Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri -Qeyri-ixtiyari diqqət, mexaniki hafizə...
Bu yaşda orqanizmin anatomik-fizioloji inkişafı yeni mərhələyə qədəm qoyur: uşaqların boyu ildə orta hesabla 3-4 sm, çəkiləri 2-3 kq artır. Skeletin sümükləşməsi başa çatmadığından onların partada düzgün oturmasına diqqət yetirmək lazımdır.
Bu yaşda ürək-damar sistemi zəif inkişaf edir. Buna görə də uşaqların hərəkətdə olmasına ehtiyac duyulur.
Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətləri vardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur.
Çox vaxt şagirdlər mətnləri şer kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər.
Buna görə müəllim şagirdləri mətni öz sözləri ilə danışmağa, plan tutmağa, suallara cavab tapmağa, sərbəst mövzularda kiçik inşalar yazmağa daha çox cəlb etməlidir.
Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir.
Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi. Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir.
Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:
a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır;
b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar;
c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda
kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, qızlara qarşı diqqətlilik kimi keyfiyyətlər aşılamaq lazımdır;
ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə
edilməlidir;
d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilərlər.