Normal, təbii səs tonu ilə danışın
Bir çox müəllimlər, xüsusilə də dərs deməyə yenicə başlayanlar, normadan yüksək səslə, yarı qışqıraraq danışır. Onu bilmək lazımdır ki, səsi bu cür yüksəltmək şagirdlərin diqqətini çəkmək üçün heç də yaxşı üsul deyil. Bu, sinifdə stress yaradır, şagirdləri yorur və onlarda dərsə qarşı mənfi hisslər formalaşdırır. Onu da qeyd etmək lazımdır ki, müəllimlər danışarkən fərqli səs tonlarından isifadə etməlidirlər. Əgər siz şagirdlərdən dəftərlərini kənara qoyub, qruplara bölünməklərini istəyirsinizsə, əmr şəklində cümlələrdən istifadə etməlisiniz (Kitabları örtün; qruplara ayrılın və s.). Əgər məqsədiniz onlara hekayədəki obraz haqqında sual verməkdirsə və ya Roma imperiyasının süqutunun səbəbləri barədə soruşmaqdırsa, onda dəvətedici danışıq tonundan istifadə etməlisiniz.
Dərsə bütün şagirdlərin diqqətini cəlb etdikdən sonra başlayın
Tez-tez olur ki, müəllimlər şagirdlərə "Biz artıq dərsə başlayırıq, səssiz olun!”, "Fikrinizi dərsə yönəldin!” və s. bu kimi göstərişlər verdikdən sonra bütün şagirdlərin sakitləşməyini və ya çantalarından dəftər-kitablarını çıxarıb hazır vəziyyətə gəlmələrini gözləmədən, dərhal dərsi izah etməyə və ya tapşırığın təlimatlarını verməyə başlayır. Bu zaman demək olar ki həmişə, müəllimin nə dediyini eşitməyən şagirdlər eşitmədiklərini bir-birindən soruşurlar. Təbii ki, bu hal sinifdə səs-küyün yaranmasına səbəb olur. Oxşar səs-küylü vəziyyət müəllimin göstərişindən sonra diqqətini müəllimə yönəltməyən şagirdlərin, dərsin sonrakı mərhələlərində də dərsə fikir vermədikləri zaman yaranır.
Bu problemin yaranmaması üçün isə sadəcə olaraq şagirdlərin hamısının sakitləşməsini gözləmək və o vaxtacan danışmamaq lazımdır. Müəllimin danışmağa başlamaq üçün onları gözlədiyini görən şagirdlər adətən özləri səs-küy salan sinif yoldaşlarına "şşşş”, "Bəsdir də, qurtarın danışmağı”, "uşaqlar sakitləşin” kimi iradlar bildirməyə başlayır. Bu isə sizin işinizi asanlaşdırır.
Əl siqnallarından və digər qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edin
Bir əlinizi havaya qaldıraraq şagirdlərlə göz kontaktı yaratmaq sinfi sakitləşdirməyin və onların diqqətini özünüzə cəlb etməyin əla yoludur. Şagirdlərin bu jestə öyrəşmələri bir qədər vaxt tələb edir, lakin öyrəşdikdən sonra bu jest mükəmməl işləyir. Əlinizi qaldıraraq şagirdlərə işarə edin ki, onlar da əllərini qaldırsınlar. Bütün şagirdlərin əlləri qalxdıqdan sonra isə öz əlinizi aşağı salın və danışmağa başlayın.
Aşağı sinif şagirdləri üçün üç dəfə əl çalaraq, şagirdlərinizin də sizə cavab olaraq iki dəfə əl çalmaqlarını istəyin. Bu, bütün şagirdlərin diqqətini sizə yönəltməyin əyləncəli və aktiv bir yoludur.
İşıqları yandırıb-söndürmək də şagirdlərin diqqətini qısa müddətdə cəlb etməyin klassik və səmərəli üsullarından biridir.
