"20-30 il sonra bu gün mövcud olan ixtisasların çoxuna ehtiyac olmayacaq”.
"Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb”.
Aztəhsil.com xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
O bildirib ki, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var:
"Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir”.
S.Müslümov qeyd edib ki, nazirliyin "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya” sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsillidir, 22.3 faizi orta ixtisas təhsillidir.
Kollec məzunlarına tələbatın azalması ölkədə bu təhsil ocaqlarında ixtisas sahibi olanların gələcəkdə işlə təminatında problemlər yaşayacağını düşünməyə əsas verir.
Maraqlıdır, orta ixtisaslı gənclərə tələbatın azalması kolleclərin bağlanmasına və ya azaldılmasına gətirib çıxara bilərmi?
Azad Müəllimlər Cəmiyyətinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bunu bütün kolleclərə şamil etməyin düzgün olmadığını dedi:
"Araşdırma aparmaq lazımdır ki, Azərbaycanın əmək bazarında hansı ixtisaslara, peşələrə ehtiyac var? Və doğrudanmı orta ixtisas peşələrinin bu ixtisaslara ehtiyacı var. Yoxsa birdən-birə və kor-təbii şəkildə bu məktəbləri bağlamaq da olmaz. Bunun bir əsası olmalıdır.
Əsaslandırılmalıdır ki, bu ixtisaslara əmək bazarında ehtiyac yoxdur. Əgər doğrudan da ehtiyac yoxdursa, yaxud da kadr hazırlığı çoxluq təşkil edirsə, bu başqa məsələdir, buna baxmaq olar. Kolleclər orta ixtisas təhsili verir, ali təhsil vermir. Bizim orta məktəb məzunlarının hamısının ali təhsil almaq imkanları da yoxdur. Bir çoxları ali təhsilə bilik səviyyəsi çatmasa da, istəyir ki, orta ixtisas təhsili alsın. Düşünürəm ki, onun təhsil almaq haqqının qarşısının alınması qanunlarımıza zidd olan bir şeydir.
Sözsüz ki, elə ixtisaslar var ki, orada doğrudan da kollec məzunlarına ehtiyac yoxdur. Burada mütləq ali təhsilli mütəxəssis lazımdır. Məsələn, riyaziyyat, xarici dillər, ibtidai sinif və ümumiyyətlə, bütün ixtisaslar üzrə müəllim ixtisasları var. Düşünürəm ki, müəllim ali təhsilli olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Məsələn, Finlandiya orta məktəblərində magistraturanı bitirənlər ancaq orta məktəblərdə müəllim etmək hüququ qazanırlar. Demək, zaman dəyişib, tələblər başqadır.
Fikrimcə, müəllimlik ixtisası üzrə müəyyən fənlər var ki, bunlar üzrə ali təhsilli müəllimlərə ehtiyac var. Ancaq elə fənlər də var ki, o fənlərdə həm müəllim çatışmazlığı var, həm də orada kollec məzunları da dərs deyə bilər. Nazirlikdə də müsahibələrdə deyilir ki, kolleci bitirən məzunlara aldıqları ixtisas üzrə ali məktəblərdə təhsillərini davam etdirmək haqqı veriləcək. Belə bir məsələ gündəmdə var. Xarici ölkə təcrübələrində də belə nümunələr mövcuddur. Kollec məzunları ixtisaslarını artırmaqda davam edərlərsə, bu daha yaxşı olar. Bir daha deyim ki, kolleclərin bağlanması, oranı bitirən məzunlara ehtiyac olub-olmaması araşdırmalar əsasında olmalıdır”.
Mürşüdlü 20-30 ildən sonra bu gün mövcud olan ixtisasların bir çoxunun tamamən sıradan çıxacağını bildirdi:
"Dünyada belə bir tendensiya gedir, gələcəyin yeni ixtisasları formalaşır. Azərbaycanda gələcəyin ixtisasları nə ola bilər, bu haqda düşünən yoxdur. 20-30 ildən sonra bu gün mövcud olan bəzi ixtisaslar tamamən sıradan çıxacaq. Onun yerini isə başqa ixtisaslar alacaq. Ona görə də bunun araşdırması lazımdır ki, bizə 15-20 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq. Bu haqda düşünən yoxdur. Mən özüm də Azərbaycanın əmək bazarına hansı ixtisaslar lazım olacaq, onu bilmirəm. İstər elmdə, istərsə də kənd təsərrüfatında, iqtisadi həyatın bütün sahələrində, sosial həyatımızda dünya çapında gedən dəyişiklikləri izləyir və bilirik. Azərbaycanın əmək bazarına bu hansı dəyişikliklərlə təsir edəcək, 10-15 ildən sonra hansı ixtisaslara ehtiyac olacaq biz bunu müəyyənləşdirməli, bilməliyik ki, strateji planımız olsun. Təəssüf ki, bu istiqamətdə heç bir araşdırma və düşüncələr yoxdur”.
Xatırladaq ki, bu gün dövlət və qeyri-dövlət əyani ümumi təhsil müəssisələrində işləyən ingilis dili müəllimlərinin 21,6 faizi orta ixtisas təhsillidir. Orta ixtisas təhsili ilə dərs deyən müəllimlərin siyahısında 2-ci yerdə informatika müəllimləri dayanır. Orta məktəblərdəki informatika müəllimlərinin 8,9 faizi orta ixtisas təhsili ilə bu fənni tədris edir. Biologiya müəllimlərinin 2,6 faizi, rus dilində dərslər keçirilməyən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyat müəllimlərinin 1,9 faizi, rus dilində dərslər keçirilən məktəblərdə (siniflərdə) dərs deyən rus dili və ədəbiyyat müəllimlərinin 1,5 faizi, ana dili və ədəbiyyat müəllimlərinin 1,3 faizinin təhsili orta ixtisas səviyyəsindədir. Ümumilikdə, 2016-cı ildə Azərbaycanın orta məktəblərində 155448 müəllim çalışıb ki, onların da 77,9 faizi qadındır. Müəllimlərin 20,3 faizi pedaqoji orta ixtisas təhsilli olub.