AzTehsil.com


Xəbərlər
24 may 2017
5 470


Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ



Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

 

"Birinci sinfə elektron sənəd qəbulu bütün subyektiv amilləri aradan qaldırır”
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunun müdiri İlhamə Abdullayevayanın APA-ya müsahibəsini təqdim edirik:
 
- Paytaxt məktəblərində birinci sinfə elektron sənəd qəbulu bir neçə aydır davam edir. Ümumiyyətlə, bu sistem hansı zərurətdən tətbiq edilir?
 
- Birinci sinfə elektron sənəd qəbulunun tətbiqi vətəndaşların rahatlığının təmin olunmasına, valideynlərin əlavə vaxt itkisinin qarşısının alınmasına və mövcud olan bərabər təhsil imkanlarının genişləndirilməsinə şərait yaradır. Eləcə də I sinfə elektron sənəd qəbulu prosesi bu sahədə şəffaflığın təmin olunması, subyektiv amillərin aradan qaldırılması, insanlara obyektiv seçim azadlığının verilməsi, təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi və şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir.
 
Təsadüfi deyil ki, 2017-2018-ci dərs ili üçün Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində şagird qəbulunun sadələşdirilməsi valideynlər tərəfindən də razılıqla qarşılanır.
 
- Elektron sənəd qəbulunda bu il tətbiq olunan yeniliklər valideynlərə hansı imkanları verir?
 
- Məlum olduğu kimi, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey, gimnaziyalarda və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu artıq 3-cü ildir ki, elektron qaydada aparılır. Sənəd qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.
 
Birinci sinfə şagird qəbulu sistemi ilbəil təkmilləşdirilir. Belə ki, artıq valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə özləri edə bilirlər. Həmçinin, sənədlər məktəbə təqdim edilən zaman uşaqlar müsahibəyə cəlb  olunmurlar. Eyni zamanda, bəzi məktəblərdə süni şagird sıxlığının qarşısını almaq məqsədilə qəbul ilk növbədə, prioritetlər (valideynin mikroərazidə yaşaması, bacı və ya qardaşın həmin məktəbdə oxuması, valideynlərdən birinin həmin məktəbdə işləməsi) əsasında aparılır. Belə ki, uşağın həmin məktəbə qəbul edilməsi üçün qeyd olunan prioritetlərdən biri olduqda, bu proses sistem tərəfindən tənzimlənir.
 
Digər bir yenilik isə lisey və gimnaziyalara qəbulla bağlıdır. Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 160 nömrəli klassik gimnaziya və 287 nömrəli "Zəkalar” liseyinə I sinfə qəbul zamanı ilk növbədə, həmin ümumi təhsil müəssisələrinin müəyyən edilmiş mikroərazisində yaşayan vətəndaşların ərizələrinin qeydiyyatı aparılır. Həmin təhsil müəssisələrinə müəyyən edilmiş mikroərazidə yaşayan vətəndaşların uşaqları müsabiqədənkənar qəbul edilir. Bu da təbii olaraq, həmin ərazidə yaşayan uşaqların təhsil hüquqlarının təmin olunması zərurətindən irəli gəlir. Digər ərazilərdə yaşayan valideynlərin uşaqları isə həmin ümumi təhsil müəssisələrinə yalnız müsabiqə yolu ilə qəbul üçün qeydiyyatdan keçə bilərlər. Həmin uşaqlar üçün müsabiqə iyun ayı ərzində keçiriləcək.
 
Martın 15-dən ötən müddətdə I sinfə qəbul üzrə 43 mindən çox uşaq elektron qeydiyyatdan keçib. Bu isə paytaxt üzrə I sinfə şagird qəbulu proqnozunun 95 faizinə yaxın göstəricidir. I sinfə şagird qəbulu prosesinin 6 ay (15 mart-15 sentyabr) davam edəcəyini nəzərə alsaq, təkcə bu rəqəmin özü prosesin nə qədər səmərəli olduğunu deməyə əsas verir.
 
