Xalidə İsmayılova 1955-ci ildə Ağstafa rayon Köçəsgər kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinə qəbul olub. 1976-cı ildən Köçəsgər kənd 2 saylı tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir.
Xalidə müəllim, niyə məhz müəllim?
-Mən bu sənəti sevirdim, uşaqlıqdan marağım vardı və ona görə də müəllim oldum.
Sizə bu peşəyə marağı kim yaradıb?
-Bu sual məni illər öncəyə qaytardı. Mən uşaq olarkən qonşumuzda kirayədə yaşayan bir müəllim vardı. Mən onun uşaqları ilə dərslərimi hazırlayırdım, bir yerdə oynayırdım. İmran müəllim hər gün çantasını əlinə alıb məktəbə gedirdi. O, şagirdlərə dərs demək üçün başqa rayondan gəlmişdi. Məndə elə həmin vaxtdan müəllimliyə maraq yarandı. Mən müəllim olacam dedim.
Yaxşı müəllim olmaq üçün nə etmək lazımdır?
-Yaxşı müəllim olmaq üçün illəri vermək lazımdır, nə qədər savadlı olsa da müəllim hər zaman mütaliə etməlidir. Müəllim "müəllim” olduğunu, hər zaman cəmiyyətin diqqətində olduğunu unutmamalıdır. Şagirdləri bir-birindən seçməməməli, onlara inanmalı və şagirdlərin anlayacağı dildən danışmalıdır. Müəllim şagirdlərdə elə maraq yaratmalıdır ki, şagird fənni sevsin.
41 illik iş təcrübəniz var. Bu illər ərzində nə qazandınız, nəyi itirdiniz?
-Əminliklə deyə bilərəm ki, bu illərdə heç nə itirmədim. Amma qazandığım çox şey var. Böyük bir kəndin, hətta rayonun sevgisi, yüzlərə məzun…
Müəllim olduğum üçün fəxr edirəm. Yenidən dünyaya gəlsəm yenə müəllim olaram. Mən müəllimi bağbana bənzədirəm. Onun meyvələri müxtəlif bağlara səpələnir. Müəllimin hər yerdə meyvəsi var. Mən hara getsəm, hansı qapını döysəm açılacaq qapım var. Bu illərdə mühəndislər, həkimlər, hüquqşünaslar, hərbiçilər, müəllimlər və s. ixtisasa sahib məzunlar yetişdirmişəm. Bu gün onları görəndə mən fəxr edirəm, qürur hissi keçirirəm. Müəllim üçün bundan böyük nə ola bilərki?
Xalidə müəllim, bu gün müəllimlik ixtisasında oxuyan, amma gəlib kəndlərdə, qəsəbələrdə müəllim işləmək istəməyən tələbələr var. Onlara hansı mesajı göndərmək istəyərdiniz?
-Bəli, çox təəssüf ki, müəllim olmaq istəyən çox az məzun var. Heç nədən qorxmağa ehtiyac yoxdur, bu gün kəndlər şəhərdən heç də fəqlənmir. Su, qaz, işıq, telefon, internet ən əsası təmiz hava, saf ürəkli insanlar və onların yolunu gözləyən şagirdlər var.
Nəcibə Vəliyeva(Ağstafa təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)