AzTehsil.com
RU


Xəbərlər / H/N sənədlər
14 avqust 2019
5 408


Dərsin effektivliyini artıran 5 qeyri-verbal öyrətmə texnikası



 

 
1. Səhnə texnikası

Teatr aktyorları bilir ki, yalnız ön cərgədə oturanlar üçün deyil, bütün zal üçün çıxış edirlər. Buna görə də səs tonunu artırmaqla yanaşı, arxa cərgələrdə əyləşənlərin görməsi üçün hərəkət sahəsini genişləndirirlər. Həmçinin üz ifadələrini də adi hala nisbətən daha intensiv və qabarıq göstərirlər. Elmə məlumdur ki, informasiyanın 7 faizi sözlər, 38 faizi səs tonu, 55 faizi  isə bədən dili ilə ötürülür. Buna görə də dərs zamanı özünüzü səhnədəki aktyor kimi təsəvvür edin. Sizə lazımdır ki, hərəkətlərinizi canlı və zəngin edəsiniz. Məsələn, üçbucaqla bağlı mövzu olduqda tərəddüd etmədən jest və hərəkətlərdən istifadə edərək böyük üçbucaq formasını yaratmaqdan çəkinməyin. "Qaçış” jestini çevik qol hərəkətləri ilə nümayiş etdirin. Əgər "qarışqaların qaçışından” danışırsınızsa, barmaqlarınınzdan istifadə edərək səhnəni canlandırın. Bu zaman şagirdlər dediklərinizi əyani şəkildə görürlər. Jest, mimika, hərəkət dərsləri daha yaxşı yadda saxlamağa kömək edir.

2. Möhkəmləndirmə

Maşın reklamlarında maşının qarşısında gözəl qadının niyə dayandığı barədə  düşünmüsünüzmü? Çünki onların hər ikisini əlaqələndirməyimizi istəyirlər.

Möhkəmləndirmə İ.Pavlovun şərti refleksinə əsaslanan Neyro Linqvistik Proqramlaşdırma (NLP) texnikasıdır. Alimlər belə qənaətə gəliblər ki, 2 əşyanı davamlı olaraq cütlük kimi təqdim etsək, beyin onları bir görməyə başlayır.

Burada əsas təkrardır: cütlükləri kifayət qədər tez-tez təkrarlayın və tezliklə biri digərini yada salacaq.

Müəllim kimi bu psixoloji fenomendən istifadə edərək effektivliyinizi artıra bilərsiniz.

Məsələn, İngilis dili dərsində "snake” (ilan) sözünü keçərkən ilanın hərəkətinə bənzəyən qıvrım hərəkətlər edin və hər dəfə bu sözü dedikdə eyni hərəkəti təkrarlayın. Vaxt keçdikcə təkrarlanan hərəkət şagirdlərin sözü yadda saxlamalarına kömək edəcəkdir ki, yazılı imtahanda qarmaqarışıq hərəkətləriniz onların gözlərində canlanacaq və deyəcəklər: "həəə, ilan!”

Şagirdlərin davranışını idarə etmək üçün bu texnikadan istifadə edə bilərsiniz: qara top (və ya istənilən başqa bir əşya) götürün və bunu hər hansı bir davranışın simvolu edin. Deyək ki, sakitlik! Hər dəfə sinfə "şşşş, sakit olun” dedikdə qara topu qaldırın. Bunu dərslərdə bir neçə dəfə təkrarlayın. Tezliklə başa düşəcəksiniz ki, onlara heç nə deməyiniz lazım deyil. Qara topu qaldırın və nə istədiyinizi şagirdlər biləcəklər. Bəzən bu texnika o qədər təsirli olur ki, cismi qaldırmadan sinif sakitləşməyə başlayır.

3. Göz təması

Qeyri-verbal ünsiyyət üsullarından biri də göz təmasıdır.

