AzTehsil.com


Sinif rəhbəri
01 fevral 2017
8 027


Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi



 Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi

 

Ümumi pedaqoji prosesin özəyini təşkil edən sinif-dərs sistemində tərbiyə prinsipləri tətbiq olunan təlim prinsiplərindən törəyir, onların ayrılmaz elementini təşkil edir.

Tərbiyə prinsipləri tərbiyə prosesinin məzmunu, metodları və təşkilinə verilən əsas tələbləri ifadə edən başlanğıc müddəalardır. Tərbiyə prinsiplərinin tətbiqinə verilən tələbləri xarakterizə edək:

Məcburilik – Tərbiyə prinsipləri məsləhət, tövsiyə deyil, onlar mütləq və tam şəkildə  praktikada həyata keçirilməlidir.

Komplekslik – Bu o deməkdir ki, tərbiyə prinsipləri növbə ilə, bir-birindən təcrid olunmuş halda deyil, tərbiyə prosesinin bütün mərhələlərində eyni zamanda tətbiq olunmalıdır.

Eyni əhəmiyyətə maliklik – Tərbiyə prinsipləri eyni əhəmiyyətə malikdirlər. Onların arasında əsas və ikinci dərəcəli müddəalar yoxdur. Bütün prinsiplərə eyni dərəcədə diqqət göstərməklə tərbiyə prosesinin gedişində yarana biləcək pozuntuların qarşısını almaq olar.Əlbəttə ki, prinsiplər tərbiyəçinin biliyini, təcrübəsini və ustalığını əvəz edə bilməz.

Müasir pedaqogikada məktəbdə təhsil-tərbiyə fəaliyyəti üçün aşağıdakı prinsiplər müəyyənləşdirilmişdir:

-  tərbiyənin ictimai istiqaməti;

-  tərbiyənin həyatla, əməklə əlaqəsi;

-  tərbiyədə müsbət keyfiyyətlərə əsaslanmaq;

-  tərbiyənin humanistləşdirilməsi;

-  şəxsiyyətə yanaşma;

-  tərbiyəvi təsirlərdə vahidlik.

          Bu prinsiplərə əsaslanaraq sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsini təşkil etmək olar. İnsan hüquqlarının ümumi bəyannaməsində yazılır:”Bütün insanlar azad və bərabər doğulublar.Onlar ağıl və vicdana malikdir və bir-birinə qardaşlıq münasibəti bəslə-məlidirlər.” Bir sözlə, tərbiyəçi, müəllim vəzifəsindən sui-istifadə etməməli, öz şagirdlərinin gələcəyi uğrunda onlarla birlikdə mübarizə aparmalıdır. Pedaqoq şagirddə müsbət cəhəti üzə çıxarmalı, ondakı yaxşı keyfiyyətə istinad edərək mənfi yönümlü keyfiyyətləri müsbət keyfiyyətlərə çevirməlidir.
 
Sırf mənfi və 100% müsbət insan yoxdur.
 
Tərbiyənin məqsədi müsbət keyfiyyətlərin mümkün qədər çox, mənfi keyfiyyətlərin mümkün qədər az olmasına nail olmaqdan ibarətdir.

       İnsan şəxsiyyətinin formalaşması birbaşa onun fəaliyyətindən, ictimai və əmək münasibətlərində şəxsi iştirakından asılıdır.Ona görə də uşaqları ictimai həyata, müxtəlif faydalı işlərə cəlb etməklə onlarda əməyə müsbət münasibət formalaşdırmaq lazımdır.Tərbiyə prosesini elə qurmaq lazımdır ki, uşaqlar özlərinin əməyinin insanlara, cəmiyyətə gərəkli olduğunu hiss etsinlər, əmək onlara məmnunluq gətirsin.

       Tərbiyə prosesində qarşıdurmaya, müəllimin şagirdlə mübarizəsinə, qüvvələrin və mövqelərin qarşı-qarşıya qoyulmasına yol vermək olmaz. Yalnız əməkdaşlıq, müəllimin səbri və qayğıkeşliyi müsbət nəticələr verə bilər.

       Şagirdin öz davranışlarında yol verdikləri səhvləri, nöqsanları həmişə onların üzünə vurmaq olmaz. Usta tərbiyəçilər, əksinə, müsbət cəhətləri üzə çıxarır, onları təqdir edirlər, yaxşı davranışın layihəsini cızır, yüksək nəticələr qazanacaqlarına inam təlqin edir, şagirdlərə etibar edir, uğursuzluqlar zamanı onlara ürək-dirək verirlər. Əlbəttə mənfi keyfiyyətləri pisləmək və islah etmək lazımdır. Amma başlıca iş məhz müsbət əlamətləri üzə çıxarmaq və formalaşdırmaqdır.
 
