Qaxda hamı bu müəllimdən danışır: Qaşında pirsinq, qolunda tatu - VİDEO
Bugünkü müsahibimiz şəhər həyatından uzaqlaşıb, özünü Qaxın Ləkid kəndində təhsilə yönəltmiş 23 yaşlı müəllim Turanə Hüseynovadır.
Şəhər həyatında xeyli müasir və dəlisov olan Turanə, özünün dediyinə görə, çox dəyişib. Dağın ətəyində yerləşən, tarixi yerləri, təmiz havası ilə başgicəlləndirici gözəlliyə sahib bu kənd və əhalisi onu heyran edib.
Turanənin kənddə qarşılanması da qeyri-adi olub. Buna səbəb isə kəndlilərin alışmadığı tərzdə bir müəllimin qarşılarına çıxması, tatu və pirsinqi ilə onları təəccübləndirməsidir.
Aztəhsil.com oxu.az-a istinadən Azərbaycanın ən ekstravaqant müəlllimi ilə müsahibəni təqdim edir:
- Turanə, bir az özünüz haqqında məlumat verərdiniz...
- 23 yaşım var. 2015-ci ildə Azərbaycan Dillər Universitetinin tərcümə fakültəsini bitirmişəm. Tərcüməni bitirəndən sonra 2016-cı ildə pedaqoji təhsil üçün elə ADU-nun özündə - tərcümə binasında oxumuşam. Bu isə ailəmin istəyi olub.
- Oranı bitirəndən sonra harada çalışmısınız?
- Oxuduğum müddətdə kurslarda müəllim, həvəskar jurnalist, "freelancer" kimi, sonuncu dəfə bələdçi olaraq çalışmışam.
- Bələdçi olaraq hansı qurumda işləyirdiniz?
- Bir turizm şirkətində çalışırdım. Bakıdaxili turistləri tarixi yerlərə aparıb, məlumat verirdim.
- Məktəbdə dərs demək istəyi necə yarandı?
- Haçansa orta məktəbdə işləmək planım var idi. Bu il imtahan verdim, müsahibədən keçib Qaxın Ləkid kəndinə təyin olundum. Onu deyim ki, müsabiqəyə və imtahana hazırlaşmamışdım. Seçim edəndə Qaxı və Bakını yazdım. Çünki buraya avtostopla gəlmişdim və çox bəyənmişdim.
- Şəhər yerlərində belə pirsinqli və tatulu xanımlar hələ indi-indi qəbul olunur. Bəs kənd yerində necə? Bu, sizin üçün problem yaratmadı ki?
- Əvvəllər onlar üçün məlum stereotiplərə görə qəribə görünürdüm. Çünki şablon müəllim obrazından bir qədər kənarda idim. Yəqin, aqressiv və naməlum münasibətlərinin olması elə xarici görünüşümlə bağlı oldu. Elə bildilər ki, bu yolla uşaqlara fərqlilik aşılayacam. Mənim insanların xarici görünüşünü dəyişdirmək kimi bir niyyətim olmayıb. Necə ki, mən onları qəbul edirəm, onlar da məni olduğum kimi qəbul etdilər. Zaman keçdikcə anladılar ki, əsla uşaqlara pirsinq taxmaq, tatu vurmaq kimi adətləri öyrətmək istəyim yoxdur. Müəlliməm və ancaq öz vəzifəmi icra edirəm. Kimisə manipulyasiya etmək fikrim olmayıb.
- Bəs uşaqlar, məktəb müəllimləri səni necə qarşıladılar?
- Uşaqlarla münasibətim yaxşıdır. Asan yolla onlara dərsi izah edirəm. Dərsdən sonra məşğələlər də olur. Müəllimlərə ingilis dili öyrənməkdə kömək edirəm. Onlar da mənə təzə olduğum üçün bəzi işlərdə yardımçı olurlar.
- Neçə il bu kənddə yaşayacaqsınız?
- Üç illik müqavilə ilə gəlmişəm, darıxmıram, bura mənim üçün çox rahatdır və maraqlıdır. Ən əsası odur ki, depressiyaya düşmürəm.
- Sizi darıxmağa qoymayan nədir?
- Həftəiçi dərslərdə, məşğələlərdə oluram. Həftəsonu isə kənarda olan gəzməli, tarixi yerlərə gedirəm. Şəkiyə gedib at sürürəm. Başqa kəndlərdən şagirdlər gəlir, onlarla da məşğul oluram. Beləcə, günlərin necə keçdiyini bilmirəm. Baxıram ki, artıq beş aydır buradayam.
- Ailəniz necə? Yanınıza gəlir?
- Anam gəlir. Bundan başqa, evində yaşadığım ailə də çox yaxşıdır. Evin sahibi qeydimə qalır, burada mənə analıq edir. Ümumiyyətlə, gün gələcək, insanlar şəhərdən kəndlərə axın edəcəklər. Düzdür, bir az gec olacaq, ancaq olacaq...