Bakıda daimi qeydiyyatda olmayan, eləcə də kirayədə yaşayan valideynlər də övladlarını ümumi qaydalar əsasında qeydiyyatdan keçirə bilərlər
 
Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə tənzimlənməsi ilk növbədə, vətəndaş məmnuniyyətinə xidmət edir. Odur ki, istənilən müraciət və sorğu diqqətlə araşdırılır, müvafiq işçi qrupu hər bir məqamı nəzərə almağa çalışır. Valideynləri düşündürən müxtəlif məsələlərin həlli ilə bağlı BŞTİ-yə olunan bütün müraciətlər ən qısa zamanda cavablandırılır, müvafiq qaydalara uyğun gələn bütün hallarda valideynlərin istəyi müsbət həll edilir.
 
Bir məsələni də qeyd edək ki, dərs ili başladıqdan sonra məktəb daxilində siniflər üzrə uşaqların əsassız şəkildə yerdəyişməsinin aparılmasına yol verilməyəcək.
 
I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə tənzimlənməsi eyni zamanda bir sıra məktəblərdə ənənəyə çevrilmiş "Seçmə uşaqlarla işləmək” təcrübəsinin aradan qaldırılmasına imkan verəcək. Bu, məktəblər arasında tədrisin səviyyəsinə görə fərqlərin aradan qaldırılmasına ciddi təsir edəcək vasitələrdən biridir.
 
- İlhamə xanım, I sinfə şagird qəbulunda mikroərazi prinsipi tətbiq olunması nə ilə bağlıdır?
 
- I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi prosesində bəzi məktəblərdə mikroərazi prinsipi tətbiq olunur. Belə ki, paytaxt üzrə ümumi təhsil müəssisələrinin təxminən 15 faizə yaxın hissəsində I sinfə qəbul mikroərazi prinsipinə uyğun aparılır. Bu məktəblər əvvəlki illərdə I sinfə şagird qəbulu prosesinin təhlili əsasında müəyyənləşdirilmiş və həmin məktəblərin mikroərazisində yaşayan uşaqların təhsil hüququnun təmin olunması məqsədlərinə xidmət edir.
 
Valideyn uşağın sağlamlığı haqqında tibbi arayış təqdim etdiyinə görə, məktəbdə yenidən psixoloji durumun müəyyənləşdirilməsi və müsahibəyə ehtiyac yoxdur
 
Başqa sözlə ifadə etsək, qeyd olunan məktəblərə müxtəlif səbəblərdən şagird axınının çox olmasına görə bəzən yaxınlıqda yaşayan uşaqlar həmin məktəblərdə təhsil almaq imkanından məhrum olurdular. Bu isə insanların haqlı narahatlığına səbəb olur, azyaşlı uşaqların lüzumsuz yerə yollarda vaxt itirməsi ilə nəticələnirdi. İndi isə hər bir uşağın ən yaxın dövlət ümumi təhsil müəssisəsində təhsil alması üçün heç bir problem yoxdur.
 
Ümumilikdə, paytaxtda orta məktəblərin böyük əksəriyyətinə, yəni 85 faizindən çoxuna şagird qəbulunda heç bir məhdudiyyət yoxdur. Yəni həmin məktəblərə ərazi prinsipi tətbiq olunmur.
 
- Paytaxtda daimi qeydiyyatda olmayan və kirayədə yaşayan valideynlər övladlarını hansı qaydalarla qeydiyyatdan keçirə bilər?
 
- Bakı şəhərində daimi qeydiyyatda olmayan, eləcə də kirayədə yaşayan valideynlər də övladlarını ümumi qaydalar əsasında qeydiyyatdan keçirə bilərlər. Bu zaman yalnız mikroərazi prinsipi tətbiq olunan məktəblərdə həmin valideynlərə sənəd qəbulunun I mərhələsində - iyunun 15-dək gözləmək tövsiyə olunur.
 
- I sinfə qəbul üçün hansı sənədlərin təqdim edilməsi tələb olunur?
 
- Bir daha deyim ki, ərizələrin onlayn qeydiyyatı martın 15-dən başlayıb və sentyabrın 15-də başa çatacaq. 14 iyun 2017-ci il tarixədək elektron qeydiyyata alınan ərizələr üzrə sənədlər vaxtında məktəbə təqdim olunmadığı halda, həmin ərizə sistemdən silinir və təkrar qeydiyyat imkanı yaradılır. 15 iyun 2017-ci ildən sonra elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti son olaraq 18 sentyabr 2017-ci ildə başa çatır.
 
