"Sədr müavini rus dilində təhsilin ləğvinə hiddətləndi: "Qəti əleyhinəyəm” başlıqlı yazını bəyənənlərlə yanaşı, bəyənməyənlər və hətta təəssüflənənlər də oldu. Bu da təbiidir, çünki nəyin həqiqət, nəyin qeyri-səmimiyyət olduğunu kiməsə sübut etmək mümkünsüz dərəcədə çətindir, təkcə ona görə ki, hər fərdin öz həqiqəti, öz məntiqi, məsələyə öz şəxsi münasibəti var. Bir də ki, söz azadlığı və sosial məsuliyyətlə bağlı "fikir plürializmi” deyilən bir anlayış var. Sözüm onda deyil.
Cavab yazmaqda məqsədim heç də dediklərimə bəraət qazandırmaq deyil, bu yazı ilə bağlı təəssüff hissi keçirənlərin nəzərinə bəzi məqamları çatdırmaqdır. Əvvəla mən yaranan situasiyanı daha da qızışdırmaq yolunu tutan bəzi kəslər kimi məqsədli və qərəzli yazı yazmamışam, sadəcə olaraq jurnalistin mənə verdiyi suala emosiya və ambisiyalardan çıxış edərək, avatürist xarakterli açıqlama və şərhlərə hiddətimi bildirmişəm.
Əslində, rus dili ilə bağlı məsələnin ifrat dərəcədə şişirdilməsi və siyasiləşdirilməsindən ən çox zərər çəkənlərdən biri də elə mənəm. Çünki, bir vaxtlar rus dilində yazdığım və Moskvada müdafiə etdiyim dissertasiya işini bu gün də üzə çıxarmaqdan çəkinirəm. Bilirsiz niyə? Ondan ehtiyatlanıram ki, sabah və ya o birisi gün məni də "imperiyanın qalıqları”ndan biri kimi dəyərləndirib, dilə-dişə salmasınlar. Məni hiddətləndirən odur ki, rus dilinin tədrisinə qarşı sərt təpki göstərənlərin, böyük əksəriyyəti məhz bu günkı gənclər deyil, təəsüflər olsun ki, elə rus şinelindən çıxan, sovet təhsili hesabına özlərinə karyera quran, vəzifə sahibi olaraq "ad-san” qazanıb ortalığa çıxan dünənki bəziləridir.
İmperiyadan söz düşmüşkən. Gəlin, kimə böyük zəhmət də olsa, heç olmasa obyektivlik naminə tarixi vərəqləyək. Rusiya I Pyotrun zamanında, yalnız XVIII əsrin I yarısında imperiyaya çevrilib. Elə isə, 1299-cu ildə Osman bəy tərəfindən Osmanoğulları bəyliyi kimi əsası qoyulan, Bizans İmperiyasının varlığına son qoyaraq onun paytaxtı Konstantinopolu tutaraq, öz paytaxtına çevirib İstanbul adlandıran, Aralıq dənizi və Qara dənizi əhatə edən, Asiya, Avropa və Afrika qitələrində yüz illər boyu hökm sürən, nə az nə çox, 623 il davam edən, II Əbdülhəmid ilə sona çatan Osmanlı İmparatorluğu imperiya olmayıb?
Məhəmməd peyğəmbərin vəfatından 13-cü əsr monqol yürüşünə qədər ərəb dünyasında rəsmi dövlətçilik idarə üsulu yaradan, Azərbaycan da daxil olmaqla İspaniyadan Hindistanadək böyük əraziləri işğal edib, bir çox ölkə və xalqları özünə tabe etmiş Ərab xilafəti bəlkə imperiya deyildi?
Bəlkə, rus dilini qəribçiliyə salaraq, ingilis dilinə üstünlük verərkən kiçik bir adadan Avstraliya və Yeni Zellandiya sahilərinə qədər gedib çıxan, təkcə, o böyüklükdə Hindistanı 300 il müstəmləkə boyunduruğu altında saxlayan, bizə münasibətinə gəlincə isə, general Tomsonun rəhbərliyi ilə Bakıiya qoşun yeridib, marionet Sentrokaspi Diktaturası adından ADR-ə torba tikən, Qafqaz İslam Ordusundan müdafiə etmək üçün yerli erməni və rus könüllülərini silahlandıran və onlara təlim keçən ingilislərin imperialistlərin ən yekəsi olmasından heç xəbərimiz yoxdur? Milli kimlikdən, milli düşüncədən danışırıqsa, onda həmkarımız Etibar Əliyevin təbirincə desək, hazırda ingilis dilində uşaq bağçaları da fəaliyyət göstərir. Bu uşaqların gələcəkdə istər millilik baxımından, istərsə də adət-ənənələrimizi qorumağı baxımından necə vətəndaş kimi yetişməsini hər kəs proqnozlaşdıra bilər.
