdə riyaziyyat dərsliklərində artımlar müşahidə olunur. Riyaziyyat dərya boyda böyük elmdir. Hamısını uşaqlara öyrətmək üçün bir zamanlar X sinifdə keçirilən mövzunu indi sıxışdırıb VII sinfə salıblar. Bu, tam yanlış yoldur. Məncə, fənləri sadələşdirmək, hətta sayını azaltmaq, uşağı bir vətəndaş kimi yetişdirməyə lazım olan yeni fənləri ortaya atmaq lazımdır. Təəssüf ki, bunları sözdə desək də, əməldə etmirik.
Artıq məktəbin funksiyasını birmənalı olaraq anlamaq lazımdır. Şagird I sinifdən XI sinfədək lazımlı vətəndaş kimi yetişməli, xalqa lazımlı, öz ayaqları üstündə durmağı bacaran biri olmalıdır. Açığı, təhsilimiz buna cavab vermir”.
Məntiqsiz "Riyaziyyat oyunları”
"Orta məktəblərdəki mövcud riyaziyyat proqramı bizi istər-istəməz saxtakarlığa aparır”
"Riyaziyyat elə fəndir ki, 1000 şagirddən 1-2-nin XI sinfi bitirəndə bu fəndən aldığı qiymət halal ola bilər. Əks halda, çoxu heç attestat da ala bilməz. Elə proqram qoymuşuq ki, riyaziyyatı şagirdlər hamısı öyrənə bilmir və proqram bizi istər-istəməz saxtakarlığa aparır. Mən son onilliyi nəzərdə tuturam. Bu proqramla şagirdin XI sinfi yüksək qiymətlə bitirməsi bir az şübhəlidir. Bunu az şagird bacarır. Amma çoxu "4” və "5” alır. Çünki başqa çarə yoxdur. Axı Ədəbiyyat və Tarixə meyl edən şagird niyə attestatsız qalsın?! Riyaziyyat həmişə belə kötük rolunu oynayır. Ona görə də onu sadələşdirməliyik. Elə etməliyik ki, riyaziyyatı humanitar yönümlü şagirdlər də sevə bilsinlər. Riyaziyyat dərsliklərinin ən böyük problemi də elə budur”.
"Kurikulum şou”
Yazıçı kurikulum sistemindəki qiymətləndirmələrdən danışarkən bildirib ki, klassik qiymətləndirmə daha dürüstdür:
"Bir Riyaziyyat müəllimim vardı. Əminliklə deyə bilərəm ki, az Riyaziyyat müəllimi onun kimi ola bilər. Riyaziyyatı mənə o sevdirib. Bir sözü vardı - bəlkə də bu günün reallığında bu söz kobud görünə bilər - deyirdi ki, "müəllim üçün bir yazı lövhəsi və təbaşir kifayətdir”. Bu gün kurikulumun verdiyi bir çox məsələlər şou kimi görünür. Partaları belə düzək, şagird belə otursun və s... Bütün bunlar mənə yalnız kosmetik dəyişiklik təsirini bağışlayır.
Bunun üçün ilk növbədə daxilində vicdan olan yaxşı müəllim lazımdır. Bilməlidir ki, yaxşı şagird yetişdirməli, dərsini yüksək səviyyədə keçməlidir. Ümumi nəzarət, proqramlaşdırma lazımdır. Amma əsas məqsəd elmi fənləri sadələşdirmək olmalıdır. Elə etməliyik ki, şagirdlərin özləri onu öyrənmək üçün maraqlansınlar”.
Haram "ədəbiyyat pulu”
"Ədəbiyyat müəllimi 7 il aldığı maaşın ona halal olmasını istəyirsə...”
Yazıçının sözlərinə görə bu gün şagirdlər az kitab oxuduqları üçün günahkar deyillər:
"Məndə o fikir formalaşıb ki, indiki şagirdlərdə əslində mütaliəyə həvəs var, sadəcə onu istiqamətləndirmək lazımdır. Əgər bu gün onlar az kitab oxuyurlarsa, qətiyyən günahkar deyillər. Əvvəl orta məktəblərdə həftədə bir dəfə "sinifdənxaric qiraət” var idi. Onu ləğv etməklə, təhsilimizə böyük zərbə vurdular. Bilmirəm, onu neçənci illərdə və niyə ləğv etdilər?! Həftədə bir dəfə müəllim desə ki, əlavə hansısa romanı oxuyub onu müzakirə edəcəyik, güclü effekt almaq olar.