Dərs ili başladıqdan sonra məktəb daxilində siniflər üzrə uşaqların əsassız şəkildə yerdəyişməsinin aparılmasına yol verilməyəcək
 
Valideyn elektron qeydiyyatdan keçdikdən sonra seçdiyi məktəbə özünün və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; BMT Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)), uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil, məktəbəhazırlıq qrupunu bitirməsi haqqında arayış (əgər məktəbəhazırlıq qrupunda təhsil alırsa) və valideynin (qanuni nümayəndənin) "Şəxsi kabinet”indən çap olunmuş "Ərizə”ni təqdim etməlidir.
 
- Qaydalara görə, elektron ərizənin qeydiyyatı kim tərəfindən aparıla bilər?
 
- Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən onlayn (www.mektebeqebul.edu.az) və ya Bakı şəhərinin hər inzibati rayonu üzrə vətəndaşlara kömək məqsədilə 50 məktəbdə fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzləri tərəfindən aparılır.
 
- Alternativ Qeydiyyat Mərkəzləri harada təşkil olunub?
 
- Alternativ Qeydiyyat Mərkəzləri Səbail rayonu üzrə 7, 163 və 236 nömrəli, Nizami rayonu üzrə 129, 145, 214 və 227 nömrəli, Nəsimi rayonu üzrə 19, 164, 240 və 247 nömrəli, Yasamal rayonu üzrə 18, 21 və 286 nömrəli, Nərimanov rayonu üzrə 36, 57, 82 və 177 nömrəli, Xətai rayonu üzrə 24, 116, 165, 191 və 261 nömrəli, Sabunçu rayonu üzrə 4, 74, 75, 78, 128, 130 və 170 nömrəli, Suraxanı rayonu üzrə 84, 270, 279, 315 və 318 nömrəli, Qaradağ rayonu üzrə 110, 180, 195, 228, 274 və 288 nömrəli, Xəzər rayonu üzrə 117, 156, 181, 234 və 241 nömrəli, Pirallahı rayonu üzrə 235 nömrəli, Binəqədi rayonu üzrə 3, 179, 297 və 313 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərir.
 
- I sinfə qəbulla bağlı Apelyasiya komissiyaları harada fəaliyyət göstərir?
 
- Ümumilikdə, Bakı şəhəri üzrə I sinfə şagird qəbulu prosesi ilə bağlı 6 Apelyasiya Komissiyası təşkil edilib. Komissiyalar Binəqədi və Nəsimi rayonları üzrə 276, Səbail və Yasamal rayonları üzrə 236, Nizami və Nərimanov rayonları üzrə 129, Qaradağ rayonu üzrə 166, Xətai və Suraxanı rayonları üzrə 95, Sabunçu, Xəzər və Pirallahı rayonları üzrə isə 169 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərir.
 
- Məktəblərin seçimi hansı qaydada aparılır? Eyni zamanda bir neçə məktəb seçmək mümkündürmü və valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilərmi?
 
- Valideyn öncə elektron sistemdə seçdiyi məktəbə sorğu yerləşdirməlidir. Valideynə yalnız bir ümumtəhsil məktəbi və yaxud lisey seçib, sorğu yerləşdirmək imkanı yaradılır. Əgər valideyn seçimini dəyişmək istəyərsə, bunun üçün o, sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv edə, sonra yeni məktəb seçə bilər.
 
- 6 yaşı tamam olmayan uşaqların qeydiyyatı hansı müddətlərdə aparılır?
 
- 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin elektron ərizələrinin qeydiyyatı Təhsil Nazirliyinin birbaşa tabeliyində olan müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən mayın 31-dək, ümumi təhsil məktəblərinə isə martın 15-dən iyunun 20-dək aparılır.
 
- 6 yaşı tamam olmayan uşaqlar hansı hallarda I sinfə müsabiqədənkənar qəbul edilə bilər?
 
- Dövlət ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunu bitirmiş 6 yaşı tamam olmayan uşaqlar I sinfə müsabiqədənkənar qəbul oluna bilər. Və yaxud Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qəbul üçün keçirilən müsabiqədə iştirak edib uğur qazanan 6 yaşı tamam olmayan uşaqlar I sinifdə oxumaq imkanı qazanırlar.
 
- Dövlət ümumi təhsil müəssisələrində dövlət hesabına məktəbəhazırlıq qrupunda məşğələ keçməyən 6 yaşı tamam olmamış uşaqların I sinfə qəbulu hansı qaydada aparılır?
 