Davranış problemlərinə cəld və müdrik reaksiya verin
Hər hansı bir şagirdlə aranızda yaranmış gərginliyi və ya iki şagird arasındakı problemi bacardığınız qədər tez aradan qaldırmağa çalışın. Münaqişə nəticəsində şagirdlərdə yaranmış mənfi hisslər qısa bir zamanda artaraq böyük küskünlüklərə çevrilə bilər. Problemli situasiyanın üzərindən günlər keçməsinə yol verməyin.
Yaranmış münaqişələri müdrikcəsinə həll etməyə gəlincə isə, əgər problem yalnız siz və şagird arasındadırsa, məsələni bütün sinfin gözü önündə və ya dərsin ortasında müzakirə etməyə ehtiyac yoxdur. Yaxşı olar ki, dərsin sonunu gözləyib şagirdlə tək danışasınız. Bu zaman isə şagirdi dərhal günahlandırmaq və ya tənqid etmək əvəzinə sadəlövh səslənən, lakin şagirdə davranışlarına görə məsuliyyət hiss etdirən suallar vermək daha səmərəlidir. Məsələn: "Sənə necə kömək edə bilərəm?” "Belə bir hal olub, bunun bir daha təkrar olunmaması üçün nə edə bilərik?” və s.
Fərdi söhbət apararkən şagirdi heç nədə günahlandırmayın. Cümlələrinizi elə seçin ki, sözləriniz sizin şagird üçün narahatlığınızı ifadə etsin (hətta əslində bunu hiss etməsəniz belə). Bu cür situasiyalarda adətən danlanmağı gözləyən şagird öz səhvini başa düşür və nəticə çıxarır.
Yox əgər, şagirdə dərs ərzində irad tutursunuzsa, iradınızı neytral formada çatdırmağa çalışın. Məsələn, "Tapşırığı etmək yerinə, söhbət niyə edirsən?” demək əvəzinə, "Deyəsən sualın var?” deyə şagirdə müraciət etmək daha yaxşıdır. Bu cümlələrin hər ikisi şagirdin diqqətini tapşırığa yönəltmək məqsədinə qulluq etsə də ikinci cümlə daha faydalıdır. Çünki müəllimin şagirdə müsbət yanaşmasını göstərir.
Düşünülmüş və şagirdləri dərsə cəlb edə biləcək dərs planı qurun
Qeyd etmək lazımdır ki, bu məsləhət bəndlərin içində ən vacibidir. Yəqin özünüz də bilirsiniz ki, adətən bunu açıq şəkildə dilə gətirməsələr belə, şagirdlər maraqsız və sıxıcı dərslərdə darıxır. Darıxan şagirdlər isə dərsdə problem yaratmağa ilkin namizədlərdir.
Zəif planlaşdırılmış dərslərdə müəllim nitqi adətən daha çox yer tutur, dərs bir növ mühazirə xarakteri daşıyır. Şagirdlər tərəfindən praktiki formada öyrənmə və ya düzgün cavablara şagirdlərin özlərinin gəlib çıxması halları isə azlıq təşkil edir. Bunun üçün isə müəllimlər dərs planlaşdırmasına xüsusi diqqət yetirməli və vaxt ayırmalıdırlar.
Həmçinin dərsinizi tez-tez fərqli formalarda keçməyə çalışın. Dərsi həmişə eyni cür keçmək hər şeyi adiləşdirir, bu isə darıxma hallarına gətirib çıxarır. Darıxma isə sözsüz ki, davranış problemlərinə səbəb olur. Planlaşdırmadan danışarkən onu da qeyd edək ki, sadəcə olaraq, dərslikdən bu gün sinifdə edəcəyiniz mətn və tapşırıqları qələmlə işarələmək planlaşdırma hesab olunmur.
