Tanınmış təhsil eksperti Nadir İsrafilov həyatı ilə bağlı maraqlı məqamları AzEDU.az saytına danışır:
Orta məktəbin 5-ci sinfində oxuyurduq. Bir gün növbəti dərslərin birində bizə Azərbaycan dili və ədəbiyyatı fənnindən dərs deyən müəllim sinfə daxil olaraq, sanki salam verməyi unutmuş kimi, yazı lövhəsinin qarşısına keçdi. Ara-sıra fasilələr verməklə, müəyyən şeylər yazıb-pozub, yenidən yazmaqla 5 qrafadan ibarət bir cədvəli nəhayət, tamamladı. Cədvəl sadə olduğu qədər də maraqlı və diqqətçəkən idi. 1.Sıra nömrəsi; 2.Əsərin adı; 3.Əsərin janrı; 4 əsərin müəllifi; 5.Əsərin qəhrəmanı. Üzünü bizə tutub, hər birimizə 44 vərəqli ümumi dəftər alıb, həmin cədvəli dəftərə köçürməyi, oxuduğumuz və bundan sonra oxuyacağımız kitabları müvafiq qayda üzrə qrafalara doldurmağı və ilin sonunda bunu qiymətləndirəcəyini tapşırdı. Sıradan olan bir rayon müəlliminin adi və sadə görünən bir "taktiki gedişi” bizi böyük ”strateji hədəflərə” meyl etməyə sövq etdi. Birinciliyi qazanmaq üçün "Kim ən çox kitab oxuyar” yarışına qoşulduq. Məktəb kitabxanasında oxumadığımız kitab qalmadı. Rayondakı böyük konserv zavodunun kitabxanasına üz tutduq, mərkəzi şəhər kitabxanasına üzv yazıldıq. Valideynlərimizin böyük tənəffüslərdə bulka və limonad almaq üçün verdikləri 20-30 qəpiyə qənaət edərək, bu qəpik-quruşu kitaba verdik. O vaxtlar ən ucuz qiymətə məhz kitablar satılırdı. Elə bir ev olmazdı ki, orda o zamanlar "etajerka” adlanan kitab rəfi olmasın. Qrim qardaşları və Andersenin nağılları ilə başlayıb, Fyodor Dostoyevski və Teodor Drayzerin klassik ədəbi irsi ilə tanışlıqla, 11-ci sinfi bitirdik. Məzun olduğumuz dövrdə Azərbaycan ədəbiyyatı öz yerində, artıq Viktor Hüqonu və Aleksandr Dümanı, hətta Onore de Balzakı, Şarlotta Bronteni, Gi de Mopassanı belə oxumuşduq. Orta məktəbdən xatirə kimi, doldurulmuş üç 44 vərəqlik dəftər bu gün də durur. Gərək bir gün boş vaxt tapıb, oxuduğum kitabların dəqiq sayını hesablayım. Bircə ona əminəm ki, o kitabların sayı mindən aşağı deyil.
Necə oldu ki, mən ilk ixtisasım üzrə tarix müəllimi oldum?
Həmin illərdə məktəbimizin təlim-tərbiyə işləri üzrə bir direktor müavini vardı. O həm də tarix fənnindən bizə dərs deyirdi. Qədim dünya tarixi dərslərində Zevsdən, Heraklın qəhrəmanlıqlarından, Pompey şəhərinin dağılmasından danışarkən o qədər emosional, mimika və jestikulyasiyalardan istifadə edirdi ki, sanki bu qəhrəmanları şəxsən tanıyırdı, bu hadisələrin bilavasitə iştirakçısı idi. Dərsin nə vaxt başa çatmasını hiss etməzdik, zəngin vurulmasını belə eşitməzdik. Məktəbdən çıxıb evə gələrək, tələm-tələsik, olduğundan yeyib-içib, fakultativ adlanan əlavə məşğələlərə düzənlənərdik. O vaxtlar indikindən fərqli olaraq "fakultativ”, sonralar "maraq kursları” adlanan əlavə məşğələlərə böyük diqqət yetirilərdi, formalizm hallarına yol verilməzdi. Müəllimin bu şəxsi nümunəsi və dərs üsulu bir çox sinif yoldaşlarım kimi məndə də tarix fənninə xüsusi maraq oyatdı, sənədlərimi bu ixtisas üzrə ali məktəbə verməyə sövq etdi. İllər keçsə belə, yenə də bu əqidədəyəm ki, heç bir yüksək texnologiya müəllimin canlı sözünü əvəz edə biləməz, heç bir texniki vasitə canlı ünsiyyətin önünə keçsə belə yerini verə bilməz.
Necə oldu ki, mən gələcək karyeramı təhsilə bağladım?
Artıq aspirant olduğum dövrdə bir dəfə nazirlikdən zəng edib Nazir Mehdi Mehdizadənin məni görmək istədiyini bildirdilər. Səhərə kimi fikir məni götürdü, maraqdan və həyəcandan yata bilmədim. Yəni, ölkə üzrə böyük vəzifə və nüfuz sahibi olan akademik nazirin adi bir aspirantla nə "alış-verişi” ola bilərdi... Səhər açılanda qəbula getdim. Mənə ilk sualı o oldu ki, Nadir müəllim sizsiniz? Başımla təsdiqlədikdən sonra təəccüblü bir tərzdə əlavə etdi ki, mən sizi yaşlı bir adam bilirdim, siz ki, çox gəncsiniz. Sanki, mənim şaşqınlığımı və narahatçılığımı hiss etmiş kimi əlindəki jurnalı mənə uzadaraq əlavə etdi ki, sizin kimi gənclərə bizim böyük ehtiyacımız var, qapımız hər zaman sizin üzünüzə açıqdır. Mən yenə də nəsə başa düşmədim. Yalnız jurnalı ani vərəqləyəndən sonra hər şey mənə məlum oldu. Sən demə, həmin dövrdə ümumittifaq konfranslar, mühazirələr keçirilirdi, aspirantlar, gənc alimlər ora öz tezislərini göndərirdi. Mən də Riqa şəhərində keçirilən bir konfransa tezislərimi göndərmişdim, ora dəvət alıb, məruzə ilə çıxış etmişdim. Ən yaxşı yazıları seçib "Sovetskaya Pedaqogika” jurnalında dərc ediblər. Bu jurnal sovetin ən nüfuzlu jurnallarından biri idi. Mehdi müəllim bu yazını oxuyubmuş və minnətdarlıq əlaməti olaraq, mənə öz təşəkkürünü bildirmək üçün yanına dəvət edib. Mehdi müəllimin şəxsi nümunəsi, gənclərə və onların elmi-pedaqoji yaradıcılığına bu dərəcədə həssaslığı məni təhsilə daha da yaxınlaşdırdı, gələcək karyeramın məhz təhsil sistemi ilə bağlılığına stimul yaratdı...
Bu və digər xatirələr Dostoyevskinin təbirincə desək həm şirindir, həm də acı. Çünki, zaman-zaman şirinliyə qatılan acıları unutmaq, yaxud unutmamaq insan iradəsindən xaricdir.