Məktəblilərin müasir dövrün tələblərinə cavab verən bilik, bacarıq, vərdiş və dəyərlərə yiyələnən, bu kompetensiyaları davamlı olaraq inkişaf etdirən gənclər kimi formalaşması təhsil ocaqlarımızda təlim-tərbiyə prosesinin necə qurulmasından, öyrədici mühitin təşkilindən, təlim zamanı istifadə olunan forma, üsul, vasitələrdən asılıdır. Müasir təlimin başlıca vəzifələrindən biri öyrənməyi öyrətməkdir, yəni şagirdlər biliyi müstəqil əldəetmə bacarığına yiyələnməlidirlər.
Müasir təlim şagirdin maraq və tələbatlarına, bilik səviyyəsinə, imkan və qabiliyyətinə uyğun təşkil olunmalı, dərsdə problemli situasiya yaratmaqla idrak prosesi, təfəkkür fəallaşdırılmalıdır. Müəllimin bələdçi, istiqamətləndirici rolu, düzgün qurulmuş şagird-müəllim, şagird-şagird münasibətləri təhsilalanın özünə inamını artırır, onu fəallaşdırır. Qrup işlərinin lazımi səviyyədə aparılması ilə şagirdlər fikirlərini bölüşür, qarşılıqlı faydalanır, biliklərini dərinləşdirir, daha dolğun nəticə, şəxsi keyfiyyətlər (bir-birini dinləmə, digərinin fikrinə hörmətlə yanaşma və s.) əldə edirlər. İnteraktiv təlim prosesində sinifdə yaradılan işgüzar, psixoloji şərait, tədqiqat prosesinin təşkili, biliklərin müstəqil "kəşfi", sosial bərabərlik, şagird biliyinin obyektiv qiymətləndirilməsi və s. təlimdən gözlənilən nəticənin alınmasına müsbət təsir edir.
Bu gün hər bir uşağın dərsə marağını müxtəlif yollarla formalaşdırmaq və artırmaq vacib məsələlərdən biri hesab olunur. Kiçik yaş dövründə şagirdlərin dərs öyrənməyə müsbət münasibəti ardıcıl, davamlı olmur. Əgər uşaqda öyrənməyə həvəs yaranmışsa təbii ki, onu öyrətmək asan olacaq. İbtidai sinif şagirdləri ilə işləyənlərin hər biri yaxşı bilir ki, şagirdin bu və ya digər fənni böyük maraq və istəklə öyrənməsinə nail olmaq asan iş deyil. Kiçikyaşlı uşaqlar çox hərəkətli, diqqəti yayınıqdırlar. Buna görə də şagirdlərin intizamı ilə bağlı çoxlu problemlər yaranır.
Bəs, nə etməli? Belə şagirdlərə necə yanaşmalı? Hansı metod və vasitələrdən istifadə etməklə tədrisi əyləncəli etməli?
Bunun yeganə cavabı var: Mümkün qədər çox oyun-dərslərdən istifadə etmək!
Məktəbəqədər yaş dövründə oyun uşaqların aparıcı fəaliyyətidir. Uşağın məktəbə gəlişi ilə onun sosial mövqeyi köklü şəkildə dəyişilir. Onun əsas fəaliyyəti artıq oyun yox, dərsöyrənmə olur. Buna görə də ibtidai sinif şagirdlərində dərsöyrənmə fəaliyyətinin əsasları formalaşdırılır. Bu proses kiçikyaşlıların yaş xüsusiyyətlərinə diqqətin, yaddaş və mühakiməyürütmə qabiliyyətinin dayanıqsızlığına görə bir qədər mürəkkəbləşir. Oyun və oyun dəqiqələrindən istifadə etmək bu çətinliklərin aradan qaldırılmasına çox kömək edir.
Kiçikyaşlı uşaqlar üçün rəngarəngliyi sevmək, qeyri-ardıcıl qəbul etmə, asanlıqla obraza daxil olma və s. kimi xüsusiyyətlər xarakterikdir. Uşaqlar hər hansı fəaliyyətə, xüsusilə oyuna asanlıqla cəlb olunurlar. Oyun onlar üçün tədris, əmək, ciddi tərbiyəedici formadır. Buna görə də uşaqların oyun oynamaq həvəsindən, tələbatından istifadə etməklə onları müəyyən tədrisyönümlü məsələlərin həllinə yönəltmək məqsədəuyğundur.
