Afət Nağıyeva 1954-cü ildə Şəmkir rayon Qasım İsmayılov kəndində anadan olub. İlk təhsilini həmin kəndin 1 saylı məktəbində alıb. 1971-ci ildə məktəbi əla qiymətlərlə bitirdikdən sonra, 1973-cü ildə Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olub. 1977-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirərək, təyinatını Daşkəsən rayon Mollahəsənli kənd orta məktəbinə alıb. İki il burda dərs dedikdən sonra tarix müəllimi kimi doğma kəndinə qaydaraq Sahib Əliyev adına Qasım İsmayılov kənd orta məktəbində tarix fənnini tədris edib.
Müəllim olduğu illərdə hər zaman məktəbdə xüsusi ehtiram və sevgi ilə qarşılanan Afət müəllim səhəti ilə əlaqədar olaraq 2016-cı il sentyabrın 15-dən məktəbədən ayrılıb. Bu il müəllimlər günündə Afət müəllimin adı ilə bağlı tədbir keçirilib, məktəb rəhbərliyi, pedaqoji heyət və şagirdlər müəllimə ürək sözlərini və xoş arzularını diləyiblər. Otuz doqquz illik müəllim təcrübəsi olan Afət müəllim bildiklərini paylaşacağına və hər zaman köməyə ehtiyacı olanlara kömək edəcəyi barədə çalışdığı məktəbin müəllim kollektivinə söz verib. Hər zaman uğurlu müəllim fəaliyyəti ilə seçilən Afət müəllimə yaxşı müəllim olmağın 11 qaydasının olduğunu və bunu hər zaman tədbiq etməyi müəllimlərə tövsiyə edib. Müəllimlərimizə işlərində uğur gətirəcək 11 qaydanı sizə təqdim edirik:
•1.Əsil müəllim öz peşəsini sevməlidir. Bununla yanaşı peşəsi ilə bağlı yetərli biliyi olmalı, bu sahədə özünü daim inkişaf etdirməyi, söz sahibi olmağı bacarmalıdır.
•2.Əgər müəllim şagirdlərin rəğbətini və diqqətini qazanmaq istəyirsə, dərslərini maraqlı və özünəməxsus qurmalıdır. Sinifdə hərəkət və davranışlarını vaxtında və dəqiq müəyyənləşdirməlidir ki, sagird-müəllim münasibətini formalaşdıra bilsin.
•3.Dərsi dərs öyrənməyin məqsəd və vəzifələrini izah etməklə başlamalı, şagirdə dərsi öyrənməyin faydalı olduğunu inandırmalıdır.
•4.Müəllim şagirdə izah etdiyi dərsi qısa və anlaşılan dildə danışmalı, uzun danışaraq şagirdi yormamalıdır.
•5.Dərs mövzularını şagirdlərin qabiliyyəti, hərəkət və anlayış səviyyələrinə görə başa salmalıdır. Əks təqdirdə şagirdlər dərsi başa düşmədikləri üçün şikayətlənərək, dərsə eləcə də müəllimə qarşı laqeyd və həvəsiz olacaqlar.
•6.Əgər dərs vaxtı uşaqların fikri başqa işlərə yönəlibsə, bu zaman şagirdləri ələ almaq üçün onlara dərsdən kənar maraqlı hekayə danışmalı və nümunə olacaq insanların həyatından misallar göstərilməlidir. Bu zaman müəllimə vaxtı dəqiq müəyyənləşdirməyi bacarmalı və dərsə yenidən qayıtmalıdır.
•7.Bəzi vaxtlarda müəllim dərsdə incə yumordan istfadə etməyi də bacarmalıdır. Bu vaxt mütləq müəllim-şagird münasibətindəki məsafəni qorumaq lazımdır.
•8.Dərslərdə şagirdlərin daha çox sevdiyi və aktiv olduğu metodlardan (sual-cavab, qruplar formasında yarış, təcrübə və s.) faydalanmaq lazımdır, çünki bu vaxt şagirdlər dərsə daha çox maraq və diqqət nümayiş etdirirlər.
•9.Şagirdlə sərt davranmaq və onu auditoriyada pisləmək olmaz. Bunun üçün müəllim əvvəlcədən şagirdlərinin psixologiyası ilə tanış olmalı, onları idarə etməyi bacarmalıdır.
•10.Şagirdlərlə xoş rəftar və çətiniklər zamanı onlara edilən köməklik müəllimənin nüfuzunu artırır və bu zaman sevilən müəllim şagirdləri ilə daha rahat dil tapa bilir.
•11.Şagirdlər çox vaxt hörmət bəslədikləri müəllimləri özlərinə nümunə bilirlər, buna görə də, müəllimlər məktəbdən kənar davranış və hərəkətlərinə mütləq diqqət etməyi, yaxşı nümunə olmağı bacarmalıdırlar.
Müəllim sözü müqqədəs deyil, müqqədəs olan müəllimlikdir. Hər zaman bu ada layiq olmağınızı arzu edirik.
Kənan İbrahimov. Şəmkir