Gənc müəllim ittihamlara cavab verdi - "Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil"
Nizami rayonunda yerləşən 220 sayl orta məktəbin Azərbaycanla Ermənistan arasında dostluğun vacibliyini dərs dediyi uşaqlar arasında təbliğ etdiyi deyilən ingilis dili müəllimi Rövşən Əzizov baş verənlər barədə geniş açıqlama verib.
O, bildirib ki, haqqında yazılanlar tamamilə əsassızdır və bunu sözügedən məktəbin rəhbərliyi edir:
"Mənə işdən çıxmağımla bağlı heç bir sənəd verilməyib. Sadəcə, haqlı olduğum halda, məni insanların gözündə vətən xaini kimi təqdim etdilər. İndiyə kimi heç bir şagirdimə əl qaldırmamışam. Neçə ildir uşaqlara qarşı etdikləri zorakılıqlara görə məktəb rəhbərliyi ilə mübarizə aparıram. Bu fikrimi uşaqlar da təsdiqləyər".
Aztəhsil.com ölkə.az-a istinadən xəbər verir ki, R.Əzizov doqquz yaşlı şagirdinə vurulmağı barədə səsləndirilən ittihamlara da cavab verib:
"Bunu da sizdən eşidirəm. Bu da mənimçün yenilik oldu. Deməli, məni qaralamaq üçün hər yola əl atırlar. Məni FETÖ-çü, erməni lobbisinin adamı, erməni təbliğatçısı adlandırdılar. Onlardan hər şey gözləyirəm".
Əməkdaşımızın "ermənilərə nifrət edirsinizmi" sualına ingilis dili müəlliminin cavabı belə olub:
"Qarabağ məsələsinə millətlərin qarışmasının tərəfdarı deyiləm. Dövlət siyasətimiz budur ki, bütün dünyada sülhün müdafiə olunması yolunda addımlar atırıq. Ölkəmizdə müxtəlif din mənsubları tarixən qardaş kimi yaşayıblar. Qarabağda bizim məscidlərimiz dağıdıldığı halda, Bakıda erməni kilsəsi qorunub saxlanılır. Bu, ölkənin tolerantlığını göstəriri və Azərbaycan dünyaya ən gözəl nümunədir. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşıdır və müharibə qurbanlarıdır. Hər zaman demişəm ki, nəinki ermənilərə, heç bir xalqa, millətə nifrət etmirəm. Mən "Hayes Türkes" adlı filmim var. O filmə diqqətlə baxsınlar və nə demək istədiyimi görsünlər. Mən sülh carçısıyam və videolarımda çəkdiyim qız uşaqları da ideyalarımın carçısıdırlar. Ancaq mən ermənipərəst deyiləm. Lakin erməni millətini hər şeydə ittiham edə bilmərəm. Bu necə mümkündür? Şagirdlərimə də bütün millətlərə, o cümlədən ermənilərə qarşı tolerant olmağı öyrədirəm. Bir milləti onun dövlətinin törətdiyi cinayətlərdə ittiham etmək olmaz. Bütün millətlərin sülh içində yaşamasının tərəfdarıyam. Hansısa uşaq erməni, yəhudi, gürcü doğulursa, bu, onun günahı deyil".
R.Əzizovun səsləndirdiyi fikirlərlə bağlı 220 saylı məktəbdən isə bildirilib ki, direktor Tural Mirzəyev iclasda olduğu üçün sualları cavablandıra bilməyəcək.
Qeyd edək ki, Rövşən Əzizovun şagirdinə erməni milli paltarı geyindirərək, Bakıdakı erməni kilsəsinin önündən foto paylaşması sosial şəbəkədə ciddi etiraza səbəb olub.