V sinfi götürüb, XI sinfəcən aparan Ədəbiyyat müəllimləri 7 il dövlətdən maaş alırlar. Nəticədə isə XI sinfi bitirən şagirdin ədəbiyyata iynə ucu qədər marağı olmur. Müəllim onu cəmiyyətə biliksiz buraxır. Nəticədə, dövlətdən alınan pul müəllimə haram olur. Ədəbiyyat müəllimi 7 il aldığı maaşın ona halal olmasını istəyirsə, şagirddə az da olsa ədəbiyyata maraq oyatmalıdır. Proqramı bir kənara qoyaq, ən azından müəllim özü hansısa yaxşı romanı oxuyub onu təbliğ edə bilər. İkiüzlülük etməklə özümüzü elə göstəririk ki, proqrama düzgün əməl edirik, düzgün yazırıq, amma nəticə mənim dediyim kimi olur. Öyrətdiyimiz şagird bədii ədəbiyyata nifrət edir və heç bir kitab oxumur. Elədirsə, bu 7 ildə sən nə öyrətmisən?!”
Keçirdiyi görüşlərə əsasən şagirdlərin özünüifadə bacarıqlarının normal olduğunu deyən Elxan Elatlı direktor olduğu müddətdə tətbiq etdiyi yeniliklərdən də söz açıb:
"Mən direktor olanda sinifdən və dərsdən xaric tədbirlərə böyük önəm verirdim. Bilirdim ki, məktəb direktoru və onun kollektivi jurnalistlərə göstərmək xətrinə yox, ürəklə hər ay bir neçə belə tədbir keçirsə, şagird məktəbə daha çox bağlı olar. Çünki dərslər bir qədər eyni, yeknəsəq olur. Bu üzdən direktor olanda şagirdləri məktəbə cəlb etmək üçün bir sıra üsullardan istifadə edirdim”.
"Repetitor yoluxması” xəstəliyi
"Hamı məhz buna görə repetitorun yanına qaçır”
Bir müddət repetitor kimi fəaliyyət göstərən yazıçı təhsildə belə müəllimlərə ehtiyacın hansı zərurətdən doğduğunu və çıxış yollarını izah edib:
"Müəllim işləyəndə şagirdlərə açıq aydın deyirdim ki, dərsdə mənə diqqətlə qulaq assanız, nə hansısa repetitor yanına getməyə, nə də mənim yanıma gəlməyə ehtiyac qalmayacaq. Azərbaycanda bir qədər məzəli, gülməli keyfiyyət müşahidə etmişəm: Hətta kasıb, 5-3 manat ərzağa pul verməyə qıymayan, daha ucuz və zərərli məhsul alan, kiminsə 2 manata ehtiyacı olanda ona kömək etməyən valideynlər böyük məmnuniyyətlə, ehtiyac olmasa belə, ayda 50-100 manat repetitora verə bilirlər.
Bununla öz təcrübəmdə də rastlaşmışam. Valideyn iki övladını göndərdi. Dedi ki, ikisi ilə də güclü məşğul olun. Mən də razılaşdım. Çox yox, bir ay keçəndən sonra hiss etdim ki, bu uşaqların repetitora ehtiyacları yoxdur, mənimsə aldığım pul haramdır. Elə bu səbəbdən də onlardan imtina edən zaman valideyn hətta mənə hədə-qorxu gəlib, dedi ki, uşaqla mütləq məşğul olmalısan. Sanki bu, mütləqdir! Şagirdin məktəbdə yaxşı müəllimi varsa da, onu sevə-sevə repetitor yanına göndərmək istəyirlər. Mən buna yaxşı baxmıram.
Repetitorluq imtahanlarla məktəb proqramının fərqindən yaranır. Məktəb başqa şey öyrədir, ali məktəbə imtahan verəndə isə tam başqa bir şeydən imtahan verirsən. O başqa şey məhz repetitorun əlindədir. Ona görə də hamı onun yanına qaçır”.
"Bunlar varsa, çatışmayan cəhətlər artıq müəllimdən asılı deyil”.
