Kamran Əsədov: "Müəllimlərin dərs keçməyə vaxtı yoxdur"
"Bu gün müəllimlərə çox sənəd yazdırılır. Bunlar jurnalların yazılması, formativ və summativ diaqnostik imtahanların keçirilməsi, elektron jurnal və gündəlik iş planıdır".
Bunu təhsil eksperti Kamran Əsədov deyib.
Ekspert bildirib ki, bu yazı işləri kifayət qədər vaxt itkisidir:
"Düşünürəm ki, bu sənədlərin olması normaldır. Həmin sənədləşmələrin həyata keçirilməsi üçün müəllimlərə köməkçi lazımdır. Kurikulum tədris edən ölkələrdə köməkçi müəllimlər olur. Sistem formalaşdırılıb ki, köməkçi müəllimlər mövcud jurnalların yazılmağında texniki, yardımçı işlər görsün, sinif müəllimi isə bütün diqqətini tədrisin təşkilinə ayırsın. Bu gün ölkədə real olaraq müəllimlərin dərs keçməyə vaxtı yoxdur. Rəqəmlərə əsasən Bakı şəhərində minlərlə uşaq 1-ci sinfə gedir, hər sinfə 30-dan çox şagird düşür. İndi bu müəllim sənəd yazsın, yoxsa o boyda uşağa dərs keçməyə çalışsın? Nəticədə müəllim tədrisə vaxt ayıra bilmir, bu zaman isə şagirdlər məcburiyyətdən repetitora müraciət edir. Bu yazılan sənədlər hüquqi aktlar olduğu üçün dəyişə bilmərik. Ancaq köməkçi müəllim və ya tyotor sistemi yaradılarsa, müəllimlərin işinə kifayət qədər kömək olmuş olar. Müəllim də dərs vaxtını uşaqların bilik və bacarıqlarının formalaşmasına həsr edər".Tehsil.biz