- Bu uşaqların I sinfə qəbulu Bakı Şəhər üzrə Təhsil İdarəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində aparılacaq.
 
- 6 yaşı tamam olmayan uşaq Müsabiqə Komissiyasında müsahibədən keçməzsə, valideynlər hara və nə zaman müraciət edə bilərlər?
 
- 6 yaşı tamam olmayan uşaq müsahibədən keçməzsə, valideynlər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən Apelyasiya komissiyalarına 15 iyul-10 avqust tarixlərində müraciət edə bilərlər.
 
- I sinfə sənəd qəbulu zamanı məktəbin funksiyası nədən ibarətdir?
 
- I sinfə elektron şagird qəbulu prosesində məktəbin funksiyası doldurulmuş ərizənin doğruluğunu təmin etməkdir. Yəni elektron ərizədə qeyd olunmuş məlumatlar məktəbə təqdim edilən sənədlərlə eynilik təşkil edirsə, məktəb sənədləri qəbul edir.
 
- Təhsil Nazirliyinin birbaşa tabeliyində olan lisey və gimnaziyalara qeydiyyat nə vaxt aparılır? Eyni zamanda lisey və gimnaziyaların bir neçəsinə sorğu yerləşdirmək mümkündürmü?
 
- Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə, lisey və gimnaziyalara ərizələrin qeydiyyatı martın 15-dən mayın 31-dək aparılır. Məktəb seçiminə gəldikdə isə yalnız bir təhsil müəssisəsi seçmək mümkündür.
 
- Müsabiqənin nəticələrinə görə, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə, lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərlərmi?
 
- Bəli, valideyn 16 sentyabr 2011-ci il tarixədək 6 yaşı olmuş övladı üçün yenidən vakant şagird yerləri olan ümumi təhsil məktəblərinə sorğu yerləşdirə bilər. Nəticə etibarilə I sinfə qəbul üçün edilmiş müraciətlər əsasında uşaqların hamısının təhsil hüququ təmin ediləcək.
 
- Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi tam olaraq hansı halda başa çatmış hesab olunur?
 
- Valideynin elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra proses yekunlaşır. Və valideyn yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.
 
- Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə müsahibəyə cəlb olunması, onların ümumi psixoloji durumunun və təlim dili səviyyəsinin müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?
 
- Valideyn I sinfə şagird qəbulu üçün uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U) təqdim etdiyinə görə, məktəbdə yenidən uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə və müsahibəsinə ehtiyac yaranmır.
 
Əvvəlki illərdə rus bölməsi üzə I sinfə qəbul olunan şagirdlərin təlim dili səviyyəsi sənəd qəbulu zamanı məktəblərdə yoxlanılırdı. Əslində, bu daha çox subyektiv amillərə söykənirdi. Odur ki, bir sıra hallarda verilən qərarların özünü doğrultmadığı müşahidə edilirdi.
 
Elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edən, qəbul barədə qəbzi alan valideyn yeni dərs ilində övladını məktəbə gətirməlidir
 
Builki I sinfə şagird qəbulu prosesində bu məsələdə valideynlərin seçiminə etibar edilib və daha çox maarifləndirmə, düzgün istiqamətləndirmə ilə tənzimləmə aparılıb. Belə ki, valideynlərə izah olunur ki, təlim dilini lazımi səviyyədə bilməyən uşağın təhsil göstəriciləri zəif olur və belə uşaqlar ünsiyyət, eləcə də oxuma-öyrənmə baxımından ciddi mənəvi-psixoloji sarsıntı keçirir, sinif yoldaşlarından geri qalırlar. Təcrübə göstərir ki, belə olan hallarda da valideynlər övladlarının Azərbaycan bölməsinə keçirilməsini xahiş edirlər. Bu da uşaqların yeni sinif yoldaşlarına və mühitə uyğunlaşması baxımından əlavə vaxt aparır, eləcə də bəzi hallarda uşaqda özünə inamsızlıq hissi yarada bilir.
 
- Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?
 
- Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb olunurlar.
 
- Belə uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?
 
- Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin I və IV günləri valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədlə BŞTİ-də yaradılmış müvafiq komissiyaya müraciət etməlidirlər. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.
 
- Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?
 
- Bu uşaqların qəbulu üçün valideynlər həftənin III və V günləri Nəsimi rayonu 44 nömrəli tam orta məktəbdə təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji Komissiyaya müraciət etməlidirlər.
 