Detektiv yazar müəllimlərin üzləşdiyi əsas çətinlikləri dilə gətirib:
"Müəllimin əsas çətinliyi ilk növbədə əməkhaqqının aşağı olmasıdır. "Müəllim” adı müqəddəs olmaqla yanaşı, həm də çox fərqlidir. Müəllimin ən azından quru da olsa, bir adı var. O adı aşağı salmamaq üçün ilk növbədə müəllimə yüksək maaş verilməlidir. Ən azından şagirdlər onu öz valideynləri ilə müqayisə edəndə, istehza ilə baxmamalıdırlar.
Müəllimdən vicdan və bilik tələb olunur. Bunlar varsa, çatışmayan cəhətlər artıq ondan asılı deyil. Əgər şagird onu incidir, saymırsa, bu, cəmiyyətdəki problemlərdən irəli gəlir.
"Müəllim azadlığı”
"Müəllimlərimiz nə özülərini inkişaf etdirməkdə maraqlıdırlar, nə də ona vaxt tapırlar”
-Onsuz da dərs onları yorur, maddiyat səbəbindən dərsdən sonra başqa yerə qaçmalı olurlar. Nadir hallarda özlərini inkişaf etdirirlər. Onlar da yalnız gənc, həvəsli müəllimlərdir.
Əgər müəllim maddi cəhətdən tam təmin olunub, bütün diqqətini işinə versə, dərsdən sonra da məktəb barədə çalışmağa başlayar. Amma başqa problemləri olduğuna görə, qurbağa yol ağzından qurtaran kimi qaçıb məktəbdən canlarını qurtarırlar. Evdə öz üzərində işləmək və sabah üçün çalışmağa həvəsləri olmur”.
Müəllimlər üçün təşkil olunan müxtəlif kursların fəaliyyətinə toxunan yazıçı əslində çəkilən xərcin keyfiyyətə dəymədiyini vurğulayıb:
"Müəllim üçün əsas vicdan, bilik və şagirdə yanaşma bacarığıdır. Kurs müəllimə bunları verə bilməz. Bir çox ixtisaslara qəbul olunmaq üçün qabiliyyət imtahanı mütləqdir, müəllim ixtisasında isə yox. Bu, əslində, elə ən çox müəllimin özünə lazımdır. Bəzən deyirlər ki, şair olmaq üçün şair doğulmaq lazımdır. İnsan da müəllim doğulmalıdır. O uşağı sevmir və onunla işləməyə marağı yoxdursa, ondan müəllim olmaz! Sonradan kursa getməklə bəlkə də müəyyən biliklər qazanılır. Amma bu, heç də çəkilən xərcə dəymir”.
İkişagirdlik "dəhşət sinifləri”
"Ucqarlarda əcaib, dəhşətli səhnələr yaşanır...”
Şagird azlığı səbəbilə ucqar kənd məktəblərinin boş qalması məsələsinə də toxunan Elxan Elatlı bildirib ki, bunun səbəbini təhsildən kənarda axtarmaq lazımdır:
"Öncə bu kimi halların yaşandığı ucqar yerə yol çəkilməli, iş yerləri açılmalıdır. Belə məktəblər haqda məlumatım var. Bəzən oralarda əcaib, dəhşətli səhnələr yaşanır. Məsələn, bir sinifdə iki şagird olur. Onun biri dərsə gəlməyəndə hesabata düşür ki, şagirdlərin 50%-i dərsdə iştirak etmir. Bir müəllim sinfə girib iki uşağa dərs deyir. Mənə elə gəlir ki, ondansa bu xərc avtobusa çəkilsin. Bir maşın şagirdləri hər gün qonşu məktəblərə aparıb gətirsin. Bu, müəllimlərin ziyanınadır və boş xərcdən başqa bir şey deyil”.
Yazıçının fikrincə, son illərdə Azərbaycanda texniki sahə daha çox inkişaf edib. Bunu şagird və tələbələrin gəlirli iş tapmaq arzusu ilə əlaqələndirir:
"Humanitar sahələrdə nə var ki?! Onları gələcək təminat baxımından elə də perspektivli görmürəm. Elə valideynlər də şagirdləri daha çox texniki sahələrə istiqamətləndirirlər.