Şagirdlərin müsbət maraqlarına istinad edərək əmək və əxlaq tərbiyəsinin, estetik tərbiyənin bir çox məsələlərini həll etmək olar. Belə ki,

-  şagirdin şəxsiyyətinə humanist münasibət bəsləmək;

-  onun hüquqlarına və azadlığına hörmət etmək;

-  şagirdə gücünə müvafiq və ağlabatan tələblər vermək;

-  şagirdin mövqeyinə hörmət etmək (hətta əgər şagird verilən tələbi yerinə yetirmək istəməsə belə);

-  şagirdin tək qalmaq istəyinə (hüququna) hörmət etmək;

-  şagirdin tərbiyəsi ilə bağlı konkret məqsədləri onun nəzərinə çatdırmaq;

-  fiziki cəzadan, şəxsiyyətin şərəf və ləyaqətini alçaldan digər cəzalardan imtina etmək;

-  bu və ya digər səbəbdən şəxsiyyətin əqidələrinə zidd olan keyfiyyətlərdən uzaqlaşdırmaq lazımdır.

Tərbiyədə şəxsiyyətə yanaşma prinsipi tələb edir ki, müəllim:

-  öz şagirdlərinin fərdi xüsusiyyətlərini, xarakter əlamətlərini, baxışlarını, zövqlərini, adətlərini müntəzəm öyrənsin və yaxşı bilsin;

-  şəxsiyyətin təfəkkür tərzinin, motivlərinin, maraqlarının, psixoloji durumlarının, həyata, əməyə münasibətinin, qiymətləndirmə meylinin, həyat planlarının və s. kimi mühüm keyfiyyətlərinin real formalaşma səviyyəsini bilsin və diaqnostlaşdırmağı bacarsın;

-  hər bir şagirdi müntəzəm olaraq gücüçatan və getdikcə çətinləşdirilən tərbiyə fəaliyyətinə cəlb etsin və onun inkişafını təmin etsin;

-  məqsədə çatmağa mane olan səbəbləri aşkar etsin və onları aradan qaldırsın, əgər bu səbəbləri vaxtında aşkar etmək və aradan qaldırmaq mümkün olmasa, yaranan yeni şəraitdən asılı olaraq tərbiyə taktikasını operativ dəyişsin;

-  şəxsiyyətin şəxsi fəallığına maksimum istinad etsin;

-  tərbiyəni özünütərbiyə ilə birləşdirsin, özünütərbiyənin məqsədlərini, metodlarını və formalarını seçməyə kömək etsin;

-  şagirdlərin müstəqilliyini, təşəbbüskarlığını, öz fəaliyyətini inkişaf etdirsin, onların müvəffəqiyyət qazanmağına gətirib çıxaran fəaliyyətini təşkil etsin və istiqamətləndirsin;

Şəxsiyyətə yanaşma zamanı yaş və fərdi xüsusiyyətlər yeni istiqamət kəsb edir. Potensial imkanlar, yaxın perspektivlər diaqnostlaşdırılır.

    Müəllim müvəffəqiyyət qazanmaq üçün əlavə vaxt, enerji, vasitələr sərf etməlidir. Müasir məktəblilərin bilik səviyyələrinin artmasını, onların müxtəlif maraqlarını nəzərə alaraq müəllim təkcə ixtisası üzrə deyil, həm də siyasət, incəsənət, ümumiyyətlə, mədəni sahədə özünün inkişafı qayğısına qalmalıdır. O, öz şagirdləri üçün yüksək əxlaq nümunəsi, insan heysiyyətlərinin və dəyərlərinin daşıyıcısı olmalıdır.

   Sinfin tərbiyə sistemində valideynin böyük rolu vardır. Tərbiyə işi ilə məşğul olan şəxslər, təşkilatlar, ictimai təsisatlar bir-birilə əlbir işləsinlər, ümumi razılıq əsasında yetirmələrinə öz tələblərini versinlər, bir-birinin işini tamamlasınlar. Əgər səylərin vahidliyinə və koordinasiyasına nail olunmazsa, tərbiyə prosesinin iştirakçıları Krılovun təmsilindəki personajlara (xərçəng, qaz və balıq) oxşayarlar. Bu şəraitdə şagirdlər psixoloji yük hiss edir, çünki kimə inanmaq lazım gəldiyini bilmir, özünə göstərilən nüfuzlu təsirlərdən hansının düzgün olduğunu müəyyənləşdirməkdə və seçməkdə çətinlik çəkir.

   Şagird gündəliyi ailə ilə əlaqə yaratmağın ən etibarlı vasitəsidir. Bu sənədin pedaqoji cəhətdən düzgün doldurulması valideynlər ilə müəllimlər arasında səyləri səmərəli şəkildə əlaqələndirməyə imkan verir.

   Bundan əlavə, tərbiyəçinin özü tərbiyəli olmalıdır. Pedaqoqlar və valideynlər öz uşaqlarına aşılamaq istədikləri keyfiyyətlərin özlərində olmasına çalışmalıdırlar.

   Bəzən elə olur ki, tərbiyə taktikasında nünaqişəli situasiyalar meydana gəlir: müəllimlər valideynlərin fəaliyyəti ilə razılaşmır və ya əksinə, ailə müəllimlərin tələblərinə mənfi münasibət bəsləyir. Hər iki tərəfin tərbiyəvi səylərini birləşdirən cəhətlərə istinad etməklə bu anlaşılmazlığı aradan qaldırmaq lazımdır.
                                                                                                                                                                  Ələsgərova Gülmira 

 Sinfin tərbiyə sistemi və onun inkişafının idarə edilməsi

 

 



  



Загрузка...