AzTehsil.com


Xəbərlər / Müəllim / Ekspert
24 yanvar 2018
2 494


“Mental”, “mentalitet”, yoxsa “etiket”, “epitet”... -Ekspert təhsilin keyfiyyətindən gileyləndi



Görə-görə gəlirik və gördüyümüz də odur ki, ötən hər ilimiz, ayımız və günümüz, sıradan olan hər hansı bir görüş və tədbirimiz, təhsilimiz və onun mövcud durumu ilə bağlı iddialarsız, iradlarsız və qarşılıqlı ittihamlarsız ötüşməyib.
 
"Elmin bugünkü problemlərinin həlli üçün biz, sözsüz ki, üzümüzü orta məktəbə tutmalıyıq… orta məktəb müəllimləri bəlkə də hamıdan gözəl başa düşürlər ki, bu informasiya məkanında uşaqları düzgün təhsilləndirmək üçün onlara ilk növbədə hansı isə biliklər toplusunun yox, həyat boyu maariflənmək və təhsilinin səviyyəsini artırmaq qabiliyyətini aşılamaq lazımdır”.
 
Bu sözlər bir vaxtlar Elmlər Akademiyasından orta məktəblərə yönəlik tənqidi mövqedən səsləndirilmişdi.

Buna cavab olaraq Təhsil Nazirliyi isə son dövrlərdə ali məktəblərin fəaliyyət istiqamətlərinə dair fundamental və elmi araşdırmaların aparılmasının obyektiv və subyektiv səbəblər üzündən ikinci plana keçməsindən şikayətlənmişdi:
 
"Bir çox ali məktəblərdə elmi yaradıcılıq fəaliyyəti müasir elmin tələblərinə uyğunlaşmır, elm və tədrislə elm və istehsal arasında əlaqə mövcud deyil. Alimlər təkcə ali təhsil üzrə kifayətlənməməli, təhsil proqramlarının, kurikulumların təkmilləşməsinə, müasir dərslik və tədris resurslarının yaradılmasına öz töhfəsini verməlidir”.

Az keçməmiş isə yüksək ranqlı dövlət məmuru "hazırda Azərbaycan universitetlərinin heç birində təhsilin keyfiyyəti qiymətləndirilmir və yüksək ixtisaslı mütəxəssis hazırlığından danışmaq qeyrı mümkündür” mesajını verməklə, yaranmış vəziyyətin acı mənzərəsinə diqqət çəkmişdi. Belə çıxırdı ki, təhsilimiz həqiqətən müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin "laboratoriya mərkəzinə” çevrilib. Bir zamanlar ixtisaslı kadr hazırlığı ilə yanaşı həm də ciddi elmi araşdırmalar, sanballı tədqiqalar aparan institutlarımız universitetlərə çevrildikdən sonra kəsə və loru dildə desək, həm Əli aşından olub, həm Vəli.

Paradoksa diqqət yetirin. Ölkəmizin ildən-ilə inkişaf etməsi, beynəlxalq nüfuzunun artması, dünyanın ən rəqabət qabiliyyətli ölkələri sırasına daxil olması, regionun iqtisadi cəhətdən ən inkişaf etmış ölkəsinə çevrilməsi fonunda, universitetlərimiz nüfuzlu beynəlxalq reytinqlərin "3 minlik” siyahısına belə düşməkdə problem yaşayır.
 
Nəyə görə iqtisadi gücləri üst-üstə topladıqda Azərbaycanın gücü qədər olmayan ölkələr bizdən qabaqdadır?
 
Təhsil elmsiz, elm təhsilsiz ola bilməz deyə-deyə nəyə görə təhsilimizin həm eninə, həm də dərininə inkişafında ortaq məxrəci tapa bilməməyimiz sualı bu günümüzdə də aktuallığını saxlamaqdadır.

Yaşlıları demirəm, orta yaşlı nəsil belə xatırlamamış olmaz ki, çox da uzaq olmayan bir vaxtlar alış-veriş etmək üçün ixtisaslaşmış mağazalar və bir də univermaq adlanan ictimai iaşə obyektləri olduğu kimi, ali təhsil almaq üçün də institutlar, bir də universitet fəaliyyət göstərirdi. Ayrı-ayrı mağazalarda təyinatına uyğun olaraq ərzaq, qalantereya, ya da sənaye və ya təsərrüfat malları satılardı. Univermaqlar isə universallığı ilə seçilərdi. Yəni anlayışlara uyğun mahiyyət fərqi də vardı.
 