Hələ Orta Asiyanı, Yaxın və Orta Şərqi, Rusiya kimi ucsuz-bucaqsız bir ərazini üç əsrlik bir müddətdə əsarətdə saxlayan Çingiz xanın "Qızıl Orda”sını, Hindistanda azara tutulub, Misirdə canını torpağa tapşıran Makedoniyalı İskəndəri, Respublika zamanında genişlənməyə başlamış və İmperator Trayanın hakimiyyəti dövründə (e.ə. 27 — e. 476-cı illər) ən yüksək nöqtəsinə — ə 5 900 000 km²-lik əraziyə sahib olmuş Roma İmperiyasını demirəm...
Deməyim odur ki, rus dilinə imperiya dili kimi yox, Tolstoyun, Dostoyevskinin dili kimi yanaşaq, ermənidən nümunə götürib, rus dilli tədrisi ləğv etmək xülyasına düşüb, erməni xislətli millətlərin yanaşmasını özümüzə örnək etməyək. Amerika İngiltərə, Fransa İtaliya və bir çox digər inkişf etmiş sivil ölkələr Rusiyaya münasibətlərindən asılı olmayaraq Lev Tolstoyun "Hərb və sülh” romanının motivləri əsasında müxtəlif janrlarda onlarla film çəkiblər. Dünyanın ən nüfuzlu dərgilərinin sorğusuna əsasən Tolstoyun "Anna Karenina”sı beynəlxalq reyting cədvəlində Şekspirin "Romeo və Cüllyetta”sını üstələyib.
Fyodor Dostoyevskinin adı Lev Tolstoyla yanaşı ABŞ Konqresi Kitabxansının kataloqlarının məlumatları əsasında hazırlanmış, konkret şəxslərə həsr edilmiş monoqrafiyaların sayına əsasən tərtib edilmiş "Tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısı”na düşüb. Dünya ədəbiyyatına ən çox təsir edən və ən çox oxunan yazıçılardan biri olan Dostoyevskinin əsərləri Fridrix Nitsşe, Ernest Heminquey, Knut Hamsun, Lüdviq Vitgenşteyn, Alberto Moravia, Aleksandr Soljenitsın, Çarlz Bukovski, Ziqmund Freyd, Frans Kafka, Orxan Pamuk kimi bir çox yazıçıların əsərlərinə işıq tutub. Fridrix Nitsşe yazırdı ki, "O mənim psixianaliz haqqında bir şeylər öyrəndiyim yeganə insandır. O mənim həyatımın ən böyük sevincidr."
Məsələni bir az da konkretləşdirsək, rus dili BMT-nin 6 rəsmi dilindən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol imzalanıb, qarşılıqlı anlaşma şəraitində keçən görüşlərdə Azərbaycan və Rusiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Minlərlə tələbəmiz Rusiya ali məktəblərində təhsil alır və təhsil almağı hədəfləyib və s. və i.a. Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı. Bir də ki, "Uzaq qohumdansa yaxın qonşu yaxşıdır" məsəlini rusların atası deyil, bizim atalarımız deyib.
Bu gedişlə getsək, sabah və ya başqa bir gün biri də durub deyəcək ki, Bakı Slavyan Universitetini və Respublikamızda fəaliyyət göstərən Rusiyanın iki nüfuzlu universitetinin filiallarını bağlayaq. Nəsə, çox dərinə getsəm başağrısı olar. Elə isə rus dilinin açığına öz ana dilimizə diqqəti bir az da artıraq, qoy rusdillilər bunu açıq-aydın hiss etsinlər. Necə ki, Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) mütəxəssisləri isə hesab edir ki, buna görə də tədris dili Azərbaycan dili olmayan məktəblərdə dövlət dilinin keyfiyyətli tədrisini təmin etmək üçün islahatların aparılmasına ciddi zərurət var.
Dünən dərc olunan yazıda məni Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini kimi təqdim ediblər. Bu, kimlərdəsə elə fikir yaratmasın ki, mənim dediklərim Şuranın ümumi mövqeyidir. Xeyr. Açıqladığım məqamlar özümün subyektiv fikirlərimdir. Baxmayaraq ki, Şura üzvləri arasında da rus dilli olanlar, övladlarını, nəvələrini rus dilində oxudanlar var, bununla belə mənim mövqeyimə qarşı əks arqumentlər gətirənlər də yox deyil. Sadəcə onu demək istədim ki, dünyaya bir az açıq gözlə baxaq, rus dilinə sərt təpki göstərərkən bir məqamı da nəzərdən qaçırmayaq ki, bir çox gizli, örtülü qapıların açarı hələ ki, Rusiyanın əlindədir...
Nadir İsrafilov