Ona zəng edəndə “sən mənim 2 ci anamsan”, deyirəm
http://news.atv.az/az saytında verilmiş bu yazı diqqətimizi cəlb etdiyindən bu yazını sizinlə paylaşmaq istədik.
Sosial şəbəkələrdən birində dərc olunmuş bu yazı öz səmimiliyi və saf niyyəti ilə diqqətimizi cəlb etdi. Məhz belə yazıları oxuyanda dərk edirsən - nə yaxşı ki, öz peşəsini sevən, öz mənliyini qoruyan və şagirdlərə "nəinsə" xətrinə yox, ürəkdən can yandıran müəllimlərimiz var. Onların peşə bayramlarını biz də, ATV.az kollektivi olaraq, ürəkdən təbrik edirik!
"Hacıyeva Səadət Güləhməd qızı. Bu gün onun günüdü. Sinif rəhbərimiz idi və Azərbaycan dili, ədəbiyyat dərsi keçirdi. 5-ci sininfdə oxuyanda maraqlı qadağa qoymuşdu bizə. Danışdığımız zaman rus kəlmələrindən istifadə etdikdə, 5 qəpik cərimə olunurduq: "Uşaqlar bundan sonra kim danışanda rus kəlmələrindən istifadə etsə, 5 qəpik cərimə olunacaq. Yığılan puldan sinif üçün nə isə alınacaq”. "Uje” danışanda diqqətli olun".
Sinif uşaqlarından biri dedi ki, müəllimə "uje" rus sözüdü. Bərkdən güldü və 5 qəpiyi çıxarıb stolun üstünə qoydu. 11-ci sinifdə oxuyurduq, uşaqların bəzisi hazırlığa gediridi. Amma sinifin böyük əksəriyyətinin imkanı olmadığına görə, müəllim yanına hazırlığa gedə bilmirdi. Səadət müəllimə imkansızlıqdan 3 otaqlı evini satıb, 1 otaqlı evdə kirayədə qalırdı. Bizi 1 otaqlı evinə yığıb təmənnasız universitetə hazırlayırdı. Hələ üstəlik çay, yemək də veriridi.
İtaliya-Azərbaycan futbol oyununda oğlu zəng edib bilet istədi. Gəldi, 4 ədəd bilet verdim. O, çıxarıb mənə pul verəndə dedim ki, Fərid, sənin ananın bizə elədiklərinin 1 faizini qaytarmaq üçün bundan sonra ömrümüzün axırına kimi aldığımız əmək haqqının hamısını ona versək də, ödəməz. İndi imkanı çox yaxşıdı müəlliməmin. Üç oğlunun hər biri ən yaxşı yerdə çalışır. Ürəyi qədər olmasa da, çox böyük evi var.
Qarşında baş əyirəm, Səadət müəllimə! Ona zəng edəndə "sən mənim 2 ci anamsan”, deyirəm
Aslan Şahgəldiyev: Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, İlqar İbrahimov adına 167 saylı otra məktəbin məzunu.