Eyni prinsiplər təhsil müəssisələrinə də şamıl edilirdi. İnstitutlar tələb-təklif prinsipi əsasında xalq təsərrüfatının müxtəlif sahələri üçün ixtisaslı kadr hazırlığını həyata keçirməli, universitet ali təhsilin bütün səviyyələri üzrə geniş spektrli mütəxəssislər yetişdirməli, akademiya isə öz növbəsində fundamental və tətbiqi elmi tədqiqatlar aparan ali təhsil müəssisəsi funksiyasını daşıyırdı. Bəlkə də Sovet dövründə yaranan elmi baza, yetişən kadrlar müstəqillik dövründə bizə kadr böhranı yaşamağa qoymadı. Sadəcə olaraq, o dövrün Pedaqoji İnstitutunun buraxdığı müəllim kadrları ilə indiki müvafiq profilli universitetlərin kadrlarını müqayisə edin.

Əlbətdə razilaşmaq olar ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (DİM) keçid balını 350-dən 150-yə endirməsi, daha sonra 200-ə qaldırması məcburi addımdır və yaranmış vəziyyəti tənzimləmək üçün əl atdığı yeganə çıxış yoludur. Dövlət qurumunun məlum qərarına görə onu qınamaq ədalətsizlik olardı. Çünki boş qalmış vakansiyalar təkcə iş yerlərini itirəcək minlərlə əmək qabiliyyətli işçidən deyil, eyni zamanda, o sahədə gələcək ixtisaslı kadrlardan da məhrum olmaq deməkdir.
 
Digər tərəfdən 150 ballıq tələbədən hansı mütəxəssis yetişdirməyin mümkünlüyünü təsəvvür etmək, o qədər də çətin deyil. Bu, mənim subyektiv fikrim olmayıb, artıq cəmiyyətdə formalaşmış ictimai rəyin danılmaz bir nümunəsidir. Universitetləri bitirən "diplomçularımızın” işə düzəlməyi, özlərinə gələcək karyera qurmaları üçün hansı məşəqqətli yollardan keçməsi – əlavə kurslara, təlimlərə, treninqlərə müsabiqə və imtahanlara məruz qalması isə başqa söhbətin mövzusudur.

Zaman dəyişdikcə mağazalar universamlara, marketlərə çevrildiyi kimi bütün institutların da universitet və akademiyalara çevrilməsi zamanın tələbi idi, yoxsa zamanı qabaqlamaq istəyi? Bəlkə, beynəlxalq təhsil sisteminə inteqrasiya maraqları bizi qabaqlayıcı tədbirlərə əl atmağa sövq edib? Bəlkə zənn etmişik ki, təhsilimiz də ölkəmizin iqtisadi inkişafına adekvatdır? Əgər beynəlxalq inteqrasiyaya istinad ediriksə, dünya təcrübəsində Kaliforniya Texnologiya institutu, Stokholm Kral Texnologiya institutu, Kiyev Politexnik institutu, Tbilisi Dövlət İdarəetmə institutu, Daşkənd Dövlət Hüquq institutu kimi yüzlərlə institut bu gün də öz əvvəlki statusunda fəalyyətini davam etdirir. Deyək ki, Norveçdə 6 universitet olduğu halda, 25 institut mövcuddur. Qonşu Gürcüstanda isə 26 dovlət ali məktəbindən yalnız 8-i universitetdir. Çexiyada ancaq elmlər namizədi və doktorlar hazırlayan ali məktəblər universitet adlanır.

Universitetlərin tarixi ilə az-çox maraqlananlar bilməmış deyillər ki, Avropada 425-ci ildə yaradılan ilk ali təhsil müəssisəsi Konstantinopol universiteti yalnız 848-ci ildə bu statusu alıb. 1636-cı ildə kollec formasında fəaliyyətə başlayan Harvard universiteti isə müxtəlif illər boyu müxtəlif fakültələr açmaqla və təkamül yolu ilə yalnız 200 ildən sonra universitetə çevrilib. Daim ən nüfuzlu reytinqlərin "onluğunda” birincilər sırasında qərarlaşan, kompyuter və robot texnologiyaları mərkəzi, elm və texnika lideri, 75 Nobelçi məzunu olan Massaçusets institutu ənənəsinə sadiq qalaraq bu günümüzədək institut adlanir.