Yaşı 8-dən yuxarı olan uşaqların da I sinfə qəbulu mümkündür
 
Komissiyaya müraciət edərkən uşaqla birlikdə valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti,  tibbi arayış, 2 (iki) ədəd 3x4 sm. ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış gətirilməlidir. Qeyd edək ki, sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün elektron qeydiyyat isə ümumi qaydada həyata keçirilir.
 
- I sinfə qəbulla bağlı sual yarandıqda hara müraciət etmək olar?
 
- Elektron ərizənin qeydiyyatı ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya komissiyalarına müraciət etmək olar.
 
Vətəndaşların elektron qeydiyyat üçün mektebeqebul.edu.az saytından daha rahat istifadəsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən "2017-2018-ci tədris ilində elektron sistem vasitəsilə uşaqların I sinfə şagird qəbulu barədə videotəlimat” (https://www.youtube.com/watch?v=rPVOg_zs9CQ) hazırlanıb.
 
Eyni zamanda, vətəndaşları düşündürən bütün məsələlərə daha geniş aydınlıq gətirmək üçün BŞTİ-nin rəsmi "Facebook” səhifəsində I sinfə qəbulla bağlı onlayn "Sual-Cavab” təşkil olunub.
 
Eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (+99412) 441-23-11, (+99412) 599-12-22 nömrəli telefonları (daxili: 6076; 6124) və ya [email protected] elektron poçt ünvanı vasitəsilə suallara aydınlıq gətirmək mümkündür.
 
Onu da qeyd edim ki, I sinfə şagird qəbulunun kütləviliyini nəzərə alaraq, prosesin ilk günlərində müvafiq İşçi Qrup gücləndirilmiş iş rejimində çalışırdı. Odur ki, qısa müddətdə I sinfə şagird qəbulu proqnozunun 90 faizindən çoxunu yerinə yetirmək mümkün oldu.



Загрузка...
Həmçinin oxuyun:
Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

I sinfə qəbul qaydalarında ediləcək yeniliklər açıqlanıb

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Azyaşlı uşaqların təhsildən yayınmasına səbəb nədir?

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi QAYDALARI

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Məhəbbət Vəliyeva: “Bu il I sinfə gedən uşaqların heç biri təhsildən kənarda qalmayacaq”

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları

Bakı məktəblərinin I sinfinə qəbul üçün 43 min uşaq qeydiyyatdan keçib

Bakı məktəblərinin I sinfinə qəbul üçün 43 min uşaq qeydiyyatdan keçib

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

"Bəzi lisey və gimnaziyaların birinci sinfə qəbul zamanı imtahan keçirmələri düzgün deyil"

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

.Akademik Zərifə Əliyeva adına lisey 2016/2017-ci tədris ili üçün 9-cu sinfə şagird qəbulu elan edir:

DİQQƏT !!! Yaşı çatmayan uşaqların I sinifə qəbulu başlandı..

DİQQƏT !!! Yaşı çatmayan uşaqların I sinifə qəbulu başlandı..

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Məktəb direktorlarının işə qəbulu üzrə vakant yerlər çox olan rayonlar açıqlanıb

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Direktorluğa namizədlik üçün 2 min insan sənəd təqdim edib

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar

vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO

vaxtından əvvəl I sinfə qəbula 815 nəfər uşaq müraciət edib -VİDEO

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

Müəllimlərin işə qəbulunun və yerdəyişməsinin keçirilməsi ilə bağlı yeni qaydalar təsdiq edilib

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

İşə qəbul üzrə Müsabiqənin keçirilməsi,Qaydaların pozulmasına görə məsuliyyət

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Əgər sinifdə 15 nəfər şagird olarsa, həmin sinif bağlanılmalı və ya paralel sinfə birləşdirilməlidirmi ?

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

Müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatına başlanılıb

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

DİM: Növbəti qəbul imtahanlarında iştirak etmək üçün 24 336 abituriyent qeydiyyatdan keçib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Daxili Qoşunların Ali Hərbi Məktəbinə növbəti tədris ili üçün tələbə qəbulu qaydaları açıqlanıb

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Əmək müqavilələrinin elektron informasiya sistemində qeydiyyatı necə aparılır?

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi

Müəllimlərin işə qəbulu və yerdəyişməsi üçün əmr verildi