Sinif qaydalarını yaradın və onları davamlı olaraq tətbiq edin
İlk dərs günündən sinif qaydalarını yaradın və qaydaları pozacaqları halda bunun nə ilə nəticələnəcəyindən şagirdləri xəbərdar edin. Əgər siz bircə dəfə belə olsa, qəbuledilməz davranışı cavabsız qoysanız, gələcək qayda pozuntularına yaşıl işıq yandırmış olacaqsınız. Məqsədəuyğun sinif qaydaları tərtib edin və qaydaların pozulması hallarında ədalətli ‘cəzalar’ tətbiq edin. Qaydalara əməl olunması üçün şagirdlərə qaydaların səbəblərini də izah etmək lazımdır. "Dəhlizdə qacmayın!” deməyin yerinə, "Biz dəhlizdə qaçmırıq, yeriyirik, çünki dəhlizdə qaçsanız başqaları ilə toqquşa bilərsinız” demək şagirdlərə qaydalarınızın məntiqli və əsaslı olduğunu göstərir. Qayda pozuntularına cavab olaraq verilmiş "cəza”lar isə şagirdin törətdiyi əmələ uyğun seçilməlidir. Məsələn, əgər şagird rəsm dərsində rəngləri partalara yaxıbsa, buna uyğun məntiqi cəza bu partaları şagirdə təmizlətdirmək olacaq. Bunun əvəzinə tənəffüsə çıxmamaq cəzası və ya törədilən əmələ aidiyyatı olmayan digər bir cəza verməyiniz şagirdlərin gözündə sizi ədalətsiz və pis-niyyətli müəllimə çevirir.
Səs salan şagirdə tərəf irəliləyin və ya şagirdə sual verin
Əgər şagird özünü sinifdə qaydalara uyğun aparmırsa, dərs prosesini dayandırmadan şagirdə tərəf irəliləyin və düz onun yanında dayanın. Müəllimin belə yaxın məsafədə dayandığını görən şagirdlər, adətən fikirlərini dərsə yönəldir. Bununla yanaşı, birbaşa şagirdə ünvanlanmış sual verərək də şagirdlərin fikrini dərsə qaytara bilərsiniz.
Nümunə: "Nigar, ismin çıxışlıq hal şəkilçilərini deyə bilərsənmi?” Bu zaman, şagirdə adıyla müraciət edin ki, o sualı tam eşidə bilsin.
İstənilən halda sakitliyinizi qoruyun
Heç vaxt qışqırmayın. Xüsusilə də yeniyetmələrlə işləyirsinizsə, bilməlisiniz ki, 1-2 dəfə səs tonunuzu qaldırdıqdan sonra siz artıq sinfin idarəetməsini itirmiş hesab olunursunuz. Sizin reaksiyanızın sakit, lakin qərarlı və sarsılmaz olduğunu görən şagirdlər, bir az sonra sizi sınamağa cəhd göstərməyəcəklər. Qışqırmağın yerinə, sadəcə olaraq, geriyə saymaq (5,4,3,2,1) və ya bir neçə saniyə gözünüzü çəkmədən şagirdlərə baxmaqla, daha yaxşı nəticə ala bilərsiniz.
Şagirdlərinizə göstərin və hiss etdirin ki, onların nailiyyətlərində maraqlısınız
Şagirdləriniz bilməlidir ki, onların dərs oxuyub-oxumaması sizin üçün önəm kəsb edir. Hətta dərsə heç maraq göstərməyən şagirdlər belə, sizin onlara olan sönməz inamınızı hiss edəndə, dərsinizi pozmamağa və dərsinizdə aktivlik göstərməyə çalışır. Bunun üçün isə şagirdlərinizlə müsbət münasibətlər yaratmağınız və müəllim olaraq sinifdə necə davranış sərgilədiyiniz (bezmiş, yorğun, həyəcanlı yoxsa həvəsli və s.) çox vacibdir. Yadda saxlayın ki, bu elementlər şagirdlərinizin dərsinizə necə yanaşacağına birbaşa təsir göstərən önəmli faktorlardandır.
Sizi narahat edən və ya sıxan şəxsi problemlərinizi sinif otağına gətirməyin
Əgər siz sinfə qıcıqlanmış vəziyyətdə gəlsəniz, inanın ki, bu şagirdlərninizi də əhval- ruhiyyəsində özünü dərhal əks etdirəcək. Əgər biz təhsil verən şəxslər olaraq məktəbdə olmaq istəmədiyimizi hiss etdiririksə (üz ifadəsi, baxışlar, monoton səs tonu, bədən dili və s. vasitəsilə), şagirdlərimizin də həvəsdən düşməsi qaçılmazdır.