Əgər nəzərə alsaq ki, institut (latınca "institutum”) müəssisə, təsisat anlamına gəlib, konkret ixtisaslar üzrə ali təhsilli mütəxəssis hazırlığını, universitet (latınca "universitas”) toplu, məcmu mənasını verən mütəxəssis hazırlığı ilə yanaşı, həm də əlavə təhsil proqramlarını həyata keçirən çoxprofilli aparıcı ali təhsil müəssisəsi, akademiya (yunanca "akadema”) elmi təşkilat, cəmiyyət olaraq fundamental və tətbiqi tədqiqatlar aparan ali təhsil müəssisəsidirsə, deməli bunların hər birinin təyinatı da fərqlidir.Eləcə də lisey, gimnaziya və yaxud da kollec anlayışlarının.

Biz 15 illik fasilədən sonra qəbul etdiyimiz Təhsil haqqında Qanunda istifadə olunan anlayişların mənalarını ifadə edərkən 1.0.4. (akademiya), 1.0.25. (institut),1.0.53.( universitet ) bəndlərinin mahiyyətini, sanki bilərəkdən eyniləşdirərək, hər üç müəssisəyə eyni şərtlər və tələblər – ali təhsilli mütəxəssis hazırlığı, əlavə təhsil proqramlarını həyata keçirmək, elmi tədqiqatlar aparmaq səlahiyyətləri verərək məqsədindən, vəzifəsindən, maddi texniki bazasından, kadr potensialından asılı olmayaraq, istənilən fəaliyyət göstərən və yeni yaradılan müəssisəyə istənilən adı və statusu seçməyə şərait yaratmışıq.

Biz də ki, (göz dəyməsin) epitet, yarlıq,… etiketka həvəskarı kimi "Harvard”, "Oksford”, "Kembric”, "Priston”lar universitet olduğu halda, misal üçün, "Təfəkkür”, "Asiya”, "Biznes” niyə institut olsun deyib, daha "aktual” səslənən adı seçmişik. Nə yaxşı ki, sonradan bir çoxları barədə yanlışlığa yol verdiyimizi anlayıb mövqeyimizi dəyişdik. Çox güman ki, Boloniya prosesinin iştirakçısı olmaq da işimizə yarıyıb. Bu zaman əhəmiyyət vermədiyimiz, bəlkə də xəbərsiz olduğumuz bir detalı nəzərə almamışıq ki, Boloniya (1088), Oksford (1117), Kembric (1209), Sarbonna (1215), bugünkü tariximizə nisbətən yaxın olan Harvard (1636), Lomonosov adına MDU (1755) və digər adını çəkmədiyimiz universitetlər bu adı almaq və bu nüfuzu qazanmaq üçün çox əsrlik bir yol keçiblər. Zaman-zaman hektarlarla əraziyə sahib olublar, özlərinə müvafiq maddi-teхniki bazaya və infrastruktura malik təhsil kоmpleksi-tələbə şəhərciyi (kampus) yaradıblar, elmi-tədqiqat institutları, kollecləri, elmi laboratoriyaları, qapalı yataqxanaları, fundamental kitabxanaları, arxivləri, nəşriyyatları, muzeyləri, herbariləri, botanika bağları, yaxt klubları, tələbə teatrları, yaradıcılıq mərkəzləri, dərnəkləri olub, hər tələbəyə tyutor xidməti göstərilıb və s.

Heç bir maddi-texnika bazaya, müvafiq infrastruktura, adi yataqxanaya belə malik olmayan, pedaqoji personalı qohumlardan və yaxınlarından ibarət olan, tədris korpuslarını arenda əsasında icarəyə götürən "ailə universitetləri” açmağa, bir müddət sonra isə bəzilərini bağlamağa, digərlərini isə necə bağlamaq yolunu tapmaq üçün baş sındırmağa ehtiyac var idimi? Bütün mövcud institutları ucdantutma universitetlərə və akademiyalara çevirməyə hazır idikmi? Belə çıxır ki, seçdiyimiz yol təhsil vermək yolu deyil, təhsilə cəlb etmək yolu da deyil, cəzbetmə yolu olub.