Dərs prosesində oyunlardan istifadə olunması aşağıdakı məqsədlərin reallaşmasına imkan yaradır:
-Didaktik məqsədlər: dünyagörüşünün genişlənməsi, dərketmə qabiliyyətinin artması, qazanılmış bilikləri təcrübədə tətbiq etmə bacarığı, praktik fəaliyyət üçün zəruri olan bacarıq və vərdişlərin, həyati bacarıqların formalaşması, əmək bacarıqlarının inkişafı.
-Tərbiyəedici: müstəqilliyin, möhkəm iradənin, əməkdaşlığın, kollektivçiliyin, kommunikativliyin, ünsiyyət qurma, bir-birinin fikrinə hörmətlə yanaşma, dinləmə bacarığının tərbiyə edilməsi, formalaşması.
-İnkişafetdirici: diqqətin, yaddaşın, nitqin, mühakimə yürütmə qabiliyyətinin (müqayisə etmə, analogiyaları tapma, qarşı-qarşıya qoyma), məntiqi, tənqidi, yaradıcı təfəkkürün, optimal qərarların tapılması bacarığının, motivasiyanın inkişafı
-Sosiallaşma: cəmiyyətin norma və dəyərlərinə uyğun özünü aparma, mühitin şərtlərinə uyğunlaşma, gərginliyin (stresin) idarə olunması, özünənəzarət, unsiyyət qurmağı öyrənmək.
Oyun prosesində şagirdlər özləri də hiss etmədən müxtəlif tapşırıqları yerinə yetirir, tədqiqatçı rolunda olur, nələrisə müqayisə etməli, müxtəlif hərəkətləri yerinə yetirməli, şifahi hesablamalar aparmalı, məsələlər həll etməli olurlar. Oyun şagirdlərdə qələbə qazanmaq həvəsini, marağını oyadır, uşaqlar oyunun qaydalarına əməl etməklə daha cəld, hazırcavab olmağa, tapşırığı dəqiq həll etməyə çalışırlar. Tədrisyönümlü oyunlardan istifadə bu gün ən aktual məsələlərdən biri olan şagirdlərin oxuyub-anlama bacarığının daha da inkişaf etdirilməsinə kömək edir.
Oyunlardan istifadə şagirdlərin intizamlı olmasına çox kömək edir. Belə ki, hər bir oyunda müəyyən qaydalara riayət olunmalıdır. Oyun zamanı uşaqlar yoldaşlarının istəkləri və maraqlarını nəzərə almağı, təmkinli, daha məsuliyyətli olmağı öyrənirlər. Oyunlar özünənəzarət və özünüqiymətləndirmə bacarıqlarını formalaşdırır. Məsələn, dərs prosesində bəzi şagirdlər müəllim, bəziləri isə şagird rolunda olur. Bu cür oyunları cütlərlə, qruplarda da keçirmək olar. "Kim daha cəlddir" oyununu qruplararası keçirdikdə uşaqlar təkcə özləri üçün narahat olmur, qrup yoldaşlarının da fəal olmasına kömək edirlər.
Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına şərait yaradır. Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə, özünün və yoldaşlarının fəaliyyətini təhlil etmə, şifahi nitq, oxuyub-anlama, dinləmə, fikrini düzgün ifadə etmə bacarıqları inkişaf edir. Beləliklə, oyun texnologiyaları tədris materialını əlçatan, maraqlı, obrazlı şəkildə öyrətməyə, biliklərin daha yaxşı mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə maraq yaradır.
Oyunlardan istifadə etməklə öyrətmək və oynayaraq öyrənmək o qədər də sadə məsələ deyil, amma dərs prosesi ilə əyləncəni birləşdirərək hər bir dərsdə bayram əhvali-ruhiyyəsi yaratmaqla onun unikallığını artırmaq olar. Buna görə də şagirdlərin biliklərinin ümumiləşdirilməsi və sistemləşdirilməsi formalarından biri kimi müxtəlif tədrisyönümlü oyunlardan istifadə olunması həmişə müsbət nəticə verir.