Şagirdlərlə göz kontaktı qurmaq onları dinlədiyinizi göstərir və şagirdlər daha inamla danışırlar. Bəzən isə kiminsə adını çəkib "sakit ol” deməkdənsə, həmin insana baxmaq daha faydalı ola bilər.

Şagirdlər hara baxdığınıza diqqət edirlər, buna görə də müəyyən bir obyektə diqqəti yönəltmək istəyirsinizsə, baxışlarınızı həmin obyektə və ya istiqamətə yönəldin.

Gözlər həqiqətən danışır. Gözün hərəkəti, baxış istiqaməti, yuxarı və ya aşağı baxma və s. bizə müxtəlif informasiya verir. Gözləriniz effektiv ünsiyyət üçün vasitədir. Məsələn, ciddi niyyət nümayiş etdirmək istəyirsinizsə, gözlərinizi tez-tez qırpmayın və baxışınızı yayındırmayın.

4. Səs

Sinifdə diqqəti nizamlayan ən sürətli üsul səsdir. Səs tonunuzu dəyişdikdə, lövhəyə vurduqda, əl çaldıqda diqqət sizə yönəlir.

Fərqli səslərdən istifadə edərək dərslərinizi canlandıra bilərsiniz. Məsələn, hekayə danışan zaman fərqli personajlar üçün müxtəlif səslərdən istifadə edin. Duyğu və ya əhval-ruhiyyəni ifadə etmək, ölçünü və sürəti göstərmək, dəhşətli bir şeyə işarə etmək, maraq oyatmaq və ya şagirdləri motivasiya etmək üçün səsinizin tonunu, sürətini dəyişə bilərsiniz.

Məsələn, "böyük" və "kiçik" kimi əks olan anlayışları öyrədərkən səsinizi dəyişdirin. "Böyük" dedikdə uca və sərt, "kiçik" dedikdə sakit və yumşaq səs tonundan istifadə edin.

Unutmayın, səsinizdə istifadə etdiyiniz sözlərdən daha çox məna var.

5. Müsbət enerji sahəsi

Dəstəkləyici bədən dili şagirdlərin narahatlıqlarını azaldır, motivasiyalarını artırır və onlar özlərini dərsdə təhlükəsiz hiss edirlər. Dəstəkləyici bədən dili dedikdə, gülümsəmək, başını yelləmək, açıq ovuclardan istifadə etmək, şagirdlərlə təmas və s. nəzərdə tutulur.

Bədən dilinin gücü və onları həyata keçirməyin nə qədər asan olduğu barədə fikirləşin. Əslində bunları şüurlu şəkildə idarə etmək olar və tez-tez etsəniz, bir müəllim kimi effektivliyinizi artıra bilərsiniz.  

Sinfə girdiyiniz andan etibarən hekayə danışarkən, sual verərkən, şagirdlərin suallarını dinləyərkən, qruplarla, cütlərlə iş zamanı sinifdə "müsbət enerji sahəsi" yarada bilərsiniz. Məsələn, şagirdlər çətinliklə üzləşdikdə belə deyin: "Mən kömək etmək üçün buradayam. Gəlin birlikdə edək”.

Dərsdə müsbət bədən dilindən istifadə etdikdə nə baş verir?

Şagirdlər sinif fəaliyyətlərində daha yaxşı işləyirlər;

Sizi daha savadlı müəllim kimi qəbul edirlər;

Gülümsəyən müəllim şagirdlər tərəfindən daha yaxşı qiymətləndirilir.

İcazə verin, təbəssümünüzü şagirdlər də görsün.

Sadalananlar dərsin effektivliyini artıran beş qeyri-verbal komponentdir. Onların istifadəsi  vəsait və avadanlıq tələb etmir. Onları dərhal tətbiq edin və dərslərinizin tamamilə yeni səviyyəyə yüksələcəyinə şahid olun.

 

Materialın orijinalını ingilis dilində bu saytdan oxuya bilərsiniz:


Hazırladı: TİPİİ-nin əməkdaşı Aynur Rəhimova



Загрузка...