30-40 il əvvəl Azərbaycan riyaziyyatı geri deyildi. Mənim dünya riyaziyyatına adı düşən azərbaycanlı müəllimlərim olub. Onların adına müxtəlif teoremlər vardı. Məsələn, Arif Babayevin adına fəzalar, Mirabbas Qasımovun adına teoremlər və s. Onlar yüksək səviyyəli riyaziyyatçı yetişdirirdilər. İndi o səviyyədən bəlkə də aşağıdayıq.
Mən Bakı Dövlət Universitetini 1980-1985-ci illərdə oxumuşam. O vaxtlar magistr və bakalavr söhbəti yox idi. Çox adam heç onun mənasını da bilmirdi, 5 il oxuyurduq. Yalnız universiteti bitirib diplom alandan xeyli sonra bildik ki, sən demə, bizə verilən təhsil həmin vaxt dünya səviyyəsində magistrə verilən təhsildən qat-qat artıq imiş. Hazırda dünya ölkələrində də bu sistemdir”.
"Şagird və abituriyentləri çox incitməyək!”
"Onları bilik baxımından incidək. Konkret real biliyi ortaya qoymayanlar heç vaxt universitetə qəbul oluna bilməsinlər. Amma qaydaları çətinləşdirməyək. Hər bir qayda , yenilik tətbiq edəndə məncə sadələşdirməyə önəm vermək lazımdır. Bəzən bu qaydalar çox çətin gəlir və anlamaq mümükün olmur”.
Ömrünü arzulamadığı yerdə, özünü tapmadan keçirən gənclik...
Tələbələrlə tez-tez görüşən yazıçı onların təəssüf doğuran etiraflarını dilə gətirib:
"İnanın, 10 tələbədən 8-i öz yerində olmadığını etiraf edir. Hansı fakültədə oxuduqlarını soruşuram. "Niyə bu fakültə?” -deyəndə məlum olur ki, arzulamadıqları yerdədirlər. Əvvəl belə deyildi. Mən konkret riyaziyyatçı olmaq və BDU-da oxumaq istəyirdim. Hətta atam təklif etdi ki, ADPU-nu seç, etiraz etdim. Əvvəldən məqsəd qoymuşduqsa, ondan kənara çıxmaq yox idi. Ya istədiyimiz ixtisasa qəbul olurduq, ya da ümumiyyətlə, tələbə olmurduq”.
Müəllim haqqında gecikən roman
"Onların gələcəyi çox mənasız olacaq...”
"İndi isə bir ixtisası arzulayır, alınmayanda çarəsiz başqa ixtisası oxuyurlar. Çox pis gündədirlər. Tələbələrə yazığım gəlir. Filologiya tələbəsindən soruşuram ki, ədəbiyyatı sevirsən? Cavab verir ki, yox, mən tarixçi olmaq istəyirdim. Bunu aradan qaldırmaq lazımdır. Məsələ qəbul sistemindədir. İxtisasları ardıcıl yazırlar və topladıqları bal az olsa, sondakılara düşürlər. Bunu ləğv etmək lazımdır. Qəti imkan vermək olmaz ki, kimsə sevmədiyi sahəyə düşsün. Onların gələcəyi çox mənasız olacaq. Müəllim olsalar, şagirdləri bədbəxt edəcəklər”.
Yazıçı bildirib ki, müəllim, direktor, detektiv olmağından asılı olmayaraq, həmişə şagirdləri eyni səmimiyyətdə olmağa çalışıb:
"Xüsusilə də Riyaziyyat çətin elm olduğuna görə, şərait yaratmışam ki, çəkinmədən bilmədiklərini soruşsunlar. Müəllim nəyisə bilməsə şagirdlər düşünür ki, o, savadsızdır. Həmişə səmimi olub demişəm ki, "Riyaziyyat bir dəryadır. Onu nə mən dərindən bilə bilərəm, nə də siz. Gəlin, birlikdə öyrənək. Mən sizdən bir az artıq bildiyimə görə onları sizə də öyrədəcəyəm”. Şagirdlərim məni belə qəbul ediblər. Ona görə də həmişə arada sevgi, hörmət, inam olub”.
Elxan Elatlı sonda qeyd edib ki, ürəyindən məktəbə aid bir roman yazmaq keçir:
"İstəsəm də, nədənsə mənə çətin gəlir. Amma bunu mütləq etməliyəm. Ən azından özümə görə... Çünki 30 ilə yaxın müəllim işləmişəm...”