AzTehsil.com


Xəbərlər
08 aprel 2017
4 772


"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"



"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

 

Balakən rayonunun Gürcüstanla həmsərhəd olan Qazbölük kənd tam orta məktəbində müəllim işləyən Aynurə Bağırova 1993-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə orta məktəbi bitirən Aynurə müəllim, Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub. 2015-ci ildə universiteti bitirib, Təhsil Nazirliyinin təşkil etdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edib və 54 bal toplayaraq, şəhər mərkəzindən 22 km aralıda yerləşən kənd məktəbində Azərbaycan dili və ədəbiyyat fənləri üzrə müəllimlik fəaliyyətinə başlayıb. Bu gün işlədiyi məktəbə gedərək Aynurə müəllimlə həmsöhbət olduq:
 
-"Əslində, müəllimlik mənim uşaqlıq arzum deyildi, amma müəllim kimi fəaliyyətə başlayanda anladım ki, mən başqa peşədə çalışa bilmərəm, seçimimdən peşman deyiləm, sənətimi, şagirdlərimi çox sevirəm. Kəndə təzə gələndə çox çətinlik çəkirdim, ilk dəfə idi ki, ailəmdən ayrılmışdım və bundan əvvəl heç kəndə getməmişdim, kənd həyatı barədə təsəvvürüm belə yox idi. Kənd camaatının səmimiliyi, müəllim kollektivinin köməyi ilə bu problemlərin öhdəsindən gəldim.
 
İlk dərs günüm həyəcanlı keçdi, şagirdlər məni sakit və maraqla qarşıladılar. Zaman keçdikcə bir-birimizə öyrəşdik. Dərsə hazırlıqsız gələndə, onları çıxıb getməklə "hədələyirəm”. Keçən il bir şagirdim mənə məktub yazmışdı ki, İnşallah işiniz alınmaz və Bakıya qayıtmazsınız. Duası qəbul oldu.
 

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

 

Seçimim məni qane edir, öz işimə getdikcə daha çox bağlanıram, bu 2 ildə kəndi seçdiyimə görə peşman olmamışam, ailəmin məsləhəti və razılığı ilə gəlmişəm.
 
Kollektiv münasibətlərimiz çox yaxşıdır. Tək çətinliyim ailəmdən ayrı olmağımdır, valideynlərim üçün darıxıram, tətillərdə evimə gedirəm. Başqa heç bir problemim yoxdur.
 
Asudə vaxtlarımda kitab oxuyuram, müəllim həmişə oxumalı, özünü inkişaf etdirməlidir. Özümü təkmilləşdirmək üçün xarici ölkə ədəbiyyatı və dərsliklərindən istifadə edərək yeniliklər yaratmağı çox sevirəm. Təlim prosesinin mərkəzində şagird durur. Ona görə də bu günün şagirdi, yetişməkdə olan şəxsiyyət, öz mühakiməsində azad olmalıdır. O, tənqidi düşünməyi, öz mövqeyini ağıllı şəkildə müdafiə etməyi, əldə etdiyi bilik və bacarıqların həyatda tətbiqini bacarmalıdır. Mən də şagirdlərimə bunları aşılamağa çalışıram. Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir.
 

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

 

Müəllim olmaq istəyənlərə tövsiyəm odur ki, seçdikləri peşəni sevsinlər, çünki bir işi sevərək görmək lazımdır ki, uğur qazanasan. Ən əsası çətinlikləri olsa da, məncə, müəllimlik dünyanın ən müqəddəs və şərəfli işidir. Bütün həmkarlarıma bu müqəddəs və şərəfli işdə uğurlar arzulayıram.”
 
Məktəbdə olarkən direktor Abakər Nəbiyev  ilə də həmsöhbət oldum. O, Aynurə müəllimdən həvəslə söhbət açaraq deyir ki, bizim məktəbə gələn gündən öz davranışı, öz dəst-xəti, qabiliyyəti ilə diqqəti cəlb edir. Aynurə müəllim hər gün işləmək, çalışmaq təcrübə toplamaq həvəsindədir. Bu da onun işində büruzə verir, müsbət nəticəyə nail olur, hər gün irəliyə doğru addımlayır. Aynurə müəllim Yeni metodlarla işləyir, bacarıqlıdır, dərslərini İKT avadanlıqlarından istifadə etməklə qurur. Təbii ki, müəllimin özünə, öz savadına, biliyi və bacarığına inamı varsa, o müəllim heç bir yerdə büdrəməz.
 

"Müəllim yalnız öyrədici yox, həm də istiqamətvericidir"

 

Aynurə müəllim qısa zamanda pedaqoji kollektivin, valideynlərin və şagirdlərin dərin hörmətini qazanıb. Ona pedaqoji fəaliyyətində, şagirdlərin təlim-tərbiyəsində uğurlar arzulayırıq.
 
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)



Загрузка...