Riyaziyyat fənnini necə sevdirməli?
Bu gün Azərbaycan təhsilinin və təhsil sahəsində çalışanların əsas məqsədi dünyanın təhsil meridianına çıxmaq, inkişaf etmiş ölkələrin təhsil təcrübəsi fonunda daha mükəmməl bir sistemin yaradılmasına nail olmaqdan ibarətdir. Bu məqsədə çatmaq üçün təhsil sahəsində aparılan islahatlarda müəllimin də üzərinə mühüm vəzifələr düşür. Bu vəzifələrdən ən mühümü müəllimin yüksək tədris keyfiyyətinə nail olmaqdır. Bunun ən səmərəli yolu şagirdlərdə fənnə maraq yaratmaqdır.
Hər bir fənni, dərsi maraqlı etmək, sevdirmək o qədər də asan olmayan bir işdir. Bu iş müəllimin pedaqoji ustalığından, fənni, uşaqları necə sevməsindən asılıdır. Hər bir fənnin özünəməxsus çətinlikləri olduğu kimi riyaziyyat fənninin də çətinlikləri az deyil. Bunu riyaziyyat fənnini tədris edən müəllim olduğum üçün deyil, həqiqət olduğuna görə yazıram. Çoxları bunu etiraf etməsə də riyaziyyat fənni ilk baxışda "quru” təsir bağışlayır və onun dərinlikləri hamını qorxudur. Bəziləri bəzən "Bu fənni necə maraqlı etmək olar, orada düsturlar, rəqəmlər, hərflərdən başqa heç nə yoxdur” deyə fikirləşirlər...
Şagirdin dərsə marağı onun müstəqilliyindən, prosesdə fəal iştirak etməsindən asılıdır. Bunun üçün müəllim öz fənninə qarşı şagirddə maraq oyatmalıdır. Riyaziyyatda məsələ həlli şagirdlərin riyazi fəaliyyətini inkişaf etdirməyin səmərəli yoludur. Məsələ həlli zamanı şagirdlərin müstəqilliyi artır, təfəkkür fəallığı yüksəlir, nəzəri materialla praktik iş arasında əlaqə yaratmaq imkanı genişlənir. Bir məsələnin bir neçə yolla həll etdirilməsi şagirdin riyazi təfəkkürünün formalaşdırılmasına daha yaxşı təsir göstərir. Bu zaman onlar öz mülahizələrini irəli sürür və fikir mübadiləsi aparırlar.
Belə yanaşma - yaradıcı, düşündürücü məsələlərin düzgün seçilməsi və onların tədris olunan materialla əlaqələndirilməsi şagirdin məsələyə marağını artırır. Şagirdlərin yazı təfəkkürünün formalaşdırılması üçün məsələlərin çətinlik dərəcəsini tədricən artırmaq da məqsədəuyğundur. Uşaqlarda sərbəst məsələ tərtib etmək bacarığı yaratmaq lazım gəlir ki, çatışmayan şərti onlar axtarıb tapsınlar. Bu, çox vaxt sürətlərin müqayəsəsində istifadə edilir. Hansı sürət məlum deyilsə, şagird onu axtarıb tapıb məsələni həll etməlidir. Bu, şagirddə fənnə sevgini artırır.
Bəzən mövzulara maraq yaratmaq üçün əyləncəli elementlərdən istifadə etmək gözəl nəticə verir. Funksiya mövzusunun izahı zamanı cədvəl qurub məlum düsturla qiymətini hesablayaraq özlərinin cədvəli tamamlaması şagirdlərdə xüsusi maraq yaradır. Elə etmək lazımdır ki, dərsdə istifadə edilən əyləncə elementləri şagirdlərin təfəkkür fəaliyyətini stimullaşdırsın, onları düşünməyə, yaradıcılığa, tədqiqata sövq etsin. Yəni şagird dərsdə nəyi isə özü öyrənsin.
Şagirdlərdə müstəqil fəaliyyət bacarığını inkişaf etdirmək yollarından biri də dərslik üzərində müstəqil işdir. Müstəqil iş yerinə yetirildikdən sonra şagirdlərlə birlikdə təhlil olunmalı, nöqsan və çatızmazlıqlar qeyd olunmalıdır. Müstəqil iş müəllimin nəzarətində aparılmalı, fəal şagirdlərin fikirlərini cəmləməsinə şərait yaradılmalı, zəif oxuyan şagirdlərə fərdi şəkildə kömək göstərilməlidir.
Riyaziyyatı sevdirməyin yollarından biri də şifahi hesabı inkişaf etdirmək, əyləncəli yollarla tez hesablamaq bacarığını aşılamaqdır. Sonuncu rəqəmi 5 ilə qurtaran ikirəqəmli ədədlərin kvadrata yüksəldilməsi, istənilən ədəddən kvadrat kökün alınması proseslərinin şifahi yerinə yetirilməsi şagirdlərdə böyük maraq yaradır. Onlar həmyaşıdları arasında bu üsulları bilmələri ilə qürurlanır və bunu hamıya nümayiş etdirməyə çalışırlar.
Belə müstəqil fəaliyyətə sövq edən tapşırıqlar şagirdlərdə düşünmə qabiliyyəti, müstəqil qərarlar qəbul etmək kimi mühüm bacarıqlar formalaşdırmaqla yanaşı fənni də sevdirir.