Azərbaycanın ucqar dağ kəndinin 21 yaşlı informatika müəllimi - Həm də həvəskar fotoqrafdır
Aztəhsil.com xəbər verir ki, a24.az sizə əvvəllərdə ucqar dağ kəndində böyük həvəslə işləyən üstəlik bundan zövq alan istedadlı, gənc müəllimləri ilə tanış etmişdi.
Bu səfər haqqında danışacağımız müəllim isə olduqca gəncdir. Aytac Mustafazadə 2015-ci ildə Quba rayonunun Gümürdəhnə kənd orta məktəbində çalışmağa başlayıb. Cəmi 21 yaşı var. İnformatika müəllimidir. Azərbaycan Dövlət Pedoqoji Kollecinin məzunudur.
Deyir əvvəllər kənddə müəllimlik fəaliyyətinə başlamaq onu qorxudurmuş:
"İlk dəfə məktəbin şəraitsizliyini görəndə hiss etdim ki, çox böyük bir məsuliyyət daşıyıram və çox çətinlik çəkəcəyimi düşündüm.Çünki kənd uşaqlarının psixologiyası şəhərdə təhsil alan şagirdlərdən tamamilə fərqlidir.Mənə ilk əvvəl çətin gəlirdi .Çünki məktəbimiz müasir avadanlıqlarla təchiz olunmayıb.İnformatika dərsi üçün isə müasir avadanlıqlar mütləqdir.Amma zaman zaman uşaqların informatika dərsinə marağı bir şeyler öyrənməyə çalışması məni də həvəsləndirdi.Çalışdığım qədər əlavə dərslər təşkil edib onları kompüterlə yaxından tanış etdim. Bundan başqa, informatika dərsinə aid oyunlar təşkil etdim. İnformatika fənnini bu oyunlar vasitəsilə şagirdlərə yaxşı mənimsədə bildiyimi düşünürəm”- deyə Aytac Mustafazadə kariyerasından danışarkən bildirib.
Gənc müəllimə şagirdlərinin dünya görüşlərini də zənginləşdirməyə çalışır. Yəni təkcə fənninə aid bilikləri aşılamaqla işini bitmiş hesab etmir:
"Şagirdlərimə bədii kitablar verirəm və dərsin sonunda müzakirəsini aparırıq.Bir sözlə, bu kənddə çalışdığım, kitaba, təhsilə həvəsli şagirdlərlə işlədiyim üçün çox xoşbəxtəm. Pedoqoji fəaliyyətimə ucqar dağ kəndində başladığım üçün heç də peşman deyiləm. Digər gənc müəllimlərə də fəaliyyətlərinə ucqar kəndlərdə başlamaqlarını məsləhət görərdim.Çünki ucqar kəndlərdə şagirdlərin bizim kimi gənc müəllimlərə daha çox ehtiyacı var”.
Aytac Mustafazadə həm də həvəskar fotoqrafdır. Dərs dediyi rayonda həvəskar fotolar çəkir.