Nadir İsrafilov: ”Uşaq və valideynlər öz hüquq və vəzifələrini lazımınca bilirlərmi?”
”Bəlkə, bu məqsədlə məktəblərdə kiçik bir sorğu keçirək?”
Bu gün Ümumdünya Uşaq Hüququları günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. Konvensiya uşaqların insan hüquqlarının bütün növlərini – mülki, siyasi, iqtisadi, sosal və mədəni – bir sənəddə birləşdirir. Konvensiya 1990-cı ilin sentyabrında qüvvəyə minmişdir. Konvensiyanın 41 maddəsində 18 yaşdan aşağı hər bir uşağın insan hüquqlarına hörmət olunması və müdafiə edilməsi təsvir edilir.
Konvensiya uşaqların iqtisadi mədəni və hətta siyasi hüquqlara malik olmasını vurğulayır. Əsasən uşaq hüquqlarının qeyri-formal tədris prosesi vasitəsi ilə öyrədilməsi üçün yazılmasına baxmayaraq, bu vəsait çox asanlıqla və müvəffəqiyyətlə məktəblərdə də istfiadə edilə bilər. Bu vəsaitdən istifadə etməklə tədris prosesini lazımi istiqamətə yönəltmək olar. Uşaq hüquqları Konvensiyası 54 maddədən ibarətdir. Bütün hüquqlar əsasən 4 kateqoriyaya bölünür. İnkişaf hüquqları, müdafiə hüquqları, iştirak hüquqları və yaşamaq hüquqları Bu hüquqlar uşaqlara yaşadıqları cəmiyyətdə fəal iştirak etməyə imkan yaradır ki, bu da məsuliyyətli vətəndaş kimi yetişməkdə onlara yardım edəcək.
Konvensiyada valideynin, dövlətin hər bir uşağın hüquq və məsuliyyəti konkret şəkildə öz əksini tapıb. Belə ki, Konvensiyanın 18-ci maddəsinə əsasən “Valideynlər uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti birlikdə daşıyırlar.” 19-cu maddəyə əsasən isə, “Dövlət uşağı fiziki, yaxud psixoloji zorakılığın, təhqirin və ya sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin, kobud rəftarın və ya istismarın hər cür formasından qorumaq məqsədilə bütün lazımi qanunvericilik, inzibati, sosial və maarifçilik tədbirlərini görməlidir.”
28-ci maddədə isə deyilir ki, “Uşaq təhsil hüququna malikdir, buna görə də dövlətin vəzifəsi pulsuz və icbari ibtidai təhsili təmin etməkdən, hər bir uşağın ala biləcəyi orta təhsil verilməsini həvəsləndirməkdən, bilik əsasında hamının ali təhsil almaq imkanını təmin etməkdən ibarətdir. Məktəb intizamına uşağın hüquqlarının nəzərə alınması və onun ləyaqətinə hörmət bəslənməsi şərti ilə təmin olunmalıdır. Təhsil uşağın şəxsiyyətinin, istedadının, əqli və fiziki bacarığının inkişaf etdirilməsi, insan hüquqlarına və əsas azadlıqlara, azad cəmiyyətdə sülh, dostluq, anlaşma, tolerantlıq və bərabərlik içində həyata, ətraf mühitə hörmət tərbiyə edilməsinə yönəldilməlidir.”
Bu konvensiya uşaqların hüquqlarının qorunması sahəsində ən mükəmməl beynəlxalq sənəddir. Konvensiyaya 189 ölkə qoşulub. Azərbaycan da bu ölkələr sırasındadır.Azərbaycan Respublikası BMT-nin Uşaq Hüquqları Konvensiyasına 1992-ci il iyulun 21-də üzv olub. Sonralar həmin konvensiyanın müvafiq protokollarına da qoşulub. Dövlətimiz bu konvensiyadan irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün hər cür şərait yaradır.
1993-cü ildən sonra sözügedən sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə ardıcıl islahatların aparılmasında da özünü göstərib. Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanunları da məhz 90-cı illərin ikinci yarısında qəbul olunub. Həmin vaxtlardan sonra ölkədə qəbul olunan və həyata keçirilən onlarca dövlət proqramı uşaqlarla bağlı bütün problemlərin həllinə yönəldilmiş vahid bir siyasəti reallaşdırır.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır." Prezident İlham Əliyev də uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması qanunvericiliklə tənzimlənir, uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə əlaqədar konkret tədbirlər və dövlət proqramları gerçəkləşdirilir.
Lakin gəlin görək bütün uşaq və valideynlərimiz öz hüquq və vəzifələrini lazımınca bilirlərmi? Bir müddət əvvəl “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Məsuliyyətli valideyn” – valideyn məsuliyyətinin artırılmasına dair regionlarda ailələrlə maarifləndirmə görüşlərinin təşkili adlı layihəsinin növbəti tədbiri zamanı bunun əksinin şahidi olduq. Valideyn və şagirdlərin bir çoxu nəinki Konvensiyanın müddəalarını, hətta “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi” ilə ilə müəyyənləşmiş öz hüquq və vəzifələrini belə lazımınca bilmirlər.
Bəlkə, bu məqsədlə məktəblərdə kiçik bir sorğu keçirək, vəziyyəti lazımınca dəyərləndirib, müvafiq tədbirlər görək. Bəlkə, xüsusilə də son zamanlar məktəblərimizdə baş verən xoşagəlməz neqativlərin əsas səbəblərindən biri elə təhsil prosesi iştirakçıları arasında onların hüquq və vəzifələri ilə bağlı lazımı maarifləndirmə işinin lazımi səviyyədə olmamasıdır? Suallar çoxdur. Onları cavablandırmaq üçün isə geniş araşdırmalara, təhlillərə və təkliflərə ehtiyac var.