Nadir İsrafilov: Bu qədər sözün qabağında mən də bir söz deməsəm ədalətsizlik olar.
Mənim üçün Nadir İsrafilov imzası bütün statuslardan yüksəkdir.
Bu, latıncadan tərcümədə “təcrübəli” anlamına gələn “ekspert” sözü nə “matağ” olub ki, sanki “Böyük bir keçmişin vardır, Bilinməyir yaşın sənin, Nələr çəkmiş başın sənin… Düşdün uğursus dillərə” kimi assosiasiya olunur.
Bir həmkarımız deyir ki, təhsil sahəsində bir nəfərdən başqa konkret olaraq ekspert yoxdur. Mediada təhsillə bağlı mövzuların işıqlandırılması zamanı bu sahə ilə məşğul olan ayrı-ayrı fərdlərə ekspert kimi müraciət edilir. Əslində isə, bu status rəsmi şəkildə birbaşa olaraq kiməsə verilmir. Eyni zamanda araşdırmaçı olaraq bizlər də təhsil üzrə mütəxəssis kimi qiymətləndirilirik. Farslar demiş “Xub”…
Digər bir həmkarımızın mövqeyi isə ondan ibarətdir ki, “Təhsil eksperti sözünü ölkəmizdə media nümayəndələri əmələ gətirib. Çünki reportaj hazırlayanda lazım olur ki, bir mütəxəssisdən rəy alınsın. Təhsillə əlaqədar hər hansı danışa bilən insan axtararkən beləcə birini tapır və ona təhsil eksperti deyir, elə təqdim edir ki, reportaj yaxşı alınsın. Həmin insan da düşünür ki, madam mənə belə deyirlər, deməli eləyəm. Kembric lüğətində bir sahə ilə əlaqədar davamlı yazı rəy yazanlara ekspert yox, blogger deyirlər. Özüm daxil deyirəm, fəaliyyətlərimizin çoxu bloqerlikdir. Mütəxəssislik isə elmi tədqiqat, eksperiment, konfrans, tədris, təlim işləridir.” Buna da “xub”.
Başqa biri rəy yazır ki, “istənilən yerdə “eks” nəsə bir təhər səslənir, İstər “pert” olsun, istər pərt.” Gör digər həmkarımız nə deyir: “Təhsilə dünən gələnlər 30-40 il bu sahədə külüng çalanlardan niyə sayqılı olmalıdırlar? Xeyir ola? Düz sözə nə deyəsən… Buna da bir “xub.” Əhməd haradadır filminin personajı Şirin kişinin sözü olmasın, gör mənim oğlum nə deyir: “Təhsildən incik düşənlər dərhal çevrilib təhsil eksperti olurlar”.
Bu hələ harasıdır. Elə yenicə başlamışdıq gözləməyə ki, Azərbaycan Təhsil İnstitutunun müəllimlərə gələcəkdə təhsil eksperti statusunun verilməsi ilə bağlı davam edən tədqiqatlarının sonu nə olacaq, bu arada digər həmkarımızdan yeni bir mesaj gəldi:
“Təhsil texnoloqu ifadəsini patentləşdirəcəyəm. Deyirlər ki, bundan sonra ekspert olmaq üçün sertifikat lazım olacaq, mən də təhsil texnoloqunun sertifikatını verəcəyəm.” Nə deyirəm, olsun. Təhsilimizdə bircə özəlləşməyən “təhsil ekspertləri” vardı, (əslində bir çoxları çoxdan özəlləşdirilib) onları da özəlləşdirək ki, məsələyə bir dəfəlik nöqtə qoyulsun.
Ancaq, elə olmasın ki, bu bizə bir daha 10 il bundan qabaq baş verən bir əhvalatı yaşatsın. Deməli, bir qrup mən də daxil tanınmış təhsil ziyalısı belə qərara gəldilər ki, təhsildə demokratikliyi, aşkarlığı və şəfaffaflığı təmin etmək üçün, təhsildə söz sahibi olanlardan ibarət “Ekspertlər Şurası” yaradılsın. Beləliklə, paytaxtın kafelərinin birində çay süfrəsi arxasında keçirilən toplandıda 9 nəfərdən ibarət Şura təsis edildi. Səhərisi gün sosial mediada kafedə çəkilən şəkillə birlikdə “Qurdlar vadisi konseyi”nin toplantısından “reportaj” dərc olundu və bununla da Şuranın (konseyin) fəaliyyətinə son qoyulmuş oıdu.
Bu qədər sözün qabağında mən də bir söz deməsəm ədalətsizlik olar. Axı, məni də tez-tez təhsil eksperti kimi təqdim edirlər. Kim özünü və kimlərsə kimi ekspert, mütəxəssis, araşdırmaçı, bloqqer, texnoloq və digər statuslarda görürsə özləri bilər və bilməsələr də heç bir qorxusu yoxdur, çünki xalqın gözü tərəzidir. O ki, qaldı mənə, mənim üçün Nadir İsrafilov imzası bütün statuslardan yüksəkdir.