Bir müddət öncə də dövlət və özəl universitetlər azmış kimi, "Milli universitetlər” yaratmaq sevdasına düşmüşük. Bütün ali məktəblər – istər özəl olsun, istərsə də dövlət məktəbləri, keyfiyyətli təhsil vermə imkanlarına, maddi-texniki şəraitlərinə, elmi-pedaqoji heyətinin potensialına görə iki qrupa – adi və milli statuslu universitetlərə bölünəcəkmiş. Deyə bilmərəm 1930–cu ildə yaradılan Jukovski adına "Xarkov Aviasiya İnstitutu”nu sonralar "Milli Aerokosmik Universiteti” adlandıranda bu nüanslar nəzərə alınıb, yoxsa yox

Ancaq nə olsun ki, dayandıq, əvəzində Mill Elmlər Akademiyasının Elmi-Tədqiqat institutlarını ləğv etmək, hansısa Nazirlik və Komitəni Təhsil Nazirliyi ilə birləşdirmək söz-söhbətinə rəvac vermişik. Xeyirli, düşərli olsun, ancaq nə ediriksə düşünülmüş olsun. Çünki, məktəb, lisey, gimnaziya, kollec, institut, universitet, akademiya ayrı-ayrı anlayışlardır. Çalışaq hər şeyi öz adı ilə çağıraq. Formaya diqqət çəkəndə məzmunu da unutmayaq. Elə etməyək ki, sonda bal və şorun eyniləşdirildiyi yerdə nə baş verə biləcəyi haqda lətifə həqiqətə çevrilmiş olsun.

Sadəcə düşünək və nəticə çıxaraq. Məsələn ındiki ADPU keçmiş APİ- dən hansı nailiyyətləri və keyfiyyət göstəriciləri ilə irəli gedib və ya nəyə görə SOKAR-ın nəzdində yaradılan "Ali Neft Məktəbi”nə keçid balı bir zamanlar qocaman AZİ deyilən, sonralar akademiyaya (ADNA) çevrilən, bir müddət sonra isə universitetə dönərək ADNSU olan ali təhsil müəssisəsindən yüksəkdir? Nə deyim. Qloballaşırıq, amma sürət hədini də gözləmək lazimdır. Ən çox hadisələr sürət həddinı aşanda baş verir.

Çox da ciddiyə almayın, bekar qaldım, keçmiş düşüncələrimi paylaşdım…
 
Nadir İsrafilov, təhsil eksperti



Загрузка...
Həmçinin oxuyun:
“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

“Təhsillə elmi birləşdirmək lazımdır” - Deputatlar AMEA institutlarının ləğvini istədilər

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Təhsil haqqı artırılır, təhsil səviyyəsi düşür: çıxış yolu varmı?

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

Tarix İnstitutu 2017-ci ildə: 58 kitab, 275 məqalə...

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Bakıda bu universitet digər ali məktəblərdən fərqli idarə ediləcək

Maddə 1. Əsas anlayışlar    "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

Maddə 1. Əsas anlayışlar "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Ən çox milyarder məzunu olan dünya universitetləri- İlk üçlük

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Ali məktəblər publik hüquqi şəxs statusunda...

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Bu məktəb qəbul imtahanlarında hər il 100 faizlik nəticə göstərir

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Azərbaycanda 5 dövlət universiteti ləğv edilir- SİYAHI

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Qafqaz Universitetini bitirən tələbələrə iş verilməyəcək deyə şayiələr də yayılıb

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

Azərbaycanın bu ali məktəbi dünya üzrə 150 ən gənc universitetdən biri seçildi

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur" -EKSPERT

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

"Azərbaycan təhsil sistemində tələbə əsas şəxs kimi qəbul edilir və öncə məhz tələbənin maraqları nəzərə alınmalıdır"

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Təhsil İnstitutundan xaricdə təhsil almaq imkanı

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

DSK: Azərbaycanda elmi-tədqiqatla 22 min mütəxəssis məşğul olur

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

"Amma əlbəttə ki, zibildən konfet düzəltmək olmaz"..ekspertin fikirləri

TƏHSİL HAQQINDA  AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

TƏHSİL HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU- I FƏSİL

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

"universitet təhsili və daha uzunmüddətli təhsil peşə təhsili deyil və sektorlar üzrə işçilərin hazırlanmasına imkan vermir"

“Ə, bir-bir...”, təhsil islahatları hamısı birdən olmur ki!

“Ə, bir-bir...”, təhsil islahatları hamısı birdən olmur ki!

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək

Ali məktəblərdə elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi qrantlar, ianələr hesabına həyata keçiriləcək